Əziz və hörmətli veteranlar!
Mən sizi, Azərbaycan Respublikasının bütün müharibə veteranlarını alman faşizmi üzərində qələbənin 53-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
XX əsrin ən dəhşətli səhifələri olan İkinci dünya müharibəsi və Böyük Vətən müharibəsi bizim üçün çoxlu qurbanlarla başa çatdı. Amma eyni zamanda, bu müharibə dünyada misli görünməmiş qələbə ilə başa çatdı və alman faşizminə qarşı müharibəyə qalxmış xalqlar, ordular 1945-ci ildə tarixi bir qələbə çaldılar. Zaman keçdikcə, illər ötdükcə bu qələbənin mənası, mahiyyəti və tarixi əhəmiyyəti daha da aydın olur, bütün dünya üçün daha da açılır.
Azərbaycan xalqı da İkinci dünya müharibəsində - Böyük Vətən müharibəsində qurbanlar vermişdir. Böyük Vətən rnüharibəsinə Azərbaycandan 600 minə qədər insan cəlb olunmuşdu. Onlardan 300 min Azərbaycan vətəndaşı müharibədə həlak olmuş, geriyə dönməmişdir. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər və alman faşizmi üzərində çalman qələbədə Azərbaycan xalqının da böyük payı vardır. Biz bu gün - Qələbə günü Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən müharibədə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.
Bu gün biz İkinci dünya müharibəsində həlak olmuş, alman faşizminə qarşı vuruşaraq həlak olmuş insanların hamısının xatirəsini yad edirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Çünki bəşəriyyəti faşizmdən xilas etmək tarixi bir qəhrəmanlıq nümunəsidir. Biz bütün həlak olanların xatirəsini həmişə yad etmişik və yad edirik.
Biz bu gün Azərbaycanın qəhrəman oğlu general Həzi Aslanovun qəbrinin önündə toplaşmışıq. İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun qəbri eyni zamanda Böyük Vətən müharibəsində həlak olmuş bütün Azərbaycan övladlarının, Azərbaycan vətəndaşlarının qəbirlərini təmsil edir. Biz qəhrəman general Həzi Aslanovun qəbrinin qarşısında, Böyük Vətən müharibəsində həlak olmuş bütün Azərbaycan övladlarının qəbirləri qarşısında, mübarizlərin xatirəsi qarşısında dərin minnətdarlıq hissi ilə baş əyirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Onların qəhrəman simaları bizim qəlbimizdə daim yaşayacaqdır.
Qələbə günündən 53 il keçibdir. Biz xoşbəxtik ki, bu 53 ili o dəhşətli müharibənin sona çatmasından indiyə qədər yaşamışıq və Azərbaycan xalqı bu illərdə böyük imtahanlardan keçərək nəhayət, öz milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur, indi öz taleyinin sahibidir. Bu gün bizi ən çox sevindirən cəhətlərdən biri də odur ki, Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində qələbə üçün vuruşanların, döyüşənlərin böyük bir dəstəsi indi də bizim sıralarımızdadır. Onlar yaşayırlar, müstəqil Azərbaycanın həyatında, dövlət quruculuğu prosesində, respublikamızda həyata keçirilən müxtəlif proseslərdə fəal iştirak edirlər.
Əziz bacılar, qardaşlar!
Bu gün buraya - bu müqəddəs yerə toplaşan müharibə veteranları, sizlər Azərbaycan xalqının ən mötəbər insanlarısınız, ən hörmətli insanlarısınız. Sizi cəmiyyətimiz, xalqımız həmişə yüksək qiymətləndirib və bu gün də yüksək qiymətləndirəcəkdir. Sizin Böyük Vətən müharibəsindəki rəşadətiniz, şücaətiniz və qələbənin çalınmasındakı xidmətləriniz bütün Azərbaycan xalqının milli, mənəvi sərvətidir.
Əziz bacılar, qardaşlar!
