Azərbаycаn Respublikasının Prеzidеnti Hеydər Əliyеvin Hindistanın Bakıdakı fövqəlаdə və səlаhiyyətli səfiri Dinkаr Xullаr ilə görüşü - Prеzidеnt sаrаyı, 18 dеkаbr 2002-ci il

Аzərbаycаn Prеzidеnti Heydər Əliyev səfiri səmimiyyətlə salamlayaraq dedi ki, mən sizin nə vaxt gəldiyinizi heç hiss etmədim, indi də gedirsiniz.

Amma mənə elə gəlir ki, sanki siz cəmi bir-iki ay bundan əvvəl Bakıya gəlmisiniz.

Cənab Dinkar Xullar vurğuladı ki, cənab Prezident, mən özüm də, həqiqətən, bu hissləri keçirirəm. Həmkarlarıma da eyni sözləri dedim. Üç ildir ki, buradayam, amma elə bil cəmi bircə gündür Azərbaycandayam.

Mən Azərbaycandakı işimdən, həqiqətən, çox razıyam. Burada olduğum müddətdə işimdən də, şəraitdən də həzz aldım. Azərbaycan hökumətinə də, Azərbaycan xalqına da minnətdarlığımı bildirmək istəyirəm. Mənim ailəm də burada çoxlu azərbaycanlı tanışlar, dostlar qazandı. Biz burada olduğumuz müddətdə öyrəndik və ölkənizin təcrübəsindən bəhrələndik. Hamımız Azərbaycandakı qonaqpərvərliyi, xoş münasibəti hər zaman hiss edirdik.

Cənab Prezident, hər şeydən öncə isə Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, burada olduğumuz müddətdə bizə, səfirliyimizə yaxşı işləmək üçün şərait yaratmısınız.

Prezident Heydər Əliyev xoş sözlərə görə diplomata təşəkkür edərək dedi ki, Hindistan böyük ölkədir və Azərbaycan müstəqil dövlət olaraq onunla daha sıx əlaqələr yaratmaq istəyir. Biz bu barədə öz səylərimizi göstəririk. Azərbaycanda qədimdən Hindistana həmişə böyük maraq olmuşdur. Bilirsiniz ki, vaxtilə Azərbaycan səyyahları Hindistanda, ölkənizin səyyahları isə Azərbaycanda olmuşlar. Əgər bizim dövrümüzü, XX əsri götürsək, Hindistan Böyük Britaniyanın müstəmləkə sistemindən ayrılandan, müstəqillik əldə edəndən sonra keçmiş Sovet İttifaqında, o cümlədən Azərbaycanda da Hindistana çox böyük maraq və hörmət vardı. O vaxt biz müstəqil deyildik, Sovet İttifaqının tərkibində idik. Ancaq Sovet İttifaqı, onun hökuməti Hindistanla əlaqələrə Azərbaycanı, Orta Asiya ölkələrini daha çox cəlb etməyə çalışırdı.

Mərhum Cəvahirləl Nehru da SSRİ-yə gələndə Azərbaycanı ziyarət etmişdi. Hindistan parlamentinin sədri də ölkəmizə gəlmişdi. Sonralar Baş nazir Desai SSRİ-yə gələndə Azərbaycanı ziyarət etmişdi. Mən Moskvada işləyəndə Raciv Qandi ilə də münasibətlərim olmuşdur. O vaxt mən Hindistanla əlaqədar bəzi məsələlərlə məşğul olurdum.

Bizim böyük müğənnimiz Rəşid Behbudov Hindistanda çox məşhur idi. Burada isə Rac Kapurun filmləri ən sevimli filmlər idi. Rac Kapurun özü də Azərbaycanı ziyarət etmişdi. Bununla demək istəyirəm ki, bizim xalqda Hindistana, hind xalqına çox yaxşı münasibət var. Yəqin ki, bunu siz burada hiss etdiniz. İndi biz gərək dövlətlərarası münasibətlərimizi də daha yüksək səviyyəyə qaldıraq. Siz burada bu barədə müəyyən səylər göstərmisiniz. Ona görə də Hindistan–Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinizə görə sizə təşəkkür edirəm. Güman edirəm ki, bizim bu siyasətimiz bundan sonra da davam edəcək, sizin tərəfinizdən də lazımi addımların atıldığını görəcəyik.

Səfir Dinkar Xullar dedi ki, mən Azərbaycanda ölkəmizin daimi nümayəndəliyini açan ilk şəxs olmuşam. Burada olduğum üç il müddətində çalışmışam ki, əməkdaşlığımızı daha da genişləndirim. Bütün bu işlərlə məşğul olarkən mən hökumətinizin dəstəyini hiss etmişəm. Keçmiş əlaqələrdən də istifadə etməyə səy göstərirdim. Çalışacağam ki, Hindistan Bakıdakı «Atəşgah» kompleksində bir monument ucaltsın. Azərbaycanın Mədəniyyət naziri ilə bu barədə söhbətlərimiz davam edir.

Diplomat bildirdi ki, əlaqələrimizi genişləndirmək üçün doğrudan da möhkəm bünövrə vardır. Hindistan hökuməti əlindən gələni edəcəkdir ki, münasibətlərimiz daha da yaxşılaşsın. Bundan sonrakı işimdə həmişə çalışacağam ki, Azərbaycanla münasibətlərə aid olan məsələlərdə fəallıq göstərim. Bakıda işləmiş digər səfirlər kimi, mən də Azərbaycanı heç zaman unutmayacağam. Cənab Prezident, icazə verin, bu imkandan istifadə edərək Sizə bütün sahələrdə uğur, cansağlığı və xoşbəxtlik arzu edim.

Azərbaycan Prezidenti Heydər Əliyev diplomata gələcək işlərində uğurlar, ona və ailəsinə cansağlığı, səadət dilədi. 

AzərTAc