Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Həsən Məhəmməd əl-İnani ilə söhbətindən - Prezident sarayı, 2 iyun 2000-ci il

Heydər Əliyev: Vaxtınız nə tez qurtardı. Elə bil ki, dünən gəlmisiniz.

Həsən Məhəmməd əl-İnani: Cənab prezident, həmişə belə olur - xoşbəxt günlər çox tez keçir. Buraya gəlməyim dörd il oldu.

Heydər Əliyev: Dörd il. Gör, zaman necə tez keçir. Yenə deyirəm, mən elə hesab edirəm ki, siz buraya dünən gəlmisiniz.

Həsən Məhəmməd əl-İnani: Azərbaycanda qulluq etdiyim bu günlər, illər mənim dörd ən xoşbəxt ilim oldu. Şadam ki, bu illər ərzində Azərbaycanda öz xalqıma qulluq etdim.

Cənab prezident, hər şeydən əvvəl, məni qəbul etdiyinizə, mənimlə sağollaşmağınıza görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Artıq mənim bu ölkədən getməyim barədə qərar verilibdir.

Azərbaycana çox bağlı olduğuma görə bu gün bir qədər həyəcanlıyam. Ona görə danışmağa bir qədər çətinlik çəkirəm. Bundan əvvəlki görüşlərdə olduğu kimi, Sizə bir daha demək istəyirəm ki, Misir Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və bu mövqedədir ki, Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır.

Təkcə mən yox, ailəm də bu ölkəyə çox bağlıdır. Mənim iki qızım var, hər ikisi Bakının vurğunudur. Söhbətlərində həmişə mənə deyirlər ki, bizim əsl ölkəmiz bura - Azərbaycandır.

Əlbəttə, sizin qonaqpərvərliyiniz bizi valeh edir. Ancaq eyni zamanda bizim çoxlu oxşar cəhətlərimiz də var. Həyat tərzimiz, adət-ənənələrimiz çox oxşardır. Xalqlarımız zahiri görünüşlərinə görə də bir-birinə çox bənzəyirlər.

Cənab prezident, mən bütün misirlilərin və yalnız onların deyil, Azərbaycanda fəaliyyət göstərən bütün xarici ölkə səfirlərinin fikrini Sizə çatdırıram: biz zati-alinizi böyük siyasətçi, böyük prezident, ən yüksək səviyyədə duran lider, Allahın bu ölkəyə bəxş etdiyi müdrik rəhbər hesab edirik.

Cənab prezident, mənim Misirdən gələn çoxlu qonaqlarım olur. Onlar gecə saat 3-də, 4-də, səhər saat 6-da Bakını tərk edirlər. Mən onları hava limanına müşayiət edərkən görürük ki, yol boyu bütün dükanlar açıqdır. Onlar məəttəl qalır, valeh olurlar ki, bu ölkədə belə əmin-amanlıq, sakitlik haradandır. Biz isə bilirik ki, bütün bunlara yalnız Sizin sayənizdə nail olunmuşdur.

Sizin müdrik liderliyiniz sayəsində Azərbaycanda sabitlik və əmin-amanlıq bərqərar olmuşdur. Bunun nəticəsində xarici şirkətlər öz sərmayələrini bu ölkəyə gətirmişlər. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan firavan bir dövlətə çevriləcəkdir.

Cənab prezident, icazə versəydiniz, bir qədər də ikitərəfli münasibətlərimiz barədə danışardım. Hesab edirəm ki, xüsusilə mədəni sahədə bizim əlaqələrimiz çox yaxşı səviyyədədir. 22 azərbaycanlı tələbəyə Misirin ali məktəblərində təhsil almaq imkanı yaradılmışdır. Bundan əlavə, daha 15 tələbə Qahirə universitetində təhsil alacaqdır.

Misirdə yeni müstəqillik qazanmış ölkələr üçün nəzərdə tutulmuş xüsusi fond var və o, Azərbaycana böyük diqqət yetirir. Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir, kömək göstəririk. Məsələn, milli təhlükəsizlik, polis zabitlərinin, bank işçilərinin, özəlləşdirmə, turizm, mətbuat sahəsində mütəxəssislərin hazırlıq keçməsinə yaxından yardım edirik. Keçən il Azərbaycandan müxtəlif ixtisaslar üzrə 80 nəfər Misirdə olmuş və adını çəkdiyim fondun təşkil etdiyi üç-dörd həftəlik kurslarda təhsil almışdır.

Misir humanitar sahədə də Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir. Azərbaycan qaçqınları Misir hökumətinin daim diqqət mərkəzindədir. Məsələn, 1997-ci ildə biz Azərbaycan qaçqınlarına müxtəlif dava-dərman və ərzaq şəklində 100 min dollarlıq yardım etmişdik. 1998-ci ildə bu yardımın həcmi 250 min dollar olmuşdur. Təəssüflər olsun ki, 1999-cu ildə bu yardımın həcmi 34-35 min dollardan artıq olmamışdır. Ona görə də çox istəyirik ki, bu il Azərbaycan qaçqınlarına göstəriləcək yardım yenidən 1998-ci il səviyyəsinə gəlib çatsın.

