"Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi - 11 mart 2000-ci il

Hörmətli komissiya üzvlər!

Xanımlar və cənablar!

Biz 1997-ci ildə Azərbaycan xalqının, Oğuz türklərinin milli-mənəvi dəyərlərinin, tarixi köklərinin böyük abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul etdik. 1997-ci il aprel ayının 20-də mən xüsusi fərman imzaladım, dövlət komissiyası yaratdıq.

Üç il keçibdir və bu üç il müddətində, demək olar ki, böyük işlər görülübdür. Son günlər mən aparılan işlərin müəyyən qədər nəticələri ilə - yəni biz nə etmişik, nəyə nail olmuşuq - tanış olandan sonra bu sözləri tam qətiyyətlə deyirəm. Çox iş görülübdür.

Bilirsiniz ki, biz yubileyin keçən ilin iyun ayında keçirilməsi haqqında qərar qəbul etmişdik. Ancaq məlum səbəblərdən bunu edə bilmədik. Bəlkə də bu, elə lazım imiş ki, bir il də vaxt uzansın, daha da çox iş görmək mümkün olsun. Hər halda üç il müddətində görülən işlər indi "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin layiqincə keçirilməsinə çox gözəl əsas yaradıbdır.

Mən türkdilli dövlətlərin başçıları ilə danışıqlar aparmışam. Türkdilli dövlətlərin başçılarının növbəti - altıncı zirvə görüşü Azərbaycanda olmalıdır və bizim hamımızın razılığı ilə bu zirvə görüşünün aprel ayının 8-də keçirilməsi haqında qərar qəbul etmişik. Aprel ayının 9-na isə "Kitabi-Dədə Qorqud"un yubileyini təyin etmişəm.

Keçən dəfə də biz belə fikirdə idik. İndi biz bunu həyata keçiririk. Ona görə də bu yubileyi təkcə biz yox, bütün qardaş türkdilli, türk köklü ölkələrin dövlət başçılarının - prezidentlərinin iştirakı ilə keçirəcəyik. Artıq az vaxt qalıbdır. Ona görə də biz yubiley mərasimlərinə hazırlığın son mərhələsində daha da intensiv işləməli və lazım olan işləri görməliyik.

Bu məqsədlə mən bu gün dövlət komissiyasının iclasını toplamışam və komissiyanın üzvlərindən əlavə, bir çox dədəqorqudşünaslar, bu sahənin mütəxəssisləri də dəvət olunublar. Güman edirəm ki, biz komissiya sədrinin müavinlərini dinləsək, onlar indiyədək görülmüş işlər haqqında lazımi məlumatlar verəcəklər. Eyni zamanda, aprel ayının 8-9-na qədər nə iş görmək lazımdırsa, təkliflərini verə biləcəklər.

Yekun nitqi

Dinlədiyimiz məruzələrə əsasən və bu ötən üç il ərzində respublikada aparılan işləri özümüz müşahidə edərək yeganə bir fikir demək olar ki, həqiqətən böyük iş görülübdür. Bəlkə də biz 1997-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyini qeyd etmək üçün qərar qəbul edərkən o qədər böyük işlərin görülə biləcəyini və xüsusən bizim xalqımız, millətimiz üçün "Dədə Qorqud"un tamamilə açılıb cəmiyyətə bu cür təqdim olunacağını təsəvvür edə bilməzdik.

Son illərdə biz bir çox yubileylər keçirmişik. Bunların da hamısının əhəmiyyəti vardır. Çünki hər bir yubiley tədbiri hansısa tarixi şəxsiyyətin yaradıcılığını, onun əsərlərini canlandırır, yenidən ictimaiyyətə göstərir.

Bizim tariximiz - ümumi tariximiz, o cümlədən mədəniyyətimizin və ədəbiyyatımızın zəngin tarixi indiyədək lazımi qədər tədqiq olunmadığına görə bu yubiley tədbirləri bizə məlum olmayan məsələləri açır, aşkar edir. Beləliklə, biz zənginləşirik, yəni tariximizin zənginliyini hiss edirik və onun nə qədər zəngin olduğunu ictimaiyyətə çatdıra bilirik. Məsələn, Füzulinin 500 illik yubileyinin hazırlanması və keçirilməsi xalqımıza Füzulini demək olar ki, yenidən tanıtdı, bəxş etdi.

