Azərbaycan Prezidenti Heydər Əliyevin Frans-Press agentliyinin müxbirinə müsahibəsi - Paris, 14 yanvar 1997-ci il

Müxbir: Cənab prezident Heydər Əliyev, mən Sizi salamlayıram və Sizinlə görüşmək imkanı qazanmağı özüm üçün şərəf hesab edirəm. Məni qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu gün məni qəbul etməyinizin çox böyük əhəmiyyəti vardır. Mənim fikrimcə, fransızların çoxu Qafqazda olan vəziyyəti heç də dərindən bilmir.

Mənə elə gəlir ki, Azərbaycandakı vəziyyəti fransızların dərindən başa düşmələrində iki əsas amil mühüm rol oynayır. Bunlardan birincisi neft, ikincisi isə Ermənistanla münaqişədir.

Cənab prezident icazə versəniz, mən Sizə məhz bu iki amil ətrafında suallar verərdim.

Sual: Cənab prezident, Fransanın iki neft şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin imzaladığı müqavilə belə bir fikir söyləməyə imkan verir ki, Siz neft sahəsində fəaliyyət göstərən şirkətlərin sayını artırırsınız, müxtəlif edirsiniz. Bu, o deməkdirmi ki, Siz neft istehsalı sahəsində yeni bir Avropa qütbü yaratmaq istəyirsiniz?

Cavab: Bilirsiniz, biz respublikamızın qapılarını dünyanın bütün ölkələri üçün açmışıq. Şübhəsiz ki, biz birinci növbədə, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri ilə əməkdaşlıq etmək istəyirik. Təbii sərvətlərimizdən səmərəli istifadə etmək, iqtisadi potensialımızı müasirləşdirmək, modernləşdirmək və ondan səmərəli istifadə etmək üçün bizə birinci növbədə sərmayə, investisiya, ikincisi isə müasir, yüksək tələblərə uyğun olan texnika və texnologiya lazımdır. Şübhəsiz ki, bunlar da iqtisadi cəhətdən inkişaf etmiş böyük dövlətlərdə vardır.

Respublikamızın neft sərvətlərindən istifadə etməyə maraq göstərən ölkələr, şirkətlər çoxdur. Ancaq biz hər cəhətdən yararlı olan ölkələri, şirkətləri seçirik ki, bu da təsadüfi deyildir. Biz, eyni zamanda, həmin şirkətin mənsub olduğu ölkə ilə əlaqələrimizi əsas götürürük. Məsələn, biz Fransa ilə bütün sahələrdə olan əlaqələrimizi genişləndirmək, inkişaf etdirmək istəyirik. Keçmişdə respublikamızın Fransa ilə əlaqələri az olubdur. Ona görə də biz Fransanın böyük şirkətləri olan \"Elf Akiten\"in və \"Total\"ın təkliflərini qəbul etdik. Ancaq bu, təkcə onların xahişi deyil. 1993-cü ildə mənim Parisə ilk dəfə rəsmi səfərim zamanı mərhum prezident Fransua Mitteran da məndən bu haqda xahiş etmişdi. Fransanın keçmiş baş naziri cənab Balladyur da mənə bu barədə xüsusi məktub yazmışdı. Yəni demək istəyirəm ki, bu əlaqələr təkcə kommersiya xarakteri daşımır, həm də ölkələrimiz arasındakı əlaqələrin inkişafına kömək edəcəkdir. Ona görə də \"Elf Akiten\" və \"Total\" şirkətləri artıq Azərbaycana gəliblər. Dünən Yelisey sarayında cənab Jak Şirakın və mənim iştirakımla bu müqavilə imzalandı. Demək, bu müqavilə təkcə iqtisadi əlaqələrə yox, həm də dövlətlərimiz arasındakı siyasi əlaqələrə təsir edir və etməlidir.

Fransanın bir çox başqa şirkətləri də son zamanlar Azərbaycana gəliblər. Biz artıq bir neçə sahədə birgə işə başlamışıq. Demək, Azərbaycanın neft sərvətlərinin istifadə olunmasında Fransa artıq özünəməxsus böyük yer tutubdur. Mən bunu müsbət hal hesab edirəm.

Sual: Cənab prezident, respublikanızın zəngin neft yataqları Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün siyasi silah ola bilərmi?

