Azərbaycan - \"bp\" əlaqələri

‎1994-cü ildən Azərbaycan Respublikasının yeni neft strategiyası çərçivəsində Xəzərin ‎Azərbaycan sektorundakı neft və qaz yataqlarının iri xarici neft şirkətləri ilə hasilatın pay bölgüsü prinsipi ilə birgə ‎işlənilməsinə başlanıb. Azərbaycan hökuməti ilə birgə əməkdaşlığa dəvət olunan həmin iri xarici neft ‎şirkətlərindən biri də \"bp\" neft şirkətidir. Dünyada neft və qazın istehsal həcminə ‎görə üçüncü yerdə olan şirkət 1994-cü ilin sentyabrında imzalanan \"Əsrin ‎müqaviləsi\"ndə ən böyük pay (17,13%) alaraq həmin müqavilədə birgə işlənilməsi ‎nəzərdə tutulan üç neft yatağı üzrə kəşfiyyat və hasilat prosesinin vahid operatorudur. ‎‎1998-ci ilin sonunda ABŞ-ın \"AMOKO\" şirkətinin bu müqavilədəki 16%-lik payını ‎alan \"Bi-Pi\" hazırda \"Əsrin müqaviləsi\"ndə 34,1% paya sahibdir. Qeyd etmək lazımdır ‎ki, \"Əsrin müqaviləsi\" Xəzərin Azərbaycan sektorundakı \"Azəri\", \"Çıraq\" və \"Günəşli\" ‎yataqlarının 30 il ərzində birgə işlənilməsini nəzərdə tutur və digər tərəfdaş şirkətlərin ‎sayı 9-dur. Geoloqların son hesablamalarına görə bu üç neft yatağındakı ehtiyatların ‎həcmi bir milyard ton neft, 200 milyard kubmetr qaz kondensatından ibarətdir. ‎(www.socar.gov.az

 ‎\"bp\" şirkətinin Azərbaycanın yeni neft strategiyası çərçivəsində böyük pay aldığı ikinci müqavilə 1996-cı ilin iyununda imzalanan ‎‎\"Şahdəniz\" qaz kondensatı yatağının birgə işlənməsi layihəsidir. İlkin hesablamalara ‎görə, yatağın 400 milyard kubmetr qaz, 200 milyon ton qaz-kondensat və 100 milyon ton ‎neft ehtiyatına malik olduğu nəzərdə tutulurdu. Hazırki kəşfiyyat və qazma işlərinin nəticələri əsasında təhlil ‎aparan geoloqlar \"Şahdəniz\" yatağında qaz ehtiyatlarının 1 trilyon kubmetr olduğunu ‎bəyan edirlər. 30 il müddətində birgə işlənilməsi nəzərdə tutulan \"Şahdəniz\" yatağında birgə işlənilməsi sazişində də \"bp\" ən böyük pay sahibidir. Bu ‎layihənin də operatorlarından biri \"bp\" şirkətidir.‎(www.president.az)

‎\"bp\" şirkətinin Azərbaycan hökuməti ilə əməkdaşlıq etdiyi üçüncü neft müqaviləsi ‎Xəzərin Azərbaycan sektorunda yerləşən \"Araz\", \"Alov\", \"Şərq\" yataqlarının birgə ‎işlənilməsini nəzərdə tutur. 1998-ci ilin iyununda imzalanan bu müqaviləyə əsasən ‎şirkət 30% paya sahib olub. Bu layihənin operatorluğunu \"bp\" Norveçin \"Statoyl\" ‎şirkəti ilə alyans yaradaraq həyata keçirməyi planlaşdırır. Bu yataqlarda ‎proqnozlaşdırılan 200 milyon ton neft ehtiyatının hasilat prosesinə başlamaq üçün ‎lazım olan sərmayələrin həcmi 4 milyard ABŞ dolları təşkil edir.‎

