Hörmətli xanımlar və cənablar!
Sabahınız xeyir olsun. Mən sizin hamınızı burada, bu mötəbər salonda salamlayıram. Bugünkü görüşdə iştirak etdiyinizə, Azərbaycan prezidentinə, nümayəndə heyətimizə göstərdiyiniz diqqətə görə sizə təşəkkür edirəm.
Azərbaycan prezidenti kimi mən Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun dəvəti ilə Amerikaya ilk rəsmi səfərə gəlmişəm. Mən bu səfər çərçivəsində bir çox görüşlər keçirirəm, o cümlədən Nyu-Yorkda artıq üçüncü gündür ki, görüşlər keçirilir. Bunların arasında sizinlə mənim bugünkü görüşüm çox böyük əhəmiyyət kəsb edir. Bu görüşün təşkilində xidmətlər, səylər göstərmiş Azərbaycan-Amerika Ticarət Palatasına, bu palatanın rəhbərləri Don Steysiyə və Rza Vəziriyə, Amerika şirkətlərinə və bu işə kömək etmiş bütün insanlara təşəkkürümü bildirirəm. Eyni zamanda bu görüşün təşkilinə himayədarlıq göstərmiş və görüşün aparılmasına rəhbərlik edən Beynəlxalq Anlaşma Təşkilatına, onun sədrinə və bu təşkilatın bütün üzvlərinə öz təşəkkürümü bildirirəm.
Birincisi, vaxtın az olduğuna, ikincisi də, mən hiss etdiyim kimi, sizdə Azərbaycan haqqında bir çox məlumatlar olduğuna görə mən qısaca olaraq bir neçə kəlmə demək istəyirəm.
Azərbaycan Sovet İttifaqı dağılandan sonra öz müstəqilliyini əldə etmiş, Qafqazda yerləşən bir ölkədir. Mən sizə bildirmək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyi yolu ilə inamla gedir, bundan sonra öz dövlət müstəqilliyini əldən verməyəcəkdir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurulur və bu, iqtisadiyyatda bizim strateji yolumuzdur. Azərbaycan dünya iqtisadiyyatı üçün öz qapılarını açıbdır. Azərbaycan öz iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaq yolu ilə gedir. Azərbaycanın böyük təbii sərvətləri, iqtisadi potensialı vardır. Bu sərvətlərdən, potensialdan istifadə etmək üçün respublikamızın xarici sərmayəyə ehtiyacı vardır. Bunların hamısı Azərbaycanın bugünkü gerçəkliyini təşkil edir.
\"Ci-Pi Morqan\" Bankının nümayəndəsinin buradakı nitqindən sonra mən Azərbaycanda gedən proseslər, respublikamızın iqtisadiyyatı, ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi və onların verdiyi nəticələr haqqında söz deməkdən imtina edirəm.
Həqiqətən, Azərbaycan iqtisadi islahatları ardıcıl surətdə həyata keçirir. Biz bu iqtisadi islahatların həyata keçirilməsinə 1994-cü ildən başlamışıq. Çünki bundan əvvəl Azərbaycanın həm daxili vəziyyəti, həm də respublikamıza xaricdən edilən təcavüzlər və Azərbaycana qarşı yönəldilmiş təxribatlar bu islahatların həyata keçirilməsinə imkan vermirdi. Bu islahatların həyata keçirilməsinə başqa ölkələrə nisbətən gec başlamağımıza baxmayaraq, biz bu islahatları sürətlə yerinə yetirdiyimizə görə artıq çoxlarından irəlidəyik.
Siz iş adamlarısınız, böyük maliyyə mərkəzlərinin nümayəndələrisiniz. Siz maliyyəni, iqtisadiyyatı çox gözəl bilən şəxsiyyətlərsiniz. Azərbaycanda əgər 1994-cü ildə inflyasiya 1600 faiz olubdursa və bu il inflyasiya sıfır dərəcəsinə çatıbsa, demək, bu, bizim bu qısa müddətdə həyata keçirdiyimiz islahatların, iqtisadi tədbirlərin ən gözəl nəticəsidir.
Əgər Azərbaycanda 1989-cu ildən başlayaraq sənaye, kənd təsərrüfatı məhsulları istehsalı, iqtisadiyyatın ümumi səviyyəsi ilbəil aşağı düşübsə və 1995-ci ildə sənaye məhsulu istehsalı 25-26 faiz, ümumi daxili məhsulun miqdarı 10-15 faiz, kənd təsərrüfatı məhsulları istehsalı da təxminən o qədər aşağı düşübsə, indi ölkəmizdə 1996-cı ilin yekunlarına görə sənaye məhsulu istehsalında sabitlik yaranıbdır, kənd təsərrüfatı məhsulları istehsalı 3 faiz artıbdır, respublikamızda ümumi daxili məhsulun həcmi 1,2 faiz artıbdır. 1997-ci ilin birinci yarısında isə bu rəqəm daha da yüksəlib və ümumi daxili məhsulun artımı 5,2 faiz olubdur, bunlar hamısı bizim qısa müddətdə həyata keçirdiyimiz iqtisadi islahatların nəticəsidir.