Cavab: Biz bu amildən istifadə etməyə çalışırıq. Çünki belə hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsini aradan götürmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır. Bu amil də çox mühümdür.

Sual: Bu amildən Siz necə istifadə etmək niyyətindəsiniz?

Cavab: Neft istehsalı sahəsində Azərbaycanla müştərək iş görməyə başlayan böyük ölkələr beynəlxalq təşkilatların üzvüdürlər və onların işində çox yaxından iştirak edirlər. Biz iqtisadi əməkdaşlığımızla əlaqədar həmin ölkələrin səylərini münaqişənin aradan qaldırılmasına yönəltməyə çalışırıq. Çünki bu ölkələr öz beynəlxalq nüfuzlarından və imkanlarından istifadə edərək Ermənistanı başa sala bilərlər ki, o, bu təcavüzkar hərəkətindən əl çəksin. Bilirsiniz ki, müxtəlif bölgələrdəki münaqişələrin aradan qaldırılmasında məhz dünyanın böyük dövlətləri beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərirlər.

Sual: İndi Fransa Minsk qrupuna rəhbərlik edir. Siz bu fikirdəsinizmi ki, bu münaqişənin həllində Fransa da müsbət rol oynaya bilər?

Cavab: Fransanın Minsk qrupuna rəhbərlik etmək məsələsi hələ həll olunmayıb. Ancaq Fransa Minsk qrupunun üzvü kimi şübhəsiz ki, bu işdə çox müsbət rol oynaya bilər.

Sual: Cənab prezident, bu, o deməkdir ki, Siz Fransanın Minsk qrupuna həmsədrlik etməsinə razı deyilsiniz?

Cavab: Məsələ onda deyil ki, biz Fransanın Minsk qrupuna rəhbərlik etməsinə razı deyilik. Bilirsiniz ki, bu məsələ bir qədər mürəkkəbləşib. Hələ yay aylarında Minsk qrupuna rəhbərliyə Finlandıyanın yerinə Almaniya nəzərdə tutulmuşdu. Biz ona razılıq vermişdik. Sonra Ermənistan və Rusiya etiraz etdiyinə görə Almaniyanın namizədliyi aradan götürüldü. Bu vaxt Amerika Birləşmiş Ştatları bizə müraciət etdi ki, onlar Minsk qrupuna həmsədrlik etmək istəyirlər. Biz onlara razılıq verdik. Onlara razılıq verdiyimizə görə biz öz qərarımızı dəyişdirə bilmərik. Məsələn, biz Almaniyaya razılıq vermişdik. Amma Almaniya öz namizədliyini geri götürəndə biz onu Minsk qrupuna həmsədrlik etməyə məcbur edə bilməzdik. Biz Almaniyanın həmsədr olmasını istəyirdik.

Sual: Necə baxırsınız, Fransa həmsədr kimi bu məsələnin həllində xüsusi rol oynaya bilməzmi, yoxsa Fransa Ermənistanla daha yaxın əlaqələr saxlayır?

Cavab: Bilirsiniz, yenə də deyirəm, mən məsələni bu cür qoymaq istəmirəm. Etika qaydaları var. Əgər biz Amerika Birləşmiş Ştatlarına razılıq vermişiksə, eyni zamanda başqa bir ölkəyə razılıq verə bilmərik. Məsələn, Almaniyanın namizədliyi olanda Amerika Birləşmiş Ştatları belə bir fikir bildirdi ki, bəlkə onlar da həmsədr olsun? Onlara dedik ki, biz Almaniyaya razılıq vermişik. Amma Almaniya öz namizədliyini geri götürəndən sonra Amerika bizə bir daha müraciət etdi. Şübhəsiz ki, Amerikanın namizədliyinə etiraz etməyə bizim əsasımız yox idi, ona görə də razılıq verdik.

Sual: Cənab prezident, bəlkə də səhv edirəm, mən bildiyimə görə, ATƏT Fransanın həmsədrliyi üçün razılıq vermişdir.

Cavab: ATƏT razılıq verməyibdir. ATƏT-in bundan əvvəlki sədri cənab Flavio Kotti bunu bəyan edibdir. Amma o, Minsk qrupunun başqa üzvləri ilə, o cümlədən Azərbaycanla məsləhətləşməyib. O, məsləhətləşməmiş bunu bəyan etməməliydi. Biz münaqişədə olan bir tərəfik. Bizim fikrimizlə hesablaşmamaq tamamilə düzgün ola bilməz.