Tarixi şəxsiyyətlər və xüsusən qədim dövrdə Azərbaycan xalqının tarixi şəxsiyyətləri ümumiyyətlə az öyrənilib, tədqiq olunub və müasir nəsillərə çox az məlumdur. Buna görə də belə tədbirlərin keçirilməsi o demək deyildir ki, yubiley keçirib hansısa konsert dinləyəsən, yaxud hansısa bir şənliyin iştirakçısı olasan. Bunların əsas mənası və məqsədi zəngin tariximizin hər bir səhifəsini açmaq, geniş tədqiq etmək, onu xalqımıza və dünyaya təqdim etmək və beləliklə də əsrlər boyu tarixşünaslıq nöqteyi-nəzərindən itirdiyimiz şeyləri bərpa etməkdir.

Biz komissiyanın ötən iclaslarında da qeyd etmişdik, amma mən bu gün bunu bir daha demək istəyirəm ki, "Kitabi-Dədə Qorqud" dastanı indiyə qədər Azərbaycanda az bir təbəqəyə məlum olan abidədir, əsərdir. Bunu bilənlər bizim tarixçilərimizdir, - onların da hamısı yox, - o adamlardır ki, "Dədə Qorqud"un tədqiqi ilə məşğul olublar. Bunu bilənlər bizim ədəbiyyatçılarımız, yazıçılarımızdır. Cəsarətlə demək olar ki, onların bəlkə də hamısı yox. Geniş kütləyə, xalqımıza, millətimizə gəldikdə isə, onu demək olar ki, ötən üç il müddətində gördüyümüz işlər apardığımız təhlillər və bu müzakirələrdə dinlədiyimiz fikirlər təsdiq edir ki, bizim geniş kütləmiz "Dədə Qorqud" haqqında çox az təsəvvürə malik idi, az şey bilirdi.

Biz indi bu üç il müddətində - buradakı məruzələr, çıxışlar bunu göstərdi - birincisi, "Kitabi-Dədə Qorqud" dastanını xalqımıza yaxşı tanıtdıq, ikincisi, dünyaya tanıtdıq, üçüncüsü, tam təsdiq etdik ki, bu, Azərbaycana məxsusdur. Bəli, bu, türk xalqlarına məxsusdur, ancaq Azərbaycana məxsusdur. Onun vətəni Azərbaycandır və varisi, sahibi Azərbaycandır, yəni Azərbaycan xalqıdır. Biz gələcək işlər üçün böyük yol açdıq. Təsəvvür edin, bax, qısa müddətdə nə qədər kitablar nəşr olunubdur. Amma bizim komissiyanın birinci iclasını yadınıza salın. Nə var idi? Bunlar yox idi.

O vaxt siz də deyirdiniz, indi burada çıxış edənlər də deyirlər ki, Həmid Araslı, Bartold bir şey yazıblar, nəşr etdiriblər, amma o da itib gedibdir. Dəmirçizadə də bir şey yazıbdır, o da yoxdur. Bizim bir neçə alimimiz - bəziləri burada iştirak edirlər - çox şey yazıblar, amma bunları nəşr etdirə bilməyiblər, yazdıqları da özlərində qalıbdır. Ancaq görün indi qısa bir müddətdə nə qədər əsərlər yaranıbdır. Həqiqətən, bu, doğru sözdür ki, bütün bu tədbirlərin hər bir cəhəti əhəmiyyətlidir. Amma ən əhəmiyyətlisi odur ki, əsərlər yaranır və bu əsərlər gələcək üçün, bizim tariximizin daha da geniş, dərin təhlil olunması üçün, gələcək nəsillər üçün böyük töhfədir.

Mən hesab etmirəm ki, bununla iş bitir. Çünki mən özüm də etiraf etməliyəm ki, "Dədə Qorqud"un bu qədər dərin dərya olduğunu təsəvvür edə bilmirdim. İndi kimsə desə ki, yox, o bilirmiş, - güman edirəm, xəta edir, mən bilmirdim. Məsələn, mənim bu barədə biliklərim bu kitablardan - təkcə onların sayına görə yox, hər birinin məzmunu və mənasına görə - nə qədər artıbdır. Hesab edirəm, eləcə də hər bir Azərbaycan vətəndaşının biliyi artıbdır.