Azərbaycanın iqtisadi göstəricilərini biz adətən, - güman edirəm ki, bu, doğrudur, - keçmiş Sovetlər İttifaqına mənsub olmuş, indi Müstəqil Dövlətlər Birliyinə daxil olan müstəqil ölkələrin iqtisadiyyatının inkişafı ilə müqayisə edirik. Bu ölkələrin içərisində iqtisadi islahatların həyata keçirilməsində ən irəlidə gedən Rusiyadır. Ona görə də mən bir neçə müqayisə aparmaq istəyirəm.
Biz 1996-cı ildə \"Torpaq islahatı haqqında\" qanun qəbul etmişik, torpağın şəxsi mülkiyyətə verilməsini qərara almışıq. İndi artıq torpaq şəxsi mülkiyyətə verilibdir və bu da öz gözəl nəticələrini göstəribdir. Aqrar sektorda heyvandarlığın, maldarlığın hamısı tam özəlləşdirilibdir. Bunların nəticəsində keçən il Azərbaycanda istehsal olunan bütün kənd təsərrüfatı məhsullarının 80 faizi özəl sektorun payına düşübdür.
Mən bu ayın əvvəlində Rusiyada rəsmi səfərdə idim. Rusiyada torpağı şəxsi mülkiyyətə verməyiblər və belə bir qərar qəbul edə bilmirlər. Onlar kolxozlardan, sovxozlardan, keçmiş sovet sistemindən uzaqlaşa bilməyiblər. Mən orada islahatların tərəfdarı olan rəhbər şəxslərlə görüşəndə torpağın şəxsi mülkiyyətə verilməsi haqqında qəbul etdiyimiz qanundan və onun həyata keçirilməsinin real nəticələrindən danışarkən heyranlıqlarını bildirdilər.
Rusiyanın ən böyük problemi əhaliyə məvacibləri və pensiyaları 4-5 ay müddətində verə bilməmələridir. Ancaq bildirmək istəyirəm ki, Azərbaycanda əhaliyə bizim heç bir borcumuz yoxdur. Məvaciblər, pensiyalar vaxtında verilir. Dediyim kimi, inflyasiya sıfıra endirilibdir. Azərbaycanın milli valyutası olan manatın sizin dollara nisbətən dəyəri 10 faiz artıbdır.
Siz elə bilməyin ki, mən özümü çox tərifləmək istəyirəm. Xahiş edirəm, məni düzgün başa düşəsiniz. Mən bu bir neçə rəqəmi \"Ci-Pi Morqan\" Bankı nümayəndəsinin çıxışına sadəcə əlavə edirəm. Bunu bir də ona görə deyirəm ki, Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələr, o cümlədən ölkəmizin daxilində olan müxalifət qüvvələri və ayrı-ayrı ölkələrdə respublikamızın əleyhinə işləyənlər belə əhval-ruhiyyə yaratmaq istəyirlər ki, guya Azərbaycanda iqtisadi islahatlar ləng gedir və onların nəticəsi yoxdur. Bədbəxtlik də burasındadır ki, bunu deyənlərin əksəriyyəti bizim içərimizdən olan adamlardır.
İndi mən burada oturmuşam, \"Ci-Pi Morqan\" Bankı nümayəndəsinin çıxışını dinləyirəm və fikirləşirəm, - əcəba, Nyu-Yorkdan Azərbaycanı nə qədər gözəl görürlər! Bizim içimizdə, müxalifətdə olan və başqa qüvvələr nə qədər kordurlar ki, onlar Azərbaycanı \"Ci-Pi Morqan\" kimi görmürlər!
Bu fikirlər, göstərilən rəqəmlər, məlumatlar təkcə \"Ci-Pi Morqan\" Bankına məxsus deyildir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, beynəlxalq valyuta mərkəzləri Azərbaycanda gedən prosesləri çox diqqətlə izləyirlər və respublikamıza çox ciddi tələblər irəli sürürlər. Biz bu əməkdaşlıqdan çox razıyıq. Mən Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, təşəkkürlərimizi bildirirəm. Azərbaycanla əməkdaşlıq edənlərin hamısına minnətdarlıq edirəm.
Mən bildirmək istəyirəm ki, Azərbaycanın qapıları hamı üçün açıqdır. Respublikamıza sərmayə qoymaq, ölkəmizdə iş görmək üçün ən əlverişli şərait yaradılıbdır. Bu görüşdən, sizdən aldığım təəssüratlardan ruhlanaraq sizi əmin edirəm ki, bu imkanlar, şərait bundan sonra daha da genişlənəcəkdir.
