İslam Konfransı Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Mərakeşə yola düşərkən Binə hava limanında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin jurnalistlərə müsahibəsi - 12 dekabr 1994-cü il

Heydər Əliyev: Şübhəsiz ki, hər bir Zirvə toplantısı böyük əhəmiyyətə malikdir. Əlbəttə, ATƏM-in Budapeşt Zirvə toplantısının başqa bir istiqaməti, başqa bir məqsədi vardı. Mən oradakı çıxışlarımda da qeyd etdim, sonra müsahibələrimdə də dedim ki, təkcə Avropada yox, ümumiyyətlə, bütün dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin möhkəmlənməsi üçün ATƏM böyük bir təşkilatdır. Ona görə də Budapeşt Zirvə toplantısının ümumdünya əhəmiyyəti var. ATƏM-in bu Zirvə toplantısı xüsusən Azərbaycan üçün çox əhəmiyyətli oldu. Orada respublikamızın vəziyyəti ilə əlaqədar, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qətnamə qəbul edildi və mən əminəm ki, bu qətnamə yaxın vaxtlarda ardıcıl surətdə həyata keçiriləcəkdir.

İndi isə Mərakeşdə İslam Konfransı Təşkilatının Zirvə toplantısı olacaqdır. Bu toplantı da çox böyük əhəmiyyət kəsb edir. Çünki İslam Konfransı Təşkilatının 25 illiyi qeyd ediləcəkdir. Şübhəsiz ki, bu təşkilat yaradılarkən onun üzvləri indiki qədər olmayıbdır. Ancaq bu təşəbbüs İslam ölkələrinin, İslam dünyasının həmrəyliyini və dünyada gedən proseslərin inkişafını təmin etmək üçün çox mühüm bir addım idi. 25 il müddətində İslam Konfransı Təşkilatı böyük yol keçibdir, şübhəsiz ki, onun böyük xidmətləri olubdur. O, dünyada sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi üçün öz töhfələrini verib, öz səylərini göstərib. Bu təşkilata da bizim çox böyük hörmətimiz var.

Mən Mərakeş məliyi ikinci Həsən cənablarının dəvətini çox böyük məmnuniyyət hissi ilə qəbul edərək bu Zirvə toplantısına gedirəm. İslam ölkələri dünyanın böyük bir hissəsini təşkil edibdir. Onların bir milyard nəfərdən artıq əhalisi var. İslam Konfransı Təşkilatı bu ölkələrin ümumi potensialından istifadə edərək həm ümumbəşəri proseslərdə iştirak edir, həm də İslam ölkələrinə məxsus spesifik problemlərin həll olunmasına çalışır. Mən şəxsən hesab edirəm ki, hər bir belə regional təşkilat əhəmiyyətlidir və bu kmi təşkilatların hamısı öz səylərini nəhayət, birləşdirə bilsələr, dünyada sülh daimi olar, əmin-amanlıq, təhlükəsizlik təmin edilə bilər. Ona görə də mən bu Zirvə toplantısına həvəslə gedirəm və şübhəsiz ki, bu toplantıdan çox şey gözləyirəm. Bir də ona görə ki, İslam Konfransı Təşkilatı öz əvvəlki toplantısında da qətnamə qəbul edərək Ermənistanın Azərbaycana təcavüzünü pisləyib, bu barədə beynəlxalq təşkilatlara müraciətlər edibdir. Biz indi də belə bir qətnamənin qəbul olunmasını gözləyirik.

Bildiyiniz kimi, İslam Konfransı Təşkilatına 52 dövlət daxildir. Bu dövlətlərin başçıları ilə müstəqil Azərbaycan bilavasitə əlaqələr yaratması baxımından qarşıdakı konfrans əlverişli fürsətdir. Bizim belə əlaqələrə ehtiyacımız var. Çünki Azərbaycanı bütün dünyada tanıtmaq üçün və Azərbaycanın indiki vəziyyətini bütün dünyaya aşkar etmək üçün hələ çox işlər görmək lazımdır. Daxilimizdə bəziləri belə hesab edirlər ki, həyatımızı, Ermənistanın Azərbaycana təcavüzü məsələsini çoxları elə bizim kimi bilir. Amma əslində belə deyildir. Mənə məlumdur və mən bir çox ölkələrdə olarkən siz də müşahidə etmisiniz ki, respublikamızın başına gələn bəlaları çox yerlərdə ya bilmirlər, ya da onun nə qədər dərin, ümumdünya təhlükəsizliyi üçün, xüsusən Azərbaycanın bu günü və gələcəyi üçün təhlükəli olduğunu dərk edə bilmirlər. Ona görə də qarşıdakı toplantıda biz bu məsələləri açıqlayacağıq və eyni zamanda İslam ölkələrinin başçıları ilə ikitərəfli görüşlərdə də mən bu barədə geniş söhbətlər aparacağam. Bu ikitərəfli görüşlərin Azərbaycan Respublikasının həmin ölkələrlə iqtisadi əlaqələrinin də yaranması və inkişaf etməsi üçün əhəmiyyəti var. Məhz bunlara görə mən bu səfəri çox mühüm bir səfər hesab edirəm. Görək, səfərimiz nə kimi nəticələr verəcəkdir.

\"Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında\", II hissə, Bakı, 2002, səh.369-370.