Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycanın milli qəhrəmanları və Vətənimizin azadlığı uğrunda şəhidlərin ailə üzvləri ilə görüşdə çıxışı - 27 dekabr 1993-cü il

Hörmətli Milli Qəhrəmanlar, hörmətli valideynlər, həmvətənlər, bacı və qardaşlar! Bu gün, Yeni il ərəfəsində biz bu salona Milli Qəhrəmanlarla, həlak olmuş Milli Qəhrəmanların valideynləri ilə görüşə gəlmişik. Bu görüş Azərbaycan vətəndaşlarının, Azərbaycan qəhrəmanlarının ikilliyinə hörmət əlaməti, eyni zamanda həlak olmuş, şəhid olmuş qəhrəmanların xatirəsinə ehtiram əlamətidir. Mən sizinlə görüşməyimdən çox məmnunam, sizə və Azərbaycanın bütün Milli qəhrəmanlarına, şəhid olanların valideynlərinə, hazırda cəbhədə döyüşən əsgər və zabitlərimizə səmimi qəlbdən salamımı yetirir, hamıya hörmət və məhəbbətimi bildirirəm.

Azərbaycan Respublikası altınci ildir ki, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Azərbaycan xalqı, respublikamızın vətəndaşları öz torpaqlarını müdafiə etmək üçün, öz Vətənini, müstəqilliyini və azadlığını qorumaq üçün mübarizəyə qalxmışlar. Bu illərdə xalqımızın uğurları da, məğlubiyyətləri də olmuşdur. Ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan xalqı öz torpağını qorumağa qadirdir. Azərbaycan vətəndaşları bu yolda şəhid olur, xalqa çəkilən dağı dərk edirlər. Mən bütün şəhidlərin, torpaq, Vətən yolunda həlak olanların xatirəsi qarşısında baş əyirəm, onların valideynlərinə, bacı və qardaşlarına, qohum-əqrəbalarına Allahdan səbir diləyirəm.

Bəli, torpaqlarımızın bir qismi əldən getmişdirsə də, xalqımız vuruşur, canından keçir, qəhrəmanlıq nümunələri göstərir. Həmin qəhrəmanların, onların valideynlərinin bir qismi bu salondadır. Ona görə də bu görüş qəhrəmanlarla görüşdür, Azərbaycan xalqının qəhrəmanlığına həsr olunmuş görüşdür. Təəssüf ki, bu illərdə, torpaqlarımızın qorunması etibarlı olmamış, Azərbaycan ərazisinin bir qismi erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir milyona qədər soydaşımız yurdlarından didərgin düşərək qaçqın vəziyyətində yaşayır. Lakin bunların heç biri Azərbaycan xalqının iradəsini sarsıtmamış, qırmamışdır. Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları torpağımızı müdafiə etmək, işğal olunmuş ərazilərin hamısını geri qaytarmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək əzmindədirlər və buna qadirdirlər. Mən tam əminəm ki, biz buna nail olacağıq. Bu ağır və dəhşətli müharibəyə son qoymaq üçün bir çox addımlar atmışıq. Müharibəni qurtarmaq üçün sülh danışıqları aparmaq təşəbbüslərimiz indiyədək nəticə verməmişdir və erməni silahlı qüvvələri indi də Azərbaycanın müdafiə olunan mövqelərinə hücum edir, öz qəsbkarlıq niyyətlərini yenə də həyata keçirmək istəyirlər. Biz məsələnin sülh yolu ilə həll olunması, yəni işğal edilmiş torpaqlarımızın hamısının boşaldılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması tələblərini irəli sürərək beynəlxalq təşkilatlara çox müraciət etmişik. Beynəlxalq təşkilatlar, böyük dövlətlər bu barədə bir neçə qətnamə qəbul etmiş, təşəbbüslər irəli sürmüşlər. Təəssüf ki, bunlar da bir nəticə verməmişdir. Erməni silahlı qüvvələri bunların heç birinə məhəl qoymayaraq yenə torpaqlarımızı işğal etməyə çalışırlar. Ancaq son vaxtlar vəziyyət tamamilə dəyişmişdir. Biz torpaqlarımızı müdafiə edirik və indi yaranmış mövqelərdə silahlı qüvvələrimizi möhkəmləndirərək erməni hərbi birləşmələrinin hücumlarını dəf etməyə çalışırıq. Sizə məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycan Ordusu buna nail olur. Bir aydan artıqdır ki, erməni silahlı qüvvələri Azərbaycan Respublikasının Beyləqan, Ağcabədi, Ağdam, Goranboy rayonlarının və başqa rayonların ərazisində ordumuzun mövqelərinə nə qədər hücum etsələr də heç nəyə nail ola bilmirlər. Onların hücumları dəf olunur, Azərbaycan Ordusunun bölmələri düşmənə layiqli cavab verir, işğalçılar böyük itki verərək geri çəkilirlər. Düzdür, bu, torpaqlarımızın azad edilməsi yolunda hələ böyük bir hadisə deyildir. Ancaq əvvəlki dövrlə müqayisədə onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri möhkəmlənmişdir, torpaqlarımızı qorumağa qadirdir. Bununla da düşmənə bildirir ki, o, öz qəsbkarlıq niyyətlərindən əl çəkməlidir.

