Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"İmperiya rus baleti\" ansamblının konsertindən sonra Mayya Plisetskaya və ansamblın yaradıcı kollektivi ilə görüşdəki söhbətindən - Respublika sarayı, 24 may 1998-ci il

Heydər Əliyev: Əziz Mayya Plisetskaya! Əziz dostlarımız, qonaqlarımız!

Mən sizi əla çıxışınız və tamaşaçılara, bizim hamımıza bəxş etdiyiniz sevinc münasibətilə ürəkdən təbrik edirəm. Gözəl tamaşanıza görə, gözəl rəqslərə görə, heyrətamiz sənətinizə görə və indiyədək yaratmış olduğunuz hər şeyə görə, bu gün Azərbaycan tamaşaçıları üçün belə parlaq ifanıza görə çox sağ olun.

Mayya Plisetskaya: Biz xoşbəxtik, cənab prezident.

Heydər Əliyev: Çox sağ olun, hər şey gözəl idi. Mən sizi səhnədə çoxdan görməmişdim, aradan çox-çox illər ötmüşdür. Sizi səhnədə yenidən görməyimə şadam. Yadınızdadırmı, keçən il biz sizinlə Parisdə görüşmüşdük. Sizin gözəl ansamblınız, gözəl adamlarınız var, onlar çox yaxşı rəqs edirlər. Lakin onlar sizin rəhbərliyiniz altında rəqs edəndə bu, parlaq təsir bağışlayır. Görünür, onlar sizdən çox şey götürmüşlər. Odur ki, sizi belə yaxşı ansambla malik olduğunuza görə təbrik edirəm. Siz əfsanəsiniz, siz XX əsrin əfsanəsisiniz, dünyanın görkəmli balerinasısınız, siz Rusiyanın balet sənətinin fəxrisiniz, təkcə Rusiyanın deyil, eləcə də bütün dünyanın. Biz sizin istedadınıza, sənətinizə, yaratdığınız hər bir şeyə həmişə heyran olmuşuq. Bu gün də heyranıq ki, siz yorulmadan işləyirsiniz, çalışırsınız və öz sənətinizi bütün dünyaya daha tez-tez nümayiş etdirirsiniz. Bizim Bakıya, Azərbaycana gəldiyinizə və bizə çox böyük zövq verdiyinizə görə sizə təşəkkür edirəm. Ümidvaram, tamaşaçıların reaksiyasından hiss etdiniz ki, Azərbaycanda baleti sevirlər, Azərbaycanda baleti qiymətləndirirlər və Azərbaycanda görkəmli balerina Mayya Plisetskayanı hədsiz dərəcədə sevirlər.

Mayya Plisetskaya: Səmimi təbriklərinizə, ünvanımıza deyilmiş xoş sözlərə görə Sizə ürəkdən təşəkkür edirəm. Sizin gözəl xalqınız və gözəl Bakı şəhəriniz məndə böyük təəssürat yaratdı.

Gideminas Taranda (ansamblın solisti): Hörmətli cənab prezident! Biz də Sizi və Azərbaycan Xalq Cümhuriyyətinin bir neçə gündən sonra qeyd edəcəyiniz 80 illik yubileyi münasibətilə ölkənizi təbrik edirik. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və güclü ölkə qurmağı arzulayırıq.

Heydər Əliyev: Sağ olun, gecəniz xeyrə qalsın. Gələn görüşlərədək.