Norveçin iş adamları ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Stavanger, 26 aprel 1996-cı il

Hörmətli xanımlar və cənablar!

Sizin və sizin simanızda Stavanger şəhərinin sakinlərini, norveçliləri səmimi qəlbdən salamlayır, xoş arzularımı bildirirəm.

Üçüncü gündür ki, mən Norveçdəyəm. Buraya Norveçin baş naziri, hörmətli xanım Brundtlandın rəsmi dəvəti ilə gəlmişəm. Mənimlə birlikdə nümayəndə heyəti də gəlibdir. Bu rəsmi səfərimizin məqsədi Norveç-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün yeni yollar açmaqdan ibarətdir. Səfərimin üçüncü günü başa çatarkən qeyd etmək istəyirəm ki, bu səfərimdən xeyli məmnunam və Norveçdə - Osloda da, Stavangerdə də mənə və məni müşayiət edən Azərbaycan nümayəndələrinə Norveç hökuməti tərəfindən göstərilən qonaqpərvərlik, qayğı və diqqət bizi heyran edibdir.

Ölkələrimiz məsafəcə bir-birindən uzaqdır. Ancaq Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndən sonra xarici ölkələrlə müstəqil əlaqələr qurduğu bir zamanda Norveç ilə Azərbaycan arasında qısa vaxtda əlaqələr yaradılıb və bu gün çox müvəffəqiyyətlə inkişaf edir. Bu əlaqələrin əsasını təşkil edən iqtisadi əməkdaşlıqdır və bu sahədə xeyli nailiyyətlər əldə etmişik.

Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir və neft istehsalı sahəsində dünyada məşhur olan bir diyardır. Norveç neftçıxarma sahəsində gənc ölkədir, ancaq çox qısa bir zamanda - 25-30 il müddətində neft və qaz sənayesi sahəsində çox böyük nailiyyətlər əldə edibdir. Ölkələrimizin iqtisadiyyatının bu sahəsi bizi çox tez bir-birimizə yaxınlaşdırır, bağlayır və məhz bu sahə ümumi əməkdaşlığımızın, o cümlədən iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir.

Bildiyiniz kimi, Azərbaycan uzun illər Sovetlər İttifaqının tərkibində olubdur və əldə etdiyi bütün nailiyyətlər, o cümlədən neft sənayesi sahəsindəki uğurlar Sovetlər İttifaqının ümumi nailiyyətlərinin tərkib hissəsi olmuşdur. Ona görə ki, Azərbaycanın öz iqtisadiyyatını inkişaf etdirmək üçün başqa dövlətlərlə bilavasitə əlaqə yaratmaq imkanı yox idi.

Norveç ilə Azərbaycan arasında çox qısa müddətdə yaranmış geniş iqtisadi əməkdaşlıq respublikamızın dövlət müstəqilliyi əldə etməsinin nəticəsidir və məhz buna görə öz imkanlarımızı başqa ölkələrin imkanları ilə sərbəst surətdə bağlaya bilirik. Azərbaycan öz iqtisadiyyatını geniş inkişaf etdirmək, onun potensialını hərəkətə gətirmək üçün müstəqilliyin imkanlarından istifadə edərək bütün dünya dövlətləri ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq prinsipi əsasında bir çox addımlar atmışdır.

Müstəqil demokratik respublika kimi Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurur və onu bu zəmində inkişaf etdirmək üçün islahatlar aparır. Azərbaycanda geniş özəlləşdirmə proqramı qəbul olunubdur və həyata keçirilir. İqtisadiyyat sahəsindəki bütün islahatlar Azərbaycanı dünyada üstün yer tutan bazar iqtisadiyyatı yolu ilə aparmağa yönəldibdir. Bu prinsiplərə söykənərək Azərbaycan iqtisadi əlaqələrində dünyanın hər bir ölkəsi, özəl şirkəti ilə müştərək iş görmək əzmindədir və bu sahədə bir çox nailiyyətlər əldə etmişik.