Kütləvi surətdə həyata keçirilən tədbirlər "Dədə Qorqud"u geniş kütlələrə tanıdır. Bu kitabların yazılması və keçmişdə yazılmış kitabların belə nəfis şəkildə yenidən nəşr olunması çox qiymətlidir. Mən dünən soruşdum ki, bunların tirajı nə qədərdir - 1000, 2000 nüsxədir? Bir il keçəndən sonra bu kitabları yenə də tapmaq mümkün olmayacaqdır.

Təbiidir ki, indi biz hər bir kitabı bir neçə min nüsxədə nəfis şəkildə nəşr edə bilmərik. Biz bunları yubiley üçün yaratmışıq. Ancaq fikrim bundan ibarətdir ki, bu kitabların çoxunu, bəlkə də hamısını, yaxud bir qismini geniş kütlələr üçün böyük tirajla sadə şəkildə nəşr edək. Onları geniş kütlələrə çatdırmaq üçün satışa buraxaq, kitabxanalara verək. İndi nəşr etdirdiyimiz bu əsərləri kitabxanalara versək, yerdə bir şey qalmayacaqdır. Çünki bunlar 1000-2000 nüsxədir, bundan artıq deyildir, elədirmi?

Elçin Əfəndiyev: Cənab prezident, heç 2000 nüsxə deyildir.

Heydər Əliyev: Deyirsən ki, heç 2000 nüsxə yoxdur. Ona görə gəlin açıq danışaq ki, bizim bu işimiz yubileydə, sadəcə, yaxşı kitablar göstərməklə məhdudlaşmasın. Bu, başlanğıc olsun.

Ancaq geniş kütlənin "Kitabi-Dədə Qorqud" dastanı, abidəsi ilə bu gün və gələcəkdə dərindən tanış olması və onu dərindən bilməsi üçün - bunun əsas mənası ondan ibarətdir ki, öz kökünü, keçmişini, millətinin tarixini dərindən bilsin - biz bugünkü və gələcək nəsillərin bu kitablardan lazımi qədər istifadə etməsi imkanına malik olmalıyıq. Mən bu fikri dünən söyləmişəm, indi bir daha deyirəm. Mən görülən işləri çox yüksək qiymətləndirirəm. Ancaq bu, işin başlanğıcı olmalıdır. Bunun üçün biz vəsait də tapa bilərik. Doğrudur, indi bizim vəsaitimiz o qədər də çox deyildir. Amma biz buna qənaət etməməliyik, bunları etməliyik. Çünki bunlar xalqımız, gələcək üçün lazımdır.

Alimlərimiz, yazıçılarımız bu qısa müddətdə keçmiş kitablardan əlavə yeni əsərlər yazıblar. Bu, çox gözəl hadisədir. Düşünürəm ki, əgər bu yubiley haqqında fərman imzalanmasaydı, bu işlər görülməsəydi, bəlkə də müəlliflərdən 5 faizi öz vaxtını sərf edib belə kitablar yazardılar. Ancaq bu yubileyin keçirilməsi haqqında qəbul etdiyimiz qərar və Azərbaycanda bu məsələnin ötən üç il müddətində geniş təbliğ olunması, bu işə dövlətin böyük əhəmiyyət verməsi bizim bir çox alimlərimizi, yazıçılarımızı həvəsə gətiribdir. Onların hər biri yeni bir kitab yazıbdır. Beləliklə də "Dədə Qorqud" haqqında bizim həm tarixi kitablarımız, həm də ədəbi-publisist kitablarımız artıbdır. Bu da çox gözəl hadisədir.

Mən bütün bunları çox yüksək qiymətləndirirəm. Bu sahədə zəhmət çəkmiş komissiya üzvlərinə və həmin məsələlərlə məşğul olanların hamısına təşəkkür edirəm. Hesab edirəm ki, bu iş davam etdirilməlidir. Mənim bu fikirlərimi həyata keçirmək üçün bəlkə də biz yubileydən sonra yeni bir tədbirlər planı qəbul edə bilərik. Ola bilər, bu tədbirlər planı 1, 2, 5 ili, bəlkə də ondan artıq bir dövrü əhatə etsin ki, biz qarşıdakı illərdə nə etməliyik.