Mən sizi Azərbaycana dəvət edirəm. Azərbaycanda iş görməyə gəlin. Bizim ölkəmizdə iş görməyin böyük gələcəyi vardır.
XXI əsr Azərbaycanın yüksəliş əsri olacaqdır. Azərbaycana gələn hər bir iş adamı Azərbaycan ilə bərabər yüksələcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınıza cavab verməyə hazıram.
Sual: Cənab prezident, mən hüquq şirkətini təmsil edirəm. Sizə bir sualım var. Azərbaycan və bölgənin digər dövlətləri Xəzər dənizinin statusu, onun bölünməsi barədə müxtəlif fikirdədirlər. Xəzərin dərinliklərində yerləşən enerji ehtiyatlarını, təbii sərvətlərin istismar olunmasına dair ayrı-ayrı dövlətlərin öz mövqeləri vardır. Bilmək istərdik ki, Xəzər dənizinin bölünməsi problemi nədən ibarətdir. Sizin bu məsələdə mövqeyiniz necədir? Sizcə, bu problem - Xəzərin statusu problemi neft və qaz layihələrinin həyata keçirilməsinə nə dərəcədə təsir göstərə bilər?
Cavab: Təşəkkür edirəm. Xəzər dənizinin statusu haqqında məsələ yalnız 1994-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın böyük transmilli neft şirkətləri arasında \"Əsrin müqaviləsi\" imzalanandan sonra meydana çıxıbdır. O vaxta qədər Xəzər dənizinin statusu haqqında danışıq demək olar ki, yox idi. Azərbaycan Respublikasının böyük bir müqavilə imzalaması bir çox ölkələri, o cümlədən Xəzəryanı ölkələrin bəzilərini, xüsusən ən böyük ölkələri narahat etdi. Onlar narazı oldular və bu məsələnin qarşısını almaq, yəni bizə mane olmaq üçün bu status məsələsini ortaya atdılar. Biz statusun müəyyənləşdirilməsinin əleyhinə olmamışıq. Ancaq eyni zamanda, Xəzər dənizi dünyada nadir bir su hövzəsi olduğuna görə onun statusunun müəyyənləşdirilməsi də çox mürəkkəbdir. Xəzər dənizinin mineral ehtiyatlarının - dənizin dibində olan neft-qaz yataqlarının istifadə olunması üçün müəyyən qayda, nümunə vaxtilə yaranıbdır.
Bildiyiniz kimi, Sovetlər İttifaqı mövcud olduğu zaman Xəzər dənizi yalnız Sovetlər İttifaqına mənsub olmuşdur. İran Xəzər dənizinin cənubundakı kiçik bir hissədən istifadə etmişdir. Xəzər dənizində neft istehsalına Azərbaycan tərəfindən 50 il bundan əvvəl - 1947-49-cu illərdə başlanmışdır. Xəzər dənizində neft istehsalına başlanandan Sovetlər İttifaqı dağılanadək orada görülən işlər Azərbaycanda yerləşən neft-qaz idarəsi tərəfindən aparılmışdır. Ancaq Xəzər dənizində neft-qaz yataqlarının istismarı Azərbaycan sahillərindən uzaqlaşdıqca bu dənizin başqa sahələrini də əhatə etmiş və buna görə də 1970-ci ildə Sovet İttifaqının hökuməti tərəfindən dənizdə neft-qaz istehsalının digər Xəzəryanı respublikalara da çatması üçün Xəzər sektorlara bölünmüşdür. Mən belə hesab edirəm ki, Xəzərin statusu tam müəyyən olunana qədər bu prinsip davam etməlidir. Azərbaycan bu prinsipdən istifadə edərək öz sektorunda neft-qaz istehsalı işləri ilə məşğuldur.
Xəzəryanı ölkələrin bu status barədə fikirlərində müxtəliflik vardır. Azərbaycan və Qazaxıstan sektorlar prinsipinin tərəfdarıdırlar. Rusiya, İran və Türkmənistan kondominium prinsipi tərəfdarıdırlar. Ancaq kondominium Xəzər dənizində heç vaxt olmayıbdır. Sektorlar prinsipi isə 1970-ci ildən mövcuddur.
Biz bu barədə danışıqlar aparılmasının tərəfdarıyıq. Ancaq hesab edirəm ki, bu müzakirələr uzun çəkəcəkdir. Bu müzakirələr yekunlaşana və ümumi bir fikrə gələnədək Azərbaycan öz sektorunda işini görür və görəcəkdir. Çünki Azərbaycanın buna haqqı vardır.
Onu da qeyd edim ki, Xəzər dənizində bütün neft-qaz yataqları Azərbaycan alimləri, geoloqları, mütəxəssisləri tərəfindən açılmışdır. Sağ olun.
