Əziz kəlbəcərlilər!
Əziz bacılar və qardaşlar, həmvətənlər!
Bu gün biz buraya Azərbaycanın Kəlbəcər rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasından dörd il keçməsi ilə əlaqədar toplaşmışıq. Bir il bundan öncə biz belə bir görüş keçirmişdik. O vaxt biz Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra Kəlbəcərin həyatında baş vermiş hadisələr, gedən proseslər və nəhayət, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması haqqında söhbət apardıq. Kəlbəcərlilər o dövr haqqında, Kəlbəcərin işğal olunması ərəfəsi barədə, həmin günlər haqqında öz fikirlərini, bu barədə dəqiq məlumatları çatdırdılar. Demək olar ki, bir il bundan öncə, həmin gün, Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal olunması məsələsinə əvvəlki illərə nisbətən daha çox aydınlıq gətirdilər. Azərbaycan və dünya ictimaiyyətinə daha çox, daha ətraflı məlumat verildi.
Bu gün biz yenidən toplaşmışıq. Ona görə toplaşmışıq ki, Kəlbəcərin müdafiəsi zamanı Vətənimiz, torpağımız uğrunda şəhid olanların xatirəsini yad edək, Ermənistanın Azərbaycana təcavüzünün başlandığı gündən indiyədək Azərbaycan torpaqlarının müdafiəsi uğrunda şəhid olanların xatirəsini yad edək, Azərbaycanın müstəqilliyi uğrunda, o cümlədən 1990-cı ilin Qanlı Yanvar faciəsi günlərində şəhid olmuş soydaşlarımızın xatirəsini yad edək. Eyni zamanda, hüzrlə və matəmlə bağlı bu görüşümüz həm də kəlbəcərlilərin, bütün Azərbaycan xalqının ölkəmizi, respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün həmrəylik və birlik görüşüdür. Çünki biz keçmiş hadisələri, faciələri xatırlayaraq, onlara doğru-düzgün, ədalətli, obyektiv qiymət verərək, eyni zamanda irəliyə baxmalıyıq, bu vəziyyətdən çıxmaq üçün tədbirlər görməliyik, bunun üçün daha sıx birləşməliyik, həmrəy olmalıyıq, əl-ələ verməliyik, keçmişdə buraxılan səhvlərə, xəyanətlərə bundan sonra daha yol verməməliyik.
Hamımız üçün ağır olan bu gündə siz kəlbəcərlilərin arasında olmağımdan, sizinlə görüşümdən çox məmnunam. Sizə öz hörmət və ehtiramımı bildirirəm. Kəlbəcər torpaqlarını qoruyarkən, müdafiə edərkən canlarını qurban vermiş, şəhid olmuş oğullarımızın, qızlarımızın xatirəsi qarşısında baş əyirəm. Allah bütün şəhidlərə rəhmət eləsin! Allah şəhidlərin ailələrinə və xalqımıza səbr versin. Mən əminəm ki, xalqımız, o cümlədən kəlbəcərlilər keçmişi təhlil edərkən ötən günləri dərin müzakirə edərək daha sıx birləşəcək, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olması üçün öz səylərini göstərəcəklər.
Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar rayonu olmaqla bərabər Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər, gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağlan, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini və zənginliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.
Kəlbəcərdə yaşayan insanlar da o gözəl təbiətin, məğrur qayaların, dağların təsiri altında daim cəsur olublar, qəhrəman və rəşadətli olublar. Eyni zamanda zəkalı olublar, elmə, biliyə, mədəniyyətə həmişə çox böyük maraq göstəriblər. Ona görə də Azərbaycanın ucqar və dağlıq rayonu olan Kəlbəcərdə eyni zamanda həmişə yüksək mədəniyyət və yüksək mənəviyyat olmuşdur. Təbiidir ki, Kəlbəcər rayonundan çıxmış adamlar, kəlbəcərlilər Azərbaycanın hər yerində, xüsusən Bakıda ölkəmizin ictimai-siyasi, mədəni, elmi həyatında özlərinə məxsus görkəmli yer tutmuşlar və ölkəmizin inkişafında öz xidmətlərini göstərmişlər.
