Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki şəhid ailələri və Qarabağ əlilləri üçün tikilmiş yaşayış binasının istifadəyə verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin nitqi - 1 noyabr 2000-ci il

Əziz qaradağlılar!

Əziz bacılar və qardaşlar!

Əziz gənclər!

Əziz dostlar!

Mən yenidən sizinlə görüşə, Qaradağ rayonuna gəlmişəm. Mən Qaradağ rayonu üçün yaradılmış Sosial-İqtisadi İnkişaf Fondunun hesabına şəhid ailələri, Qarabağ əlilləri üçün tikilmiş evin təhvilində iştirak etmək üçün təxminən bir il bundan əvvəl burada olduğum zaman sizə söz vermişdim ki, əgər bu iş davam edərsə, yenə də sizin yanınıza, görüşünüzə gələcəyəm və biz belə sevinc gətirən hadisəni bir yerdə qeyd edəcəyik, tikilmiş evin təhvil verilməsində iştirak edəcəyəm.

Mən verdiyim sözə sadiqəm, ona görə də bu gün sizin aranızdayam və bundan çox xoşbəxtlik hissi duyuram. Sizin hamınızı, Qaradağ rayonunun bütün sakinlərini səmimi qəlbdən salamlayıram, hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram.

Müstəqil Azərbaycan dövlətinin qarşısında çoxlu vəzifələr durur. Biz onları həyata keçiririk və bu sahədə xeyli nailiyyətlər də əldə etmişik. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, biz Azərbaycanın dövlət müstəqilliyini, xalqımızın milli azadlığını qorumuşuq, saxlamışıq. Müstəqil bir dövlət kimi Azərbaycan inkişaf edir, güclənir və qüdrətlənir.

Qayğılarımız çoxdur. Çünki Azərbaycan müstəqil bir dövlət kimi gəncdir. Biz hamımız Azərbaycanın dövlət müstəqilliyinin bəyan edilməsi ilə əlaqədar qəbul olunmuş Konstitusiya Aktının 9-cu ildönümünü bir neçə gün bundan öncə, böyük iftixar hissi ilə bayram etdik.

Təbiidir ki, doqquz il tarixi nöqteyi-nəzərdən o qədər də böyük bir zaman deyildir. Ancaq bu doqquz ildə Azərbaycan çətin bir sınaqdan keçibdir, çoxlu çətinliklərin qarşısını alıbdır, keçid dövrünün əzab-əziyyətinə dözübdür. Xalqımız torpaqlarımızın müdafiəsi uğrunda vuruşubdur, şəhidlər veribdir. Vuruşanların bəziləri xəsarət alıb, indi əlildirlər.

Bununla yanaşı, bu dövrdə, xüsusən ötən yeddi ildə Azərbaycan bəlalardan xilas olub, inkişaf dövrünə qədəm qoyub və ilbəil irəli gedir.

Doğrudur, indiyə qədər əldə etdiyimiz nailiyyətlər hələlik nə bizi, nə də sizi qane etmir. Ancaq eyni zamanda, əsas həqiqət ondan ibarətdir ki, biz müstəqil ölkəmizdə azad yaşayırıq. Biz insanlar üçün rahat həyat şəraiti yaratmışıq. Biz Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmişik. Biz iqtisadiyyatı inkişaf etdiririk. Biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etməyə çalışırıq, işğal olunmuş torpaqların azad edilməsi yolunda daim gərgin iş aparırıq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün mümkün olan imkanlardan, vasitələrdən istifadə edirik.

Bu gün Azərbaycan dünyada özünə məxsus layiqli yerini tutubdur. Bu, hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bir vətəndaş kimi, Azərbaycanın prezidenti kimi mən iftixar hissi keçirirəm ki, qısa bir zamanda biz bu işləri görə bilmişik və bunlara nail olmuşuq.

Bizim qayğılarımızın içində bir qayğı hamını narahat edir. Bu, torpaqlarımızın müdafiəsində verdiyimiz şəhidlərdir. O şəhidlərin xatirəsi heç vaxt Azərbaycanın tarixindən silinməyəcəkdir. Onların xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaqdır.

Şəhidlər öz canlarını torpaq, vətən yolunda, müstəqil Azərbaycan yolunda qurban ediblər. Onların ailələri xüsusi qayğıya layiqdirlər. Onlara xüsusi qayğı göstərilməlidir və biz bunu edirik.

