Əziz həmvətənlər, bacılar, qardaşlar!
Əziz Bakı şəhərinin sakinləri!
Sizi Azərbaycan xalqının milli bayramı - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət, həyatınızda, bütün işlərinizdə uğurlar arzulayıram.
Müstəqil Azərbaycan Respublikasında Novruz bayramı ilbəil geniş vüsət alır, bizim qədim, əziz bayramımız kimi ölkəmizin ictimai-siyasi həyatında özünə layiq yer tutur və insanlara ruh verir, onları sevindirir, şadlandırır. Bu bayram hər bir azərbaycanlının, hər bir vətəndaşımızın əziz və sevimli bayramıdır. Bu bayram bizim ölkədə yaşayan hər bir insanın qəlbində, onun duyğularında olan bayramdır.
Ona görə də bu bayram hər kəs üçün əzizdir. Bu bayramı hər kəs böyük sevinc və məhəbbət hissi ilə qeyd edir. Bu bayram ümumxalq, ümummillət, ümumölkə bayramına çevrilmişdir.
Bu bayram günlərində xalqımız Azərbaycanın dövlət müstəqilliyinin, milli azadlığının nə qədər qiymətli, hər bir şəxs üçün tarixi əhəmiyyətli bir hadisə olduğunu daha da dərindən dərk edir. Ona görə də bu bayram indi artıq Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir. Bu bayram ölkəmizin azadlığının, sərbəstliyinin rəmzidir. Bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram insan azadlığının rəmzidir. Bu bayram ölkəmizdə insan haqlarına, hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Bu bayram, yəni bu il keçirilən Novruz bayramı onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi artıq dönməz bir amil olubdur, bu müstəqillik gündən-günə möhkəmlənir, inkişaf edir. Bu bayram, Azərbaycanın hər bir guşəsində, hər bir ucqar ərazisində yüksək sevgi və məhəbbətlə keçirilən şənliklər onu göstərir ki, biz ölkəmizdə artıq daxili ictimai-siyasi sabitliyə nail olmuşuq. İnsanlar o ağır, əziyyətli günlərdən, daxili toqquşmalardan, vuruşmalardan, atışmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olublar. İnsanlar rahat, sərbəst yaşayırlar, onların üzü gülür. İnsanlarda sevinc, nikbinlik, gələcəyə inam hissi gündən-günə artır.
3-4 il bundan əvvəl olan illəri, ayları, günləri xatirinizə salın. Həmin o illərdə də bu Novruz günlərini xatirinizə salın. Bu qədər dostluq, mehribanlıq, qarşılıqlı anlaşma, ünsiyyət var idimi? Yox idi. O vaxt insanlar dərd-qəm içində yaşayırdı. O vaxt insanlar bir-birinə şübhə ilə yanaşırdı. O vaxt insanlar bir-birindən qorxurdu. Ayrı-ayrı cinayətkar qruplar, dəstələr qanun-qaydanı, mənəviyyat prinsiplərimizi pozaraq zorakılıq edirdilər, insanları incidirdilər, insanların hüquqlarını tapdalayırdılar. Şübhəsiz ki, o zaman bayram belə ümumxalq bayramı, bu qədər sevinc, ruh yüksəkliyi gətirən bayram ola bilməzdi. Ona görə də builki bayram şənlikləri son illərdə Azərbaycanın həyatında mütəmadi olaraq ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi, cəmiyyətdə sabitlik, rahatlıq yaradılması proseslərinin əməli nəticəsidir. Bu, bizi sevindirir və görürəm ki, siz də sevinirsiniz.
Azərbaycan televiziyası bir neçə gündür ki, respublikamızın müxtəlif şəhərlərində, qəsəbələrində, kəndlərində, ayrı-ayrı yerlərdə Novruz bayramı ərəfəsində keçirilən tədbirləri nümayiş etdirir, göstərir. Onlara baxdıqca, insanların üzlərində olan təbəssümü, gülüşü gördükcə, adamları dinlədikcə düşünürsən ki, həyatımızda nə qədər böyük dəyişikliklər baş veribdir!
Şübhəsiz ki, bunların hamısı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, respublikamızda dövlət quruculuğu prosesinin əzmlə aparılması və xalqın, millətin, ayrı-ayrı insanların hüquqlarının qorunması sahəsində görülən işlərin nəticəsidir. Bunlar ölkəmizdə, xalqımızda günü-gündən artan milli həmrəylik, vətəndaşlıq həmrəyliyi hisslərinin yüksəlməsinin nəticəsidir. Bizim bu günümüzdə, bayram şənliklərimizin keçirilməsində hər bir vətəndaşın, hər bir kəsin xidməti vardır.
