Amerika - Azərbaycan Ticarət Palatasının təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Vaşinqton, 11 sentyabr 2000-ci il

Hörmətli cənab sədr!

Hörmətli xanımlar və cənablar!

Hörmətli cənab Bjezinski!

Amerika Birləşmiş Ştatlarının dövlət və hökümət nümayəndələri!

Əziz dostlar!

Mən çox məmnunam ki, yenidən Amerika Birləşmiş Ştatlarındayam və onun paytaxtı Vaşinqtondayam. Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasının təşkil etdiyi mötəbər görüşlərdə iştirak etmək və sizlərə öz sözümü demək və sizləri dinləmək mənə nəsib olubdur. Bu gün Amerika - Azərbaycan Ticarət Palatasının təşkil olunmasının beşinci il dönümü və dördüncü konfrans işə başlayıbdır. Bütün gün konfrans gedibdir, sabah da davam edəcəkdir. Konfransda həm Amerika Birləşmiş Ştatlarının nümayəndələri tərəfindən, həm Azərbaycan nümayəndələri tərəfindən çox dəyərli fikirlər söylənibdir.

Bu, çox əhəmiyyətli hadisədir. Çünki bizim üçün, Azərbaycan üçün Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə əlaəqləri genişləndirmək və inkişaf etdirmək olduqca lazımdır, bizim buna ehtiyacımız var, biz bunu istəyirik və bunun üçün çalışırıq.

Təbiidir ki, biz dövlətlərarası əlaqələrdə çox şeylərə nail olmuşuq. Mənim Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim, digər səfərlərim zamanı ABŞ-ın prezidenti, vitse - prezidenti, dövlət katibi, bir çox nazirlər, konqres üzvləri və tanınmış siyasətçilər, biznes dairələrinin nümayəndələri ilə dəfələrlə görüşmüşəm, danışmışam, fikir mübadiləsi aparmışıq.

Eləcə də çox məmnunam ki, son illər Amerika Birləşmiş Ştatlarında Azərbaycana maraq gündən-günə artdığına görə ABŞ-dan Azərbaycana qonaqlar gəlirlər. Deyə bilmərəm ki, çox gəlirlər, amma keçmişlə müqayisə etsək, bu bizim üçün qaneedicidir, yəni bu, bizi qane edir, yəni bu yaxşıdır. Doğrudur, Amerika prezidenti hələ Azərbaycanda olmayıb, - yəqin ki, vaxt gələcək, olacaqdır, - yaxud da başqa vəzifəli şəxslər Azərbaycanda olmayıblar. Amma bəzi nazirlər, hörmətli senatorlar, konqresmenlər, hörmətli ictimai - siyasi xadimlər Azərbaycanı ziyarət ediblər.

Demək istəyirəm ki, bizim müxtəlif sahələrdə bir-birimizlə əlaqələrimiz inkişaf edir. İqtisadi sahədə, ticarət sahəsində əlaqələrin inkişaf etməsində Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasının rolunu mən müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bugünkü dördüncü konfrans və beşillik yubiley Amerika - Azərbaycan əlaqələrinin gələcəkdə daha da sürətlə inkişaf etməsinə çox böyük təsir göstərəcəkdir.

- Hörmətli dostum cənab Bjezinski!

Siz burada çıxış etdiniz və dediniz ki, Azərbaycan Prezidenti Heydər Əliyevi bir neçə ildir tanıyırsınız, tanış olmusunuz. Yadımdadır, bir neçə il bundan öncə Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi kimi siz Azərbaycana ilk dəfə və çox uğurlu səfər etdiniz. Bundan biz istifadə etdik, sizinlə bir çox məsələləri müzakirə etdik. Ondan sonra da dəfələrlə görüşmüşük. Beləliklə, siz məni tanımağınızın tarixini söylədiniz.

