\"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Ercan Murat və bu təşkilatın ölkəmizdəki nümayəndələrini qəbul edərkən söhbətindən\" (Prezident sarayı, 30 may 2001-ci il)

BMT-nin Azərbaycandakı təmsilçiliyi 1993-cü ildən fəaliyyət göstərməyə başlayıb. Nümayəndəlik birbaşa Baş katibin təmsilçiliyindən başqa təşkilatın digər strukturlarının, layihələrinin mərkəzləşdirilmiş idarəsi ilə məşğul olur. Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi kimi 1993-1997-ci illərdə Mahmud əl-Səid, Paolo Lembo fəaliyyət göstərib. 1997-ci ildən bu vəzifəni Türkiyədən Ercan Murat yerinə yetirib.

Ercan Muratın 1997-2001-ci illərdəki təmsilçiliyi dövründə Azərbaycanda işğaldan olunmuş ərazilərin minalardan təmizlənməsi, qadın hüquqları, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi münasibətilə tədbirlərin keçirilməsi sahəsində müvafiq fəaliyyət aparılıb.

Azərbaycanda BMT təmsilçisi kimi fəaliyyətinin başa çatması münasibətilə Ercan Murat təşkilatın Azərbaycanda fəaliyyət göstərən digər qurumlarının nümayəndələri ilə birlikdə 30 may 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşüb. Heydər Əliyev görüşündə bir daha BMT TŞ-nin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı məlum dörd qətnaməsini xatırladaraq qurumun onların yerinə yetirilməsinin təmin olunmasında passivlik göstərdiyini qeyd edib. O, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olmasının məsuliyyəti BMT TŞ üzərindən götürmədiyini bildirib. Azərbaycanın dövlət başçısı Ercan Muratdan və görüşdə iştirak edən BMT nümayəndələrindən bütün bu məsələləri BMT rəhbərliyinə çatdırılmasını xahiş edib.

2002-2007-ci illərdə Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi Marko Barsotti olub. \"Yoxsulluğun aradan qaldırılması proqramı\"na uyğun olaraq o, Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il fevralın 1-də Marko Barsottini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezident Marko Barsottinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Ötən dövr ərzində təhsil, səhiyyə və digər humanitar sahələrdə həyata keçirilən layihələrin uğurlu olduğunu xatırladan dövlət başçısı bu əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

2007-ci ildən indiyədək BMT-nin rezident - əlaqələndiricisi fransız Bruno Puezadır. O, öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə 2007-ci il fevralın 27-də təqdim edib. Bruno Pueza Azərbaycanda fəaliyyətə başlamasından məmnun qaldığını bildirib. Bruno Pueza Azərbaycanın böyük potensiala malik olduğunu qeyd edib və BMT-nin rezident-əlaqələndiricisi kimi fəaliyyəti dövründə ölkənin daha da inkişafı üçün bütün imkanlardan istifadə edəcəyini bildirib (http://www.un-az.org/)

2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda qadınlara qarşı zorakılığın azaldılmasına yönəlmiş \"XX əsrdə qadınlara qarşı zorakılıq əleyhinə\" adlı birgə layihə imzalayıblar. Layihəyə Bruno Pueza da imza atıb (http://www.contakt.com/)

Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Bruno Puezanı 2008-ci il fevralın 14-də qəbul edib. Pueza Azərbaycanda gedən inkişafın BMT səviyyəsində böyük maraqla izləndiyini söyləyərək təşkilatın Bakı ofisinin əsas məqsədinin bu proseslərə dəstək verməkdən ibarət olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycanın strategiyası və gələcək inkişaf proqramları barədə məlumatlı olduğunu deyib. Dövlət başçısı Azərbaycanın gələcək inkişafla bağlı yeni proqramlarının olduğunu qonaqların diqqətinə çatdırıb. (http://www.trend.az/)

Tarixi arayış 28 fevral 2008-ci ildə yeniləşdirilib.