Azərbaycanın zəngin təbii sərvətləri var, ölkəmiz böyük iqtisadi potensiala, xüsusən sənaye potensialına malikdir. Azərbaycanın böyük intellektual potensialı, kifayət qədər işçi qüvvəsi, yüksək ixtisaslı kadrları var. Bütün bunlardan istifadə edərək Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə respublikamıza xarici investisiyaların gəlməsini iqtisadiyyatımızın əsas istiqamətlərindən biri sayırıq. Bu sahədə görülən işlərin əyani nəticəsi 1994-cü ilin sentyabrında Bakıda imzalanmış böyük neft müqaviləsidir. Ona təkcə mən yox, dünyanın bir çox yerlərində "Əsrin müqaviləsi" deyirlər. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının dünyanın böyük neft şirkətləri ilə birgə işlənməsi üçün bağlanıbdır. Azərbaycan Dövlət Neft Şirkəti ilə həmin müqaviləni bağlayan konsorsium dünyanın 11 məşhur neft şirkətindən ibarətdir. Müqavilənin müddəti otuz ildir, amma hesab edirəm ki, o, həyata keçirilərkən üç yataqdan - "Azəri", "Çıraq", "Günəşli" yataqlarından hasil olunacaq neft və qazın miqdarı artacaq və güman edirəm ki, müqavilənin də vaxtı uzanacaqdır. Yəni mən hesab edirəm ki, həmin yataqlardan müqavilədə nəzərdə tutulandan daha çox neft çıxarmaq mümkün olacaqdır.

Müqavilənin məşhur üzvlərindən biri Norveçin "Statoyl" şirkətidir. Bu neft şirkəti həmin müqavilənin hazırlanmasında, imzalanmasında səy göstəribdir və indi də həyata keçirilməsində çox fəal rol oynayır. "Statoyl" dünyanın Azərbaycana maraq göstərən, demək olar, ilk böyük neft şirkətlərindəndir və bizim əməkdaşlığımız çox normal, sağlam əsaslar üzərində qurulubdur. Güman edirəm ki, "Statoyl" şirkəti ilə əməkdaşlığımızın bundan da geniş perspektivləri var. Böyük Britaniyanın "Britiş Petrolium" şirkəti ilə bərabər, "Statoyl" hələ bir müddət bundan əvvəl Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" neft-qaz yatağına da maraq göstərmişdir. Biz bu sahədə xeyli müştərək iş görmüşük. Yatağın işlənməsinə dair müqavilənin hazırlanması sahəsində işlər başa çatır. Güman edirəm ki, həmin müqavilə də imzalanacaq və "Statoyl" şirkəti burada da görkəmli yer tutacaqdır. Bu sahədə əməkdaşlıq etməyimiz üçün həm Norveçdə - "Statoyl"da, həm də Azərbaycanda-Dövlət Neft Şirkətində neft sahəsində əldə olunmuş nailiyyətlər bizə çox kömək edəcəkdir.

Mən sizə bildirim ki, Azərbaycan qədim neft ölkəsidir. Ölkəmizdə 150 il ərzində neftçilərin bir çox nəsli yetişib, böyük alimlər, geoloqlar yaşayıb-yaradıblar və bu gün də fəaliyyət göstərirlər. Ona görə də neft-qaz sənayesi sahəsində, neft yataqlarının kəşfi sahəsində Azərbaycanın böyük nailiyyətləri və imkanları var. Xəzər dənizinin Azərbaycan sektorunda indi mövcud olan neft yataqlarının, neft-qaz yataqlarının hamısı respublikamızın neftçiləri, alimləri, geoloqları tərəfindən kəşf olunubdur. Ümumiyyətlə, Xəzər dənizinin başqa sektorlarında da, o cümlədən indi Türkmənistanın, Rusiyanın istifadə etdiyi sektorlardakı neft yataqlarını da azərbaycanlılar kəşf ediblər. Ona görə də biz bu nailiyyətləri həm yüksək qiymətləndirir, bunlarla fəxr edir, həm də gələcək müştərək işimiz üçün yaxşı baza hesab edirik. Sizə bildirmək istəyirəm ki, Azərbaycan neftçiləri dünyada dəniz neft yataqlarının kəşfi və neft hasilatı sahəsində də pionerdirlər. Azərbaycan neftçiləri hələ 20-ci illərdə Xəzər dənizində neft yataqları kəşf etmişdilər. Ancaq burada geniş miqyasda neft çıxarılmasına 1949-cu ildə başlanmışdır. Bunun da artıq əlli illik tarixi var.

