Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin xalq şairi Məmməd Araza təbrik məktubu - 6 oktyabr 1993-cü il

Hörmətli Məmməd Araz!

Sizi anadan olmağınızın 60 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeriniz milyonların qəlbinə yol taparaq özünə və sizə əbədi yaşamaq hüququ qazandırıb.

Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda bundan belə də yorulmadan çalışacaq, qədim və zəngin ənənələri olan milli poeziyamıza yeni töhfələr bəxş edəcəksiniz.

Sizə uğurlar, xoş günlər arzulayıram!

\"Azərbaycan\" qəzeti, 7 oktyabr 1993-cü il.