Azərbaycan Ordusunun əsgərləri, zabitləri, generalları!
Böyük Vətən müharibəsinin veteranları!
Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən müharibənin döyüşçüləri, iştirakçıları və veteranları!
Hörmətli Azərbaycan vətəndaşları, bacılar və qardaşlar!
Bəşəriyyət bu gün alman faşizmi üzərində, İkinci dünya müharibəsində çalınmış qələbənin 51-ci ildönümünü qeyd edir. Bu qələbə dünyanı, bəşəriyyəti alman faşizminin faciəsindən xilas etdi. Bu müharibədə bütün tərəqqipərvər qüvvələr bəşəriyyətin əldə etdiyi sərvətləri, dünyada ədaləti, sülhü qoruyub saxlamaq üçün mübarizəyə qalxdılar və faşizm üzərində qələbə çalındı..
Sovetlər İttifaqı və onun tərkibində olan xalqlar, millətlər Böyük Vətən müharibəsinə qalxdılar. 1941-1945-ci illərdə - dörd ildən artıq davam edən müharibə, döyüşlər dünya, bəşər tarixində ən böyük müharibə, ən qanlı, dəhşətli müharibə olmuşdur. Sovetlər İttifaqının tərkibində olan xalqlar, millətlər, Sovet ordusu bu müharibədə alman faşizmi üzərində misli görünməmiş qələbə çaldı. Bu müharibədə dünya tarixində misli görünməmiş qəhrəmanlıq nümunələri nümayiş etdirildi. Avropa, bütün dünya faşizm təhlükəsindən xilas oldu.
Azərbaycan xalqı da bu müharibədə iştirak etmiş, respublikamızın, xalqımızın on minlərlə, yüz minlərlə oğul və qızları cəbhədə olmuş, döyüşlərdə qəhrəmanlıq göstərmış, çoxları həlak olmuş, geriyə qayıtmamışlar. 1941-1945-ci illər müharibəsində, 51 il bundan əvvəl may ayında qazanılmış qələbə dünyanın tərəqqipərvər qüvvələrinin qələbəsidir, faşizmin əleyhinə qalxmış bütün xalqların, Sovetlər İttifaqında birləşmiş bütün xalqların, böyük dövlət olan Rusiyanın, SSRİ-nin tərkibində olmuş Azərbaycan xalqının, respublikamızın qələbəsidir.
Mən bu qələbə münasibətilə sizi, Azərbaycanın bütün vətəndaşlarını, xalqımızı səmimi qəlbdən təbrik edirəm. Müharibə veteranlarına, bu müharibədə həm cəbhədə, həm də arxada çalışmış, şücaətlər, əmək fədakarlığı göstərmiş Azərbaycan vətəndaşlarına, bugünkü nəslin nümayəndələrinə, hamıya səadət, xoşbəxtlik, uğurlar diləyirəm.
1941-1945-ci illər müharibəsi dövründə, o döyüşlərdə göstərilmiş qəhrəmanlıq nümunələri, o cümlədən Azərbaycan oğullarının, qızlarının, övladlarının göstərdiyi igidliklər qəlbimizdə daim yaşayacaqdır. Alman faşizminə qarşı müharibədə həlak olmuş oğullarımızı, qızlarımızı - Azərbaycan övladlarını biz bu gün böyük minnətdarlıq hissi ilə yad edirik. Onların qəhrəmanlığı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Bu gün biz onların ruhu qarşısında baş əyirik.