Bütün bunlara görə Kəlbəcərin dörd il bundan əvvəl işğal edilməsi, düşmən tapdağı alında qalması bizim hər birimizi ağrıdır. Bu, bizim hər birimiz üçün, Azərbaycan xalqı üçün ürək ağrısıdır, böyük dərddir. Şübhəsiz ki, hər bir kəlbəcərli öz evi, ocağı, eli-obası, əcdadlarının qəbirləri, doğma torpağı haqqında düşünür. Xalqımız, dövlətimiz, o cümlədən mən də həm bu barədə, həm də Vətənimizin, ölkəmizin parçalanması dərdi barədə düşünürəm.
Bunların hamısı bir tərəfdən bizim dərdimizi, faciəmizi göstərirsə, ikinci tərəfdən ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqlarımızı azad etmək, o cümlədən Kəlbəcər rayonunu Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək fikrini daha da gücləndirir.
Keçən görüşümüzdə də çox geniş söhbət oldu. Son günlər Azərbaycan televiziyasında o dövrə aid sənədli verilişlər nümayiş etdirilir, mətbuatda yazılar dərc olunur. Kəlbəcərin başına bu faciənin gəlməsinin səbəbləri araşdırılır. Deyə bilərəm ki, keçən görüşümüzdən indiyə qədər, yəni bir il müddətində bu barədə çox iş görülübdür. Bu, lazımdır.
Əvvəlki illərdə bəzi dövlət orqanları və ayrı-ayrı dairələr tərəfindən Kəlbəcərin işğal olunması ilə əlaqədar günahkar adamların və ya buraxılan səhvlərin gizlədilməsi üçün cəhdlər göstərildiyinə görə məsələlər tam açılmamışdı. Digər tərəfdən insanları yalnız öz dərdləri düşündürdüyündən bu məsələlərə o qədər də fikir verilmirdi. Ancaq bu, lazımdır. Keçdiyimiz illərdə baş verənlər tarixdə açıq-aydın öz əksini tapmalıdır. Birincisi, ona görə ki, bu faciənin günahkarları, səbəbkarları aşkar olunmalıdır, ona görə ki, bundan sonra nəinki Kəlbəcərdə, Azərbaycanın heç bir yerində belə xəyanətlər bir daha olmasın, səhvlər buraxılmasın, biz bundan sonra torpaqlarımızı qorumaq üçün daha da etibarlı tədbirlər görək. Eyni zamanda ona görə aşkar olmalıdır ki, xalqımız kimin kim olduğunu bilsin – kim həqiqətən Vətənə sədaqətlə xidmət edibdir, kim isə həmin o dövrdə, Azərbaycanın həyatında ən mürəkkəb proseslərin getdiyi bir vaxtda, Ermənistanın Azərbaycana güclü hərbi təcavüz etdiyi bir dövrdə ümummilli, ümumxalq mənafelərini tapdalayaraq öz şəxsi məqsədləri, şəxsi mənafeləri üçün çalışıb və bunların hamısı böyük faciələrə gətirib çıxarmışdır. Ona görə də mən bu son bir il içərisində bu barədə aparılan işləri, araşdırmaları, təhlilləri, tədqiqatları bəyənirəm və bizim mətbuatın, xüsusən Azərbaycan televiziyasının son günlərdə hazırlayıb geniş tamaşaçı kütləsinə çatdırdığı verilişləri bəyənirəm. Çünki bunlar həqiqətdir. Televiziya olan şeyləri göstərir. Hər kəs özü bundan nəticə çıxara bilər.