Sual: Mən yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rolundan danışmaq istəyirəm. Fransanın prezidenti cənab Jak Şirak dünən bu məsələdə özünün tamamilə neytrallığını qeyd etdi. Bu, Sizi tam qane edirmi?

Cavab: Bilirsiniz, mən cənab Jak Şiraka çox inanıram. O, çox təcrübəli, böyük sınaqlardan keçmiş dövlət xadimi, siyasi xadimdir. Ona görə də mənim onun şəxsiyyətinə böyük hörmətim var. Cənab Jak Şirakla dünənki söhbətimizdə mən öz fikirlərimi ona çox açıq şəkildə bildirdim. Mən ümid edirəm ki, cənab Jak Şirak və Minsk qrupunda Frnsanın nümayəndəsi bundan sonra Minsk qrupunun üzvü kimi bu məsələnin həllində daha da fəal olacaqlar. Ancaq açıq demək istəyirəm ki, Fransa Minsk qrupunun üzvü kimi - Minsk qrupu dörd ildir ki, fəaliyyətdədir - böyük fəallıq göstərməyibdir. Ümid edirəm ki, bizim dünənki danışıqlarımızdan, cənab Jak Şirak indi bu məsələyə qarışandan sonra Fransa Minsk qrupunun üzvü kimi bu sahədə çox iş görə bilər.

Bilirsiniz ki, Fransa ilə Ermənistan arasında uzun illərdir dostluq əlaqələri var. Fransızların dediklərinə görə, cənab Jak Şirak da bir dəfə öz nitqində demişdir ki, Fransa üç yüz ildir Ermənistanla dostluq əlaqəsi saxlayır. Fransada çox erməni yaşayır. Erməni diasporu Fransanın siyasi həyatında da fəal iştirak edir. Təəssüf ki, burada olan erməni lobbisi obyektiv mövqe tutmur. Onlar məsələnin məzmununa varmadan, bu münaqişənin səbəbini araşdırmadan birtərəfli olaraq Ermənistanı dəstəkləyirlər. Azərbaycana qarşı çox mənfi münasibət göstərirlər. Burada erməni mənşəyindən olan adamların çoxu dövlət orqanlarında işləyirlər. Təəssüf ki, onların bir çoxu bu məsələdə çox qeyri-obyektiv mövqe tutur.

Sual: Cənab prezident, deyə bilərsinizmi ki, Sizin fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas cəhətlər hansılardır?

Cavab: Əsas cəhət ondan ibarətdir və Ermənistan bunu başa düşməlidir ki, bu məsələni zorla həll etmək olmaz. Lissabon Zirvə görüşündə ATƏT-in sədrinin bəyanatlarında irəli sürülən prinsiplər həyata keçirilməlidir. Bu prinsiplər üç bənddən ibarətdir: Ermənistanın və Azərbaycanın ərazi bütövlüünün tanınması, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarəetmə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması. Lissabonda ATƏT-in üzvü olan ölkələrin hamısı bu prinsipləri dəstəklədi, təkcə Ermənistan buna etiraz etdi. Ermənistan bu pozucu mövqeyindən əl çəkməlidir.

Sual: Bu, o deməkdirmi ki, əvvəlki vaxtlarda olduğu kimi Ermənistanla Azərbaycan arasında danışıqlar aparmaq mümkün deyil?

Cavab: Yox, biz birbaşa danışıqlar aparırıq. Biz indi də bu danışıqları aparmağa hazırıq. Lissabon Zirvə görüşündən sonra biz təşəbbüsdə olmuşuq ki, danışıqlar yenidən başlansın. Amma Ermənistan tərəfi bunu hələ ki, ləngidir.

Sual: Mənə elə gəlir ki, Fransanın digər şirkətlərinin də indi Azərbaycana gəlmək və orada fəaliyyət göstərmək imkanları vardır, bu isə Fransa ilə Azərbaycanın bir-birini yaxşı tanıması üçün geniş imkanlar yaradır.

Cavab: Bəli, biz də bunu istəyirik.

Müxbir: Çox sağ olun, cənab prezident.

\"Müstəqilliyimiz əbədidir\", VIII kitab, Azərnəşr Bakı - 1998, səh 268-272