Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Ədliyyə naziri Hikmət Sami Türkün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 3 may 2002-ci il

Qonaqları səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti Heydər Əliyev dost ölkənin Ədliyyə nazirinin Bakıya səfərinin Türkiyə–Azərbaycan münasibətlərinin inkişafı üçün əhəmiyyətli olduğunu, əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini bildirdi.

Respublikamızın rəhbəri Trabzonda Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin görüşündən danışaraq, bölgəmizdə təhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə, Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı çox ətraflı müzakirələr aparıldığını, daxili işlər nazirlərinin xüsusi saziş imzaladıqlarını nəzərə catdırdı.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Hikmət Sami Türk Prezident Heydər Əliyevin söylədiyi «biz bir millət, iki dövlətik» kəlamının müdrikliyini Bakıda olduğu iki gün müddətində bir daha hiss etdiyini vurğuladı.

Prezident Əhməd Necdət Sezərin və Baş nazir Bülənd Ecevitin ölkəmizin rəhbərinə səmimi salamlarını, hörmət və ehtiramını və Azərbaycan xalqına ən xoş diləklərini çatdıran Hikmət Sami Türk Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatının açılış mərasimində iştirak etdiyini bildirərək dedi ki, idmançılar salona daxil olanda Azərbaycan güləşçilərindən sonra ən çox alqışlanan Türkiyənin komandası oldu. Bu da iki ölkənin bir-birini nə qədər çox sevdiyini göstərən çox gözəl bir əlamətdir. Bunu ölkəmə qayıdandan sonra da xatırlayacağam.

O bildirdi ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə kimi, Türkiyə respublikamızla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirmiş, Azərbaycan ilə Türkiyə arasında indiyədək yüzdən çox saziş imzalanmışdır.

Nazir bildirdi ki, Bakıya səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında hüquq və ticarət sahələrində ədliyyə yardımı haqqında saziş imzalanmışdır. İki ölkənin mütəxəssislərinin beynəlxalq standartlara uyğun hazırladığı bu sazişdə anlaşılmazlıq yaranan hallarda tərəflərin dinlənilməsi, məhkəmə qərarlarının qarşılıqlı tanınması və digər məsələlər öz əksini tapmışdır.

Keçən il Türkiyə ilə Azərbaycanın ədliyyə nazirlikləri arasında əməkdaşlıq protokolunun imzalandığını və onun reallaşdırılması üçün proqramın təsdiqləndiyini vurğulayan nazir bildirdi ki, bütün bunlar iki ölkə arasındakı əlaqələrin sağlam və hüquqi təməl əsasında inkişaf etdiyini göstərir.

O, hazırda 1500-ə yaxın türk firmasının Azərbaycana təxminən 1,5 milyard dollarlıq sərmayə qoyduğunu, Prezident Heydər Əliyevin rəhbərliyi altında respublikamızda bütün sahələrdə görülən işləri təqdirlə izlədiklərini və dəstəklədiklərini vurğulayan cənab Hikmət Sami Türk dedi ki, ölkələrimiz demokratiya, insan haqlarına hörmət, hüququn aliliyi, sərbəst bazar iqtisadiyyatı prinsipi ilə yaşayan dövlətlərdir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə bu sahədə irəliyə çox addımlar atmışdır.

Avropa Birliyinə üzv olmaq istəyən ölkə kimi, Türkiyə indi Konstitusiyasında və qanunlarında dəyişikliklər aparır, bəzi islahatlar keçirir. Ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığından, Ermənistan–Azərbaycan münaqişəsindən söhbət açan nazir dedi ki, beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilmişdir. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik və bu sahədə ATƏT-in üzvü kimi, Türkiyə üzərinə düşən işləri fəal yerinə yetirir.

Ermənistan bu torpaqları tərk etməsə, Azərbaycan xalqının qəbul edəcəyi qərar əldə olunmasa, Türkiyə ilə Ermənistan əlaqələrinin yaranması mümkün olmayacaqdır. Biz hər zaman Azərbaycanlayıq.

Hikmət Sami Türk Trabzon zirvə görüşünü yüksək qiymətləndirdi və dedi ki, cənab Prezident, Türkiyə üçün əhəmiyyətli olan layihələrin gerçəkləşdirilməsində Sizin şəxsi zəhmətinizi, rolunuzu bilirik və buna görə Sizə təşəkkür edirik.

Türkiyə–Azərbaycan əlaqələri haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirən Prezident Heydər Əliyev ölkələrimiz arasında yaranmış səmimi dostluq, qardaşlıq münasibətlərinin ilbəil möhkəmləndiyini vurğulayaraq bildirdi ki, ədliyyə sahəsindəki əməkdaşlıq həm Türkiyənin, həm də Azərbaycanın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə aiddir.

Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət qurmaq yolunda çox işlər görmüşdür. Bu gün dövlət quruculuğu yüksək səviyyədədir və dövlətin hüquqi əsasda qurulması bizim əsas prinsiplərimizdən biridir.

Türkiyənin Avropa Birliyinə daxil olmaq istəyini Azərbaycanın dəstəklədiyini bildirən respublikamızın rəhbəri dedi ki, biz arzu edirik Türkiyə qarşısına qoyduğu məqsədə nail ola bilsin.

Türkiyənin hüquqi dövlət quruculuğu sahəsində böyük təcrübəsi vardır. Ona görə əməkdaşlığımızda bu təcrübədən faydalanmaq, istifadə etmək lazımdır. Türkiyə–Azərbaycan dostluğu sarsılmazdır və buna heç kəs heç bir şey edə bilməz. Biz bundan sonra da birlikdə irəliyə gedəcəyik.

Cənab Hikmət Sami Türk Prezident Heydər Əliyevi qarşıdan gələn ad günü münasibətilə təbrik etdi, ona möhkəm cansağlığı, taleyüklü işlərində uğurlar arzuladı və xatirə hədiyyəsi təqdim etdi.