Norveçin "Statoyl" şirkətinin qısa bir zamanda dənizdə neft hasilatı sahəsində əldə etdiyi nailiyyətlər çox yüksək qiymətə layiqdir. Bu qısa müddət ərzində "Statoyl" şirkəti, Norveçin neft sahəsində məşğul olan təşkilatları həqiqətən həddindən artıq böyük işlər görmüşlər və az bir vaxtda böyük miqdarda neft-qaz hasilatının təmin edilməsinə nail olmuşlar. Biz bunu bilirdik və bugünkü səfərimizdə mən bir daha dərk etdim ki, bunların hamısı dənizdən neft və qaz çıxarmaq üçün müasir, yüksək səviyyəli texnika və texnologiyanın, şübhəsiz ki, insan beyninin gücündən səmərəli istifadənin nəticəsidir. Neft sənayesi sahəsində Azərbaycanın böyük tarixi, zəngin təcrübəsi və neft sənayesində yüksək texnika və texnologiyanın tətbiqində Norveçin qazandığı nailiyyətlər və böyük təcrübə ölkələrimiz arasında, "Statoyl" ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlığın çox səmərəli olması üçün əsasdır. Hesab edirəm ki, bu sahədə əməkdaşlığımızın böyük gələcəyi var. Biz bu əməkdaşlığın başlanğıcındayıq, uzun illər bərabər çalışacaq, əməkdaşlıq edəcəyik. Ümidvaram ki, həm Norveç, həm də Azərbaycan böyük faydalar götürəcəkdir.

"Statoyl" ilə Azərbaycan arasında əməkdaşlığın ilkin nəticələri onu göstərir ki, Azərbaycan ilə çox səmərəli əməkdaşlıq etmək olar və mən bu gün buraya toplaşanlara bildirmək istəyirəm ki, müştərək iş görmək, sərmayə qoymaq, iqtisadi əməkdaşlıq üçün Azərbaycanın qapıları bütün ölkələrə, şirkətlərə açıqdır. Azərbaycana gələn hər bir şirkət şübhəsiz ki, bu əməkdaşlıqdan xeyir götürə bilər. Bunun üçün ən əsaslı şərt Azərbaycan iqtisadiyyatının bazar iqtisadiyyatı prinsipləri əsasında qurulmasıdır. Biz bu yolla gedirik və iqtisadiyyatımızı dünya iqtisadiyyatına daha sıx bağlamaq istəyirik. Belə bir şəraitdə hər bir xarici şirkətin Azərbaycan ilə müştərək iş görməsi üçün bütün şərait yaranıbdır. Azərbaycan iqtisadiyyatının başqa sahələri də xarici şirkətləri cəlb edir. Güman edirəm ki, siz də buna daha çox maraq göstərə bilərsiniz.

Mən qeyd etdim ki, Azərbaycan böyük sənaye potensialına malikdir. Respublikamızda iri və müasir tələblərə uyğun sənaye müəssisələri var: kimya, maşınqayırma sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və başqa sahələr. Azərbaycanın zəngin təbiəti, münbit torpaqları var. Yəni kənd təsərrüfatında da çox böyük potensialı var. Bu sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün də biz xarici şirkətlərlə müştərək iş görməyə hazırıq.

Bilirsiniz ki, "Statoyl" şirkətindən əlavə, Norveçin başqa şirkətləri də Azərbaycana maraq göstərirlər. Dünən biz "Kverner injiniring" şirkətinin poldinqində olduq və çox ətraflı fikir mübadiləsi apardıq. Onlar artıq Azərbaycana gəliblər, ofislərini açıblar və neft müqaviləsinin həyata keçirilməsində, Azərbaycan iqtisadiyyatının başqa sahələrində şübhəsiz ki, onlarla müvəffəqiyyətli iş görə biləcəyik.