Bu döyüşlərdə itkilərimiz də var. Hər gün gedən bu döyüşləri biz aparmırıq. Bunlar ancaq və ancaq erməni silahlı qüvvələrinin hücumu nəticəsində baş verir. Lakin qeyd etdiyim kimi, ordumuzun hissələri torpaqlarımızı etibarlı müdafiə edirlər. Qanlı döyüşlərdə qəhrəman oğullarımız həlak olurlar. Bu da təbii haldır: bir halda ki, müharibə gedir, biz Vətənimizi qorumağa çalışırıq və qorumalıyıq, deməli, bu yolda hər birimiz canımızdan keçməyə hazır olmalıyıq. Şəhidlərin ruhu məni ağrıdır. Həlak olan Azərbaycan vətəndaşlarının surəti hər gün gözümün qarşısına gəlir. Lakin torpağın, Vətənin müdafiəsi hər birimiz üçün ən ülvi, ən uca, ən müqəddəs vəzifədir. Bu müqəddəs vəzifənin yerinə yetirilməsində şəhid olanlar cənnətə gedirlər, onların qəhrəmanlığı xalqın xatirəsində daim yaşayacaqdır.

Bu gün biz burada qəhrəmanlarla, şəhid olmuş igidlərimizin valideynləri, qohum-əqrəbaları ilə görüşərkən onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın bütün vətəndaşları Vətənimizin müdafiəsinə qalxıblar. Bu, çox əlamətdar və təqdirəlayiq bir haldır.

Azərbaycan çoxmillətli respublikadır, çoxmillətli ölkədir. Burada əsrlər boyu bir çox millətlər birgə yaşayıblar, yaşayırlar və bundan sonra da yaşayacaqlar. Bütün millətlərə mənsub olan Azərbaycan vətəndaşlarının hamısı respublikamız üçün doğmadır və Azərbaycan da onlar üçün doğma Vətəndir. Onların hamısı Azərbaycanın bərabör hüquqlu vətəndaşıdır. İftixar hissi ilə qeyd etməliyəm ki, şəhid olanlar, qəhrəmanlıq nümunələri göstərənlər arasında Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri var. Bu gün burada söz alıb danışanların, elə valideynlərin də çıxışları bunu bir daha nümayiş etdirdi. Bu, bizi daha da gücləndirir. Bəli, bu, belədir, belə də olmalıdır. Azərbaycan onun ərazisində yaşayan bütün insanların Vətənidir. Milliyyətnidən, dilindən, dinindən asılı olmayaraq, bütün insanlar eyni hüquqa malikdirlər. Odur ki, hər bir Azərbaycan vətəndaşı da Azərbaycan torpağını doğma torpaq hesab edərək, onun müdafiəsinə qalxmalıdır, onu qorumaq üçün mübarizə aparmalıdır, lazım olarsa canından keçməlidir, şəhid olmalıdır. Məhz şəhid olanlar da var.

Mən bütün Azərbaycan vətəndaşlarına göstərdikləri qəhrəmanlıq nümunələrinə görə, əl-ələ verib Vətənin müdafiəsinə qalxdıqlarına görə təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Azərbaycanın bütün vətəndaşları yekdil olacaq, hamı bir nəfər kimi Azərbaycan torpağını müdafiə edəcək, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlayacaqlar.

