Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakı sakinləri ilə görüşündən sonra kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi qısa müsahibə - 3 noyabr 2002-ci il

Heydər Əliyev: Şəhəri çox yaxşı görürəm. Camaatın əhval-ruhiyyəsini də çox yaxşı görürəm. Mağazalara baxıram, hamısı doludur, o qədər alıcı yoxdur. Çünki indi o qədər mal var ki, insanların çoxu alıb, tələbatını ödəyib, yeni-yeni şeylər istəyirlər.

Şəhər təmizdir, görürəm ki, insanlar bazar günü rahat istirahət edir, gəzirlər. Mənim özüm də burada rahat gəzirəm. Heç kəs bilmirdi ki, mən buraya gələcəyəm. Mənim mühafizə idarəmin rəisi general Axundov da heç bilmirdi ki, evdən çıxanda mən buraya gələcəyəm. Mən işə gedirdim. Amma buradan keçəndə, Bülbül prospektində maşını saxlatdım, oradan da buraya gəlmişəm. Görürəm camaat, gənclər çoxdur. Yaşlı adamlar da var. Hamısının əhval-ruhiyyəsi yaxşıdır. Heç bir şikayət də eşitmirəm. Çoxları mənə yaxınlaşır, öz minnətdarlıqlarını bildirir ki, belə rahat yaşayırlar. Buna görə çox məmnunam. Şəhər gözəldir, çox gözəldir. Mən Bakı şəhəri ilə həmişə fəxr etmişəm. Amma indi, son dövrdə şəhər daha da gözəlləşib, müasirləşibdir. Ticarətin, mağazaların özəlləşdirilməsi şəhərin küçələrinə çox, yeni bir gözəllik veribdir. Çünki hər bir mağaza sahibi çalışır ki, öz mağazasını daha da gözəl etsin, cazibədar etsin ki, onun malı satılsın. Deməli, bazar iqtisadiyyatı burada bizə hərtərəfli fayda verir.

Sual: Cənab Prezidenti bu gəzintidən sonra şəhərin abadlaşması istiqamətində hansısa konkret qərarlar, göstərişlər olacağı gözlənilirmi?

Cavab: Bilirsiniz, bunun üçün elə bir qərar lazım deyildir. Mən qərarlar vermişəm. Əsas məsələ bu qərarların icrasıdır. Ötən illər o qərarların icrası qənaətbəxş deyildi, mən bundan narazı idim. İndi mən Bakıya yeni icra hakimiyyəti başçısı təyin etmişəm, Hacıbala Abutalıbov bu işlərlə çox yaxşı məşğul olur. Bunun üçün xüsusi qərar lazım deyildir. Bir halda ki, iş yaxşı gedir, onda yeni bir qərar qəbul etməyə ehtiyac yoxdur. O yerdə ki, iş yaxşı getmir, yaxud orada hansısa əlavə bir tədbir görmək lazımdır, onda qərar qəbul olunur. Qərar qəbul olunubdur, indi icra edilir. Güman edirəm ki, bundan sonra daha da yaxşı olacaqdır.