Sizi - Zaqafqaziya ölkələri onkoloqlarının Bakı şəhərində keçirilən ikinci konqresinin iştirakçılarını Azərbaycan torpağında ürəkdən salamlayıram.
Keçirdiyiniz elmi forum təcrübə mübadiləsi, yeni yaradıcılıq ideyalarının gerçəkləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir və əminəm ki, o, son nəticədə onkologiya elminin gələcək inkişafına öz layiqli töhfəsini verəcəkdir.
Keçid dövrünün iqtisadi problemləri, Qafqazda hələ həllini tapmamış münaqişələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun ağır nəticələri regionda illər boyu təşəkkül tapmış elmi və mədəni əməkdaşlıq ənənələrinə ciddi xələl gətirmiş və bu qəbildən olan forumların işində uzunmüddətli bir fasilə yaratmışdır. Təqdirəlayiq haldır ki, insanlarımızın sağlamlığı naminə Zaqafqaziya alimlərinin göstərdiyi əməkdaşlıq cəhdləri sayəsində onkoloqlar öz konqreslərini yenidən keçirməyə nail olmuşlar. Bu mötəbər elmi toplantının işində Müstəqil Dövlətlər Birliyinin digər respublikalarından olan həmkarlarınızın iştirak etməsi isə onun elmi sanbalını daha da artırır.
Onkologiyanın mürəkkəb problemlərinin həlli yollarına həsr olunmuş forumunuz bəşəriyyəti bu qorxulu bəladan qurtarmaq naminə səylərinizi birləşdirmək işinə xidmət edir. Sizin bu konqresinizin yeni yüzilliyin və yeni minilliyin ilk ilində keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu gün Yer kürəsinin müxtəlif guşələrində milyonlarla adam onkoloji xəstəliklərdən əziyyət çəkir. Məhz buna görə də təbabətin bu sahəsində qazanılmış hər hansı nailiyyəti insanlar səbirsizliklə gözləyirlər. İnanıram ki, XXI əsrdə onkologiya elminin inkişafı sayəsində əldə ediləcək müvəffəqiyyətlər onkoloji xəstəliklərin müalicəsində dönüş yaradacaq və bu bəlaya düçar olmuş insanların həyat ümidini artıracaqdır.
Hörmətli konqres iştirakçıları! Müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə gəlişinizdən, onunla yaxından tanışlıqdan da böyük məmnunluq duyacağınıza əminəm və sizə konqresin işində uğurlar diləyirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti