Azərbaycan - İtaliya münasibətləri

İtaliya-Azərbaycan münasibətləri qədim dövrdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar.

1918-1920-ci illərdə müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə, 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.

İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə yaradılıb. İtaliya öz səfirliyini Cənubi Qafqaz respublikalarından ilk dəfə 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir.

Ermənstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ilin martında yaradılmış ATƏM-in Minsk qrupunun ilk sədri İtaliya olub. O zaman İtaliya nümayəndəsi Mario Rafaelli münaqişənin dayandırılması üçün bir sıra diplomatik addımlar atıb.

25-28 sentyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya prezidenti Oskar Luici Skalfaro, Baş nazir Romano Prodi, Senat sədri N.Mançio, deputatlar palatasının sədri L.Violante ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər.

Heydər Əliyev səfəri zamanı həmçinin Roma və Neapol şəhərlərinin merləri və böyük İtaliya şirkətlərinin təmsilçiləri ilə də görüşlər keçirib. O, eyni zamanda yerli qəzetlərə və informasiya agentliklərinə müsahibələr verib.

Azərbaycan dövlət başçısının İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb:

-Münasibətlərin Prinsipləri haqda Birgə Bəyanat

-İqtisadi əməkdaşlıq haqda Birgə Bəyanat

-Mədəni, elmi və texnoloji əməkdaşlıq sazişi barədə Birgə Bəyanat

-İki dövlət arasında 1997-1998-ci illər üçün texniki əməkdaşlıq haqda saziş

-Turizm sahəsində əməkdaşlıq haqda müqavilə

-Hava xidmətlərinə dair saziş

-İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqda müqavilə.

Bu sazişlərdən başqa Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd imzalanıb.

Heydər Əliyevin səfərindən sonra əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə İtaliya hökuməti nümayəndələrinin Azərbaycana səfərləri ardıcıl xarakter alıb. 1998 - 2003-cü illərdə İtaliya Xarici İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri səviyyəsinə qədər ölkənin müxtəlif dövlət orqanlarının təmsilçiləri Azərbaycana səfər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə növbəti müqavilələr bağlanıb.

1999-cu ilin aprelində Bakıda İtaliya səfirliyinin yeni binasının açılışı mərasimində qarşılıqlı münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq niyyətinin ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və İtaliya xarici işlər nazirinin müavini də iştirak edib. Heydər Əliyev açılış mərasimində çıxış edərək İtaliya və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Azərbaycan tərəfinin bütün lazımi tədbirlər görəcəyini bildirib.

2000-ci ilin mayında İtaliyanın milli bayramı münasibətilə nitq söyləyərkən Azərbaycan Prezidenti Heydər Əliyev İtaliyanın Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün konstruktiv addımlar atmasından razı qaldığını bildirib. O, İtaliyanın "Acip" şirkətinin Azərbaycanın enerji layihələrində iştirakını, ümumilikdə onun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

2001-2002-ci illərdə İtaliya və Azərbaycanın xarici işlər və əmək və sosial müdafiə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi haqda razılıqlar əldə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 24-26 fevral 2005-ci ildə İtaliyaya rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verib. İtaliyanın dövlət rəhbərliyi ilə görüşən İlham Əliyev ölkənin mətbuat orqanlarına müsahibə verib və İtaliya Xarici Ticarət İnstitutu tərəfindən təşkil olunan "Azərbaycanın təqdimatı" adlı biznes forumda iştirak edib. Bütün bu görüşlərdə tərəflər arasında münasibətlərin sıx inkişafı imkanları, ticarət, iqtisadiyyat sahələrində birgə fəaliyyət məsələlərindən danışılıb. İlham Əliyevin səfəri zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb. Bütün bu sahələr üzrə müqavilələr Azərbaycan-İtaliya münasibətlərinin kifayət qədər geniş sahələr istiqamətində inkişafını göstərir.

2005-ci ilin iyununda İtaliya senatının Xarici və Miqrasiya Məsələləri üzrə Komitəsinin rəhbəri Azərbaycanda səfərdə olarkən dövlət başçısı İlham Əliyevlə görüşündə İtaliyanın Avropa Şurası Parlament Assambleyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini bildirib. 2006-cı ilin martında İtaliyanın ədliyyə naziri Bakıya səfəri zamanı İlham Əliyev tərəfindən qəbul edilərkən ölkənin baş naziri Silvio Berluskoninin məktubunu Azərbaycan Prezidentinə çatdırıb. Məktubda Berluskoni İlham Əliyevin İtaliyaya 2005-ci ilin fevralında etdiyi səfəri yüksək qiymətləndirdiyini, Azərbaycanda gedən inkişafdan razı qaldığını və bir çox İtaliya şirkətlərinin Azərbaycanda investisiya qoymaq niyyətində olduğunu göstərib.

2007-ci ilin sentyabrında İtaliya parlamenti deputatlar palatasının nümayəndələri Azərbaycana səfər ediblər. Deputatlar palatasının xarici işlər daimi komissiyasının sədri Umberto Ranyerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla İtaliya arasında iki tərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin ildən ilə artdığını müsbət hal kimi dəyərləndirilib. O, bu səfərin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

İtaliya nümayəndə heyətinin başçısı Umberto Ranyeri də Azərbaycan – İtaliya münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq İtaliyanın ticarət sahəsində Azərbaycanın bir nömrəli tərəfdaşı olduğunu qeyd edib.

2007-ci il dekabrın 12-də isə prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri Pyerluici Bersaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən prezident iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilərək siyasi əlaqələrin səviyyəsinə çatdırılacağına ümidvar olduğunu bildirib. İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda bundan sonra da müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün əlverişli şəraitin olduğunu vurğulayıb.

Pyerluici Bersani İtaliya Nazirlər Şurasının sədri Romano Prodinin yenidən bu ölkəyə səfər etməklə bağlı dəvətini Azərbaycanın dövlət başçısına çatdırıb. Bakıya səfərinin məqsədinin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə kömək etmək olduğunu deyən Pyerluici Bersani İtaliyanın Azərbaycanın Avropaya inteqrasiyasına öz töhfəsini verə biləcəyini vurğulayıb.

 
Qısa oçerk 23 iyul 2008-ci ildə yeniləşdirilib