İndi hamı bu fikirdədir, kitablar da onu göstərir, Drezden kitabxanasından gələn nüsxə də bunu deyir ki, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının ən qədim mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsidir. Ona görə də, demək, bu, bizim ana kitabımızdır. Bu kitabın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini, xalqını, vətənini və müstəqil Azərbaycanı da bir o qədər çox sevəcəklər. Bu, bizim xalqımızın çoxəsrlik tarixində yeni bir mərhələdir.

Azərbaycan 8 ildir ki, müstəqil dövlətdir. Bu illərin çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə açmışıq, xalqımıza göstərmişik. Beləliklə də xalqımız öz tarixini, keçmişini daha dəqiq bilərək daha da məğrur insan, azərbaycanlı, vətəndaş olur. Bu, çox mühüm məsələdir. Çünki dövlət müstəqilliyini əldə etmək, dövlət quruculuğunda dəyişikliklər yaratmaq və hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə getmək böyük bir prosesdir. Amma onu elan etmək, bu barədə dövlət tədbirləri həyata keçirmək azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil Azərbaycanlılığın, Azərbaycanın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən dərk etsin. Biz buna nə qədər çox nail olsaq, bizim millətimizdə millilik, vətənpərvərlik əhval-ruhiyyəsi, öz torpağına, xalqına məhəbbət hissi bir o qədər çox artacaqdır.

Görülən işlər, bax, bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Bəlkə də XX əsrdə, elə əsrin əvvəlindən indiyə qədər - əlbəttə, ondan əvvəl belə işlə görülməyibdir - görülən bütün işlərin içərisində bunun qədər əhəmiyyətli, dəyərli iş yoxdur.

Biz indi bu yubiley tədbirlərinin son mərhələsinə gəlib çatmışıq. Burada məlumat verildi ki, yubileyin zirvə tədbirinin planları artıq hazırdır. Ancaq mən istəyirəm biləsiniz ki, onları da çox mütəşəkkil qaydada təşkil etmək lazımdır.

Burada deyildi ki, qonaqlar çox olacaqdır. Onların bir qismi dəvət olunan mütəxəssislər, alimlərdir. Amma bir qismi də türkdilli ölkələrin dövlət başçıları və onların nümayəndə heyətlərində gələn şəxslər olacaqdır. Yəqin ki, məhz yubileyə gələn qonaqlar üçün xüsusi bir proqram yaradılmalıdır. Yubileyə gələn alimlər, yazıçılar, mütəxəssislər bu fürsətdən istifadə edib, həmin proqram əsasında Azərbaycanla daha da yaxından tanış olacaqlar.

Biz türkdilli ölkələrin dövlət başçılarının proqramını ayrıca təşkil edirik. Yəni onlar aprelin 8-də Bakıya gələcəklər. Biz günün ikinci yarısında görüşlər keçirəcəyik, məsələlərimizi müzakirə edəcəyik. Bununla da dövlət başçıları səviyyəsində işimiz bitəcəkdir. Amma ayın 9-da həm dövlət başçıları, həm onlarla gələn nümayəndə heyətlərinin üzvləri, həm də bütün başqa qonaqlar - hamısı birlikdə bir tədbirdə iştirak edəcəklər. Ona görə də, bir daha qeyd edirəm, iki proqram olmalıdır. Bizim komissiyanın üzvləri, sədrin müavinləri bunları hazırlasınlar və mənə təqdim etsinlər.

Respublika sarayında keçiriləcək tədbir gərək çox yığcam olsun. Mən bunu əvvəlcədən bildirmək istəyirəm. Çünki çoxlu qonaqlar gələcəkdir. Yəqin onların da çoxu söz demək arzusunda olacaqdır. Ancaq buna, sadəcə, vaxt imkan vermir. Çünki təbiidir ki, türkdilli ölkələrin dövlət başçılarının hər biri çıxış edəcəkdir, söz deyəcəkdir. Biz indi müəyyən edəcəyik ki, Azərbaycandan bir, yaxud iki nəfər adam bu barədə söz desin. Əgər biz orada çıxışlara geniş imkan açsaq, buna iki gün vaxt lazım olacaqdır. Ona görə də bu barədə düşünməlisiniz. Mən komissiya sədrinin müavinlərinə tapşırıram ki, bu barədə düşünsünlər, Abdullazadə mənə məruzə etsin. Mən bu məsələyə baxaram, öz fikrimi deyərəm.

