Əməkdar incəsənət xadimi, kinorejissor Vaqif Mustafayevə - Bakı şəhəri, 27 avqust 2003-cü il

Hörmətli Vaqif Mustafayev!

Sizi - Azərbaycan kino sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin yaradıcılığınız Azərbaycan kinosu tarixinin unudulmaz səhifələrindən birini təşkil edir. Fitri istedad və bacarığınız sayəsində yaratdığınız kinofilmlərinizlə Siz Azərbaycan xalqının müasir həyatının aktual problemlərinin bədii vasitələrlə əks olunmasında böyük xidmətlər göstərmisiniz. Kinonun geniş imkanlarından bəhrələnərək yaratdığınız obrazlar öz həyatiliyi ilə səciyyələnir. Sizin mahir rejissor və ssenarist kimi formalaşdırdığınız dəst-xəttiniz əsərlərinizə baxan tamaşaçının gözü önündə sanki şəxsiyyətinizi canlandırır. Hələ 1980-ci illərdə çəkdiyiniz filmlərdəki cəsarətli fikirləriniz Sizi sovet kinosunun möhtəşəm nümunələrini yaratmış sənətkarlarla bir cərgəyə qoymuşdur.

Bədii-sənədli film kimi orijinal bir sahədə yaratdığınız əsərləriniz Azərbaycan kinematoqrafında xüsusi yer tutur. Bu filmlərdə dünyada cərəyan edən hadisələrə müasir həmvətənlərimizin gözü ilə nüfuz edərək çıxardığınız məntiqi nəticələriniz tamaşaçıya Sizin yaradıcılığınızı siyasi tariximizin mötəbər bir mənbəyi kimi dəyərləndirmək imkanı yaradır.

Sizin ən müxtəlif kinofestivallar və forumlarda qazandığınız uğurlar və aldığınız mükafatlar əməyinizə verilən yüksək qiymətin ifadəsidir.

İnanıram ki, Siz ömrünüzü həsr etdiyiniz Azərbaycan kinosunun inkişafı, çiçəklənməsi naminə bundan sonra da var gücünüzü əsirgəməyəcək, kino həvəskarlarını yeni əsərlərlə sevindirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılığınızda uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 27 avqust 2003-cü il.