Ancaq mən isə sizi çoxdan tanıyıram. Nə üçün? Çünki siz uzun illərdir Amerika Birləşmiş Ştatlarının xarici siyasətində və beynəlxalq aləmdə çox məşhur bir şəxsiyyətsiniz. Burada oturanlar bilirlər ki, mən bir çox illər Azərbaycan Kommunist Partiyasının başçısı olmuşam, sonra Sovetlər İttifaqının rəhbərlərindən biri, Siyasi Büronun üzvü olmuşam, SSRİ baş nazirinin birinci müavini olmuşam. Bütün o illər \"soyuq müharibə\" illəri idi. Təbiidir ki, \"soyuq müharibə\" illərində də biz, o cümlədən mənim kimi yüksək vəzifəli şəxslər birinci növbədə Amerikanı öyrənməyə çalışırdılar. Çünki \"soyuq müharibə\"də hər iki tərəf istəyir ki, qalib gəlsin. Sovetlər İttifaqı sosialist ölkələri ilə bir qütbü, ABŞ özünün başqa müttəfiqləri ilə, Avropada kı müttəfiqləri ilə ikinci qütbü təşkil edirdi. O vaxt biz baxırdıq ki, həmin o siyasəti kim aparır, SSRİ-yə qarşı hansı addımları kim atır, bunlar bizə - yəni Sovetlər İttifaqına nə qədər zərbə vurur və eyni zamanda Amerika Birləşmiş Ştatlarına nə qədər xeyir gətirir.

Cənab Bjezinski o vaxtlar həm dünyada, həm də SSRİ-də çox məşhurlaşmışdı. Nəyə görə? Çünki SSRİ ilə \"soyuq müharibə\"də cənab Bjezinskinin Amerika Birləşmiş Ştatlarının xeyrinə və sosializm blokunun dağılmasına göstərdiyi xidmətlər çox böyük olmuşdur.

O vaxt bizim aramızda çoxları deyirdilər: bu Bjezinski haradan çıxdı. Niyə gəldi, niyə bizim başımıza bəla olubdur? Bu nə deməkdir? Təbiidir ki, əgər iki qütb bir-birilə müharibə aparırsa, ya \"soyuq müharibə\", ya həqiqi müharibə, hər müharibənin, hər tərəfin qəhrəmanları vardır. \"Soyuq müharibə\"də Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi blokun görkəmli qəhrəmanlarından biri cənab Bjezinski idi.

Cənab Bjezinskinin gözəl ailəsi var, çox gözəl xanımı var. İncəsənətlə, heykəltaraşlıqla məşğul olur, çox gözəl insandır və mən hesab edirəm ki, cənab Bjezinskinin bu cür qəhrəman, siyasətdə qəhrəman olmasında, - bilirsiniz, orduda qəhrəman olmaq asan deyil, amma çoxları buna nail ola bilir. Ancaq siyasətdə qəhrəman olmaq çox çətindir, bu çox adamlara nəsib olmur. İndi görün, cənab Bjezinskinin qəhrəmanlığının qiyməti nə qədərdir, - onun xanımının hesab edirəm ki, çox böyük rolu olubdur. Çünki mən cənab Bjezinskinin ailəsinin qonağı olamuşam, ailədə bir yerdə olmuşuq və Bakıda da, Azərbaycanda da xanımı ilə bir yerdəydik. Mən çox söhbətlər apardım. Gördüm ki, özü qədər də xanımı çox ağıllı insandır. Əlbəttə ki, belə ailəyə pərəstiş etmək olar. Özü də təbiidir ki, belə ailələrə digərləri qısqanclıq da edə bilərlər. Amma kim nə qədər qısqanclıq etsə də bu ailənin bu gözəl simasını unuda bilməz.

Cənab Bjezinski, sizin burada Azərbaycan haqqında və şəxsən mənim haqqımda dediyiniz sözlərə görə təşəkkür edirəm. Bu, mənim üçün qiymətlidir. Siz dediniz ki, mən uzun illər böyük vəzifələrdə olmuşam, çox təriflər eşitmişəm. Bu, doğrudur, mən bunu gizlədə bilmərəm. Ancaq kimin tərəfindən tərif? Mənim şəxsiyyətim haqqında, Azərbaycanda gördüyüm işlər haqqında cənab Bjezinski tərəfindən deyilən sözlər o biri təriflərin yüzünə, bəlkə də mininə dəyər. Ona görə də bu, mənim üçün çox qiymətlidir.

