Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər və birlik işləri üzrə dövlət katibi Malkolm Rifkindi qəbul etmişdir - 4 yanvar 1996-cı il

Qonağı səmimi salamlayan respublika prezidenti Böyük Britaniya xarici siyasət idarəsinin başçısının Azərbaycana ilk səfərini yüksək qiymətləndirdiyini bildirdi. Dövlət başçısı əlavə etdi ki, müstəqil Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin xüsusi tarixi var. Azərbaycan müstəqillik əldə edəndən bəri ölkələrimiz arasında əlaqələr kifayət qədər inkişaf etmişdir. O, iki il əvvəl baş nazir Con Meycorun dəvəti ilə Böyük Britaniyaya rəsmi səfərini xatırlayaraq qeyd etdi ki, o vaxt Londonda səmərəli danışıqlar aparıldı, qarşılıqlı münasibətlərin genişlənib inkişaf etməsi məqsədi güdən sənədlər imzalandı. O vaxtdan bəri əlaqələrimiz dinamik inkişaf edir. Heydər Əliyev bir ay bundan əvvəl Londona etdiyi işgüzar səfərdən söz açaraq ölkənin xarici siyasət idarəsinin rəhbəri ilə keçirdiyi görüşə toxundu və onunla söhbətinin faydalı olduğunu bəyan etdi. Respublika prezidenti həmin səfər zamanı Adam Smit adına institutun təşkil etdiyi konfransdan da bəhs etdi və bu konfransın Azərbaycan iqtisadiyyatının inkişafı üçün faydalı olacağını söylədi. Prezident dedi ki, hazırda əməkdaşlığımızın əsasını neftçıxarma təşkil edir. 1994-cü il sentyabrın 20-də bağlanmış böyük neft müqaviləsi həyata keçirilir. Bu işdə, \"Britiş petroleum\" şirkətinin böyük rolu var. Keçən ilin oktyabr ayında ilkin neftin nəqli barədə qərar qəbul etdik. İndi Rusiya ilə həmin neftin ixracı üçün kəmər çəkilməsi barədə danışıqlar gedir. Heydər Əliyev sözünə davam edərək dedi: Böyük Britaniya böyük dövlətdir, onun beynəlxalq aləmdə böyük nüfuzu var. Ona görə də Azərbaycan Böyük Britaniya ilə əlaqələrinə xüsusi diqqət yetirir. Ölkələrimiz beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edir. Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi sahəsində Azərbaycan Böyük Britaniya ilə əməkdaşlıq edir və bu əməkdaşlığı davam etdirəcəkdir. Bir sözlə, əlaqələrimiz normal inkişaf edir. Bununla belə, qarşıda görüləsi işlər də çoxdur. Dövlət başçısı ümidvar olduğunu bildirdi ki, cənab Malkolm Rifkindin indiki səfəri ikitərəfli əlaqələrin sürətli inkişafına kömək edəcək və bu istiqamətdə yeni nailiyyətlər əldə ediləcəkdir.

Müstəqil Azərbaycana gəlişindən məmnun olduğunu bildirən cənab Malkolm Rifkind qeyd etdi ki, onun hökuməti Azərbaycanın müstəqilliyə nail olması və beynəlxalq təşkilatlarda iştirakı faktını yüksək qiymətləndirir. Elə buna görə də Azərbaycanda Böyük Britaniyanın səfirliyi açılmışdır. Dövlət katibi Azərbaycan prezidentinin Londona rəsmi səfərinə toxunaraq dedi ki, həmin səfərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə böyük köməyi oldu. O buna görə baş nazir Con Meycorun təşəkkürünü və salamını Azərbaycan dövlətinin başçısına çatdırdı.