Azərbaycan torpaqlarının müdafiəsi uğrunda vuruşmuş gənc övladlarımız qəhrəmanlıq, şücaət göstəriblər. Onların qəhrəmanlıq nümunələri bütün Azərbaycan gəncləri, xalqımız üçün örnəkdir, təcrübə mənbəyidir. Ancaq onların bəziləri bu vuruşlarda yaralanıblar, xəsarət alıblar və indi bunun ağrı-acısını çəkirlər. Bəziləri bu səbəbdən istədikləri kimi işləyə bilmirlər, yaxud, ümumiyyətlə iş qabiliyyətini itiriblər. Ona görə də bu insanlara, bizim bu övladlarımıza, Azərbaycanın bu vətəndaşlarına qayğı göstərmək Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir. Bu, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının, hər bir dövlət və ya qeyri-hökumət təşkilatının vəzifəsidir. Çünki şəhidlər vətən uğrunda qurban gediblər. Torpaq uğrunda vuruşub yaralananlar bu yaraları vətənin müdafiəsi uğrunda alıblar. İnsanlar bu yaraları alıblar, şəhid olublar ki, ermənilərin təcavüzünün qarşısı alınsın. Əgər onlar olmasaydı, əgər biz bu müharibəni 1994-cü ildə saxlamasaydıq, indi burda, təkcə burada yox, Azərbaycanın hər yerində belə ruh yüksəkliyi ilə yaşayan insanları bəlkə də görməzdik. Ona görə də bir daha qeyd edirəm, şəhid ailələrinə, döyüşlərdə yaralanmış, xəsarət almış vətəndaşlarımıza qayğı, diqqət hamının borcudur.

Mən çox məmnunam ki, Qaradağ rayonunda bu sahədə görülən bütün işlərlə bərabər, son beş ildə mütəşəkkil fəaliyyət də göstərilibdir. Qaradağ rayonunun sosial-iqtisadi inkişafı üçün fond yaradılıbdır. Bu fond ardıcıl surətdə fəaliyyət göstərib, bir çox işlər görülübdür. Qaradağ rayonunda bir çox abadlıq işləri aparılıb, yollar çəkilib, bəzi körpülər bərpa olunubdur.

Nəhayət, bu fondun fəaliyyəti nəticəsində burada şəhid ailələri, müharibə əlilləri üçün gözəl evlər tikilibdir. Keçən ilin yayında mən məhz buna görə gəlmişdim ki, bu evlərin istifadəyə verilməsində şəxsən iştirak edim. Həmin gün mənim həyatımda ən gözəl günlərdən biri idi. Mən bu gün də bundan ötrü gəlmişəm.

Doğrudur, indi önündə durduğumuz bu ev bir neçə vaxt bundan əvvəl hazır idi. Ancaq hamının arzusu o idi ki, mən bu evin istifadəyə verilməsində iştirak edim. Bu ev də, bundan əvvəl tikilmiş yaşayış evi də, başqa işlər də Qaradağ rayonundan Milli Məclisə seçdiyiniz deputat İlham Əliyevin təşəbbüsü, fəaliyyəti nəticəsində, onun yaratdığı Sosial-İqtisadi İnkişaf Fondunun hesabına olmuşdur.

Mən arzu edərdim ki, bu təcrübə geniş yayılsın. Mən arzu edərdim ki, insanlar bu təcrübədən faydalansınlar. Çünki indi Azərbaycanda çətin şəraitdə yaşayan vətəndaşlarımızla bərabər imkanlı iş adamları, zənginləşmiş insanlar, şəxsi firmaları olanlar vardır. Biz bunu Azərbaycanda bazar iqtisadiyyatının inkişafının nəticələri kimi qiymətləndiririk. Hesab edirik ki, məhz dövlət mülkiyyətini şəxsi mülkiyyətə çevirmək, özəlləşdirmə prosesini aparmaq, sahibkarlara səmərəli iş görmək imkanı yaratmaq vasitəsilə biz iqtisadiyyatımızı inkişaf etdiririk və sosial məsələlərin həll olunması üçün də çox işlər görə bilirik.

İndi dövlətin insanların hamısını yaşayış binaları ilə, yaxud lazım olan bu kimi binalarla və s. ilə təmin etmək imkanı yoxdur. Biz sahibkarlar təbəqəsi yaradırıq, təbiidir ki, onlar iş görürlər, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirirlər. Ancaq bu sahibkarlar anlamalıdırlar ki, biz bu şəraiti yaradaraq, eyni zamanda, onlardan öz vətəndaşlıq borclarını yerinə yetirməyi gözləyirik. Yəni bununla onu demək istəyirəm ki, indi Azərbaycanda çox təşkilatlar var ki, onlar hər bir qəsəbə, rayon üçün bax, bu cür sosial-iqtisadi fond yarada, ondan səmərəli istifadə edə, beləliklə də ağır vəziyyətdə yaşayan insanların həyatını yaxşılaşdıra bilərlər.

