Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Xalqına Yeni İl Təbriki - 31 dekabr 2000-ci il

Əziz həmvətənlər!

Bacılar, qardaşlar!

Hörmətli xanımlar və cənablar!

Sizi qarşıdan gələn yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, səadət, ölkəmizə, xalqımıza sülh, əmin-amanlıq, rifah arzulayıram. Biz bəşər tarixinin nadir anlarını yaşayırıq. XX əsr sona çatır, biz XXI əsri, onun birinci ili - 2001-ci ili, üçüncü minilliyi qarşılayırıq.

Biz xoşbəxt adamlarıq ki, çoxəsrlik, çoxminillik bəşər tarixində məhz bu dövrü, bu anları yaşamaq bizə nəsib olubdur.

Təbiidir ki, bu, hər bir insanın üzərinə, hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət qoyur. Biz bu məsuliyyəti dərk edərək, XX əsri sona vurur və XXI əsri qarşılayırıq.

Bu ayın 29-da mən Azərbaycan xalqına müraciət etmişəm və XX əsrdə Azərbaycan xalqının keçdiyi yol, tarixi haqqında bəzi fikirlərimi bildirmişəm. Bir daha qeyd edə bilərəm ki, XX əsr Azərbaycan xalqı üçün böyük nailiyyətlər əsri olubdur.

Faciələrə, itkilərə, məhrumiyyətlərə baxmayaraq, xalqımız XX əsrdə yaşamış, inkişaf etmiş və nəhayət, əsrin sonunda öz arzusuna çatmışdır.

XX əsrin Azərbaycan xalqı üçün ən qiymətli, ən dəyərli hissəsi son illərdir. Azərbaycan xalqının milli azadlığa çıxması, dövlət müstəqilliyini əldə etməsidir. Xoşbəxtik ki, nəhayət, bu arzulara çatmaq bizə nəsib olubdur. Deməli, bizim üzərimizə çox böyük vəzifələr düşür. Bu vəzifələri həyata keçirmək də xalqımızın qarşısında böyük məsuliyyət daşımaq deməkdir. Biz dövlət müstəqilliyimizin 10-cu ilini yaşayırıq. Bu illərdə bütün məhrumiyyətlərə, çətinliklərə, bəlalara, hətta faciələrə baxmayaraq, xalqımız, millətimiz dövlət müstəqilliyini qoruyub, saxlayıb və artıq əbədi, dönməz edibdir. Bu, müstəqil Azərbaycan dövlətinin son illərdə apardığı uğurlu xarici və daxili siyasətin nəticəsində olubdur. Bu, Azərbaycan xalqının əksəriyyətinin müstəqilliyi yüksək qiymətləndirməsi və onun uğrunda çalışmasının nəticəsi olubdur. Ancaq biz bu gün bir həqiqəti də deməliyik ki, Azərbaycanın dövlət müstəqilliyinin indiyə qədər yaşaması və bu səviyyəyə çatması ölkəmizin daxilində olan müxtəlif çətinliklərin aradan qaldırılmasının nəticəsi olubdur.

Buna görə də böyük iftixar hissi ilə demək olar ki, biz bu illər böyük sınaqlardan keçmişik, böyük faciələrin qarşısını almışıq, ancaq sınmamışıq, geri çəkilməmişik, müstəqillik yolu ilə getmişik və Azərbaycanın dövlət müstəqilliyini dönməz etmişik.

Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə gedəcəyi haqqında bəyanatlar vermişdir. Biz bu bəyanatlara sadiq olmuşuq, bu gün də sadiqik.

Azərbaycan xalqı, Azərbaycan dövləti bu illər həqiqətən demokratiya yolu ilə irəliləyib, bazar iqtisadiyyatı prinsipləri əsasında öz iqtisadiyyatını inkişaf etdirməyə çalışıbdır. Bu sahədə bizim nailiyyətlərimiz də var və onlar az deyildir.