Bu müharibədə qələbənin əldə olunmasında Azərbaycan xalqının xüsusi xidmətləri var. O vaxt, o illər Sovetlər İttifaqında neft və neft məhsullarının 80 faizi Azərbaycanda istehsal olunurdu. Azərbaycan xalqının fədakar əməyi nəticəsində müharibə illərində alman faşizminə qarşı döyüş cəbhəsi və böyük ölkənin bütün ehtiyacları Azərbaycanın nefti, neft məhsulları ilə təmin edilirdi. Dəfələrlə deyilən bu sözlər həqiqətdir ki, əgər o illərdə Azərbaycan nefti olmasaydı və xalqımızın rəşadəti, fədakar əməyi nəticəsində o qədər neft istehsal edilib cəbhəyə, ölkənin mühüm regionlarına göndərilməsəydi, o müharibənin aqibətinin necə olacağını təsəvvür etmək mümkün deyildi. Bəlkə də o qələbəni əldə etmək mümkün olmazdı. Ona görə də mən bir daha qeyd edirəm ki, bu böyük qələbənin əldə olunmasında Azərbaycan xalqının xüsusi xidmətləri var.
Bu gün bizim sıralarımızda Böyük Vətən müharibəsində iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmiş, öz şücaətləri ilə yüksək mükafatlara layiq görülmüş müharibə veteranları yaşayır, fəaliyyət göstərirlər. Bu gün müstəqil Azərbaycanda 1941-1945-ci illərdə respublikamızın neft sənayesində, cəbhə üçün işləyən başqa sənaye sahələrində, bütün iqtisadiyyatında fədakar əməyi ilə qələbənin əldə olunmasına xidmət edən əmək veteranları yaşayır, fəaliyyət göstərirlər. Onlar Azərbaycanın hörmətli, möhtərəm insanlarıdır. Mən bu gün xalqımızı, millətimizi bu qələbə, onun 51-ci ildönümü münasibətilə təbrik edərək, müharibə veteranlarının 1941-1945-ci illərdə qələbənin əldə olunmasına öz əməyi ilə xidmət etmiş əmək veteranlarının fəaliyyətini xüsusi qiymətləndirirəm, qeyd edirəm. Onları bu qələbə münasibətilə bir daha təbrik edirəm.
Azərbaycanın həyatında son illər müəyyən ictimai-siyasi proseslər olmuşdur. Bunlar təbiidir. Ancaq təəssüflər olsun ki, bu təbii, obyektiv proseslər zamanı bəzi nadan şəxslər, xalqının, millətinin tarixinə gəc baxan, onu təhrif edən ayrı-ayrı qruplar, dəstələr, insanlar tariximizi də təhrif etməyə çalışmışlar. Xalqımızın, bütün bəşəriyyətin tarixində ən görkəmli yer tutan İkinci dünya, Böyük Vətən müharibəsində Azərbaycan xalqının iştirakını unutmağa çalışmışlar, onu tarixin səhifələrindən silməyə, bu qəhrəmanlıq nümunələrini mənfi qiymətləndirməyə çalışmışlar. Təəssüflər olsun. Məhz buna görədir ki, xalqımız üçün 1945-ci ildən əziz olan 9 May qələbə bayramı da Azərbaycanın həyatından bir bayram kimi silinmişdi. Biz bunlara son qoyduq.
Qələbə bayramı mənim təklifimlə qəbul edilmiş qərarla bərpa olunubdur. 9 May Azərbaycanın bugünkü və gələcək həyatında, xalqımızın gələcək nəsillərinin tarixində daim qələbə, qəhrəmanlıq, rəşadət bayramı, bəşəriyyət, dünya sivilizasiyası üçün ən təhlükəli olan faşizm üzərində qələbə bayramı kimi qeyd olunur və qeyd olunacaqdır. Bu müharibənin dəhşətləri illər keçdikcə daha çox dərk ediləcəkdir. Bu müharibənin iştirakçıları, bu müharibədə qəhrəmanlıq göstərənlər illər keçdikcə daha çox qiymətləndiriləcəklər, daha yüksək hörmətə sahib olacaqlar.
Bu müharibədə, döyüşlərdə canlarını qurban vermiş insanların xatirəsi illər keçdikcə daha da əziz olacaqdır. O illərdə, Böyük Vətən müharibəsi dövründə Azərbaycanın həyatında fədakar əməyi ilə respublikamızı, xalqımızı yaşatmış, saxlamış insanların fəaliyyəti illər keçdikcə daha da yüksək qiymətləndiriləcəkdir.