Sizin fikirlərinizlə mən tamamilə razıyam. Hər bir ölkə üçün və xüsusən yenicə dövlət müstəqilliyi əldə etmiş ölkə üçün daxildə ictimai - siyasi sabitlik yaratmaq əsas şərtdir. O \"soyuq müharibə\"də sovet ideologiyası, kommunist ideologiyası məğlub olduğuna görə, dünya ölkələrinin demək olar ki, əksəriyyəti, o cümlədən, Sovetlər İttifaqının tərkibində olmuş, sonra müstəqillik qazanmış gənc dövlətlər demokratiya yolunu tutublar. Demokratiya yolu, doğrudan da dövləti, insanı, cəmiyyəti, onun bütün tələblərini təmin edən bir yoldur.

Bilirsiniz ki, Azərbaycan, müstəqillik əldə edəndən sonra biz çox böyük sınaqlardan keçdik. Sabitlik yox idi. Təəssüflər olsun ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman o, qonşu Ermənistanla müharibə aparırdı. Bu müharibə də müxtəlif səbəblərdən, - Ermənistana həm Sovet İttifaqının rəhbərliyinin, həm də dünyanın bir çox ölkələrindən edilən xüsusi yardımın nəticəsində, - Ermənistan silahlıqüvvələri Azərbaycanın ərazisinin bir qismini işğal etmişdir. İşğal edilmiş torpaqlardan bir milyondan artıq insan qaçqın, köçkün düşmüşdür və əksəriyyəti, çadırlarda yaşayır.

Mən xatırlayıram ki, cənab Bjezinski o vaxt zəhmət çəkdi, çadırlarda yaşayan köçkünləri, qaçqınları gedib gördü. Cənab Bjezinski, ondan sonra sizin dediyiniz sözlər indi də mənim qulağımdadır. Siz mənə dediniz ki, Afrikada da, Əfqanıstanda da, Asiyanın bəzi ölkələrində də qaçqın düşərgələrində olmusunuz. Ancaq Azərbaycandakı qaçqın düşərgələrində yaşayan insanların vəziyyəti kimi belə ağır vəziyyəti heç bir yerdə görməmisiniz. Bu sözləri xatırlayırsınızmı?

Demək, biz belə bir vəziyyətdə dövlət müstəqilliyini əldə etdik və müstəqil dövlət qurmağa başladıq. Ancaq bizim bəlamız təkcə bu deyildi. Təəssüflər olsun ki, Azərbaycanın daxilində də Ermənistan - Azərbaycan müharibəsindən isitifadə edərək ayrı-ayrı silahlı qüvvələri öz əlinə keçirmiş müxtəlif insanlar hakimiyyət uğrunda mübarizə aparırdılar. Ona görə də 1992-ci ildə hakimiyyət silah gücü ilə devrilmişdi. 1993-cü ildə Azərbaycanda vəziyyət o qədər gərginləşmişdi ki, artıq vətəndaş müharibəsi başlamışdı və Azərbaycan parçalanırdı. Azərbaycanın o vaxtkı prezidenti və başqa şəxslər öz vəzifələrini qoyub qaçmağa məcbur oldular.

Belə bir ağır vəziyyətdə mən Azərbaycana gəldim və prezident seçildim. Demək istəyirəm ki, Sovetlər İttifaqından ayrılmış başqa müstəqil dövlətlərə nisbətən biz daha da ağır yol keçmişik. Ancaq biz indi sabitliyi təmin etmişik. 1995-ci ildən indiyədək Azərbaycanda daxili sabitlik mövcuddur. İqtisadi, sosial, siyasi islahatlar həyata keçiririk. Baxmayaraq ki, Azərbaycanın 8 milyonluq əhalisindən bir milyonu çadırlarda yaşayır, qaçqındır, respublikanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, amma ölkəmizin iqtisadiyyatı inkişaf edir. Bu gün səhər konfransda mən bu barədə öz fikirlərimi dedim. Bunu çoxları da dedi. Mən təkrar etmək istəmirəm. Yəni sizin dediyiniz sözü, cənab Bejezinski, mən təsdiq edirəm ki, sabitlik ölkəmiz üçün əsas şərtdir. Biz buna nail olmuşuq.

