Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli gecədə təbrik sözü - Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, 7 mart 1996-cı il

Əziz, hörmətli qadınlar!

Sizi və sizin simanızda bütün Azərbaycan qadınlarını bayram münasibətilə - Qadınlar günü münasibətilə təbrik edirəm. Sizin hamınıza və ayrılıqda hər birinizə cansağlığı, xoşbəxtlik, səadət arzulayıram.

Qadınlar müstəqil Azərbaycan Respublikasının, Azərbaycan vətəndaşlarının, xalqımızın böyük bir hissəsini təşkil edir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır. Ona görə qadınların bayramını həm kişilər, həm qadınlar, bütün cəmiyyətimiz birlikdə bir əziz bayram kimi qeyd edir. Mən də bu hisslərlə, bu duyğularla sizin yanınıza gəlmişəm. Bu bayramı bu axşam sizinlə bir yerdə keçirmək məqsədi ilə buraya gəlmişəm.

Mən sizə və sizin simanızda bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında, dövrlərində dövlətçiliyimizə, bir prezident kimi şəxsən mənə dayaq olduğunuza görə sizə təşəkkür edirəm. Çox sağ olun, sizə xoşbəxtlik, cansağlığı arzulayıram.