Bu gün, qələbə bayramı günü mən Azərbaycanın bütün müharibə, əmək veteranlarına hörmət və ehtiramımı bildirirəm. Onlara bir daha cansağlığı, uzun ömür, səadət arzulayıram. Veteranlar bilməlidirlər ki, onlara olan dövlət qayğısı ildənilə artacaqdır. Xalqımızın, cəmiyyətin onlara qayğısı daimi olmalıdır. Müharibə, əmək veteranına hər bir gənc hörmət və ehtiramla yanaşmalıdır. Hər bir gənc, gənc nəslimiz veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır. Biz bu təcrübələrdən daim bəhrələnməliyik, istifadə etməliyik.
Səkkiz il bundan əvvəl Azərbaycana qarşı Ermənistan tərəfindən hərbi təcavüz başlanıb. Bu təcavüz Ermənistan ilə Azərbaycan arasında müharibə meydanı ilə nəticələnib. Azərbaycan övladları torpaqlarımızın müdafiəsinə qalxıb, döyüşüb, şəhid, həlak olublar. Müstəqil Azərbaycan Respublikasının Milli Ordusu məhz bu zaman formalaşmağa, yaranmağa başlayıbdır. İndi bizim Milli Ordumuz var. Artıq bizim müstəqil Azərbaycana məxsus hərbi hissələrimiz, zabitlərimiz, generallarımız, qəhrəman döyüşçülərimiz, əsgərlərimiz var. Bugünkü Milli Ordumuzun yaranmasında da, qurulmasında da Böyük Vətən müharibəsində, 1941-1945-ci illər müharibəsində əldə edilmiş təcrübədən və qəhrəmanlıq nümunələrindən istifadə olunmalıdır.
Alman faşizminə qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş Həzi Aslanovun, İsrafil Məmmədovun, Qafur Məmmədovun, Hüseynbala Əliyevin və minlərlə belə oğulların igidlikləri gənclərimiz üçün nümunə olmalıdır. Döyüşçülərimiz öz atalarının, babalarının qəhrəmanlıq tarixini yaxşı öyrənməli, bundan nəticələr çıxarmalı və öz əsgəri, hərbi fəaliyyətlərində istifadə etməlidirlər. İndi Azərbaycan veteranları, Milli Ordumuz, zabitlər korpusumuz, əsgərlərimiz, döyüşçülərimiz hamısı birlikdə öz təcrübəsini, biliyini, döyüş bacarığını Azərbaycanın dövlət müstəqilliyinin qorunub
saxlanmasına. sərf etməlidirlər. Biz iki ildir ki, müharibəni dayandırmışıq. İki ildir ki, atəşkəs şəraitində yaşayırıq, sülh danışıqları aparırıq. Ermənistan ilə Azərbaycan arasında olan bu hərbi münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yəni Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək, respublikamızın ərazi bütövlüyünü təmin etmək istəyirik. İşğalçı qüvvələr torpaqlarımızdan çıxandan sonra didərgin vətəndaşlarımızın öz yerlərinə qayıtmasını, Azərbaycanın sərhədlərinin toxunulmazlığının təmin edilməsini istəyirik. Sülh danışıqlarını bu prinsiplər əsasında aparırıq və bunları sonra da aparacağıq.
Biz əldə edilmiş atəşkəs sazişişə bundan sonra da riayət edəcəyik, Böyük Sülh Müqaviləsi imzalananadək ona sadiq olacağıq. Amma eyni zamanda, Şuşa və Laçın rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının dördüncü ildönümünü bu günlər qeyd edərkən hamımız bir səslə bəyan etdik ki, əgər bu sülh danışıqları nəticə verməsə, biz torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edəcəyik. Biz torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalı altında uzun müddət qalmasına razı ola bilmərik, buna dözə bilmərik.
