Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan gənclərinin II forumunda fasilə zamanı jurnalistlərin suallarına cavabı - Respublika sarayı, 2 mart 1999-cu il

Sual: Cənab prezident, gənclərin forumu ilə əlaqədar aparılan işləri qənaətbəxş hesab edirsinizmi?

Cavab: Yəqin ki, mən sabah öz sözümü tribunadan deyəcəm. Amma bir halda ki, siz tələsirsiniz, öyrənmək istəyirsiniz,- bəli, mən hesab edirəm ki, qənaətbəxşdir. Üç il bundan öncə olan dövrü götürün və indiki dövrü götürün. Nə qədər işlər görülübdür, gənclərin nə qədər məsələləri həll olunubdur. Ümumiyyətlə, gənclər təşkilatlanıbdır. Bunlar çox gözəl hallardır. Mən həddindən artıq razıyam.

Sual: Cənab prezident, gənclərimizə nə arzu edirsiniz?

Cavab: Gənclərimizə arzu edirəm ki, onlar həmişə sağlam olsunlar, yaxşı təhsil alsınlar, cəmiyyətdə öz yerlərini tuta bilsinlər, cəmiyyət üçün faydalı ola bilsinlər, bizim milli ənənələrimizi həmişə yaşatsınlar, valideynlərinə sadiq olsunlar, həmişə valideynlərinə hörmət etsinlər, məktəbdə, ictimai yerlərdə yüksək mədəniyyət nümayiş etdirsinlər.

Sual: Cənab prezident, bir neçə gündən sonra 8 Mart beynəlxalq qadınlar bayramıdır. Azərbaycan qadınlarına nə arzu edərdiniz?

Cavab: Mən qadınlara dünyada ən yaxşı şeyləri arzu edirəm.

Sual: Cənab prezident, bir neçə gün əvvəl Rusiyaya məxsus MİQ-29 təyyarəsi Azərbaycan sərhədini keçibdir. Buna sizin münasibətiniz necədir və bu hadisə Rusiya-Azərbaycan münasibətlərinə necə təsir göstərir?

Cavab: Bununla əlaqədar olaraq bizim Xarici İşlər Nazirliyi bəyanat veribdir. Yəqin ki, siz bunu bilirsiniz. Bu bəyanat hökumətin fikridir, yəni dövlətin fikridir, o cümlədən mənim fikrimdir. Biz bəyanatda buna çox kəskin etiraz etmişik və Rusiyanın Ermənistanı silahlandırmasına, Ermənistanda qırıcı təyyarələrin, raketlərin yerləşdirilməsinə bir daha etiraz etmişik. Azərbaycan-Rusiya münasibətlərini də siz özünüz görürsünüz, hər şey gözünüzün qabağındadır.