Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Azərbaycandakı Rezident-Əlaqələndiricisi Marko Borsotti ilə görüşdə söhbəti - Azərbaycan prezidentinin iqamətgahı, 20 oktyabr 2001-ci il

Heydər Əliyev: Biz sizinlə artıq görüşmüşük. Amma indi yəqin ki, mən sizinlə rəsmi görüşürəm.

Marko Borsotti: Tamamilə doğrudur. 1996-cı ildə mənim üçün böyük şərəf oldu ki, dostum  Paolo Lembo ilə, məndən əvvəl burada işləyən nümayəndə ilə birlikdə Sizinlə görüşmüşdüm. Həmin vaxt mən regiona səfərdə idim və Paolo Lembo bu regionda işləyən digər həmkarlarla birlikdə bizim görüşümüzü təşkil etdi. Mən burada rezident-əlaqələndirici kimi fəaliyyət göstərəcəyəm və icazənizlə, bu gün Sizə Birləşmiş Millətlər Təşkilatı Baş katibinin məktubunu təqdim etmək istəyirəm. Bu məktubda həm məndən əvvəl burada işləyən rezidentəlaqələndirici geri çağırılır və həm də mənim burada işləməyim haqqında əmr təsdiq olunur.

Mənim üçün böyük şərəfdir ki, buraya təyin olunmuşam. Sizin hökumətə minnətdarlığımı bildirmək istəyirəm ki, mənim namizədliyimi bəyənmişdir. Ümid edirəm, qarşıdakı illərdə – burada işləyəcəyim dövrdə həm Sizinlə, həm də hökumətinizlə birlikdə məhsuldar çalışacağıq. Burada işlədiyim müddət ərzində öz planlarımız və ideyalarımız vasitəsilə Azərbaycanın inkişafı üçün lazım olan heç nəyi əsirgəməyəcəyik.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda nümayəndəliyi, bilirsiniz ki, ölkəmiz öz müstəqilliyini əldə edəndən dərhal sonra açılmışdır. Ötən illərdə biz daim əməkdaşlıq etmişik. Mən bilirəm ki, sizin burada fəaliyyətiniz çoxtərəfli, çoxşaxəlidir. Bunlardan bizim üçün ən əhəmiyyətlisi qaçqınlar, köçkünlər məsələsidir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən göstərilən humanitar yardımlardır. Bir çox başqa məsələlər də, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə bizim əlaqələrimizdə də, təbiidir ki, sizin fəaliyyətiniz həmişə olur. Güman edirəm ki, bundan sonra bu əməkdaşlığı daha da genişləndirmək, daha da səmərəli etmək lazımdır.

Doğrudur, Birləşmiş Millətlər Təşkilatına bizim müəyyən iradlarımız da var. O da ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar 4 qətnamə qəbul edib, Təhlükəsizlik Şurasının sədri bir çox bəyanatlar verib, ancaq Ermənistan tərəfi onların heç birinə məhəl qoymayıbdır, onları yerinə yetirməyibdir. Birləşmiş Millətlər Təşkilatı da, onun Təhlükəsizlik Şurası da öz qərarlarının yerinə yetirilməsi üçün heç bir fəaliyyət göstərməyibdir. Belə vəziyyət, əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatına qarşı narazılıq yaradır. Mən bilirəm, burada sizdən asılı bir şey yoxdur. Ancaq daim Birləşmiş Millətlər Təşkilatına, onun bütün bölmələrinə buradakı real vəziyyət haqqında ədalətli, düzgün məlumat vermək və hər halda, Birləşmiş Millətlər Təşkilatının əməli fəaliyyət göstərməsi üçün səylər göstərmək, mənə belə gəlir ki, sizə mümkün olacaqdır.

Marko Borsotti: Cənab Prezident, dediklərinizə görə çox sağ olun. Həqiqətən də sizin sonda dediyiniz sözlər mənim buradakı işimin üstün istiqamətləri olacaqdır. Mən tam məlumatlıyam ki, Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi, çoxsaylı bəyanatları hələ ki, həyata keçməyibdir. Bu məsələlər mənim səlahiyyətimdə olmasa da, çalışacağam əlimdən gələni edim ki, Sizin dediklərinizi BMT-yə çatdırım və onlar da vəziyyətdən tam hali olsunlar. Mən eyni zamanda əlimdən gələni edəcəyəm ki, buradakı vəziyyət açıq-aydın görünsün və bu münaqişənin qurbanları, əziyyət çəkmiş insanlar arasında, donor icması arasında tam məlumat olsun və onların əziyyəti mümkün qədər azalsın, vəziyyətləri yaxşılaşdırılsın. Ona görə də mən planlaşdırıram ki, burada humanitar sahədə çox fəal işləyim. Sonda isə mən ümid edirəm ki, Azərbaycan hökuməti ilə birlikdə çalışaraq Azərbaycanın iqtisadi inkişafı üçün işlər görə biləcəyik. Əslində mən burada olduğum müddətdə belə bir təşəbbüs irəli sürmüşəm ki, sizin nazirlərlə görüşüm və biz burada gələcək planlarımızı müəyyənləşdirək, öncül sahələri ayırd edək və müəyyən edək ki, biz hansı sahələrdə yardım göstərək. Əlbəttə ki, bizim burada işlədiyimiz müddətdə Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə birlikdə çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanın gələcək inkişafı yüksələn xətt üzrə getsin. Siz, ölkəsi Birləşmiş Millətlər Təşkilatında təmsil olunmuş bir dövlətin prezidentisiniz. Mən ümid edirəm ki, gələcəkdə biz tərəfdaş kimi, birgə işləyəcəyik və əməkdaşlığımız uğurlu olacaqdır.