Sual: Cənab prezident, bildiyiniz kimi, dünyanın son dövrlər ən qeyri-sabit bölgələrindən biri olan Qafqazda sülhün, əmin-amanlığın bərpası üçün bu dövlətlər bir sıra təşəbbüslərlə çıxış etmişlər. Qafqaza sülh gətirmək üçün bu bölgənin dövlətləri arasında əməkdaşlıq qurulması, Qafqaz ölkələri parlamentinin yaradılması ideyası mövcuddur. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Qara dəniz və Qafqaz bölgələrini əhatə edən ölkələrin sülhməramlı qüvvələrinin yaradılması barədə də fikirlər vardır.
Cənab prezident, bilmək istərdik ki, bu ideyalara Sizin münasibətiniz necədir? Dünyanın bu bölgəsinə sülhün, əmin-amanlığın gətirilməsi üçün Azərbaycan özünün hansı töhfəsini verməyə hazırdır?
Cavab: Bilirsiniz, əgər bu suala cavab verməli olsam, gərək məni bir saat dinləyəsiniz. Əgər dinləmək istəyirsinizsə, mən danışım. Amma sizə qısa cavab verə bilərəm. Qafqaz çox mürəkkəb bir regiondur. Ayrı-ayrı xarici qüvvələrin fəaliyyəti nəticəsində Qafqazda bir neçə münaqişə yaranıbdır. Birinci münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişə 1988-ci ildən başlayıbdır. Bu, Qafqaz xalqlarına və xüsusən Azərbaycan xalqına qarşı sovet kommunist imperiyası tərəfindən törədilmiş ən böyük cinayətdir və o, süni surətdə yaradılmış münaqişədir. Bundan sonra Abxaziya-Gürcüstan, İnquşetiya-Şimali Osetiya, Çeçenistan-Rusiya, Cənubi Osetiya - Gürcüstan münaqişələri yaradılıbdır. Qafqazda olan digər bölgələrdə də indi çox mürəkkəb vəziyyət vardır. Ona görə bu münaqişələrin aradan qaldırılması üçün ciddi və qəti tədbirlər görülməlidir.
Biz Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq üçün üç il bundan əvvəl atəşin dayandırılması barədə qərar qəbul etmişik. Hazırda daimi sülh əldə etmək üçün danışıqlar aparırıq. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı didərgin düşübdür. İndi onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar. Azərbaycana böyük maddi və mənəvi zərbələr vurulubdur.
Biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Amma şərtlər var. Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Yerindən-yurdundan qovulmuş insanlar öz elinə-obasına qayıtmalıdır. Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək səviyyəli özünüidarəetmə statusu verilə bilər. Ermənistan ilə Azərbaycan arasında etibarlı, uzunmüddətli sülh yaranmalıdır.
Biz bu prinsiplər əsasında danışıqlar aparırıq. Mən Vaşinqtonda cənab Bill Klintonla bu barədə danışıqlar aparacağam.
Gürcüstan prezidenti cənab Şevardnadze bir həftə bundan əvvəl burada olubdur. Güman edirəm ki, o Abxaziya-Gürcüstan münaqişəsi barədə sizə məlumat veribdir. Çeçenistanda indi müharibə yoxdur, amma vəziyyət mürəkkəbdir. İnquşetiya ilə Şimali Osetiya arasında indi vəziyyət gərginləşibdir. Bunlar hamısı çox ağıllı, ehtiyatlı tədbirlər tələb edir.
Qafqaz parlamentinin, sülhməramlı qüvvələrin yaranması haqqında cürbəcür ideyalar vardır. Ancaq bu ideyalar gərək çox yoxlamadan keçsin. İdeya vermək asandır, amma onu real surətdə həyata keçirmək çox çətindir. Qafqaz elə bir bölgədir ki, güman edirəm, dünyanın aparıcı ölkələri bu bölgədəki vəziyyətə daim diqqət yetirməlidirlər. O cümlədən Amerika Birləşmiş Ştatları bu bölgəyə diqqətini daha da artırmalıdır. Sağ olun.
Con Robert (Beynəlxalq Anlaşma Təşkilatı İşgüzar Şurasının vitse-rezidenti): Təəssüf ki, gərək bu, axırıncı sual olsun, çünki prezidentin vaxt imkanı məhduddur, onun çox gərgin iş cədvəli vardır, çoxlu görüşləri nəzərdə tutulur.
Cənab prezident, çox səmimi cavablarınıza görə Sizə təşəkkürümüzü bildiririk.
Heydər Əliyev: Mən sizin hamınıza bir daha təşəkkür edirəm. Sizin hamınızı Azərbaycana dəvət edirəm. Bugünkü görüşümdən çox məmnunam. Azərbaycanda görüşənə qədər. Sağ olun.
\"Azərbaycan\" qəzeti, 30 iyul 1997-ci il