\"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin YUNESKO-nun baş direktoru Federiko Mayor cənablarına məktubu\" (3 sentyabr 1997-ci il) sənədinə tarixi arayış

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan YUNESKO 1945-ci il noyabrın 16-da yaranıb. Təşkilatın nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hal - hazırda 191 ölkə bu təşkilatın üzvüdür. İrqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etmək YUNESKO-nun əsas məqsədidir. 1972-ci ildə YUNESKO ümümdünya mədəni və təbii irsin qorunması haqqında konvensiya qəbul edib. (http://www.healt.gov.az/)

Azərbaycan 1992-ci il iyunun 3-də YUNESKO-ya üzv qəbul edilib, 1996-cı ildə isə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən Azərbaycanla YUNESKO arasında əlaqələr inkişaf etməyə başlayıb.

YUNESKO-nun Baş direktoru iki dəfə - 1996-cı ildə Federiko Mayor, 2000-ci ildə Koiiçira Matsura Azərbaycana səfər edib və Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşüblər. Görüşlər zamanı YUNESKO-nun Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafında öz köməkliyini əsirgəməyəcəyi fikri vurğulanıb. Azərbaycan - YUNESKO əlaqələrinin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.(http://www.mfa.gov.az/)

Bu illər ərzində Azərbaycan bu təşkilatın bir sıra konvensiyalarına qoşulub. YUNESKO-nun himayədarlığı ilə Azərbaycanda elm, təhsil, və mədəniyyət sahəsində bir sıra layihələr həyata keçirilib. Bakı şəhərinin tarixi mərkəzi olan İçəri şəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs siyahısına salınıb. Lakin təşkilatın İçəri Şəhərlə bağlı tövsiyələri tam yerinə yetirilmədiyinə görə o, 2004-cü ilin iyulunda YUNESKO-nun təhlükədə olan abidələr siyahısına daxil edilib. 2000-ci ildə Azərbaycanda Beynəlxalq Sülh Mədəniyyəti ili geniş qeyd edilib, Manifest - 2000 adı altında seminarlar, sərgilər, konsertlər təşkil edilib. Azərbaycan muğamları qurumun \"Şah əsərləri\", Qobustan abidələri \"Ümumdünya mədəni irs\" siyahılarına daxil edilib, Azərbaycanda YUNESKO ilə birlikdə təhsilin, mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən beynəlxalq miqyaslı tədbirlər təşkil olunub.(http://www.unesco.org/)

YUNESKO-nun İcra Şurasının 177-ci sessiyasında təşkilat tərəfindən 2008-2009-cu illər üçün əlamətdar tarixlərin qeyd edilməsi məsələsinə baxılıb. Şura Azərbaycanın elm və ədəbiyyat tarixində özünəməxsus yer tutmuş Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileylərinin və Şərq dünyasının ilk operası hesab edilən \"Leyli və Məcnun\"un səhnəyə qoyulmasının 100 illiyinin YUNESKO çərçivəsində qeyd olunması barədə qərar qəbul edilib.(http://www.respublika.news.az/)

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da sürətlə inkişaf etməyə başlayıb.(www. gender-az.org)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il sentyabrın 3-də YUNESKO-nun Baş direktoru Federiko Mayora məktub göndərib. Məktubunda prezident YUNESKO-nun insanların sülh hüququ haqqında Bəyannaməsinin qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab etdiklərini və Bəyannamə layihəsini dəstəklədiyini Baş direktorun diqqətinə çatdırıb və Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyini qeyd edib.

Tarixi arayış 25 yanvar 2007-ci ildə tərtib edilib.