Xalq artisti Qəmər xanım Almaszadəyə - Bakı şəhəri, 9 mart 2000-ci il

Hörmətli Qəmər xanım!

Sizi - müsəlman Şərqinin ilk peşəkar balerinasını, Azərbaycanın görkəmli balet ustasını 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz klassik rəqslərin və folklorun gözəl bilicisi kimi Azərbaycanın milli xoreoqrafiya məktəbinin yaranmasında və inkişafında əvəzsiz rol oynamış böyük sənətkarlardansınız. Hələ gənc yaşlarınızda rəqs sənətinin sirlərinə yiyələnməyiniz və səhnəyə qədəm qoymağınız cəmiyyətdəki bir sıra stereotipləri alt-üst edərək, Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoydu, milli musiqi mədəniyyətimizin yeni bir janrının meydana çıxmasına güclü təkan verdi.

Avropa və rus klassiklərinin şah əsərlərində yaratdığınız dolğun, rəngarəng səhnə obrazları öz təkrarolunmaz ifa tərzi və yüksək peşəkarlıq səviyyəsinə görə həmişə balet mütəxəssisləri tərəfindən əsl sənət inciləri kimi qiymətləndirilib. Sizin milli baletlərimizdə ifa etdiyiniz partiyalar Azərbaycan xoreoqrafiya sənətinin misilsiz nailiyyətləri hesab olunur. Azərbaycan baletinin parlaq ulduzu kimi yaratdığınız surətlər milli incəsənət xəzinəmizin qızıl fonduna həmişəlik daxil olmuşdur.

Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilən bir çox balet əsərinin müvəffəqiyyətləri ilk növbədə sizin onlara verdiyiniz quruluşla bağlıdır. Siz öz yüksək ifaçılıq sənətinizlə və balet tamaşalarına verdiyiniz quruluşlarla klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin uğurlu sintezini yarada bilmisiniz.

Məhz bu baxımdan sizi mübaliğəsiz olaraq Azərbaycan baletinin təşəkkül tapmasında başlıca rol oynamış sənətkar adlandırmaq olar.

Özünəməxsus ənənələri olan Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsindəki pedaqoji fəaliyyətiniz də yüksək qiymətə layiqdir. Uzun illər Bakı Xoreoqrafiya Məktəbində Azərbaycanın milli balet kadrlarının hazırlanması üçün siz böyük əmək sərf etmisiniz. Yetişdirmələrinizin bir çoxlu sənət aləminin yüksək pillələrinə qalxaraq Azərbaycan baletinin inkişafı işinə xidmətlər göstərmişdir.

Keçdiyiniz şərəfli sənət yolu həmişə yüksək qiymətləndirilmiş, sizin yaradıcılığınız mükafatlara, orden və medallara layiq görülmüşdür. Ən böyük mükafatınız isə ölkəmizdə balet həvəskarlarının, bütün qədirbilən xalqımızın sizə və sənətinizə bəslədiyi hədsiz məhəbbət, dərin ehtiram olmuşdur.

İnanıram ki, sizin səhnə həyatınız hələ neçə nəsillər üçün əsl vətənpərvərlik, sənətə sədaqət və fədakarlıq nümunəsi olacaqdır.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 10 mart 2000-ci il.