Əlbəttə, burada səfir kimi fəaliyyət göstərdiyim müddətdə çox çalışdım ki, iqtisadi əməkdaşlığımız da yüksək səviyyəyə qalxsın. Lakin təəssüf ki, iqtisadi əlaqələrimiz siyasi əlaqələrimiz səviyyəsinə qalxa bilmir.

Bununla belə, xoşbəxtlikdən, keçən il biz tikinti sahəsində Azərbaycan mütəxəssisləri ilə əlaqə yarada bildik. Hesab edirik ki, gələcəkdə Böyük İpək yolunun bərpası sahəsində beynəlxalq agentliklərin təklif etdikləri tenderlərə bizim şirkətlərimiz, eləcə də Azərbaycanla şərikli yaratdığımız birgə müəssisələr də qoşulacaqlar.

Məsələn, dünən biz bir hadisəni qeyd etdik. Bu, Misir şirkətləri üçün uğur sayıla bilər. Misirin iki şirkəti \"Azərtunelmetrotikinti\" şirkəti ilə birgə müəssisə yaradıbdır. Onlar tenderin qalibi olublar və \"Azərtunelmetrotikinti\"nin rəhbəri Şaiq Əfəndiyev və baş nazirin müavini Abid Şərifov bu sənədi imzalayıblar. Beləliklə, Misir-Azərbaycan birgə müəssisəsi tikintiyə ilk sərmayəsini qoyacaqdır.

Mən qərara almışdım ki, Azərbaycanı bu gün tərk edim. Lakin bir halda ki, bu hadisə baş verdi, mən öz səylərimin bəhrəsini görmək istədim və həmin təlbirdə iştirak etdim. Ona görə də Azərbaycandan ayın 5-də getməyi qərara almışam.

Maraqlı orasıdır ki, bu birgə müəssisə yalnız Azərbaycanda deyil, Misirdə də fəaliyyət göstərəcəkdir. Məsələn, İskəndəriyyədə tunel çəkilməsi nəzərdə tutulur. Misirdə belə razılığa gəliblər ki, \"Azərtunelmetrotikinti\" şirkətinin böyük təcrübəsi olduğuna görə həmin birgə müəssisə bizim ölkədə də tunel tikintisi ilə məşğul olacaqdır. İnanıram ki, bu müəssisənin fəaliyyəti iqtisadi sahədə Misir-Azərbaycan əməkdaşlığının əsasını qoyur və bu istiqamətdə birinci addımdır.

Cənab prezident, sözümün sonunda Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizə yaxşı səhhət, uzun ömür, Azərbaycan xalqına Sizin liderliyiniz, rəhbərliyiniz altında firavanlıq arzulayıram. Əgər Sizin hansısa bir tapşırığınız varsa, mən ayın 5-də getməyə də bilərəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

Sizin vaxtınız bitdiyinə və Azərbaycanı tərk edəcəyinizə görə mən təəssüflənirəm. Çünki Siz burada öz ölkənizi yaxşı təmsil etmisiniz, həm də Misir Ərəb Respublikası ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsi və inkişafında öz xidmətlərinizi göstərmisiniz. Ancaq mən bilirəm ki, bu, dövlət işidir və dövlət işinin öz qanunları var. Yeni, gələcək işinizdə Sizə uğurlar arzulayıram.

Azərbaycan haqqında dediyiniz sözlər, təəssüratlarınız, fikirləriniz, Azərbaycana həddən artıq bağlılığınız məni çox sevindirir. Bilirsiniz ki, Azərbaycanın bir çox problemləri var. Ən əsas problem bayaq adını çəkdiyiniz Ermənistan-Azərbaycan münaqişəsidir. Mən bunu çox yüksək qiymətləndirirəm ki, Misir Ərəb Respublikasının hökuməti və şəxsən prezident, mənim dostum hörmətli Hüsni Mübarək Azərbaycanın ədalətli mövqeyini, ölkəmizin ərazi bütövlüyünü daim müdafiə etmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmasının tərəfdarı olmuşdur. Bizə məlumdur ki, Birləşmiş Millətlər Təşkilatında Ermənistan-Azərbaycan münaqişəsinə aid məsələlərin müzakirəsində Misir daim ədalətli mövqedə olub, Azərbaycanın mövqeyini müdafiə edibdir.

Bizim bir çox başqa problemlərimiz də var. Ancaq bunlara baxmayaraq, Sizin dediyiniz kimi, Azərbaycanda ictimai-siyasi sabitlik yaratmışıq, insanlara azadlıq, sərbəstlik vermişik. Onlar istədikləri kimi yaşayır, istirahət edir, istədikləri kimi ticarət edirlər.