Çünki ölkəni, xalqı bu qədər həmrəy etmək, bir-birinə yaxın etmək, bu qədər birləşdirmək mütləq və mütləq insanların hamısının istəyindən, rəyindən və onların fəaliyyətindən asılıdır. Ona görə də mən bu müqəddəs Novruz bayramı günü Azərbaycanda ictimai-siyasi vəziyyətin sabitləşməsi, insanlar üçün rahatlığın yaranması və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi yolunda səylərini qoymuş hər bir vətəndaşımıza təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Şübhəsiz ki, bu hələ son hədd deyil. Ancaq eyni zamanda, bu onu göstərir ki, bütün daxili və xarici çətinliklərə baxmayaraq, bizim ölkəmiz daha da rahat, sakit yaşaya bilər, insanlar bir-biri ilə daha da mehriban ola bilər, dostluq münasibətləri daha da yüksək ola bilər. Mən əminəm ki, əldə edilən bu nailiyyətlər əsasında biz hamımız birlikdə irəliyə gedəcəyik, müstəqil Azərbaycanın bayrağını daha da yüksəklərə qaldıracağıq, Azərbaycanı daha qüdrətli dövlətə çevirəcəyik, hər bir Azərbaycan vətəndaşı üçün daha da yaxşı yaşayış təmin olunacaqdır.
Bu gün biz Azərbaycanın paytaxtında, Bakı şəhərində, Bakının bu gözəl guşəsində Novruz bayramı şənliklərinə toplaşmışıq. Amma sizinlə birlikdə bilirik ki, bu gün Azərbaycanın hər bir guşəsində insanlar bayram şənlikləri keçirirlər. Novruz bayramı onları sevindirir, bir yerə toplayır, həmrəy edir. Bu şən, xoşbəxt günümüzdə biz son illər xalqımıza, millətimizə, ölkəmizə vurulan yaraları da unutmuruq.
Yaralarımız ağırdır. Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın bir qismi işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşımız didərgin düşübdür, ağır vəziyyətdə çadırlarda yaşayırlar. Torpaqlarımızın müdafiəsi uğrunda şəhidlər vermişik. Azərbaycanın igid övladları özlərini qurban veriblər, şəhid olublar. Biz onların qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq. Bu Novruz bayramı günü biz sevinərək, bayram edərək, eyni zamanda onları xatırlayırıq, onların ruhuna dua edirik. Böyük Allahdan onlara rəhmət diləyirik.
Yerindən-yurdundan didərgin düşmüş bacı-qardaşlarımız çadırlarda ağır vəziyyətdə yaşayırlar. Onların maddi vəziyyətini, şəraitlərini müəyyən qədər yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Amma eyni zamanda, bizim xalqımızın ən yüksək mənəvi dəyərlərindən biri də odur ki, azərbaycanlılar heç vaxt əyilmirlər, sınmırlar, dözümlüdürlər. Bu gün o çadırlarda da, çadır şəhərciklərində də Novruz bayramı qeyd olunur, şənliklər keçirilir. İnsanlar öz müqəddəs bayramını yüksək əhval-ruhiyyə ilə keçirirlər. Ona görə da mən çadırlarda yaşayan, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımıza, bacı-qardaşlarımıza bu gün buradan, sizing adınızdan, bütün Azərbaycan xalqı adından xüsusi bayram salamı göndərirəm, onları Novruz bayramı münasibətilə təbrik edirəm. Əmin edirəm ki, onlar bu ağır günlərdən xilas olacaqlar, xalqımız bu ağır günlərdən xilas olacaqdır.
Mən əminəm, inanıram ki, biz bütün bu ağır günləri ötüb keçəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcəkdir. Yerindən-yurdundan didərgin düşmüş bacı-qardaşlarımız öz evlərinə, elinəobasına, doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan öz sərhədləri çərçivəsində bütöv, vahid Azərbaycan kimi yaşayacaq, inkişaf edəcəkdir. Biz o günü görəcəyik. O gün uzaqda deyil, biz sadəcə dözməliyik.
Xalqımız dözümlü xalqdır. Xalqımız əsrlər boyu böyük, şərəfli yol keçərək, qəhrəmanlıq nümunələri göstərərək, dünyaya özünün milli mənliyini nümayiş etdirərək həmişə dözümlü olmuşdur, çətinliklərə, məhrumiyyətlərə, itkilərə, bəlalara, qarşısına çıxan cürbəcür xətalara dözmüşdür. Eyni zamanda, yüksək mənəvi xüsusiyyətləri xalqımızı bu ağır, çətin sınaqlardan həmişə çıxarmışdır. Bu illərdə də biz böyük bir sınaqdan keçirik. Əminəm ki, biz bu sınaqdan da çıxacağıq.
Torpaqlarımızı qoruyan, onun keşiyində duran Milli Ordumuz vardır. Qəhrəman övladlarımız, əsgərlərimiz müstəqil Azərbaycanın, onun torpaqlarının keşiyində dayanıblar, Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaqdan ötrü torpaqlarımızın müdafiəsində durublar. Bu gün mən onları Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, onlara cansağlığı, qüdrət arzulayıram. Əminəm ki, onlar müstəqil Azərbaycanın hüdudlarının, torpaqlarımızın qorunmasında bundan sonra da qəhrəmancasına duracaqlar və qəhrəmanlıq nümunələri göstərəcəklər.
