Azərbaycan-İsveçrə münasibətləri

Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə yaradılmışdır. İsveçrə Azərbaycanın müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. Berndəki səfirliyimiz isə 6 oktyabr 2004-cü ildə təsis olunmuşdur.

Azərbaycan ilə İsveçrə arasında siyasi münasibətlər ardıcıl olaraq inkişaf etməkdədir. Hər iki ölkə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə, qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsinə səy göstərir. İsveçrə Səfirliyinin Azərbaycanda açılması ikitərəfli əlaqələrin daha da güclənməsinə yönəldilmiş addım hesab edilir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın səmərəliliyini artırmağın vacibliyini bildirmişlər.

2000-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Davosda keçirilən Beynəlxalq iqtisadi forumun işində iştirak etmiş, səfər çərçivəsində İsveçrə Prezidenti A.Oqi və maliyyə departamentinin rəhbəri (Maliyyə Naziri) K.Villiqerlə görüşmüş, digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmişdir.

29 oktyabr 2000-ci il tarixdə İsveçrə Federal Maliyyə Departamentinin rəhbəri Kaspar Villiqer Azərbaycana səfər etmişdir. Səfər zamanı KasparVilliqer Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Baş Nazir, Maliyyə Naziri və Milli Bankın İdarə heyətinin sədri tərəfindən qəbul edilmişdir.

2 fevral 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Dünya İqtisadi Forumunda iştirakı zamanı İsveçrənin yeni prezidenti Kaspar Villigerlə görüşmüşdür.

12 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya texnologiyaları üzrə sammitdə iştirak etmək məqsədi ilə İsveçrəyə səfər etmişdir.

24-28 yanvar 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrənin Davos şəhərinə etdiyi işgüzar səfəri çərçivəsində İsveçrənin prezidenti xanım M.Kalmi-Reylə ikitərəfli görüş keçirmişdir.

8-9 oktyabr 2007-ci il tarixlərində İsveçrənin Ətraf mühit, Nəqliyyat, Energetika və Rabitə üzrə Federal Departamentinin rəhbəri Moritz Leuenberger Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Moritz Leuenberger Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, müzakirələr aparmışdır.

1 noyabr 2007-ci il tarixində İsveçrə Konfederasiyası Milli Şurasının sədri xanım Kristian Egerszegi-Obristinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Prezidenti tərəfindən qəbul olunmuş, Milli Məclisin sədri, xarici işlər naziri ilə görüşlər keçirmişdir.

23 yanvar 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Davos Ümumdünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrədə işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen ilə görüşmüş, ikitərəfli əlaqələrin və əməkdaşlığın uğurla inkişaf etdirilməsi, ölkələrimiz arasında təmasların genişləndirilməsi imkanlarını müzakirə etmiş və İsveçrəli həmkarını ölkəmizə rəsmi səfərə dəvət etmişdir.

Səfər dövründə Azərbaycan Prezidenti həmçinin, İsveçrə Konfederasiyasının ətraf mühitin mühafizəsi, nəqliyyat, energetika və rabitə departamentinin rəhbəri, Federal Şuranın üzvü Moritz Leuenbergerlə görüşmüş, Avropanın enerji təhlükəsizliyin təmin olunmasında ölkəmizin oynadığı rol barədə fikir mübadiləsi aparmışdır.

29-31 yanvar 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə Davos Ümumdünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrədə işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində yanvarın 29-da Prezident İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merz və xarici işlər naziri M.Calmy-Rey ilə görüşmüş, ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

19 oktyabr 2009-cu il tarixində Azərbaycan Prezidenti İsveçrəyə rəsmi səfərə yola düşmüşdür. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və İsveçrə Prezidenti Hans-Rudolf Merts arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilmişdir. İki ölkə arasında iqtisadi əməkdaşlığın sürətlə inkişaf etdiyini, bu sahədə geniş potensialın olduğunu bildirən Prezident İlham Əliyev güclü siyasi əlaqələrin mövcudluğunu diqqətə çatdırmışdır. Dövlət başçısı qeyd etmişdir ki, enerji sahəsində əməkdaşlıq uğurla gedir, qeyri-enerji sahəsində yaxşı imkanlar vardır və bunu inkişaf etdirmək lazımdır.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İsveçrə Kantonlar Şurasının sədri Alain Berset, enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri Moritz Leuenbergerlə görüşmüşdür. Elə həmin gün Azərbaycan və İsveçrə prezidentlərinin iştirakı ilə Berndə Azərbaycan mədəniyyəti günlərinin açılışı olmuşdur.

2003-cü ildən Azərbaycan-İsveçrə ikitərəfli iqtisadi komissiyası fəaliyyətdədir. Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 2003-cü ildə yaradılmışdır.

16 mart 2006-cı ildə Sürix şəhərində Azərbaycana sərmayələr qoymaq marağında olan İsveçrə şirkətlərinin iştirakı ilə \"İnkişaf edən iqtisadiyyatda yeni biznes imkanları\" adlı investisiya seminarı keçirilmişdir. 14-15 noyabr 2007-ci il tarixində Bakıda Azərbaycan-İsveçrə ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyasının üçüncü iclası keçirilmişdir. Tədbirdə ikitərəfli iqtisadi və ticarət məsələləri müzakirə olunmuşdur, gələcək əməkdaşlıq prioritetləri müəyyən edilmiş və yekun Protokol imzalanmışdır.

İsveçrə erməni təcavüzündən zərər çəkmiş Azərbaycan rayonlarındakı məktəblərin bərpası üçün, eləcə də Bakının su təchizatının yaxşılaşdırılması məqsədilə qrantlar ayırmışdır.

Azərbaycan və İsveçrə öz mədəniyyətlərinin qarşılıqlı olaraq tanıdılması istiqamətində səmərəli əməkdaşlıqda maraqlıdırlar. Elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları iki ölkənin dövlət qurumları arasında müzakirə edilməkdədir. Hər iki ölkə gələcəkdə bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi əzmindədirlər.

Tarixi arayış 5 oktyabr 2009-cu il tarixdə tərtib olunub.