Rəsmi hissədən sonra keçiriləcək konsert də çox yığcam olmalıdır. Biz son illər Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda belə tədbirlərdə iştirak etmişik. Burada oturanlardan gərək ki, kimlərsə həmin tədbirlərdə mənimlə birgə olubdur. Mən nəyi müşahidə etmişəm? Tədbir uzananda öz keyfiyyətini itirir, yorucu olur. Bunu niyə deyirəm? Olduğumuz ölkələrdə mən bunu hiss etmişəm. Məqsəd ondan ibarət deyildir ki, iki saatlıq konsert göstərəsən, daha da çox çıxışlar olsun. Məqsəd bundan ibarət deyildir.

Biz öz işimizi, demək olar ki, görmüşük. İşimiz də ondan ibarətdir ki, "Kitabi-Dədə Qorqud" ötən üç il müddətində həm təhlil, həm də tədqiq edilibdir, həm də təbliğ olunubdur. Zirvə tədbiri buna, sadəcə, yekun vurmaq deməkdir, onu uzatmaq olmaz, - bu barədə fikirləşin, mənim bu sözlərimi əsas götürün, - o, çox yığcam olmalıdır.

Fərəməz Maqsudov burada dedi ki, elmi konfrans keçirəcəklər. Yəqin ki, həmin tədbir bu ərəfədə olacaqdır.

Fərəməz Maqsudov: Bəli, cənab prezident.

Heydər Əliyev: Demək, həmin tədbir aprelin 7-də keçiriləcəkdir. Gələn qonaqların ola bilər ki, hamısı kim istəsə, həmin elmi konfransda çıxış etsin. Ola bilər, onlar başqa bir tədbirdə çıxış etsinlər. Yəni mən belə fikirdəyəm ki, yubiley gecəsində - həmin tədbir gecə olmayacaq, biz onu gündüz, təxminən saat 11-də başlayacağıq, bu tədbiri gecə keçirmək olmaz, türkdilli ölkələrin dövlət başçılarından və Azərbaycanın bir-iki nümayəndəsindən başqa adamlara çıxış etməyə imkan verilməyəcəkdir. Mən sizə açıq deyirəm ki, yəni buna imkan olmayacaqdır.

Siz onu da bilməlisiniz ki, aprelin 7-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gələcəkdir. Demək, biz bütün günü onunla məşğul olacağıq. Yəqin ki, mədəniyyət xadimlərindən bir neçəsi bu tədbirlərdə iştirak etməlidir. Aprelin 8-də türkdilli ölkələrin dövlət başçıları Bakıya gələcək, zirvə görüşü keçiriləcək və onlarla danışıqlar aparılacaqdır. Aprelin 9-da "Kitabi-Dədə Qorqud" dastanının yubiley tədbiri keçiriləcəkdir. Ona görə də siz bunları nəzərə almalısınız. Bəlkə də hansısa əlavə tədbirlər müəyyən etməlisiniz.

Bir halda ki, çoxsaylı qonaqlar gəlir, təbiidir, onların Azərbaycanda təkcə hansısa bir tədbirdə iştirak etməsi yox, çıxış etməsi, söz deməsi də bizim üçün çox vacibdir. Amma yubiley mərasimində bu, mümkün olmayacaqdır. Yubiley mərasiminə ancaq dövlət başçıları çıxış edəcəklər. Başqalarının çıxış etməsi mümkün olmayacaqdır. Ona görə də bunun üçün xüsusi tədbirlər hazırlamalısınız. Həmin tədbirləri ayın 7-də, 8-də keçirmək olar. 9-da isə biz hamımız ümumi tədbirdə birgə olacağıq.

Təbiidir ki, aprelin 7, 8, 9-da keçirilən tədbirləri sonra yekunlaşdırıb kitab, toplu şəklində nəşr etmək lazım olacaqdır. Bu da çox əhəmiyyətlidir. Çünki bu, üç ildə bizim keçirdiyimiz yubiley tədbirlərinin yekunu kimi, yeni bir kitab, yaxu da bir neçə kitab olacaqdır. Bunu da düşünmək lazımdır.