Çətinliklə nail olmuşuq. Demokratiya yolu isə - bu da asan yol deyil, - uzun yoldur. Sizin fikirlərinizi mən yüz faiz təsdiq edirəm ki, gənc, müstəqil dövlətlər, demokratiya yoluna düşmüş dövlətlər təkamül yolu ilə, demokratiya yolu ilə getməlidirlər. Bunu biz öz ölkəmizin təcrübəsində görürük. Mən çox şadam ki, Amerika Birləşmiş Ştatlarında cənab Bjezinski kimi şəxsiyyətlər və böyük dünyagörüşünə malik olan insanlar həqiqətən bizim ölkələrimizin daxili vəziyyətini düzgün qiymətləndirə bilirlər və bu yolu nə cür keçmək haqqında öz fikirlərini düzgün deyirlər.

Siz burada qeyd etdiniz ki, 30 il bundan öncə Amerika Birləşmiş Ştatlarında bəzi vətəndaşlar seçki hüququndan məhrum idilər. Sonra, bizə də məlumdur ki, qadınlarla kişilərin də hüququ bir deyildi. Amma Azərbaycanda qadınların emansipasiyası Amerikadan xeyli qabaq olubdur. Burada biz sizdən üstünük. Yəni, Amerika Birləşmiş Ştatları - 200 ildən artıq demokratiya yolu ilə gedən bir ölkə hələ 20 il, 30 il bundan öncə də bu demokratiyanın müxtəlif aspektlərini həyata keçirirdi. Buna görə də dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi kimi, xalqın ən yaxşı yaşayışına görə və dünyada böyük hörmətinə görə Amerika Birləşmiş Ştatları gənc, müstəqillik yolu ilə gedən dövlətlər üçün örnək, nümunə olmalıdır.

Amerika Birləşmiş Ştatlarına bizim münasibətimiz bundan ibarətdir. Biz Amerika Birləşmiş Ştatlarını dünyanın ən mütərəqqi dövləti hesab edirik. Biz Amerika Birləşmiş Ştatlarını demokratiyanın inkişafında çox böyük nailiyyətlər əldə etmiş ölkə hesab edirik.

Amma, gəlin açıq danışaq, siz buna neçə ildə nail oldunuz? Şimal ilə Cənubun müharibəsi sizin ölkənizə nə qədər itkilər gətirdi? Ondan sonra Amerika Birləşmiş Ştatlarının çox ağıllı insanları bu demokratiya yolunu seçdi. Ancaq siz bu vəziyyətə bir ildə, beş ildə, on ildə, on beş ildə gəlib çatmamısınız. Siz 200 ildir ki, bu yolu gedirsiniz. Məsələn, İkinci Dünya müharibəsinin başlanması ərəfəsində Amerika Birləşmiş Ştatları böyük iqtisadi böhran keçirirdi. Belədir, başqa çatışmazlıqlar var idi. Ona görə də belə bir yol keçmiş ölkə öz tarixinə baxaraq, öz tarixinin mərhələlərinə baxaraq başqa ölkələrə də münasibətdə çox ehtiyyatlı olmalıdır.

Yenə də deyirəm, demokratiyanın yaranmasında, inkişaf etməsində nümunə olmalıdır. Siz nümunə olmağına nümunəsiniz. Çünki siz çox inkişaf etmiş demokratik bir ölkəsiniz. Ancaq bu məsələnin ikinci bir tərəfi var. Burada bəziləri hesab edirlər ki, elə Azərbaycanda da, yaxud Qazaxıstanda da, yaxud Ukraynada da demokratiya bu gün ABŞ-ın səviyyəsində olmalıdır. Təbiidir ki, bu, real bir şey deyildir. Bunu bilmək, bunu anlamaq lazımdır. Ona görə də cənab Bjezinski düz deyir ki, \"Demokratiya təkamül yolu ilə getməlidir\". Onu da bilin ki, yüz il, iki yüz il demokratiyadan məhrum olmuş Azərbaycan indi, doqquz illik müstəqillik dövründə birdən-birə sıçrayıb, necə deyərlər, çayın o biri sahilinə keçə, tam, yüksək səviyyədə demokratiyanı təmin edə bilməz. Şərt o deyil, şərt odur ki, bizim ölkəmizin tutduğu yol nədir? Yol - demokratiya, azadlıq yoludur, fikir müxtəlifliyi yoludur, mətbuat azadlığı yoludur, insan haqlarının qorunması yoludur. Biz buna nə qədər nail ola bilmişik və nə qədər nail ola bilməmişik - bunu düzgün təhlil etmək və düzgün də münasibət göstərmək lazımdır.

