Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məsələlərini Ermənistan Prezidenti Robert Koçaryanla müzakirə etmək üçün İsveçrənin Cenevrə şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 21 avqust 1999-cu il

Sual: Cənab prezident, xalqımız Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunacağına böyük ümid bəsləyir. İnanırıq ki, ikitərəfli danışıqlar gələcəkdə çox böyük nəticə verəcəkdir. Növbəti səfəriniz barədə bir neçə kəlmə deməyinizi xahiş edirəm.

Cavab: Növbəti səfərim elə buna həsr olunubdur. Bilirsiniz ki, biz beş ildən artıqdır atəşkəs şəraitində yaşayırıq. Ötən beş ildə məsələnin sülh yolu ilə həll olunması üçün bütün vasitələrdən istifadə etmişik. Birincisi, ATƏT-in Minsk qrupu bütün bu müddətdə daim fəaliyyət göstərir və həmsədrlər, onların nümayəndələri bu illərdə öz təkliflərini veriblər və bunlar müzakirə olunubdur. Ancaq hələ ki, bu təkliflərdən heç birisi qəbul edilməyibdir. Buna baxmayaraq, ATƏT-in Minsk qrupu, onun həmsədrləri bu işləri davam etdirirlər. Ancaq bununla bərabər, dediyim kimi, biz çalışırıq ki, bütün vasitələrdən istifadə edək. Burada heç bir vasitə bizim üçün mənfı ola bilməz, hər bir vasitədən istifadə etmək lazımdır.

Bu baxımdan, bilirsiniz ki, ümumiyyətlə, dünyada və böyük ölkələrdə belə fikir var ki, Minsk qrupunun danışıqları ilə yanaşı, bəlkə birbaşa danışıqlar da məsələnin irəli getməsinə müəyyən kömək edə bilər. Bilirsiniz ki, mən aprel ayında bu baxımdan Ermənistan Prezidenti Robert Koçaryanla Vaşinqtonda görüşüb danışmışdım. Bir ay bundan öncə Cenevrədə danışmışdım. İndi də yenə Cenevrəyə gedirəm, görüşək, danışaq. Məqsədimiz odur ki, məsələnin sülh yolu ilə həll edilməsi üçün hər iki tərəfdən qəbul oluna biləcək təkliflər, yəni razılıq əldə edə bilək. Bundan ötrü gedirəm.

Sual: Azərbaycan tərəfdən hansısa qarşılıqlı kompromislərə getmək konkret olaraq müəyyənləşdirilibmi?

Cavab: Bilirsiniz, kompromislər haqqında danışıqlar aparılır. Əgər danışıqlar nəticə versə, əgər görsək ki, o tərəfin kompromisi, bu tərəfin kompromisi bizim üçün əlverişlidir, onda sizə deyə bilərəm. Amma indi bunu deyə bilmərəm.

Sual: Cənab prezident, Vardan Oskanyan belə bir ifadə işlətmişdir ki, Dağlıq Qarabağa status müstəqillikdən aşağı, muxtariyyətdən yuxarı ola bilər.

Cavab: Bu, köhnə sözdür, yeni bir şey deyildir. Onlar bunu çoxdan deyirlər. Onlar bu sözü işlədirlər. Hərə öz istədiyi fıkri işlədir, başa düşürsünüzmü, - onlar öz istədiklərini, biz öz istədiyimizi.