\"Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə \"Avropa\" otelində bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda Azərbaycan prezidenti Heydər Əliyevin nitqi\" (Bakı, 23 iyul 2002-ci il) sənədinə tarixi arayış

1952-ci il iyulun 23-də general Əli Məhəmməd Naqib və Camal Əbdül Nasirin rəhbərliyi ilə Misirdə inqilab baş verib. İnqilab monarxiyanın devrilməsi ilə nəticələnib. Bir il sonra, 1953-cü ildə Misirdə respublika elan edilib. 23 iyul hər il Misirin milli bayramı günü kimi qeyd edilir.

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Həmin ilin aprelində Misirin Azərbaycanda diplomatik səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın Misirdəki səfirliyi isə 1994-cü ildə açılıb. Bu həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdəndir. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanıb.

1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfər edib. Səfər çərçivəsində o, Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Görüş zamanı Azərbaycanla Misir arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib.

Azərbaycan inşaat, əczaçılıq, kənd təsərrüfatı, eləcə də təhsil, mədəniyyət, informasiya texnologiyaları sahəsində Misirlə əməkdaşlığa maraq göstərir. Bundan əlavə, azad iqtisadi zonaların yaradılması, yeni elektrik stansiyalarının tikintisi, şəkər istehsalı, əczaçılıq sənayesinin inkişafı ilə bağlı müxtəlif layihələr hazırlanıb. Azərbaycan hökuməti bu ölkə ilə münasibətlərə xüsusi əhəmiyyət verir və onların gələcəkdə daha da genişləndirilməsinə çalışır.

1997-ci ilin fevral ayında MƏR xarici işlər nazirinin müavini Fəthi Şazlinin rəhbərlik etdiyi Misir nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyəti Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilib.

2001-ci ilin 22-24 mart tarixində MƏR xarici işlər nazirinin müavini Mehdi Fəthalla Bakıda səfərdə olub. Səfər zamanı M. Fəthalla Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan və Misir arasındakı əlaqələrin inkişafından söhbət gedib. 

2002-ci il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Misir Ərəb Respublikasının milli bayramı münasibətilə \"Avropa\" otelində bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda iştirak edib. Çıxışında o, Misirlə Azərbaycan arasında çox yaxşı dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər cür imkanların olduğunu bildirib.

3 oktyabr 2002-ci ilin tarixində Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Qahirə şəhərində 7 aprel 1994-cü il tarixində imzalanmış \"Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş\"in icrasını təmin etmək üçün Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb. (http://www.mfa.gov.az/) 

2007-ci il mayın 6 -da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misirdə rəsmi səfərdə olub. O, Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, mövcud beynəlxalq vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikası Nazirlər Şurasının binasında Baş nazir Əhməd Nazif ilə təkbətək görüşüb. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafından məmnunluq bildirilib, bu sahədə əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İqtisadi münasibətlərin daha da genişlənməsində Azərbaycan-Misir hökumətlərarası komissiyasının fəal rol oynayacağına əminlik ifadə edilən görüşdə bildirilib ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanacaq sənədlər bu işə öz töhfəsini verəcəkdir. (http://www.president.az/) 

Bundan başqa İlham Əliyev bir sıra hökumət nümayəndələri ilə görüşlər keçirib. Azərbaycan prezidentinin Misirə səfəri zamanı müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb. (http://www.mfa.gov.az/) 

27 dekabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu əl-Nəqənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycan-Misir ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini bildirib. Xanım Faizə Əbu Əl-Nəqə dedi ki, Prezident Hüsnü Mübarək Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfərini yüksək dəyərləndirir və bu səfərdən sonra ölkəsi ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsindən məmnundur. (http://www.president.az/)

29 aprel 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Hüsni Mübarəkə 80 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

19 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif Əhməd İbrahim əl-Şarkavini diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib. GörüşdəMisir-Azərbaycan münasibətlərinin son illər uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrinbundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. (http://www.president.az/) 

Tarixi arayış 20 avqust 2008-ci ildə yeniləşdirilib.