Nümunə o deməkdir ki, Amerika Birləşmiş Ştatları başqa ölkələrə, o cümlədən Azərbaycana nümunəni göstərir və çalışır ki, bu nümunə cazibədar olsun.

Yəni o nümunəni zorla tədbiq etmir, o nümunəni cazibədar edərək belə ölkələrin, yəni Azərbaycanın və başqa ölkələrin bu nümunədən istifadə etməsi üçün yol açır.

Bunlar bir-birindən fərqlidir. Bilirsinizmi, zorla, güclə əldə olunan hər bir nailiyyət nəticəsizdir. Ona görə də yenə də deyirəm ki, sizin sözləriniz nə qədər qiymətlidir: \"Demokratiya təkamül yolu ilə inkişaf etməlidir\".

Sovetlər İttifaqının tarixindən sizə məlum olan bir faktı da demək istəyirəm. Sovetlər İttifaqı İkinci Dünya müharibəsindən çox güclü bir dövlət kimi çıxdı. Alman faşizmi məğlub oldu. Ondan sonra Sovetlər İttifaqının rəhbərliyində olanlar belə bir fikirdə idilər ki, Leninin, Marksın ideyaları həyata keçməlidir. Bütün dünyada sosializm olmalıdır; kommunizm ideologiyası olmalıdır.

Belə arzu ola bilər, heç kəs bu arzuya etiraz edə bilməz - ancaq o ölkələr, o xalqlar bunu istəyirlərsə. Çoxları istəmirdi. Məsələn, mən Siyasi Büroda olarkən bilirdim ki, Şərqi Avropadakı sosialist ölkələrində nə qədər problemlər yaranırdı. Moskva çalışırdı ki, məsələn, Polşada da , Rumıniyada da, Bolqarıstanda da hər şey Sovetlər İttifaqındakı kimi olsun. Amma olmurdu, çünki hər bir ölkənin xüsusiyyəti var. Onlar sosializm ideyasına həqiqətən sadiq idilər. Ancaq hərəsi öz yolu ilə getmək istəyirdi.

Mənim xatirimdədir, Şərqi Almaniyada mağazaların bəziləri, yaxud da dəlləkxanalar özəl sektorda olduğuna görə Moskvada bəziləri deyirdilər ki, bu nə sosializmdir ki, burada şəxsi mülkiyyət var, özəl sektor var. Başa düşürsünüzmü? Yaxud, mənim xatirimdədir ki, Macarıstana getmişdim. Mənə dedilər ki, orada ikinci şəxs Qərbi Almaniyaya getmək istəyir, sosializm yolundan çıxır, sən onunla bir az söhbət et. Mən də söhbət etdim, gördüm ki, o, ölkəsinin xeyrinə işlər görmək istəyir. Ona görə də Qərbi Almaniyaya getmək istəyir. Amma Moskvada onu kapitalizmə meylli bir şəxs kimi siyahıya saldılar. Hər ölkədə adamlara belə yanaşırdılar: bu, sovetlərin tərəfdarıdır, amma bu, kapitalizmə meyllidir. Bilirsinizmi, bunları mən görmüşəm.