Bugünkü görüş, buradakı çıxışlar böyük tərbiyəvi əhəmiyyətə malikdir. Mən məmnunam ki, noyabrın 2-də radio və televiziya ilə xalqa müraciətimdən sonra Azərbaycan Respublikasında hərbi vətənpərvərlik əhval-ruhiyyəsi yüksəlir, vətəndaşların öz torpağını, öz Vətənini qorumaq, öz borcunu, vəzifələrini yerinə yetirmək əzmi möhkəmlənir və bunun nəticəsində ordumuza axın artır, ordumuz güclənir, qüdrətlənir. Bu, belə də olmalıdır. Biz heç vəchlə qəbul edə bilmərik ki, Azərbaycan belə ağır vəziyyətdə olduğu halda onun vətəndaşlarının bir qismi buna biganə qalsın, özünü kənara çəksin, bu şərəfli, müqəddəs işdən boyun qaçırsın. Ötən müddət ərzində çox iş görülüb, ordumuza könüllü olaraq çox adam gəlib. Onların arasında gənclərin sayı xüsusilə çoxdur. Bəli, ordumuz möhkəmlənmişdir. Məhz buna görə də biz erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilirik və onların hələ iki-üç ay bundan qabaq qurduğu planları puça çıxarmağa müvəffəq olmuşuq. Amma bununla yanaşı, təəssüflə deməliyəm ki, elələri də var ki, ordu sıralarına getməkdən boyun qaçırır, cürbəcür bəhanələr tapır, yaxud ordudan fərarilik edir, öz vətəndaşlıq borcunu yerinə yetirmək istəmirlər. Nə gizlədəsən, belələri də var və təəssüf ki, az deyildir. Belə düşünürəm ki, onlar bu gün bu salona toplaşanların, bizim qəhrəmanların və onların valideynlərinin sözlərini dərk etməli və bu yoldan çəkinməlidirlər. Əminəm ki, Milli Qəhrəmanlarımızın, şəhidlərimizin həyat nümunəsi indi ordu sıralarında xidmət etməkdən boyun qaçıranlar üçün və onların valideynləri üçün bir tərəfdən örnək olmalı, digər tərəfdən onlar özləri üçün nəticə çıxarmalıdırlar. Burada şəhidlərin, qəhrəmanların ata-anaları çıxış etdilər. Onların sözləri hər bir vətəndaşın ürəyində, şəxsən mənim qəlbimdə böyük həyəcan hissi, dərin ehtiram, hörmət hissi doğurur. Həm şəhid olanlar, həm də onların valideynləri nə qədər pak, nə qədər vicdanlı insanlardır!

Əsrlər boyu Azərbaycanı məhz belə insanlar, belə oğullar qoruyub saxlayıb, yaşadıb və bu günə gətirib çıxarıblar. Məhz belə insanlar Azərbaycanı bu bəladan qurtaracaq, Vətənimizin yüksəlişini təmin edəcək, Azərbaycanı xoşbəxt gələcəyə aparacaqlar. Əminəm ki, bu gözəl nümunələr bütün Azərbaycan vətəndaşları üçün örnək olacaqdır. Gənclər üçün örnək olmalıdır ki, hər bir gənc Azərbaycan vətəndaşı öz borcunu yerinə yetirməyə hazır olsun və onu layiqincə yerinə yetirsin. Valideynlər üçün örnək olmalıdır ki, onlar bilsinlər övladlarını cürbəcür yollarla, təəssüflər olsun, bəzən də rüşvət verməklə, başqa vasitələrlə ordu sıralarına çağırışdan saldırmaqla, yaxud da uzaqlaşdırmaqla onlar özlərinə, öz mənəviyyatına, Vətənə, xalqa xəyanət edirlər.

\"Vətəndaş\" sözü böyük sözdür, müqəddəs sözdür. \"Vətəndaş\" sözü o deməkdir ki, hər bir vətəndaş öz vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır. \"Vətəndaş\" sözünün mənası bax, budur! Mən istərdim ki, Azərbaycan torpağında yaşayan hər bir vətəndaş bu sözün yüksək və ülvi mənasına layiq olsun.

