\"NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı\" (Praqa, 22 noyabr 2002-ci il) sənədinə tarixi arayış

Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü ölkələrinin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb.

Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildən qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-də Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan \"Sülh naminə tərəfdaşlıq\" (SNT) sazişini imzalayıb. Həmin səfər zamanı bu proqramın silahlı münaqişələrin dayandırılması və sülh əldə olunmasına böyük təsir göstərə biləcəyi fikri ifadə olunub. SNT sülhyaratma, xilasetmə, minalardan təmizləmə, humanitar əməliyyatlar məqsədilə iştirakçı dövlətlərin silahlı qüvvələrinə yardımı nəzərdə tutur. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün 2002-ci il noyabrın 21-22-də Çexiyanın Praqa şəhərində səfərdə olub.

Zirvə görüşünün ilk iclası Alyansın üzvü olan 19 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə başlayıb. Görüşdə Rumıniya, Bolqarıstan, Latviya, Litva, Estoniya, Sloveniya və Slovakiyanın NATO üzvlüyünə dəvət edilməsi barədə qərar qəbul edilib. Həmin dövlətlər 2004-cü ildən etibarən NATO-nun üzvüdür.

Növbəti gün zirvə görüşü öz işini daha geniş tərkibdə - Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə davam etdirib. İclasda çıxış edən NATO-nun Baş katibi lord Corc Robertson bu təşkilat çərçivəsində əməkdaşlığın XXI əsrin tələblərinə cavab verməli olduğunu bildirib. Baş katib xüsusilə məlum 11 sentyabr hadisələrindən sonra Avroatlantika əməkdaşlığının geniş vüsət aldığını vurğulayıb. NATO-nun Şərqi Avropaya doğru genişlənməkdə olduğunu qeyd edən C. Robertson bu amilin gələcək illərdə yeni qlobal əməkdaşlıq sahələrinin yaranmasına imkan verəcəyi fikrini səsləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycanın NATO ilə tərəfdaşlığı gələcək Avroatlantika təhlükəsizlik sisteminin əsası kimi qiymətləndirdiyini, Alyans ilə tərəfdaşlığa və intensiv ikitərəfli dialoqa səy göstərdiyini vurğulayıb.

Azərbaycanla NATO arasında əməkdaşlığın ən son dövrdə vəziyyəti NATO Baş Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun 2006-cı ilin aprelində Bakıya səfəri ilə daha da aydınlaşıb. Azərbaycan Prezidenti İlham Əliyev onunla görüşündə Şimali Atlantika İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafından razı qaldığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il aprelin 2-4-də NATO sammitində iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olub. Bu sammait NATO-nun yarandığı 59 ildə alyansın ən böyük tədbiri hesab olunur. (www.mediaforum.az). Aprelin 3-də Buxarestin Parlament binasında NATO-nun sammiti çərçivəsində Avroatlantik Tərəfdaşlıq Şurası dövlət və hökumət başçılarının NATO-nun Baş katibi Yaap de Hoop Sxefferin rəhbərliyi ilə işçı naharı olub. Tədbirdə çıxış edən prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafını, ölkənin regionda artan rolunu, Azərbaycanın Avroatlantik strukturlarına inteqrasiya sahəsində əməkdaşlığının genişlənməsini vurğulayıb. (http://www.xebernet.com/)

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident bu münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinin mümkünlüyünü bildirib. Dövlət başçısı həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, Qara dəniz və Xəzər dənizi hövzələrində əməkdaşlıqda fəal iştirak etdiyini də bildirib.

Sammit çərçivəsində İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə, Gürcüstan və Latviya prezidentləri ilə görüşərək fikir mübadilələri aparıb. (http://www.az-customs.net/)

Tarixi arayış 14 may 2008-ci ildə yeniləşdirilib.