Mən bugünkü hadisəni çox əlamətdar bir hadisə hesab edirəm. Bildiyiniz kimi, mənim işim çoxdur, hər gün müxtəlif məsələlərlə məşğul oluram. Amma buna baxmayaraq, mən keçən il sizə verdiyim sözü yerinə yetirmişəm və sizin yanınıza gəlmişəm, tikilən bu evə sizinlə bərabər baxmaq, onun təhvilində iştirak etmək istəyirəm.

Bir daha deyirəm, ölkəmizin, dövlətimizin problemləri çoxdur. Ancaq bir şeyə əmin ola bilərsiniz ki, son yeddi ildə, xüsusən ötən beş il müddətində gördüyümüz işlər və əldə etdiyimiz nəticələr tam əsas verir mən sizə bəyan edim, sizin qarşınızda deyim ki, biz bir dövlət kimi Azərbaycanı aybaay, ilbəil inkişaf etdirəcəyik, respublikamızın problemlərini həll edirik və həll edəcəyik, öz vətəndaşlarımızın həyat şəraitini, güzəranını yaxşılaşdıracağıq. Azərbaycan vətəndaşlarının hamısının firavan həyat səviyyəsinə gəlib çatacağı gün də çox uzaqda deyildir.

Bu məsələlərin həll olunmasında çətinlik yoxdur, buna zaman lazımdır. Ancaq hamımızı narahat edən bir məsələ işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, Ermənistanın təcavüzünə son qoyulması və yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın öz yerinə qayıtmasıdır. Bu, hamımızın arzusudur. Bu, didərgin düşmüş insanların arzusudur. Bu, eyni zamanda, bütün Azərbaycan xalqının arzusudur. Çünki birincisi, torpaqlarımızın bir hissəsi təcavüz altındadır. İkincisi isə, Azərbaycanın hər bir vətəndaşı tək özü haqqında yox, eyni zamanda ağır vəziyyətdə, qaçqın vəziyyətində, çadırlarda yaşayan insanlar haqqında düşünür və düşünməlidir. Azərbaycanın prezidenti kimi mən demək olar ki, gecə də, gündüz də bu işlə məşğulam və bu iş məni düşündürür. Azərbaycan dövlətinin prezidenti kimi mənim indi ayrı heç bir dərdim yoxdur. Çünki mən bilirəm ki, biz bütün məsələləri həll edirik, edəcəyik.

Mənim bir dərdim var ki, o da işğal olunmuş torpaqları azad etməkdən, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz yerlərinə qaytarmaqdan ibarətdir. Ancaq onu da bilməlisiniz ki, bu, çətin, ağır bir işdir. Soruşarsınız, nə üçün? Çünki vaxtilə Azərbaycana - mən xalqı demərəm, xalqımız qəhrəman xalqdır - rəhbərlik edən bəzi şəxslər, təəssüflər olsun ki, xalqı, vətəni, torpağı düşünə, vətənin qorunmasını təşkil edə bilməyiblər və Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağı, sonra isə onun ətrafında olan bir neçə rayonlarımızı işğal ediblər. Onlar torpaqlarımızı işğal etdiklərinə, artıq həmin torpaqlarda oturduqlarına görə, təbiidir ki, məsələnin sülh yolu ilə həll olunması üçün ağır şərtlər qoyurlar. Biz isə istəyirik ki, bu münaqişəni sülh yolu ilə həll edək. Biz onların qoyduqları şərtlərin çox hissəsini qəbul edə bilmərik.

Mən dəfələrlə demişəm, bu məsələni həll etmək üçün həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi müəyyən güzəştlərə getməlidir. Bu danışıqlar davam edir.

Amerika Birləşmiş Ştatlarının çox mötəbər bir nümayəndə heyəti dünən yenə də Azərbaycana gəlmişdi. Onlar bu gün Ermənistana getdilər. Həmin nümayəndə heyəti bu işlə məşğul olur. Bu işlə təkcə onlar yox, bütün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, onun həmsədrləri məşğul olurlar. Əgər bütün beynəlxalq təşkilatlar öz qüvvələrini birləşdirə bilməsələr, bunu həll etmək çətindir. Amma bu münaqişəni sülh yolu ilə həll etmək mümkündür və biz bunu həll edəcəyik.

Bəziləri deyir ki, bizim milli ordumuz olmalıdır. Mən bu gün sizə bəyan edirəm ki, 1994-cü ildə atəşkəs dayandırıldıqdan sonra biz orduda olan hərc-mərcliyə, özbaşınalığa son qoymuşuq. Bizim ordumuz bu illərdə böyüyüb, inkişaf edib, indi böyük qüdrətə malikdir. Hazırda Azərbaycanın güclü ordusu vardır.