Bir daha deyirəm, mən bütün gənclərə müraciət edirəm onlar bu gün bu salonda olan qəhrəmanlardan, həyatlarını Vətən yolunda qurban vermiş şəhidlərdən nümunə götürsünlər. Bütün vətəndaşlara, valideynlərə müraciət edirəm - onlar burada çıxış edən valideynlərin və ümumiyyətlə, şəhid oğul və qızlarımızın valideynlərinin münasibətindən özləri üçün nəticə çıxarsınlar.

Ümidvaram ki, belə də olacaqdır. Təəssüf ki, son illər bizdə vətənpərvərlik əhvalruhiyyəsi, Vətənə sədaqət, xalqa sədaqət, Vətən yolunda döyüşmək əhvalruhiyyəsi zəif olmuşdur. İndi isə mən bu sahədə böyük canlanma yarandığını hiss edirəm. Bu, hamımızı sevindirir, hamımıza ruh verir və bizdə böyük nikbinlik yaradır.

Mən bu salondan indi cəbhələrdə öz hərbi xidmətini layiqincə yerinə yetirən əsgərlərimizə, zabitlərimizə, döyüşçülərimizə müraciət edirəm. Sizin adınızdan, öz adımdan onları salamlayıram, üzümüzə gələn Yeni il münasibətilə təbrik edirəm və hamısına müraciətlə deyirəm ki, Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durun, Vətəni qoruyun. Xalq, Vətən sizin şücaətinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır.

Bu gün mən sizin hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram və əmin olduğumu bildirmək istəyirəm ki, xalqımız, gündən-günə möhkəmlənən birlik Azərbaycanı bu bəladan xilas edəcək və biz əminamanlığa çıxacağıq. Həmçinin bildirmək istəyirəm ki, bunlara nail olmaq üçün biz bütün imkanlardan, habelə diplomatik imkanlardan istifadə edirik, sülh danışıqları aparmağa, böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışırıq.

Güman edirəm ki, bunların hamısı birlikdə öz nəticəsini verəcəkdir. Fransada olarkən, bu ölkənin prezidenti Fransua Mitteranla, başqa dövlət xadimləri ilə görüşərkən Azərbaycanın vəziyyəti barədə geniş söhbətlər aparıldı. Fransa ilə Azərbaycan arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə, zənnimcə, beynəlxalq aləmlə respublikamızın mövqelərinin möhkəmlənməsinə çox böyük zəmin yaradır.

Dekabrın 23-24-də Aşqabatda Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının görüşü olmuşdur. Həmin görüşdə biz Azərbaycanın vəziyyəti haqqında ətraflı məlumat verdik və bildiyiniz kimi, mən orada ciddi bəyanatla çıxış etdim. Bu, Müstəqil Dövlətlər Birliyi daxilində Azərbaycan Respublikasına Ermənistanın təcavüzünə qarşı etiraz bəyanatıdır və eyni zamanda müstəqil dövlətlərin hamısını bu məsələnin sülh yolu ilə həll olunmasına çağırış bəyanatıdır. Güman edirəm ki, bütün bu addımlarımız öz nəticəsini verəcəkdir. Amma bununla bərabər, biz müdafiə imkanlarımızı möhkəmləndirir və möhkəmləndirəcəyik. Bir daha bildirirəm ki, biz öz torpaqlarımızı müdafiə edirik, başqalarının torpaqlarına göz dikməmişik, heç bir ölkənin torpağını zəbt etməmişik və etmirik. Ancaq öz torpaqlarımızı, öz ərazimizi azad etmək üçün bundan sonra da lazımi tədbirlər görəcəyik.

Mən sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib, Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa çalışırıq. Mən sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib, Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyik, Azərbaycanın müstəqilliyini, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edəcəyik, ölkəmizdə sülh və əmin-amanlıq şəraiti yaradacağıq. Bunun üçün hamımız daha sıx birləşməliyik, hamımız əl-ələ verməliyik, Azərbaycanın bu ağır günündə, ağır dövründə hamımız bir olmalıyıq.

Bir daha sizin hamınıza bu görüş üçün təşəkkürümü bildirirəm və hamınızı, bütün Azərbaycan vətəndaşlarını birliyə, həmrəyliyə dəvət edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu birliyə, bu həmrəyliyə nail olacağıq, biz qalib gələcəyik, müstəqil Azərbaycan gələcəkdə öz müstəqil inkişaf yolu ilə gedəcəkdir.

Sizin hamınıza cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm. Sağ olun!