Azərbaycanda uğurlu dövlət quruculuğu - hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi gedir. Biz 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyasını qəbul etdik, Milli Məclisə - parlamentə demokratik prinsiplər əsasında ilk seçkilər keçirdik. Ötən beş ildə qəbul olunmuş qanunlar, imzalanmış fərmanlar və başqa dövlət tədbirləri Azərbaycanı müstəqillik yolu ilə, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə uğurla aparmışdır.

Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi, xalqın rifah halının yaxşılaşdırılması üçün düşünülmüş sosial-iqtisadi proqramlar həyata keçirilir. Həyatımızın bütün sahələrində - siyasi sahədə, sosial-iqtisadi sahədə, hüquq sahəsində və bütün başqa sahələrdə aparılan islahatlar bu proqramın əsasını təşkil edir. Məhz bu islahatların həyata keçirilməsi və bundan əldə olunan nəticələr bizim əldə etdiyimiz uğurların əsasını təşkil edir. Ancaq biz bu yolun ilk mərhələsindəyik. Bu mərhələnin nəticəsi, birincisi, ondan ibarətdir ki, biz həqiqətən bütün sahələrdə irəliləmişik. İkincisi, biz tutduğumuz bu yolun, həyata keçirdiyimiz islahatların Azərbaycan üçün bu gün də, gələcəkdə də nə qədər zəruri olduğunu artıq dərk etmişik.

Bütün bunlarla yanaşı, ölkəmizdə hələ həll olunmamış çox problemlər vardır. Hakimiyyət orqanlarının işində nöqsanlar, qüsurlar, çatışmazlıqlar vardır. Ən böyük və eyni zamanda ən ağır, ən çətin problem Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaqdan, Emənistanın təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızı azad etməkdən və bu torpaqlardan zorla çıxarılmış bir milyondan artıq soydaşımızı öz yerinə-yurduna qaytarmaqdan, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etməkdən ibarətdir.

Mən bu gün bütün həmvətənlərimizə, Azərbaycanın bütün vətəndaşlarına bəyan edirəm ki, biz ölkəmiz üçün ən vacib olan bu problemin həll olunması üçün var gücümüzlə çalışırıq. Dünyada mümkün olan bütün imkanlardan istifadə edirik. Altı il bundan öncə atəşkəs sazişi imzalamışıq. Təbiidir ki, bunun əhəmiyyəti böyükdür. Çünki hər bir müharibənin qarşısının alınması, artıq öz-özlüyündə böyük nailiyyətdir. Ancaq nəzərə alsaq ki, o illər gedən bu müharibədə xalqımız çoxlu itkilər, şəhidlər verirdi, qan tökülürdü, uğur əldə etmək əvəzinə, biz ardıcıl surətdə itkilərə məruz qalırdıq, torpaqlarımız işğal olunurdu, onda yəqin ki, hər bir vətəndaşımız bunu qiymətləndirə bilər.

Atəşkəsin əldə edilməsi nə qədər vacib idi! Eyni zamanda ona görə vacib idi ki, biz həm daxildə ictimai-siyasi sabitliyi təmin edək, Azərbaycanın bu ağır bəlalara düşməsində səbəbkar və günahkar olan qüvvələri, maneələri zərərsizləşdirək, ordumuzu möhkəmləndirək, həqiqi milli, qüdrətli ordu yarada bilək, eyni zamanda sülh danışıqları aparmaq üçün daha da əlverişli şərait yaradaq. Biz bunu etdik və hesab edirəm ki, biz doğru yolda olmuşuq, bu gün də doğru yoldayıq.