O vaxt dünyada belə bir ifadə işlənirdi: \"İnqilab İxracı\". Bəli, Sovetlər İttifaqı dünyanın bir neçə bölgəsinə inqilabı, yəni sosialist inqilabını ixrac edirdi. Amma zorla ixrac edirdi. Bu da heç bir nəticə vermədi. İndi isə, əgər demokratiya ixrac ediləcəksə və bu da zor yolu ilə olacaqsa, bu, yaxşı nəticə verməz.

Ona görə də təkamül yolu, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin nümunəsi, onun cazibədarlığı istər-istəməz bizim kimi ölkələri, yəni yeni müstəqillik əldə etmiş ölkələri demokratiya yolu ilə aparacaqdır. Biri bir az tez gedəcək, digəri ondan bir az gec gedəcəkdir. Onu da nəzərə almaq lazımdır ki, hər bir xalqın əsrlər boyu yaranmış ənənələri, mənəvi dəyərləri var. Məsələn, Azərbaycanın min il, iki min il ərzində yaranmış milli-mənəvi dəyərləri var. Biz bu dəyərləri itirə bilmərik. Amma bu dəyərlər ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri, Amerika dəyərləri ilə sintez ediləndə, bəli, bu çox yaxşı nəticələr verir. Üstünlük isə yenə də Qərb dəyərlərinə - Avropa dəyərlərinə, Amerika dəyərlərinə verilir.

Ancaq milli-ənənəvi dəyərlər də məhv olmur. Vaxtilə Sovetlər İttifaqı çalışdı ki, dini ləğv etsin, ateizm siyasəti apardı, yetmiş il biz dindən məhrum olduq. Ancaq Sovetlər İttifaqı dağılan kimi, bir ilin içərisində din bütün ölkələrdə inkişaf etdi. Yəni insanlara zor etmək olar. Amma insanın içində onu dəyişdirmək çox çətindir. Bizim - mən Azərbaycanı deyirəm - yolumuz demokratiya yoludur, demokratiya yolunda Azərbaycanın milli-mənəvi dəyərlərini, ümumbəşəri dəyərlərlə, demokratiya ilə, Avropa - Amerika dəyərləri ilə sintez etmək və bunun nəticəsində də demokratiyanı inkişaf etdirməkdir.

Cənab Bjezinski, sizin iki-üç kəlmə sözünüzə mən geniş, bizim nöqteyi-nəzərimizdən öz fikirlərimi bildirdim. Ancaq mənim bura çıxmağım təkcə bundan ötrü deyildi. Baxmayaraq ki, vaxtınızı çox alıram, mən bildirmək istəyirəm ki, Azərbaycan Qafqazda Şərqlə Qərbin arasında çox mühüm strateji və coğrafi-strateji yer tutur. Azərbaycan Şərqin Qərbə, Qərbin də Şərqə qapısıdır. Azərbaycanın digər imkanları haqqında da bu gün danışılıbdır. Amerika Birləşmiş Ştatlarının dəyərlərinin Qafqaz, Mərkəzi Asiya regionunda yayılması, inkişaf etməsi bizim məqsədimizdi və biz buna nail olmaq istəyirik. Amerika Birləşmiş Ştatları Azərbaycan üçün, onun xarici siyasəti üçün öncül ölkədir.

Biz Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlıq etmək istəyirik. Azərbaycan bu baxımdan ABŞ üçün çox faydalı ola bilər, çox faydalıdır. Mən bilirəm ki, bunu Vaşinqtonda çoxları bilir, amma bəziləri bəlkə də bilmir.

Mən bir daha sizinlə bu görüşümdən məmnun olduğumu bildirirəm. Çox mötəbər insanlara bu ziyafətə gəldiklərinə görə təşəkkür edirəm.

Xahiş edirəm ki, Amerika - Azərbaycan dostluğunun şərəfinə, Amerika - Azərbaycan əməkdaşlığının şərəfinə, Amerika Birləşmiş Ştatlarının daha da güclü, daha da inkişaf etmiş ölkə olması şərəfinə, Amerika xalqının şərəfinə, Amerikanın prezidentinin şərəfinə, sizin şərəfinizə, bizim dostlarımızın şərəfinə badə qaldıraq! Sağ olun!

\"Azərbaycan\" qəzeti, 24 sentyabr 2000-ci il.