Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə səfərini başa çatdırıb vətənə qayıdandan sonra Binə hava limanında jurnalistlərə müsahibəsi - 31 oktyabr 1998-ci il

Heydər Əliyev: Hər şeyi televiziya vasitəsilə görmüsünüz, bilirsiniz. Mənim orada olduğum günlərdə Türkiyə televiziyası bu barədə geniş məlumatlar veribdir, bunlar respublikamızda yayımlanıbdır. Ona görə də əlavə məlumat verməyə ehtiyac yoxdur.

Sual: Cənab prezident, Ankarada Cənab Riçardsonla görüşünüzdə o bildirmişdir ki, \"AMOKO\" şirkəti Bakı-Ceyhan marşrutunun əleyhinə çıxaraq belə hesab edir ki, Bakı - Supsa marşrutu daha əlverişlidir. Sizcə, dövlət başçılarının Ankarada imzaladıqları bəyannamə konsorsium iştirakçılarına təsir göstərəcəkdirmi?

Cavab: Mən bu gün İstanbuldan Bakıya yola düşərkən hava limanında Türkiyə televiziyalarının, qəzetlərinin, digər kütləvi informasiya vasitələrinin çoxsaylı nümayəndələri var idi. Məni Türkiyənin Baş naziri Məsud Yılmaz yola salırdı. Mən hava limanına toplaşmış mətbuat işçiləri qarşısında Türkiyəyə bu səfərimlə, səyahətimlə əlaqədar bəyanat verdim. Sizə də bildirmək istəyirəm ki, mənim bu ziyarətim çox əhəmiyyətli bir səfər idi. Çünki Türkiyə Cümhuriyyətinin 75 illik yubileyini qeyd etmək Türkiyə üçün əziz olduğu kimi, Azərbaycan Respublikası, xalqı üçün də əzizdir. Buna görə də mən, birincisi, həmin yubiley mərasimlərində iştirak etməkdən çox məmnunam.

Türkiyədə Azərbaycana əvvəllər olduğu kimi, indi də daim çox böyük diqqət, qayğı, hörmət göstərilir. Mən bunların hamısını həm hökumət, dövlət, həm də xalq tərəfindən bir daha hiss etdim. Türkiyə xalqının, vətəndaşlarının Azərbaycana böyük diqqəti, marağı və böyük məhəbbəti vardır. Mən bunu əvvəllər də hiss etmişdim. Bu səfər zamanı çox böyük kütləvi mərasimlər keçirildi, orada çoxlu insan iştirak edirdi. Mən bunları gördüm, hiss etdim. Ümumiyyətlə, bu bayramlar çox gözəl keçdi, Türkiyə Cümhuriyyətinin 75 illik həyat yolunu yaxşı göstərdi. Dünyanın 75-dən çox ölkəsindən oraya nümayəndələr, bir çox ölkələrdən dövlət, hökumət başçıları gəlmişdilər. Bunlar hamısı Türkiyənin 75 ildə böyük inkişafını dünyaya bir daha nümayiş etdirdi. Biz Türkiyə ilə dost, qardaş ölkə olaraq bu bayramların belə keçməsinə çox sevinirik. Şəxsən mən çox məmnunam ki, bu tədbirlərin hamısında iştirak etdim.

Bilirsiniz ki, bütün bunlarla yanaşı, orada Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri Bakı-Ceyhan boru xətti haqqında birgə bəyannamə imzaladılar. Bu bəyannaməni Amerika Birləşmiş Ştatlarının enerji naziri cənab Riçardson da imzaladı. Bu da çox tarixi bir hadisədir. Çünki biz 1994-cü ilin sentyabr ayında birinci müqaviləni imzalayandan sonra, həmin müqaviləni imzalayarkən də, hasil ediləcək neftin ən əsas ixrac borusu olaraq Bakı-Ceyhan marşrutunu nəzərdə tutmuşduq. Ancaq bu müddətdə onun əleyhinə çıxanlar, mane olanlar və səmərəsiz olduğunu daim bildirənlər də var idi. Çox vaxt belə bir fikir yaradılırdı ki, Bakı-Ceyhan xətti real bir şey deyil. Ona görə də bırgə bəyannamənin imzalanması bütün bunların hamısına son qoydu və bəyan etdi ki, Bakı-Ceyhan boru xətti yaranacaqdır. Şübhəsiz ki, konsorsiumun üzvlərinin ümumiyyətlə hamısı, çoxu rəqəmlər veriblər və bu rəqəmlərlə belə sübut edirlər ki, guya bu, onların təklif etdikləri digər marşrutdan iqtisadi cəhətdən bir milyard dollar bahadır.