Siz Böyük Vətən müharibəsinin cəbhələrində, döyüşlərdə iştirakınızla, göstərdiyiniz qəhrəmanlıqla, şücaətlə Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut etmisiniz. Siz Azərbaycan xalqının hörmətini ucalara qaldırmısınız. Siz Azərbaycan xalqını dünyaya tanıtmısınız. Sizin döşünüzdəki dövlət ordenləri, medalları, nişanları mənim dediyim bu sözlərə əyani sübutdur. İndi Müstəqil Azərbaycan Respublikasında Böyük Vətən müharibəsinin, İkinci dünya müharibəsinin veteranlarına xüsusi qayğı göstərilir və bundan sonra da göstəriləcəkdir. Siz əmin ola bilərsiniz ki, Azərbaycanın dövləti, Azərbaycanın prezidenti sizin probleminizlə daim məşğul olur və bundan sonra da məşğul olacaqlar. Biz həyatın bu çətin, ağır dövründə bütün imkanlarımızdan istifadə edərək Böyük Vətən müharibəsinin veteranlarına lazımi qayğılar göstərmişik və göstərəcəyik də. Mən bu gün bir daha bəyan edirəm ki, bizim üçün İkinci dünya müharibəsində, faşizmə qarşı aparılan Böyük Vətən müharibəsində iştirak etmiş hər bir şəxs yüksək hörmətə malikdir. Bizim cəmiyyətdə sizin xüsusi yeriniz vardır. Biz heç vaxt sizin xidmətlərinizi unutmayacağıq.
Azərbaycanda ictimai-siyasi vəziyyət dəyişəndən sonra, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra Böyük Vətən müharibəsinin veteranlarına və ümumiyyətlə, ikinci Dünya müharibəsinin qəhrəmanlarına müəyyən bir dövrdə nümayiş etdirilən etinasızlıq və bəzən də hörmətsizlik halları indi aradan götürülübdür. O insanlar ki, müvəqqəti olaraq Azərbaycanda hakimiyyətə gəlmişdilər və Azərbaycanın keçmiş tarixinin hamısını inkar etməyə çalışırdılar, o cümlədən yüz minlərlə Azərbaycan övladlarının Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində, faşizmə qarşı müharibədə tökülən qanını, aldıqları yaraları, verilən qurbanları unutdurmağa çalışırdılar və onlara qarşı hörmətsizlik edirdilər, - artıq bunların hamısı aradan götürülübdür. Sadəcə olaraq, bunlar o dövrün ayrı-ayrı adamları tərəfindən xalqa qarşı hörmətsizlik və deyə bilərəm ki, vəfasızlıqdır.
Siz bilin, bu gün də, müstəqil Azərbaycanın gələcək nəsilləri də sizləri sevəcək, həmişə sizlərə hörmət edib və edəcəklər. Siz bu gün Azərbaycanın həyatında fəal iştirak edirsiniz, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində öz təcrübənizi, biliklərinizi əsirgəmirsiniz. Mən bütün bunlara görə sizə təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, siz, müharibə veteranları Azərbaycanın hörmətli, ağsaqqal insanları bundan sonra da müstəqil Azərbaycanın dövlətçiliyinin qorunmasında, dövlətçiliyin inkişaf etdirilməsində fəal iştirak edəcəksiniz və öz xidmətlərinizi göstərəcəksiniz.
Mən sizə öz hörmət və ehtiramımı bildirirəm. Sizin hamınıza keçmiş xidmətlərinizə görə, Böyük Vətən müharibəsində göstərdiyiniz qəhrəmanlıq nümunələrinə görə, tökdüyünüz qanlara görə bütün Azərbaycan xalqı, dövləti adından təşəkkür edirəm. Sizə bir daha cansağlığı, uzun ömür arzu edirəm. Həyatınızda, gələcək işlərinizdə sizə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun! Qələbə günü mübarək olsun!