Digər Qərb şirkətləri ilə bərabər \"Britiş petroleum\"un \"Əsrin müqaviləsi\"nin həyata keçirilməsində göstərdiyi fəaliyyəti alqışlayan cənab Malkolm Rifkind vurğuladı ki, onun hökuməti konsorsiumda iştirak edən şirkətləri dəstəkləyir.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına toxunan qonaq dedi ki, bu problemlə bağlı ölkənizin qarşısında böyük vəzifələr durur. Böyük Britaniya digər ölkələrlə bərabər bu problemin ədalətli həllinə çalışır. O, qeyd etdi ki, ötən illər ərazində münaqişələrin tənzimlənməsi sahəsində Cənubi Afrikada, Yaxın Şərqdə və nəhayət, Bosniyada müsbət addımlar atılmışdır. Bu mənada 1995-ci il sülh ili idi və ümid edirik ki, cari ildə Qarabağ probleminin həlli sahəsində irəliləyiş əldə ediləcək.

Cənab Rifkindin fikrincə, beynəlxalq təşkilatlar öz-özlüyündə Qarabağ problemini həll edə bilməz. Münaqişənin nizama salınması üçün ilk növbədə iştirakçı tərəflərin iradəsi və xoş məramı olmalıdır. Misal üçün Kiprdə, Kəşmirdə münaqişə iştirakçısı olan tərəflər öz aralarındakı ixtilafların nizama salınmasına hazır olduqlarını nümayiş etdirmirlər, ona görə də həmin bölgələrdə sülhün bərqərar olması prosesi uzanır. Bununla əlaqədar qonaq bildirdi ki, onun bir gün əvvəl səfər etdiyi Ermənistanda, eləcə də Azərbaycanda münaqişənin həlli üçün xoş məramın mövcudluğunu müşahidə etmişdir. Buna görə də 1996-cı ilin sülh ili olması ehtimalı çoxdur. O, əlavə etdi ki, Azərbaycanın iqtisadi sahədə potensial imkanları genişdir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli həmin imkanların reallığa çevrilməsinə şərait yaradardı.

Qonağın fikirləri ilə şərik olduğunu bildirən Heydər Əliyev dedi ki, Azərbaycanla Böyük Britaniyanın mövqelərinin yaxınlığı ikitərəfli əməkdaşlığın bundan sonra da davam etməsi üçün zəmin yaradır. Dövlət başçısı öz tərəfindən ümidvar olduğunu bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi 1996-cı ildə aradan qaldırılacaq. O, qeyd etdi ki, 1995-ci il Ermənistan-Azərbaycan münaqişəsi bölgəsində atəşkəs ili olub. 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında əldə edilmiş razılaşma nəticəsində cəbhədə atəşkəs davam edir və Azərbaycan atəşkəsə bundan sonra da riayət etmək niyyətindədir. Bununla belə biz istəyirik ki, böyük sülh əldə edək. Belə bir sülhün bərqərar olması üçün Azərbaycanın işğal olunmuş bütün torpaqları azad edilməli, yurd-yuvasından didərgin düşmüş bir milyondan çox Azərbaycan vətəndaşı öz daimi yaşayış yerinə qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli, eyni zamanda Azərbaycanın tərkibində Dağlıq Qarabağ müəyyən status almalı, onun təhlükəsizliyi təmin edilməlidir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk. Cənubi Afrikada, Yaxın Şərqdə və Bosniyada sülhyaratma sahəsində görülən işləri yüksək qiymətləndirən Azərbaycan prezidenti ümidvar olduğunu bildirdi ki, bizim bölgədə də çoxdan gözlənilən sülh yaradılacaq, beynəlxalq təşkilatlar və böyük dövlətlərlə birlikdə Böyük Britaniya da bu istiqamətdə səylərini əsirgəməyəcək. Azərbaycan prezidenti baş nazir Con Meycorun salamına görə təşəkkürünü bildirdi və Böyük Britaniya hökumətinin başçısını bir daha ölkəmizə rəsmi səfərə dəvət etdi.

Sonra görüş bağlı qapı arxasında davam etdirildi.

AzərTAc

 

\"Azərbaycan qəzeti\", 5 yanvar 1996-cı il.