Mən qeyd etdim ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı qəbul olunub həyata keçirilir. Yəni biz Azərbaycanın bütün dövlət mülkiyyətini özəlləşdirmək fikrindəyik, bu barədə qanun qəbul etmişik, proqram tərtib olunub və artıq özəlləşdirmə prosesi gedir. Özəlləşdirmədə xarici ölkələrin şirkətləri, ayrı-ayrı vətəndaşları da iştirak edə bilərlər və bildirmək istəyirəm ki, bu sahədə də lazım olan şəraiti yaradırıq. Bəzi böyük sənaye müəssisələrini xarici şirkətlərin idarəsinə verməyi qərara almışıq. Bizim böyük metallurgiya kombinatının bir xarici şirkətin idarəsinə verilməsi haqqında danışıqlar aparılır və saziş hazırlanır.

Bazar iqtisadiyyatını təmin etmək, xarici şirkətlərə Azərbaycanda lazımi şərait yaratmaq üçün müvafiq qanunlar qəbul etmişik və bundan sonra da qəbul edəcəyik. Azərbaycana maraq göstərən xarici şirkətlər əmin ola bilərlər ki, Azərbaycanda onların rahat, səmərəli iş görməsi üçün bundan sonra da imkan yaradılacaqdır.

Mən iqtisadi sahədəki şərait haqqında məlumat verdim. Eyni zamanda demək istəyirəm ki, əməkdaşlıq üçün şərtlərdən biri də ölkənin daxilində sabitliyin olmasıdır. Bildirmək istəyirəm ki, Azərbaycanda ictimai-siyasi vəziyyət tam sabitdir və bu sabitlik müvəqqəti deyil, daimi xarakter daşıyır. Ona görə də sərmayəçilər bu barədə də narahat olmamalıdırlar.

Sizə məlumdur ki, Azərbaycan qonşusu Ermənistan ilə hərbi münaqişə vəziyyətindədir. Bu münaqişə səkkiz il öncə Ermənistan tərəfindən, Azərbaycana qarşı torpaq iddiası ilə başlanıbdır. Münaqişə nəticəsində Azərbaycana böyük zərbələr dəyib, ərazimizin bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Ancaq biz münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün çox cəhdlər göstəririk. İki ildir ki, atəş dayandırılıb, atəşkəs rejimi haqqında saziş imzalanıbdır. Biz bu iki il müddətində məsələnin sülh yolu ilə həll olunması üçün cürbəcür vasitələrdən istifadə edib danışıqlar aparırıq. Biz sülh tərəfdarıyıq, yaşadığımız regionda, dünyada sülh olmasını istəyirik. Ona görə də hərbi əməliyyatların yenidən başlanmasına yol verməyəcəyik və Ermənistan ilə Azərbaycan arasında olan münaqişəyə sülh yolu ilə son qoyulması üçün bundan sonra da çalışacağıq və ümidvaram ki, buna nail olacağıq.

Nəhayət, hər bir ölkə ilə əməkdaşlıq etmək istəyən ölkə, yaxud hansısa şirkət həmin ölkənin ictimai-siyasi sistemi ilə maraqlanır. Müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət qurulur. Azərbaycan demokratiya yolu ilə gedir, biz həyatımızın bütün sahələrində demokratiyanı tətbiq və inkişaf etdiririk. Ölkəmizdə demokratiyanı əks etdirən bütün amillər mövcuddur.

Keçən il ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikasının ilk demokratik konstitusiyası qəbul olunub, həmin vaxt parlamentə ilk demokratik seçkilər keçirilib və parlament artıq fəaliyyət göstərir. Azərbaycanda demokratiya daimidir, insan hüquqlarının qorunması, söz azadlığı, siyasi plüralizm, insan azadlığı prinsipləri, demokratik prinsiplər bərqərar olub və bundan sonra da möhkəmlənəcək, inkişaf edəcəkdir. Azərbaycan dünyanın demokratiya prinsipləri ilə yaşayan ölkələrinin ailəsinə daxil olubdur. Şübhəsiz ki, bu da Azərbaycanla əməkdaşlıq etmək, ölkəmizə sərmayə qoymaq istəyənlər üçün çox mühüm amildir. Ona görə sizə bu barədə də məlumat verdim.