Amma biz müharibə yolu ilə getmək istəmirik. Çünki biz inanırıq ki, məsələni sülh yolu ilə həll etmək olar. Biz buna inanırıq. Ordumuzun güclü olması da bu inamı bizdə yaradır. Ona görə də heç kəsdə şübhə olmasın ki, ordumuz istənilən vaxtda Azərbaycan torpaqlarını azad etməyə qadirdir.

Mən bu gün bəyan edirəm ki, bu problem Azərbaycan dövlətinin, prezidentinin əsas problemidir. Biz bunu həll edəcəyik, torpaqlarımızı sülh yolu ilə azad edəcəyik çadırlarda ağır vəziyyətdə yaşayan insanlar öz yerlərinə-yurdlarına qayıdacaqlar. Buna əmin ola bilərsiniz. Bundan sonra Azərbaycanın həyatında böyük, gözəl dəyişikliklər olacaqdır.

Əziz dostlar!

Mən dedim ki, bu gün buraya yalnız sizinlə görüşməyə və burada tikilən gözəl evin istifadəyə verilməsində iştirak etməyə gəlmişəm. Buna görə də sizin vaxtınızı alıb, öz vaxtımı da sərf edib başqa məsələlər haqqında danışmaq istəmirəm. Siz mənim, Azərbaycan dövlətinin həm daxili, həm xarici siyasətini, həm əldə etdiyimiz nailiyyətləri, həm də bizim həll edə bilmədiyimiz məsələləri bilirsiniz. Amma bilin ki, onların hamısı həll olunacaqdır.

Fürsətdən istifadə edib, bir məsələyə də toxunmaq istəyirəm. Bu da qarşıda gələn, noyabrın 5-də keçiriləcək parlament seçkiləridir. Bu işə hazırlıq işləri demokratik şəraitdə gedir və seçkilər demokratik şəraitdə keçəcəkdir. Azərbaycanın prezidenti kimi mən parlament seçkilərinin tam demokratik, tam azad şəraitdə, tam şəffaf keçirilməsi üçün öz üzərimə düşən vəzifələrin hamısını yerinə yetirmişəm və yerinə yetirəcəyəm.

Mən ötən bazar günü Azərbaycanın bütün şəhər və rayon icra hakimiyyəti başçılarını və bir çox nazirləri müşavirəyə dəvət etdim. Orada onların vəzifələri, onların nəyi edib, nəyi etməmələri haqqında kəskin sözlərimi dedim. Onlar seçki prosesinə lazım olan köməyi göstərməlidirlər, ancaq seçki prosesinə müdaxilə etməməlidirlər. Bu, Mərkəzi Seçki Komissiyasının və yerli seçki komissiyalarının işidir. Bu seçki komissiyaları da Azərbaycanda olan bütün siyasi qüvvələri özündə cəmləyibdir. Onların hamısı orada təmsil olunubdur.

İndi Azərbaycanda demokratiyanın, söz azadlığının ən gözəl nümunəsi odur ki, 14 partiyaya seçkidə iştirak etməyə icazə verilibdir, kim istəyirsə, seçkilərdə iştirak edir. Əgər televizora baxırsınızsa, hər bir partiyanın nümayəndəsi çıxış edir, öz sözünü deyir. Onların doğru, yaxud yalan dediyini siz qiymətləndirməlisiniz. Mən heç bir şey demək istəmirəm. Ancaq sadəcə, onu demək istəyirəm ki, bu seçkiqabağı kampaniya Azərbaycanda demokratiyanın varlığını təsdiq edir. Bilin ki, mən və bütün hakimiyyət orqanları çalışırıq və çalışacağıq ki, noyabrın 5-də Azərbaycanda seçkilər tam demokratik, tam aşkarlıq, şəffaflıq şəraitində keçirilsin. Siz, Azərbaycan vətəndaşları isə gərək, öz seçici fəallığınızı göstərəsiniz. Gərək siz seçkilərdə iştirak edəsiniz. Kimə səs verəcəksiniz, onu özünüz bilirsiniz. Amma mən inanıram ki, siz həqiqətə səs verəcəksiniz. Siz sülhə səs verəcəksiniz. Siz iqtisadi inkişafa səs verəcəksiniz. Siz ictimai-siyasi sabitliyə səs verəcəksiniz. Siz Azərbaycanın müstəqilliyinin indiyə qədər möhkəmləndiyi kimi, bundan sonra da möhkəmlənməsi naminə səs verəcəksiniz.

Mən sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm, bu gözəl yaşayış evinin istifadəyə verilməsi münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 2 noyabr 2000-ci il.