Nəhayət, mən bildirmək istəyirəm ki, indiyədək görülən işləri yüksək qiymətləndirmək lazımdır. Şübhə yoxdur ki, aprelin 9-na qədər görüləcək tədbirlər, aparılacaq işlər də belə yüksək səviyyədə keçəcəkdir. Beləliklə, biz müstəqil Azərbaycanın tarixinə böyük bir qızıl səhifə yazmış olacağıq.

Sizin hamınıza bir daha təşəkkür edirəm.

Elçin Əfəndiyev: Cənab prezident, xahiş edirik abidə məsələsi barədə fikrinizi bildirəsiniz.

Heydər Əliyev: Abidə məsələsi. Təəssüflər olsun ki, bu məsələ çox gecikibdir. Həmin məsələni biz 1999-cu ilin əvvəlində müzakirə etmişdik.

Mən sizi dinlədim, belə fikirdəyəm ki, haqqında danışdığınız, uşaq dəmir yolu yerləşən bağ həqiqətən çox gözəl bir bağdır. Gərək ki, onun bir tərəfi də keçmiş Dzerjinski parkıdır. Elədir, yoxsa yox? Həmin bağla park birləşir?

Rəfael Allahverdiyev (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı): Bəli, cənab prezident.

Heydər Əliyev: Eşitmişəm ki, o parkda bəzi şəxsi evlər və sairə tikilir. Belədir?

Rəfael Allahverdiyev: Cənab prezident, Sizin tapşırığınızdan sonra gedib yoxladıq, orada heç bir şəxsi ev tikilməyibdir. Parkın ətrafında 10-15 il bundan əvvəl özbaşına tikilmiş evlər var.

Heydər Əliyev: Hesab edirəm ki, orada gələcəkdə böyük bir park, "Dədə Qorqud" meydanı ola bilər. Mən sizə tapşırıram, baş nazir də, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da, komissiya sədrinin müavinləri də bununla məşğul olsunlar. Tapşırıram ki, uşaq dəmir yolu yerləşən bağı, bir də keçmiş Dzerjinski parkını - hamısını birlikdə götürün, onun böyük baş planını yaradın. Həmin planı təqdim edin, baxaq. Mən bu plana baxmağı o nöqteyi-nəzərdən deyirəm ki, orada hər şey istənilən kimi olsun. Fikrim budur ki, o, "Dədə Qorqud" meydanı, parkı üçün və gələcəkdə qoyulacaq "Dədə Qorqud" abidəsi üçün çox dəyərli yerdir. Azərbaycanın ən gözəl yerlərindən biridir.

Bilirsiniz ki, son illər böyük narahatlıq keçirirəm. İndi sərbəstlik verilib, şəxsi evlər tikilir. Təəssüflər olsun ki, bizim bəzi yerli icra orqanlarımız şəhərin gözəlliyini, yaxud memarlıq üslubunu pozaraq elə tikintilərə yol verirlər ki, onlar Bakını əvvəlki simadan salır. Elə buna görə də mən çox narahatam. Bir dəfə eşitdim ki, keçmiş Dzerjinski parkında evlər tikirlər və bu barədə Rəfael Allahverdiyevə dedim. Mən çox narahatam ki, belə yerləri götürüb sonra ondan yenə də şəxsi məqsədlər üçün istifadə edəcəklər. Yaxşı olar ki, biz həmin yerdə "Dədə Qorqud" parkı yaradaq. Təbiidir ki, yaxşı planlaşdırsanız, həmin ərazi Bakı vətəndaşlarının gözəl istirahət yeri olacaqdır.

Şıx yamacı tərəfdə hansısa bir abidənin qoyulması bir az mübahisəli məsələdir. Şıx deyilən yerdə vaxtilə salınmış "Xalqlar dostluğu" parkının təməlini 1971-ci ildə mən qoymuşam. Ora tamamilə boş bir yer idi. Məqsəd də oranı yaşıllaşdırmaqdan ibarət idi. O vaxt biz yaşıllaşdırma proqramını həyata keçirirdik. Mən bəlkə də 10-15 dəfə gedib orada ağac əkmişəm. İndi bir dəfə iməcilik keçirirdik, hamımız oraya gedirdik, ağac əkirdik. Həmin parka bir müddət yaxşı baxdılar, oradakı ağaclar böyüdü. Amma sonra ümumiyyətlə, ölkədə olan vəziyyət yəqin ki, həmin parka da çox təsir edibdir. İndi ora pis haldadır. Elədir, yoxsa yox?