‎\"Əsrin müqaviləsi\" layihəsi üzrə hasil edilən neftin dünya bazarına çıxarılması üçün 2002-ci ildə tikintisinə başlanılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin xarici ‎sponsorlar qrupuna da \"bp\" 30,1%-lik payla başçılıq edib. Kəmər 2006-cı ilin mayında istifadəyə verilib. İllik ötürmə gücü 50 milyon ton neft olan layihənin ümumi dəyəri 5 ‎milyard ABŞ dolları təşkil edib. Digər tərəfdən \"Şahdəniz\" yatağından əldə ediləcək ‎qazın Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri ilə nəql edilməsi işində də \"bp\" (texniki operator) şirkəti Norveçin ‎‎\"Statoyl\" (kommersiya operatoru) neft şirkəti ilə alyans yaradaraq tikintinin əsas hissəsini öz öhdəsinə götürüb. \"bp\"-nin bu layihədə payı 25,5%-dir. 2006-cı ilin sonunda istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinə 1,9 milyard ABŞ dolları həcmində vəsait xərclənib. 2007-ci ildə qaz kəmərinə \"bp\" 64 milyon ABŞ dolları əsaslı xərc sərf edib. 2008-ci ildə bu rəqəmin 35 milyon ABŞ dolları olacağı gözlənilir. İlk olaraq bu boru kəməri ilə \"Şahdəniz\" yatağından əldə edilən mavi yanacaq Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyəyə çatdırılır. (www.bp.com)

2007-ci ilin noyabr ayında \"bp\" Xəzərin Azərbaycan sektorunda yerləşən \"İnam\" yatağının birgə işlənilməsi sazişinə əsasən İNX-2 kəşfiyyat quyusu üçün planlaşdırılmış qazma işlərinə başlayıb. Quyu son yekun dərinliyə - 5404 metrə çatdırılıb və hazırda quyudan götürülən karotaj məlumatları təhlil olunur. \"İnam\" yatağı üzrə sazişin tərəfdaşları və onların pay bölgüsü aşağıdakı kimidir: \"bp\" operator olmaqla 25%, ARDNŞ 50%, KNOC 20% və \"Şell\" 5%. (www.bp.com

Müxtəlif illərdə Azərbaycan Prezidenti Heydər Əliyev \"bp\" şirkətinin yüksək ‎vəzifəli şəxsləri ilə Bakıda, Londonda və digər şəhərlərdə görüşlər keçirib, ‎danışıqlar aparıb. Bu görüşlərdə şirkətin Azərbaycanda həyata keçirmək niyyətində ‎olduğu layihələr və gələcəkdə yerinə yetirilməsi planlaşdırılan tədbirlər müzakirə edilib. ‎Bu baxımdan Azərbaycan Prezidenti Heydər Əliyevin 22 fevral 1994-cü ildə Londonda ‎şirkətin Direktorlar Şurasının sədri Deyvid Saymonla; 23 yanvar 1995-ci ildə şirkətin ‎Direktorlar Şurasının sədri lord Eşerton ilə Bakıda, 7 may 1997-ci ildə Londonda, 30 ‎mart 1998-ci ildə Bakıda, 21 iyul 1998-ci ildə Londonda, 30 yanvar 2000-ci ildə ‎Davosda, 22 iyun 2001-ci ildə Bakıda şirkətin prezidenti Con Braunla görüşləri ‎ölkəmizin \"bp\" ilə münasibətlərinin daha da genişlənməsi üçün əlverişli zəmin ‎yaradıb.‎ Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə \"bp\" rəhbərliyi arasında əməkdaşlığın perspektivləri və genişləndirilməsinə həsr edilən  görüşlər bu gün də uğurla davam etdirilir.

‎\"bp\" neft şirkəti Azərbaycan hökuməti ilə imzalanan karbohidrogen ehtiyatların birgə işlənilməsi müqavilələri üzrə həyata ‎keçirilən layihələrə ən çox xarici investisiya ‎qoyan transmilli şirkətlər arasında liderdir. ‎(www.azerbaijan.news.az)

\"bp\"  2007-ci il ərzində \"Əsrin müqaviləsi\" layihəsinə 445 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 2,822 milyon ABŞ dolları əsaslı məsrəflər xərcləyib. 2008-ci ildə həmin layihə üzrə əməliyyat məsrəflərinə 611 milyon və əsaslı məsrəflərə 1,926 milyon ABŞ dolları ayrılacağı proqnozlaşdırılır. 2007-ci ildə \"Əsrin müqaviləsi\" üzrə \"bp\" \"Çıraq\", \"Mərkəzi Azəri\", \"Qərbi Azəri\" və \"Şərqi Azəri\" platformalarından 244 milyon barreldən artıq (təxminən 33 milyon ton, gündə orta hesabla 668 min barrel) neft hasil edib. 2008-ci ildən başlayaraq həmin platformalar üzrə gündəlik hasilatın 840 min barrelə çatdırılması planlaşdırılıb. (www.bp.com

Tarixi arayış 14 iyul 2008-ci ildə tərtib edilib.