Bu gün mən Norveçin ən böyük nailiyyətlərindən biri olan, Stavanger şəhərindən 240 kilometr məsafədə dənizdə yerləşən neft yatağında oldum. Orada yaradılmış həqiqi möcüzə məni heyran etdi. Məni dənizdəki neftçıxarma platformaları ilə təəccübləndirmək mümkün deyil, çünki Azərbaycanda bu işləri uzun müddət görmüşük, bunların hamısının şahidiyəm. Dünyanın başqa ölkələrində, o cümlədən Amerika qitəsində - Meksika körfəzində və başqa yerlərdə dənizdə neft çıxarılan platformalarda da olmuşam. Ancaq dəniz neft yatağında sizin yaratdığınız platformalar və çox yüksək səviyyəli texnologiya, elektronikanın nailiyyətlərindən məharətlə istifadə etməyiniz məni çox heyran etdi.

Bugünkü ziyarətimdən çox məmnunam. Ziyarət çox maraqlı keçdi. Maraqlı cəhətlərdən biri də bundan ibarətdir ki, vertolyota minməzdən əvvəl mənə və məni müşayiət edən şəxslərə xüsusi kostyumlar geyindirərkən bizimkilərdən bəziləri bir az qorxdular, çəkindilər, belə hesab etdilər ki, bəlkə başlarına bir iş gələ bilər. Ancaq heç bir şey olmadı, sağ-salamat gedib qayıtdıq. Azərbaycanda vertolyotla ayrı-ayrı platformalara uçmaq yeni bir şey deyil, biz bunların hamısını etmişik. Amma biz dənizin lap uzaq yerlərindəki platformalara gedəndə də belə kostyumlar geyməmişdik. Bu, bizim üçün qeyri-adi bir şey idi. Bəziləri də hesab edirdilər ki, onlar artıq kosmonavtlara oxşayırlar. Ona görə də bu, bir az təəccüblü oldu. Ancaq mən bunu da yüksək qiymətləndirirəm ki, siz dəniz neft mədənlərində işləyənlərin qayğısına qalır, onların təhlükəsizliyini təmin etmək üçün çox işlər görürsünüz, çox vəsait sərf edirsiniz. Bu da ölkənizin yüksək mədəniyyətə malik olduğunu, insanpərvərliynizi göstərir.

Məni ən çox heyran edən və sevindirən norveçlilərin mehribanlığı, açıqürəkli olmaları, sadəliyi, səmimiliyi və qonaqpərvərliyidir. Biz buraya gəldiyimiz dəqiqələrdən indiyədək ölkənin başçılarından tutmuş sadə adamlara qədər mehribanlığınızı və qonaqpərvərliyinizi hiss edirik. Ona görə də mən nümayəndə heyətimizin bütün üzvləri adından, öz adımdan sizə təşəkkür edirəm.

Norveç-Azərbaycan iqtisadi əməkdaşlığının artıq yaxşı nəticələri var, biz bunlarla fəxr edirik. Eyni zamanda çox böyük imkanlar və perspektivlər də var. Norveçin iş adamlarını, şirkətlərini Azərbaycana dəvət edirəm. Azərbaycana sərmayə qoyan hər bir şirkət onun faydasını mütləq görəcəkdir, buna əmin ola bilərsiniz.

Bizə göstərdikləri qonaqpərvərliyə görə "Statoyl" şirkətinə, onun bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Stavanger şəhərinin merinə, vilayətin qubernatoruna təşəkkür edirəm. Stavanger şəhərinin bütün sakinlərinə, Norveç xalqına hörmət və ehtiramımı bildirirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 28 aprel 1996-cı il