Sülh danışıqları çətin, ağır gedir. Bunların səbəbləri məlumdur. Ancaq danışıqlar gedir. Bir daha qeyd edirəm ki, Azərbaycan dövləti və Azərbaycanın prezidenti kimi şəxsən mən bu məsələ ilə hər gün məşğul oluruq. Bu məsələ hər an bizim gündəliyimizdədir. Bir Azərbaycan vətəndaşı kimi mən xalqın etimadını qazanaraq Azərbaycan prezidenti olduğuma görə, həm xalqın qarşısında, həm tarix qarşısında, həm də gələcək nəsillər qarşısında öz məsuliyyətimi dərk edirəm. Bu işin ağırlığını, çətinliyini bəlkə də mənim qədər bilən yoxdur. Kənardan baxanlara hər şey asan görünür. Xüsusən, o şəxslərə, o qruplara ki, bu işlərlə heç vaxt məşğul olmayıblar və məşğul olmurlar. Ancaq biz, - bu problemin həll edilməsi üçün çalışanlar, bu işin içində olanlar hər şeyi bilirik. Bəyan edirəm, bildiyimizə görə də sizə deyirəm ki, bu, nə qədər çətindir. Ancaq bu sözlərim heç kəsdə ümidsizlik yaratmasın. Əksinə, mən çox nikbinəm və çox inanıram, əminəm ki, Azərbaycan üçün çox ağır olan bu problemi, məsələni biz həll edəcəyik. Həll edəcəyik, işğal edilmiş torpaqlar azad olunacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. O torpaqlarda viran qalmış, dağıdılmış şəhərlər, kəndlər, evlər, insan yaşayışı üçün lazım olan hər bir şey bərpa ediləcəkdir. Təbiidir ki, bu, bir gündə ola bilməz, bu, çox vaxt aparacaqdır. Ancaq bunların hamısı olacaqdır. Mən buna inanıram.

Keçid dövrü Azərbaycanın vətəndaşları üçün bir çox çətinliklər də yaradıbdır. Hər kəs dərk etməlidir ki, bazar iqtisadiyyatına keçid heç də asan bir iş deyildir. Kimsə bunu yenə də populist fikirlərlə izah etmək istəyirsə və iqtisadiyyatı dərindən bilməyən, ancaq öz şəxsi qayğıları ilə yaşayanlar insanları çaşdırmaq, yoldan çıxartmaq istəyirlərsə, belələri həm o insanlara, həm də bizim müstəqil dövlətimizə xəyanət edirlər. Hər bir məsələ haqqında danışarkən onu bilmək lazımdır.

Bilmək isə yalnız kitablardan, radio və televiziyadan alınan bilgilərlə yox, hər bir işlə məşğul olmaq, onun dərinliklərini anlamaq vasitəsi ilə ola bilər. Biz bunları anlayırıq. Bilirik ki, keçid dövründə vətəndaşlarımızın bir qismi ağır sosial-iqtisadi vəziyyətdədir. Bilirik ki, vaxtilə yaratdığımız böyük sənaye potensialından indi yeni istiqamətdə istifadə olunması ilə əlaqədar işsizlik problemi də yaranıbdır. Biz bunları bilirik. Bunların həll olunması üçün lazımi tədbirlər görürük və bundan sonra da görəcəyik. Ancaq bunların hamısı keçid dövrünün xüsusiyyətləridir. Bəzən kimlərsə deyirlər ki, bu keçid dövrü nə qədər ola bilər? Onlar dünya təcrübəsinə baxsınlar ki, nə qədər ola bilər. Ancaq hər yerdə də eyni müddət ola bilməz. Hərənin öz imkanları, hər ölkənin öz xüsusiyyətləri vardır. Ancaq keçid dövrünün qanunları hamı üçün birdir. Onların həyata keçirilməsi vaxtı isə həm obyektiv səbəblərdən, həm subyektiv səbəblərdən asılıdır.

Subyektiv səbəblər haqqında danışanda, təbiidir ki, biz işimizdə olan nöqsanları etiraf etməliyik. Amma bizim çətinliyimizin əksər hissəsini təşkil edən obyektiv səbəblərdir. Bu gün, bu bayram axşamı bunları sizə çatdıraraq istəyirəm ki, Azərbaycanın vətəndaşları bugünkü həqiqəti daha doğru, daha düzgün bilsinlər və hər biri müstəqil vətənimizin, müstəqil dövlətimizin yaşaması, inkişaf etməsi üçün öz səylərini göstərsin.