Rəfael Allahverdiyev: Cənab prezident, bəli, pis haldadır.

Heydər Əliyev: Güman edirəm, indi oranı elə pis halda qoymaq olmaz. Onu bərpa etmək barədə fikirləşmək lazımdır. Çünki həmin ərazi yaşıllaşdırılmalıdır və Bakının gözəl bir yeri olmalıdır. Şıx yamacının yaxınlığında insanların istirahət etməsi üçün çimərlik də, başqa yerlər də vardır. Amma bu, gələcəyin işidir. Gəlin, bir işi görək, "Dədə Qorqud parkı"nı yaradaq, orada heykəl də qoyaq. Amma gələcəkdə imkan yaransa, ikinci təklifə də baxmaq olar. Bu təkliflərin ikisini də birdən həyata keçirmək mümkün deyildir.

Elçin, sən bir məsələni də mənim yadıma saldın: siz indiyə qədər Dədə Qorqudun surətini yarada bilməmisiniz. Heç kəs də bu barədə danışmır.

Elçin Əfəndiyev: Cənab prezident, biz Sizin tapşırığınızdan sonra Rəssamlar İttifaqında böyük bir müsabiqə elan etdik. Bu barədə mətbuatda da məlumat verdik.

Sizin fərmanınıza əsasən bu yubileyi biz keçən il keçirməliydik, müsabiqəyə də o vaxt yekun vurulmalı idi. Biz, komissiyanın üzvləri gedib bu sahədə görülən işlərə baxdıq. Orada həqiqətən müəyyən iş aparılmışdı. Buna baxmayaraq, komissiya üzvləri istənilən obrazı görmədilər və biz belə qərara gəldik ki, müsabiqənin vaxtını uzadaq. Bu yaxınlarda biz yenə də gedib bu sahədə görülən işlərlə tanış olduq. Sizin bayaq dediyiniz istiqamətdə, "Kitabi-Dədə Qorqud"la əlaqədar müxtəlif mövzularda əsərlər işlənib hazırlanıbdır. Dədə Qorqudun çox müxtəlif obrazları yaradılıbdır. Gənc rəssamlarımız da bu işə qoşulubdur. Lakin komissiya üzvlərinin fikri yenə də belə oldu ki, biz müsabiqənin vaxtını bu ilin axırınadək uzadaq. Çünki Dədə Qorqudun obrazı hələ istənilən səviyyədə yaradılmayıbdır. Doğrudur, bir-iki əsər var. Lakin müsabiqənin birinci, ikinci, üçüncü və həvəsləndirici mükafatlarını təqdim etməyə layiq əsərlərin yaradılması üçün müsabiqənin vaxtını uzatmalıyıq.

Heydər Əliyev: Respublikamızda böyük bir rəssamlar dəstəsi vardır.

Elçin Əfəndiyev: Cənab prezident, onların hamısı bu işdə iştirak edib.

Heydər Əliyev: Alimlərimiz, yazıçılarımız bu qədər kitablar yazıblar. Bəs rəssamlar nə ediblər?

Elçin Əfəndiyev: Rəssamlar da çox iş görüblər. Amma daha da çox iş görə bilərlər.

Heydər Əliyev: Mən burada bu rəsmləri görürəm. Bu da yəqin ki, bizim rəssamların işləridir.

Elçin Əfəndiyev: Cənab prezident, onlar "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmiş illüstrasiyalardır. Əlamətdar cəhət ondan ibarətdir ki, onu Birləşmiş Millətlər Təşkilatı buraxıbdır.

Heydər Əliyev: Mən onu bilirəm. Bunların müəllifi kimdir?

Elçin Əfəndiyev: Cənab prezident, müəllifi Azərbaycan rəssamlarıdır.

Heydər Əliyev: Hər halda mən bunlara diqqətlə baxmamışam. Amma çox yaxşı təsir bağışlayır.

Elçin Əfəndiyev: Cənab prezident, bəli, çox yaxşı işlərdir. Amma onlar kitab illüstrasiyalarıdır.

