Azərbaycan xalqına müraciət - 1 oktyabr 2003-cü il

Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları!

Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.

Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi, dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyəti artıq hamıya məlumdur. Azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə getdikcə daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir.

Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq, Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın, regionun və bizi əhatə edən xarici aləmin əsas strateji və qlobal məsələləri bizim rəyimiz, mənafelərimiz nəzərə alınmadan həll edilmir. Bizi tanıyırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə hesablaşırlar.

Azərbaycanın iqtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə dirçəlir və inkişaf edir. Ölkə iqtisadiyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi modernləşir, iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni yüksək maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf strategiyasının nəticəsidir. Mən əminəm ki, biz belə davam etsək, qarşıdan gələn bir neçə ildə Azərbaycanda nə bir işsiz, nə bir kasıb insana rast gəlinəcəkdir. Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə artacaq. Azərbaycan dövləti, iş adamlarımız təkcə ölkəmizdə deyil, xarici aləmdə də ən perspektivli və gəlirli layihələrdə iştirak etmək, investisiya qoymaq imkanına və gücünə malik olacaqlar.

Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər.

Bütün bunlar asan başa gəlməmişdir. Keçən dövrdə biz Sizinlə birlikdə həm daxildən, həm də xaricdən qaynaqlanan nə qədər təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyalarının qarşısını almışıq, nə qədər çətinliklərə sinə gərmişik. Siz bunları çox yaxşı bilirsiniz.

1988-ci ildən ermənilərin Dağlıq Qarabağda başladıqları avantürist millətçi separatizmin qarşısı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən vaxtında alınmadı. 1990-1993-cü illərdə respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı. Daxildə ölkə vətəndaşları bir-birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, dövlətimizi və dövlətçiliyimizi məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildi. Biz bütün bunların qarşısını aldıq. Lakin xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik.

Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik.

İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq.

İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq.

Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik.

Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu, məhz belə də olacaq.

Əziz Azərbaycan vətəndaşları, əziz xalqım!

Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna baxmayaraq, 2003-cü ilin 15 oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb və qeydiyyata alınıb. Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən istifadə edərək bu insanlara, namizədliyimi irəli sürən və dəstəkləyən Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə, digər ictimai-siyasi təşkilatların nümayəndələrinə, elm, təhsil və mədəniyyət xadimlərinə, ziyalılara və mənə dəstək verən bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, tezliklə səhhətimi bərpa edərək Vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam. İndi isə öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm.

Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 
\"Azərbaycan\" qəzeti, 2 oktyabr 2003-cü il.