Hörmətli idmançılar!
Xanımlar və cənablar!
Sizi \"Dinamo\" cəmiyyətinin yeni idman kompleksinin açılışı münasibətilə təbrik edirəm. Sizə, bütün idmançılara, \"Dinamo\" cəmiyyətinə Azərbaycanda idmanın inkişafı sahəsində uğurlar arzulayıram.
Azərbaycanda son illər idmanın, bədən tərbiyəsinin inkişafı sahəsində bir çox işlər görülübdür. Dövlət tərəfindən qəbul olunan qərarlar və görülən müxtəlif tədbirlər, Gənclər və İdman Nazirliyinin apardığı əməli işin Azərbaycanın Milli Olimpiya Komitəsinin işinin son vaxtlar canlanması və fəaliyyəti - bunlar hamısı ölkəmizdə idmanın, bədən tərbiyəsinin kütləvi şəkildə inkişaf etməsinə şərait yaradıbdır. Biz bu işlərin artıq əməli nəticələrini görürük. Bunlar hamısı sevindirici haldır.
İdman, bədən tərbiyəsi hər bir insan üçün zəruri olan bir fəaliyyətdir. İdman cəmiyyətdə sağlamlığı təmin edən və cəmiyyətin inkişaf etməsi üçün vacib olan bir amildir. Ona görə də idmanın, bədən tərbiyəsinin inkişafı üçün görülən işlər və gələcəkdə görəcəyimiz işlər bizim dövlət, hökumət siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir.
Məmnunam ki, gənclərimiz və ümumiyyətlə, cəmiyyətdə yaşayan insanlar idmana, bədən tərbiyəsinə maraq, həvəs göstərirlər, idmanla məşğul olurlar. Beləliklə, hər kəs öz sağlamlığını möhkəmləndirir. Bunların hamısı birlikdə Azərbaycanda cəmiyyətin, kütlənin sağlam olması üçün yaxşı imkan yaradır.
Şübhəsiz ki, idman, bədən tərbiyəsi üçün bu münasibətlə yaradılan hər bir müəssisə böyük əhəmiyyət kəsb edir. Güman edirəm, bu gün \"Dinamo\" cəmiyyətinin sərəncamına verilən idman kompleksi də təkcə bu cəmiyyət üçün yox, ümumiyyətlə, ölkəmizdə, Bakıda idmanın, bədən tərbiyəsinin inkişaf etdirilməsinə xidmət göstərəcəkdir.
\"Dinamo\" cəmiyyəti həqiqətən qədim tarixə, ənənələrə malik olan və Azərbaycanda idmanın, bədən tərbiyəsinin inkişafında on illərlə böyük xidmət göstərən bir cəmiyyətdir. Sizin çoxunuz, o cümlədən mən də uzun illər \"Dinamo\" cəmiyyətinin üzvü olmuşuq. Mən həmişə bundan çox xeyir görmüşəm. \"Dinamo\" cəmiyyəti bu gün də öz fəaliyyəti ilə Azərbaycanda idmanın, bədən tərbiyəsinin inkişafına xidmət edir. Ona görə də biz bütün idman cəmiyyətlərinin hamısının işini dəstəkləyirik, hamısının işinin yaxşı olmasını istəyirik və onlara yardım edirik. O cümlədən \"Dinamo\" cəmiyyətinin fəaliyyətini də dəstəkləyirik. Ümid edirəm ki, \"Dinamo\" cəmiyyəti bundan sonra da Azərbaycanda idmanın, bədən tərbiyəsinin inkişafında ön cərgələrdə gedəcəkdir.
Bu gün açdığımız idman kompleksi Bakının ən gözəl bir guşəsində yerləşir. Bunun özü də idmana və xüsusən \"Dinamo\" cəmiyyətinə olan qayğının təzahürüdür. Bakının bulvarı paytaxtımızın ən gözəl bir hissəsidir. Ola bilər, siz artıq bilirsiniz ki, dünən mən Bakı şəhərindəki dənizkənarı bulvara Milli park statusu verilməsi haqqında xüsusi fərman imzalamışam. O, bu gün mətbuatda dərc olunubdur. Mən bu fərmanla Bakı bulvarına Azərbaycanın milli sərvəti kimi Milli park statusu vermişəm.