Heydər Əliyev: Mən başa düşürəm ki, bu, kitab illüstrasiyasıdır. Bəs onun öz obrazını biz yaratmasaq, kim yaradacaqdır?

Elçin Əfəndiyev: Cənab prezident, biz qərara gəldik ki, vaxtı bir qədər uzadaq.

Heydər Əliyev: Yaxşı, üç ildir vaxt gedir.

Elçin Əfəndiyev: Cənab prezident, bu sahədə iş bir ildir ki, gedir.

Heydər Əliyev: Bəs ondan əvvəl bu barədə fikirləşməmişdiniz?

Elçin Əfəndiyev: Cənab prezident, bu məsələ Sizin yanınızda keçirilmiş iclasda qaldırılmışdı.

Heydər Əliyev: Axı bu obrazı yaratmaq lazımdır.

Elçin Əfəndiyev: Cənab prezident, doğru deyirsiniz, lazımdır. Güman edirik ki, rəssamlara ilin sonunadək vaxt versək, bu işi başa çatdıra bilərlər.

Heydər Əliyev: Yaxşı, siz müəyyən etmisiniz - nə qədər mükafat veriləcəkdir?

Elçin Əfəndiyev: Cənab prezident, müsabiqənin şərtləri var, onlar mətbuatda da dərc olunubdur.

Heydər Əliyev: Məsələn, bu şərtlər nədən ibarətdir? Nə qədər mükafat veriləcəkdir?

Elçin Əfəndiyev: Cənab prezident, qiymət dəqiq yadımda deyildir.

Heydər Əliyev: Demək istəyirəm ki, bəlkə maddi cəhətdən bir az maraqlandırasınız ki, bu insanlar daha da həvəslə işləsinlər. Baxın, görün nə etmək olar.

Elçin Əfəndiyev: Cənab prezident, biz bir daha müzakirə edib, Sizə məlumat verərik.

Fərhad Xəlilov (Respublika Rəssamlar İttifaqının sədri): Cənab prezident, rəssamlarımız bu işdə çox fəal iştirak edirlər. Biz bunun üçün bir simpozium da keçirmişik. Həmin simpoziumda Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər ölkələrin rəssamları iştirak ediblər. Bundan əlavə, biz çox maraqlı bir görüş də keçirmişik.

Heydər Əliyev: Bunlar hamısı yaxşıdır. Amma vaxtımı alma.

Fərhad Xəlilov: Cənab prezident, biz bu müsabiqəni elan etmişik. Onun şərtləri bundan ibarət idi ki, birinci mükafat 1500, ikinci mükafat 1000, üçüncü mükafat 750 ABŞ dolları məbləğində olsun.

Heydər Əliyev: Elə bu qiymətə görə siz onu yarada bilməmisiniz.

Fərhad Xəlilov: Cənab prezident, Siz soruşdunuz ki, qiymət nə qədərdir.

Heydər Əliyev: Yaxşı, biz qiyməti artırsaq, bu obrazı yarada biləcəksinizmi?

Fərhad Xəlilov: Cənab prezident, biz yaradılmış əsərlərin fotosurətini Sizə göstərməliyik.

Heydər Əliyev: Mənə göstərməliydiniz, axı ona mütəxəssislər baxmalıdır.

Fərhad Xəlilov: Cənab prezident, mütəxəssislər baxıb, 40-dan çox əsər yaranıb. Amma belə qərara gəldilər ki, vaxt bir qədər də uzadılsa, yaxşı olar.

Heydər Əliyev: Yaxşı, mən bu gün təyin edirəm: birinci mükafat 10 min dollar, ikinci mükafat 7000 dollar, üçüncü mükafat 5000 dollar.

Anar: Cənab prezident, istəyirəm mən də şəkil çəkməyə başlayım.

Heydər Əliyev: Siz də şəkil çəkməyə başlayacaqsınız? İndi bildin? İş burasındadırsa, get, hamıya məlumat ver: rəssamsan, həm əsər yaradacaqsan, həm də 10 min dollar qazanacaqsan. Mən elan etdim, siz də icra edin.

Sağ olun. Gələn görüşədək.

"Azərbaycan" qəzeti, 12 mart 2000-ci il.