Mən bu bayram axşamı tam inamla sizə deyirəm ki, Azərbaycanın çox böyük, xoşbəxt və firavan gələcəyi var. Mən dediyim hər bir kəlmənin məsuliyyətini daşıyıram. Ona görə də bu gün bunları sizə tam inamla deyirəm. Belə gələcəyə nail olmaq üçün isə hamımız bu yolda əl-ələ verib çalışmalıyıq. Bunun üçün həm dövlət, hakimiyyət orqanları daha da yaxşı işləməli, daha da gərgin fəaliyyət göstərməli, nöqsanların, çatışmazlıqların aradan qaldırılması üçün kəskin mübarizə aparmalıdır. Eyni zamanda Azərbaycan xalqı, bizim bütün cəmiyyətimiz, millətimiz bir amal uğrunda çalışmalı, yaşamalıdır. Bu amal da Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, Azərbaycanı daha da güclü, qüdrətli, sosial-iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirmək, xalqımızın hamısının firavanlığını təmin etməkdir.

Bunun üçün, yenə də deyirəm, hamı ümummilli maraqlar ətrafında toplaşmalı, cəmləşməlidir. Azərbaycanda ayrı-ayrı insanların şəxsi məqsədləri, iddiaları, ambisiyaları Ermənistanın ölkəmizə təcavüz etdiyi gündən, yəni 1988-ci ildən sonra daim müşahidə olunubdur. Amma bunların heç birisi Azərbaycan xalqına xeyir gətirməyibdir. Həmin o iddialarla yaşayan insanlara da uğur gətirməyibdir. Əksinə, onları məğlubiyyətə düçar edibdir. Ona görə də tarixdən nəticə çıxarmaq lazımdır, hamı birləşməlidir.

Biz Azərbaycanda vətəndaş cəmiyyəti qururuq. Vətəndaş cəmiyyətinin əsas prinsipləri milli birlik, milli həmrəylikdir, milli mənaôeləri hər şeydən üstün tutmaqdır. Milli mənafelərin təmin olunması üçün isə şəxsi ambisiyalardan uzaqlaşmaq, əl-ələ vermək və ölkəmizi irəliyə doğru aparmaq lazımdır.

Mən inanıram ki, indi cəmiyyətimizdə bu fikirləri dərk edən insanlar əksəriyyəti təşkil edir. Bu əksəriyyət də azlıqda qalanların daha da uğursuzluqlarını sübut edəcəkdir. Mən inanıram ki, Azərbaycan milli birlik, milli həmrəylik səviyyəsinə çataraq, özünün böyük iqtisadi, intellektual potensialından, çox əhəmiyyətli coğrafi-strateji vəziyyətindən daha da səmərəli istifadə edəcəkdir.

Əziz həmvətənlər!

Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızın bayramınızı təbrik edirəm. Bir daha bəyan edirəm ki, mən gələcəyə nikbinliklə baxıram. İnanıram ki, 2001-ci il Azərbaycan xalqının həyatında daha uğurlu il olacaqdır. İnanıram ki, XXI əsr, xüsusən onun ilk illəri Azərbaycanın həyatında böyük müsbət dəyişikliklər dövrü olacaqdır. Mən inanıram ki, vətənimizin böyük gələcəyi naminə, bu böyük işlərdə hamımız əlbir olacaq, birgə çalışacaq və xalqımızı xoşbəxtliyə çıxaracağıq.

Yeni iliniz mübarək olsun!

Yeni əsriniz mübarək olsun!

Yeni minilliyiniz mübarək olsun!

Bu yeni il axşamı hər bir ailəyə, hər bir evə, hər bir vətəndaşa səadət, xoşbəxtlik və şən əhval-ruhiyyə arzulayıram.

Sağ olun. Bayramınız mübarək olsun!

\"Azərbaycan\" qəzeti, 5 yanvar 2001-ci il