Xalq artisti Rasim Ocaqova - Bakı şəhəri, 21 noyabr 1998-ci il

Hörmətli Rasim Ocaqov!

Sizi - muasir Azərbaycan kinemotoqrafıyasının görkəmli nümayəndəsini anadan olmağınızın 65 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan kinosunda gözəl sənət əsərləri yaratmış mahir operator və kinorejissor kimi şöhrət qazanmısınız. Kino sənətinin incəliklərinə dərindən yiyələnərək, siz adları kino tariximizə qızıl hərflərlə yazılmış onlarla kinofilm yaratmısınız. Kinomuzun özünəməxsus ənənələrini ləyaqətlə davam etdirən bu filmlər tamaşaçıların rəğbətini qazanmışdır. Məhz sizing gərgin və məhsuldar əməyiniz sayəsində Azərbaycan kinosunun şöhrəti ölkəmizin hüdudlarından çox-çox uzaqlara yayılmışdır. Çəkdiyiniz kinofilmlər milli-mənəvi dəyərlərimizin təbliğinə verdiyiniz böyük əhəmiyyəti təcəssüm etdirir. Öz məzmun və fikir dolğunluğu, rejissor və operator işinin kamilliyi ilə səciyyələnən əsərləriniz müxtəlif səviyyəli bir çox mötəbər kinofestivalın yüksək mükafatlarına layiq görülmüşdür.

Əminəm ki, böyük sənət yolunda qazandığınız zəngin təcrübədən istifadə edərək müstəqil Azərbaycanımızda kino sənətinin inkişafı və daha da çiçəklənməsi üçün əlinizdən gələni bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni-yeni sənət uğurları arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.