Torpaqlarımızı azad etməliyik. Bunun üçün ordumuz gündən-günə qüvvətlənməli, güclənməli, qüdrətlənməlidir. Torpaqlarımızı azad etmək üçün Azərbaycan gəncləri orduda xidməti özlərinin ən şərəfli vəzifəsi bilməlidirlər. Orduda sədaqətlə xidmət etmək, Vətənə, torpağımıza, müstəqil Azərbaycana, millətimizin bu gününə və gələcəyinə sədaqət hər bir azərbaycanlının, hər bir vətəndaşımızın, gəncimizin, hər bir əsgərimizin ümdə vəzifəsi olmalıdır. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlıq nümunələrini bu işdə, bu yolda yenə də gözümüzün önünə gətirməliyik. O illərdə Azərbaycanın nə qədər övladları həlak oldu, öz anasının, bacısının, oğlunun, qızının yanına qayıda bilmədi. O illərdə Azərbaycandan 600 minə qədər vətəndaşımız orduya səfərbər olmuşdu, onlardan 300 mini geriyə qayıtmadı. Biz böyük qurbanlar verdik. Ona görə böyük qurbanlar verdik ki, faşizm məhv olsun, faşizmin qarşısı alınsın.
Biz bu gün də böyük qurbanlar verməyə hazır olmalıyıq ki, mustəqil Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, torpaqlarımızın hər bir metri Azərbaycanın öz əlində, idarəsində, xalqımızın ixtiyarında olsun. Ona görə də biz qurban verməyə hazır olmalıyıq, döyüşlərə hazır olmalıyıq. Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır.
Mən bu gün, bu bayram günü Azərbaycanın müharibə veteranları ilə, eyni zamanda ordumuzun gənc nəsli ilə görüşərək, müharibə veteranları ilə ordumuzun, gənc nəslin qüvvələrinin, səylərinin daha da birləşməsini arzu edirəm. Gənc nəslimiz, ordumuz məhz bu yol ilə hərbi peşələri mənimsəyəcək, ordumuz səriştəli ordu, müasir tələblərə cavab verə biləcək ordu, Azərbaycanın müstəqilliyini qorumağa qadir bir ordu olacaqdır. Biz belə ordu yaradırıq, belə ordu yaratmalıyıq. Belə ordunun yaradılması yolunda hər bir Azərbaycan vətəndaşı öz əməyini, səyini əsirgəməməlidir.
Bu qələbə bayramı münasibətilə mən bir daha hamınızı, Azərbaycanın bütün vətəndaşlarını, xalqımızı təbrik edirəm. Hamınıza cansağlığı, səadət arzulayıram. Ölkəmizə, xalqımıza daim sülh arzu edirəm. Bölgəmizdə sülhün yaranmasını və bərqərar olunmasını arzu edirəm.
Azərbaycan sülhsevər dövlətdir. Biz sülh uğrunda mübarizə aparmışıq və bundan sonra da aparacağıq. Sülh uğrunda mübarizə aparmaq üçün isə bizim güclü ordumuz olmalıdır. Bayram münasibətilə sizi təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
* * *
Mən bu sərgi ilə çox böyük maraqla tanış oldum. Yaxşı materiallar toplamısınız. Bunlar hamısı lazımdır. Bu gün biz qələbənin 51-ci ildönümü bayramını qeyd edirik. Ancaq Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü və bu müharibədə qəhrəmanlarımızın Vətən qarşısındakı xidmətləri, şəhid olmaları, özlərini qurban vermələri barədə materialların, sənədlərin hamısı yığılmalı, toplanmalıdır. Bütün bunlar bugünkü gənclərimiz üçün örnək olmalıdır. Gərək biz gəncləri bu yolla qəhrəmanlıq ruhunda tərbiyə edək. Ona görə də bu sərgi çox əhəmiyyətlidir.