Mən Türkiyəyə getməmişdən bir gün əvvəl konsorsiumun nümayəndələrini qəbul etmişdim, onlarla danışmışdım. Onlar bunu mənə bildirmişdilər. Bu mənə əvvəl də məlum idi. Mən onlara bildirdim ki, bu məlumat o qədər də inandırıcı deyildir. Mən Azərbaycan Dövlət Neft Şirkətinə göstəriş verdim ki, konsorsiumla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə bu rəqəmləri 15 gün müddətində birgə araşdırsınlar və mənə birgə raport versinlər. Mən onu gözləyirəm. Onların verdikləri bu təkliflərə görə də sizin verdiyiniz bu sual meydana çıxır. Onlar bunu özləri üçün iqtisadi cəhətdən səmərəli hesab etmirlər. Ancaq birincisi, bu rəqəmlər hələ araşdırılacaqdır. Çünki onların özləri bir-iki il bundan əvvəl başqa rəqəmlər vermişdilər. İkincisi, Türkiyə ilə Azərbaycan arasında Bakı-Ceyhan boru xəttinin çəkilməsi barədə danışıqlar aparılır. Çünki əgər boru xəttinin məsafə cəhətdən yarısı Azərbaycan, Gürcüstan ərazisindən, - mən yuvarlaq olaraq deyirəm, tutaq ki, Azərbaycan ərazisindən 500 kilometr, təxminən o qədər də Gürcüstan ərazisindən - keçirsə, 1000 kilometri Türkiyə ərazisindən keçir. Ona görə də bu boru xəttinin keçmə şərtləri, onun vergiləri və iqtisadi cəhətdən başqa şərtləri müzakirə olunur. Bu məsələ Azərbaycan ilə Gürcüstan və Azərbaycan ilə Türkiyə arasında müzakirə edilir. Çünki Azərbaycan çıxarılan neftin sahibidir. Biz nefti şübhəsiz ki, konsorsiumla birgə ixrac edəcəyik və indi ixrac edirik. Ona görə də buradan nə qədər qazanc götürəcəyimiz bizim üçün heç də xırda şey deyildir. Əgər konsorsium qazancı itirmək istəmirsə, biz qazancımızı itirməyi ondan da çox istəmirik. Çünki bu boru xətti onların dediyi kimi əgər baha olsa, onun iqtisadi çətinliyi həm onların, həm də bizim üzərimizə düşəcəkdir. Onlar deyirlər ki, guya bizim gəlirimiz azalacaqdır. Yəni \"azalacaq\" deyəndə, nəzərdə tutulduğundan az olacaqdır. Amma bu nə qədər həqiqətdir? Bunlar araşdırılmalıdır. Bunların hamısını nəinki araşdırmaq, həm də bu boru xəttinin yaranması, həm də onun iqtisadi cəhətdən səmərəli olması və ölkəmiz üçün ən əsası - Azərbaycanın nəzərdə tutulan gəlirlərinin əldə edilməsi bizim üçün əsas şərtdir. Bu şərtləri həyata keçirmək üçün danışıqlar aparılır. Azərbaycan Dövlət Neft Şirkəti, Türkiyənin Enerji Nazirliyi və başqa şirkətlər bu danışıqları noyabrın 5-də İstanbulda davam etdirəcəklər. Bunların nəticəsində də bizdə son rəylər, təkliflər olacaqdır. Güman edirəm ki, bunlar hamısı normal olacaqdır.

Sual: Cənab prezident, Ankara bəyannaməsinə Türkmənistanın imza atmamasını necə qiymətləndirirsiniz?

Cavab: Bunu Turkməmstandan soruşun.

Sual: Deyirlər ki, Rusiya Türkiyə və Azərbaycan arasındakı münasibətlərdən qorxuya düşəcəkdir.

Cavab: Rusiya heç bir şeydən qorxmur. Mən inanmıram ki, onlar qorxsunlar.

Sual: Cənab prezident, Sizin fikrinizcə, neft kəməri ilə bağlı bütün işlər hansı müddətə tamamlanar və nəhayət, qərar qəbul edilər?

Cavab: Mən bunun müddətini indi deyə bilmərəm. Artıq elə bir mərhələyə gəlib çatmışıq ki, biz siyasi iradəmizi bildirmişik və bəyannaməni imzalamışıq. İndi biz bunun iqtisadi cəhətini də hazırlayıb, son qərar qəbul etməliyik. Bu, uzun çəkməyəcəkdir.

Sual: Cənab prezident, Türkmənistan prezidenti Saparmurad Niyazov Sizinlə görüşdə bildirmişdir ki, Xəzərin statusu ilə bağlı noyabrın 15-də görüş keçiriləcəkdir. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Saparmurad Niyazovla mənim çox səmimi görüşümüz oldu. Onu bizim televiziya çəkibdir, verəcək, özünüz görəcəksiniz. Görüşümüz çox yaxşı, mehriban oldu. Görüş zamanı belə nəticəyə gəldik, qərar qəbul etdik ki, Azərbaycan və Türkmənistan ekspertləri, Azərbaycan Dövlət Neft Şirkəti, Türkmənistan tərəfindən bu işlə məşğul olan şəxslər, Azərbaycanın və Türkmənistanın xarici işlər nazirləri qısa müddətdə, təxminən 15-20 gün ərzində danışıqlara yenidən başlamalıdırlar. Biz bu mübahisəli məsələləri aradan götürməliyik. Hər halda Saparmurad Niyazov bu görüşdən dərhal sonra mətbuat qarşısında geniş bir bəyanat verdi ki, Türkmənistan ilə Azərbaycan tarixən dost olub, biz dostuq, qardaşıq, bizim dostluğumuza heç kim mane ola bilməz. Kimlərsə bizi bir-birimizlə savaşdırmaq, yaxud küsdürmək istəyirlər. Biz nə küsərik, nə də savaşarıq. Biz dost olacağıq. O, belə sözlər deyibdir, bizim televiziya bunları çəkibdir. Siz bunların hamısını özünüz izləyə bilərsiniz. Biz bunların nəticəsində qərara aldıq ki, yaxın vaxtlarda danışıqlar başlanacaq və o məsələləri həll edəcəyik. Sağ olun.