Həsən Məhəmməd əl-İnani: Tamamilə doğrudur.

Heydər Əliyev: Sizin dediyiniz gecə işləyən o mağazaları vaxtilə, 15-20 il bundan öncə bizim vətəndaşlarımız xarici ölkələrə, Avropa ölkələrinə gedəndə görüblər və bu, təəccüb doğururdu. Amma indi, insanlara sərbəstlik veriləndən sonra, sərbəst iqtisadiyyat prinsipləri həyata keçiriləndən, bazar iqtisadiyyatı tətbiq ediləndən sonra meydana gələn şərait bizim vətəndaşlarımıza da fayda verir, xaricdən gələn sizin kimi insanlarda da yaxşı təəssürat yaradır.

Mənim haqqımda dediyiniz sözlərə görə də minnətdaram. Güman edirəm, siz bu dörd ildə yəqin etdiniz ki, mənim həyatım, fəaliyyətim ancaq xalqa xidmət etməkdən ibarətdir. Mən də bundan həzz alıram, yəni bunu öz işimin nəticəsi kimi bilirəm.

Misir-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Misir bizim üçün dost ölkədir və həmişə də belə olacaqdır. Misir prezidenti hörmətli Hüsni Mübarək mənim şəxsi dostumdur və çox məmnunam ki, bizim aramızda belə səmimi, mehriban əlaqələr var. Rica edirəm ki, prezident Hüsni Mübarəkə mənim salamlarımı, ən xoş arzularımı yetirəsiniz.

Xarici işlər naziri Əmr Musa da Azərbaycana dost olan bir şəxsdir. Mən beynəlxalq təşkilatlarda dəfələrlə onunla görüşmüşəm. Təbiidir ki, prezident Hüsni Mübarəklə də görüşlərimiz çox olubdur. Amma bir çox Avropa toplantılarında prezident Hüsni Mübarək olmayanda, Əmr Musa mütləq orada olmuşdur. Həmişə də biz qardaş kimi görüşürük. Xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı nazir Əmr Musaya da çatdırasınız.

Siz doğru dediniz, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Dövlətiniz əmin ola bilər ki, biz bundan sonra da əlaqələrimizi belə yüksək səviyyədə saxlamaq istəyirik.

Mən sizinlə razıyam ki, iqtisadi əlaqələr bu səviyyədə deyildir. Güman edirəm, bunun bəzi obyektiv səbəbləri də var. Ancaq Sizin indi söylədiyiniz fakt onu göstərir ki, hər iki tərəfdən təşəbbüskarlıq olanda iqtisadi əlaqələri də yaxşı yaratmaq olur. Bakı metro inşaatçıları ilə sizin müştərək müəssisə yaratmağınız məni çox məmnun edir. Hesab edirəm ki, başqa sahələrdə də belə işlər görmək olar. Hər halda, Azərbaycan Misirlə həm siyasi, həm iqtisadi, həm elmi, həm də mədəni sahələrdə əlaqələrin həmişə geniş olmasını istəyir.

Azərbaycan gənclərinin sizin ölkədə, Qahirədə təhsil alması bizim üçün çox müsbət haldır və buna görə sizə təşəkkür edirik.

Azərbaycanın qaçqınlarına, köçkünlərinə indiyə qədər göstərdiyiniz humanitar yardıma görə təşəkkürümü bildirirəm. Ancaq siz bilirsiniz ki, bu problem hələ həll olunmayıbdır. Ona görə arzu edərdim ki, sizin dediyiniz sözlərə əməl olunsun, 2000-ci ildə humanitar yardımı, heç olmasa, 1998-ci ilin səviyyəsinə qaldırasınız.

Mən görürəm ki, Siz Azərbaycanı, Bakını çox sevirsiniz. Ailəniz də sevibdir. Sizin milli bayramınızda qızlarınızı gördüm. Çox yaxşı qızlardır, əgər Azərbaycanı da sevirlərsə, bu, daha da yaxşıdır. Ona görə də Azərbaycanı unutmayın və istədiyiniz vaxt Azərbaycana gəlin.

Həsən Məhəmməd əl-İnani: Mənim qızlarım təkcə Azərbaycana deyil, eyni zamanda, Sizə də məftundurlar.

Heydər Əliyev: Çox sağ olun, mən sizin səfirlikdə olduğum zaman bunu hiss etdim və onlar özləri də bunu mənə dedilər. Ona görə həm həyat yoldaşınıza, həm də qızlarınıza mənim salamımı çatdırın. Mən onlara səadət arzulayıram.

Sizə bir də təşəkkür edirəm. Sizə yaxşı yol, gələcək işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 3 iyun 2000-ci il.