Fərmanda göstərilibdir - Bakının bulvarı 1909-cu ildə yaradılıbdır və artıq 100 ilə yaxındır ki, həm Bakı sakinlərinə, həm də bütün Azərbaycana xidmət edir. Ancaq biz bu gün onun həm tarixini, həm də əhəmiyyətini qiymətləndirməliyik. Ona görə də bulvarı - Milli parkı qorumalıyıq, mühafizə etməliyik, inkişaf etdirməliyik və onu daha da gözəlləşdirməliyik. Bakı sakinlərinin, Azərbaycan vətəndaşlarının istirahəti, əylənməsi üçün ona daha da yaxşı qulluq etməliyik. Bu baxımdan Bakı bulvarının hər bir kvadratmetri çox qiymətlidir və bundan sonra daha da qiymətli olacaqdır. Mənim imzaladığım fərmanla burada çox işlər görülməlidir, qanunsuz yaradılan qurğular və bulvara uyğun olmayan, müxtəlif vaxtlarda meydana gəlmiş ayrı-ayrı tikintilər ləğv edilməlidir, götürülməlidir. Bulvarın baş planı yenidən işlənib hazırlanmalıdır və Azərbaycan prezidentinin təsdiqinə verilməlidir.
Bulvarın belə bir statusu olduğu və Milli park Azərbaycan üçün bu qədər qiymətli olduğu bir halda onun böyük bir hissəsinin idmançıların fəaliyyəti üçün verilməsi bədən tərbiyəsinə, \"Dinamo\" cəmiyyətinə olan diqqət və qayğıdır. Mən ümid edirəm ki, idmançılar bu qayğını qiymətləndirəcəklər, idman kompleksindən səmərəli istifadə edəcəklər və bu zaman bulvarın, Milli parkın ümumi quruluşunu qoruyub saxlayacaqlar və ona heç bir ziyan verməyəcəklər.
Tikilib yaradılmış idman kompleksi həqiqətən müasir tələblərə uyğundur, cavab verir. Bununla da həm idmançıların fəaliyyəti üçün yaxşı şərait yaradır, həm də bulvarı - Milli parkı müəyyən qədər gözəlləşdirir. Arzu edərdim ki, bu işlərə bundan sonra da diqqət yetirilsin, idman kompleksi nəinki bugünkü vəziyyətində olsun, gələcəkdə daha da təkmilləşsin, gözəlləşsin. Bulvarımız, Milli parkımız daha da zənginləşsin.
İdman kompleksinin tikilməsi təşəbbüsü Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülübdür. Bu obyekt \"Azərsun holdinq\" qrupu tərəfindən inşa olunub və idmançılara təqdim edilibdir. Azərbaycanda fəaliyyət göstərən \"Azərsun holdinq\" qrupu bununla öz xeyriyyəçilik işini də nümayiş etdirir. Bu qrup Azərbaycanda geniş fəaliyyət göstərir. \"Azərsun holdinq\" qrupunun fəaliyyəti barədə verilən məlumatlar bir daha onu göstərir ki, Azərbaycanda özəl sektor inkişaf edir. Azərbaycan dövləti, hökuməti özəl sektorun inkişaf etməsi üçün lazım olan imkanlar yaradır və bundan sonra da yaradacaqdır. Azərbaycana xarici sərmayə gəlir. Xarici investisiyadan istifadə olunması nəticəsində Azərbaycanda bir çox istehsal, məişət, ticarət müəssisələri yaranıb və yaranmaqdadır.
\"Azərsun holdinq\" qrupu respublikamızda bu sahədə yaxşı fəaliyyət göstərir. Mən bunu müsbət qiymətləndirirəm. Onlar \"Dinamo\" cəmiyyəti üçün idman kompleksinin tikilib, hazırlanıb təqdim edilməsi ilə özlərinin Azərbaycana, xalqımıza olan münasibətini nümayiş etdirirlər. Bu da çox təqdirəlayiqdir.
Mən idmançılara arzu edərdim ki, onlar öz fəaliyyətlərini bundan sonra da artırsınlar. İdman Azərbaycanda təkcə insanların, cəmiyyətin sağlamlığının təmin olunması üçün yox, eyni zamanda müstəqil Azərbaycanın dünyada şöhrətinin qaldırılması üçün də çox əhəmiyyətlidir. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra qısa bir zamanda respublikamızın bir çox idmançıları beynəlxalq yarışlarda, olimpiadalarda yaxşı yerlər tutmuşlar və Azərbaycanı tanıtmışlar. Ancaq bunlar hələ azdır.
Güman edirəm ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi əldə olunmuş nailiyyətlər əsasında 1999-cu ildə və gələcək illərdə daha da çox işlər görəcəklər, ölkəmizdə idmanı, bədən tərbiyəsini inkişaf etdirəcəklər və dünya, beynəlxalq miqyaslı yarışlarda, olimpiadalarda daha da yüksək yerlər tutmağa nail olacaqlar. Beləliklə, Azərbaycan xalqının şöhrətini daha da qaldıracaqlar.
Mən bugünkü əlamətdar hadisə münasibətilə sizi bir daha təbrik edirəm. Azərbaycanın idmançılarına və idman sahəsində çalışanların hamısına yeni-yeni uğurlar arzulayıram. Hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edirəm. Hamınıza cansağlığı arzu edirəm. Sağ olun.
\"Azərbaycan\" qəzeti, 29 dekabr 1998-ci il.