Əziz veteranlar!
Hörmətli xanımlar və cənablar!
Hörmətli səfirlər və dostlar!
Sizi Böyük Vətən müharibəsində qələbənin 57-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, səadət və uğurlar arzulayıram.
İkinci dünya müharibəsi, Böyük Vətən müharibəsi bəşər tarixində ən dəhşətli, ən qanlı, ən dağıdıcı müharibə olmuşdur. Bu müharibədə Sovetlər İttifaqının xalqları, antihitler koalisiyası - SSRİ, Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa alman faşizmi üzərində misilsiz qələbə çalmışdır. Bu qələbə böyük tarixi əhəmiyyətə malikdir. Əsrlər keçəcək, gələcək nəsillər bu qələbənin bəşəriyyət üçün, dünya üçün, gələcək üçün nə qədər əhəmiyyətli olduğunu daha da çox dərk edəcəklər.
Azərbaycan xalqı Sovetlər İttifaqının tərkibində ikinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanın 600 minə qədər vətəndaşı cəbhəyə göndərilmişdir. Onlar qəhrəmancasına vuruşmuş, yarısından çoxu geriyə dönməmiş, özlərini qurban vermiş, həlak olmuşdur. Zəfərlə qayıdan Azərbaycan oğulları isə 1945-ci ilin 9 mayından indiyədək xalqımız üçün, millətimiz üçün böyük qələbənin rəmzidir. İllər keçir, nəsillər nəsilləri əvəz edir, veteranlar bu gün də yaşayırlar. Biz hamımız böyük məmnuniyyət hissi keçiririk ki, Böyük Vətən müharibəsinin veteranları bu gün bizimlə bərabərdir, xalqın içindədir, ictimai-siyasi fəaliyyətlə məşğuldurlar və xalq, müstəqil Azərbaycan dövləti qarşısında öz xidmətlərini göstərirlər.
Azərbaycan xalqı faşizm üzərində qələbəyə arxa cəbhədə də böyük töhfələr vermişdir. O illərdəki müharibə motorlar müharibəsi idi. Tanklar, təyyarələr, maşınlar müharibəsi idi. Bunların hamısı üçün birinci növbədə yanacaq lazım idi. O illərdə Sovetlər İttifaqında neftin 75 faizindən çoxu Azərbaycanda hasil olunurdu, burada emal edilirdi və böyük çətinliklərlə cəbhəyə göndərilirdi. Ona görə biz faşizm üzərində qələbənin 57-ci ildönümünü qeyd edərkən, eyni zamanda, bu qələbənin əldə olunmasında arxa cəbhədə fədakarlıqla çalışmış Azərbaycan övladlarının da xidmətlərini xüsusi vurğulayırıq.
Qələbədən 57 il sonra dünya çox dəyişmişdir. Dünyada böyük proseslər baş vermiş, imperiyalar dağılmış, Sovetlər İttifaqı dağılmış, çox xalqlar öz dövlət müstəqilliyini əldə etmişlər. O cümlədən Azərbaycan da dövlət müstəqilliyini əldə edib, Azərbaycan xalqı öz müstəqil dövlətini qurubdur, müstəqil dövlət kimi yaşayır. Bu, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bu gün biz müstəqil Azərbaycanda keçmiş tariximizin hər səhifəsinə diqqət yetiririk, hörmət və ehtiramımızı bildiririk. Bu baxımdan 1941-1945-ci illər Böyük Vətən müharibəsi, İkinci dünya müharibəsi Azərbaycan xalqının tarixində daim yaşayacaqdır.
Əziz veteranlar, biz çox sevinirik ki, sizi bu gün burada sağ salamat görürük. Siz böyük döyüşlərdən keçmisiniz, sonrakı nəsillərin, bugünkü nəsillərin azad, sərbəst yaşaması üçün xidmətlər göstərmisiniz. Dünyanın faşizm təhlükəsindən xilas olması bəşər tarixi üçün ən böyük, əlamətdar hadisədir. Siz məhz bu hadisənin iştirakçılarısınız. Xidmətlərinizi o illərdə də göstərmisiniz, bu gün də Azərbaycan xalqı, müstəqil dövlətimiz qarşısında xidmət göstərirsiniz. Mən sizə səmimi qəlbdən təşəkkür edirəm. Xalqımız sizə daim minnətdar olacaqdır. Faşizm üzərində qələbədə xidmətlərinizə görə sizi, eyni zamanda, bu qələbənin çalınmasında canlarını qurban vermiş, həlak olmuş Azərbaycan övladlarının xatirəsini xalqımız qəlbində daim yaşadacaqdır.
Əziz veteranlar, mən sizi, bütün Azərbaycan xalqını qələbənin 57-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm, xalqımıza, millətimizə, müstəqil Azərbaycan dövlətinə sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.