Biz gələcəyə ümidlə baxırıq. Bizim hamımız nikbinlik hissi ilə yaşayırıq. Ona görə ki, Azərbaycan xalqının işi haqq işidir. Biz ədalət, haqq tələb edirik. Biz heç bir ədalətsiz yola getməmişik və getməyəcəyik. Bu haqq-ədalət də tələb edir ki, dünya birliyinə daxil olan müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunsun, onun beynəlxalq hüquq normaları tərəfindən tanınmış sərhədləri toxunulmaz olsun, bərpa edilsin və qorunsun. Dünya birliyi bizim səsimizi eşitməlidir və eşidir, səsimizə səs verir.
ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən il Lissabonda keçirilən Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar məsələnin müzakirəsində bütün ATƏT üzvləri (Ermənistandan başqa), ATƏT-ə daxil olan dövlətlərin başçıları Azərbaycanın bu haqq, ədalətli işini müdafiə etdilər. Bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün prinsiplər təsdiq olundu. O prinsiplər əsasında biz danışıqlar aparırıq və bu danışıqları bundan sonra da aparacağıq. Əminəm ki, bu danışıqlar nəticəsində məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq. Son illərin təcrübəsi də, keçdiyimiz yol da buna əsas verir.
Bilirsiniz ki, 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsindəki döyüşlərdə atəşkəs əldə olundu. Atəşi dayandırdıq. Artıq iki il on aydır ki, atəş yoxdur, qan tökülmür, şəhidlər yoxdur. Biz sülh və əmin-amanlıq şəraitində danışıqlar aparıb ölkəmizin hüquqlarını bərpa etməyə çalışırıq. Əminəm ki, bərpa da edəcəyik.
Mən bu gün - bizim xalqımız, millətimiz üçün müqəddəs olan Novruz bayramı günü bir daha dünyaya bəyan edirəm ki, Azərbaycan Respublikası bundan sonra da atəşkəs rejiminə riayət edəcəkdir. Biz hərbi əməliyyatların, döyüşlərin yenidən başlanmasını istəmirik və bunlara yol verməyəcəyik. Atəşkəs rejiminə riayət edəcəyik və torpaqlarımızın bu yolla, sülh yolu ilə azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə nail olacağıq. Mən ümidvaram ki, biz buna nail olacağıq. Ona görə ki, biz artıq bütün dünyaya sübut etmişik ki, Azərbaycan sülhsevər dövlətdir, bizim xalqımız sülhsevər xalqdır. Biz dünyadakı bütün ölkələrlə, xalqlarla qarşılıqlı surətdə faydalı, mehriban dostluq əlaqələri yaradırıq və yaratmaq istəyirik. Biz bölgəmizdə, Qafqazda sülhün bərqərar olmasını istəyirik. Biz bütün qonşularımızla -Rusiya, Iran, Türkiyə, Gürcüstan və başqa qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Bundan sonra da sülh və əmin-amanlıq şəraiti yaratmağa çalışacağıq.
Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşuq və bu əlaqələr də Azərbaycana öz faydalarını verir, beynəlxalq miqyasda, aləmdə respublikamızın hüquqlarını müdafiə edir və Azərbaycanın Dünya Birliyində özünə layiq yer tutmasına kömək göstərir. Bütün bunlar bizim siyasətimizin strateji istiqamətidir. Biz bundan sonra da bu istiqamətdə hərəkət edəcəyik. Eyni zamanda, torpaqlarımızın işğal altında qalmasına heç vaxt razı olmayacağıq. Biz heç vaxt torpağımızın bir qarışının da, bir metrinin də heç kəsə verilməsinə razı ola bilməyəcəyik. İşğal edilmiş torpaqlarımız azad olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Nəyin bahasına olursa-olsun, hansı yolla olur-olsun, biz buna nail olacağıq. Biz müstəqil Azərbaycan Respublikasını bundan sonra da inkişaf etdirəcəyik, yüksəklərə qaldıracağıq.
Bu günlər bizim Vətənimizdə, ölkəmizdə hökm sürən bayram əhval-ruhiyyəsi, bu xoş dostluq münasibətləri, bu meydana toplaşan insanların üzündəki təbəssüm və xoş gülüşlərin hamısı onu göstərir ki, biz qarşımızda duran bütün çətinliklərin öhdəsindən gələcəyik. Biz bundan sonra da ölkəmizdə əmin-amanlığın təmin olunmasına çalışacağıq. Əminəm ki, biz artıq buna nail olmuşuq və olacağıq.
Mən bu bayram günü sizi bir daha təbrik edirəm. Sizin hər birinizə, hər bir ailəyə, hər bir Azərbaycan vətəndaşına səadət, xoşbəxtlik, uzun ömür arzu edirəm, bütün işlərinizdə uğurlar arzulayıram. Sizə, vətənimizə, xalqımıza, ölkəmizə sülh, əmin-amanlıq arzu edirəm.
Sağ olun, var olun, xoşbəxt olun! Bayramınız mübarək olsun! Sağ olun.