Bunları mən bəyənirəm. Güman edirəm, bu işlər davam edəcəkdir. Xalqımızın milli mənafeyini kimliyindən asılı olmayaraq ayrı-ayrı adamların şəxsi mənafelərinə qurban vermək olmaz. Milli mənafeyimiz, xalqın aqibəti bizim üçün hər şeydən əzizdir, hər şeydən üstündür. Kim günahkardırsa, o bilinməli, cəzalanmalı, onun haqqında ölçü götürülməlidir. Əgər indiyə qədər bəzi həqiqi günahkarlar cəzasız qalıblarsa, güman edirəm ki, siz də, hüquq-mühafizə orqanlarımız da bu işləri davam etdirməlidir və Kəlbəcər faciəsinin günahkarlarının hamısı öz cəzasını almalıdır. Cəzanın böyük tərbiyəvi əhəmiyyəti var. Əgər bir insan öz cinayətinə, xəyanətinə görə cəzalanırsa, bu, minlərlə, on minlərlə insanların belə cinayətlərdən xilas olmasına kömək edir, belə cinayətlərə qoşulmamasını təmin edir. Ona görə də cəza tədbirlərini təkcə ayrı-ayrı adamları cəzalandırmaq kimi qəbul etmək lazım deyil, yəni mahiyyəti bundan ibarət deyil.
Qeyd etdiyim kimi, Kəlbəcər Azərbaycan ərazisinin böyük bir hissəsini təşkil edir. 60 min kəlbəcərli öz yer-yurdlarından məhrum olubdur. Əgər bir adamın hüququ tapdalanırsa, bir adamın həyatı pozulursa, bir nəfərə qarşı ədalətsizlik edilirsə, bunun özü günahdır, ədalətsizlikdir. Ancaq 60 min adam-qoca, cavan, körpə, qadın, kişi öz yerindən-yurdundan didərgin düşübdür, qurbanlar verilibdir, qan tökülübdür, insanlar varından-yoxundan məhrum olubdur. Bu, təbii ki, böyük hadisədir.
Mən bu gün eyni zamanda kəlbəcərlilərdə öz xalqına, torpağına nə qədər məhəbbət hissi olduğunu sübut edən, nümayiş etdirən faktları yada salmaq istəyirəm. Bu gün burada yenə dedilər ki, gəlinlər özlərini qayadan atdılar. Bu, Azərbaycan qadınının nə qədər yüksək mənəviyyata, namusa, qeyrətə malik olduğunu sübut edən faktdır. Mən keçən dəfə demişdim, bu gün də deyirəm - Kəlbəcərin Ermənistan işğalından azad olacağı gün gələcək, biz sizinlə Kəlbəcərə qayıdacağıq, orada kəlbəcərlilərin qəhrəmanlığını əbədiləşdirən abidələr yaradılacaq. Lakin ən birinci abidə özünü qayadan atan həmin gəlinlərin abidəsi olmalıdır. Bu abidə qoyulmalıdır.
Sizin hər biriniz varınızdan-yoxunuzdan məhrum olmusunuz. Amma Azərbaycan dövləti, Azərbaycan Respublikası həm də öz sərvətlərindən məhrum olubdur. Kəlbəcərdə zəngin qızıl yataqları var. Təəssüf ki, keçmiş illərdə, yəni 50-ci illərdə bu qızıl yataqlarının axtarılması, qızılın çıxarılması ilə məşğul olmamışdılar. Bu da həmin dövrdə Azərbaycan rəhbərlərinin fərasətsizliyinin, ağılsızlığının, o vaxtlar Azərbaycanda iş başında olan ermənilərin xəyanətinin nəticəsi idi. Kəlbəcər rayonundakı qızıl yataqları guya perspektivli deyildi və onların istismarı iqtisadi cəhətdən səmərəli hesab edilmirdi. Ancaq siz kəlbəcərlilər yaxşı bilirsiniz ki, Ermənistanın Cermuk rayonu ilə bizim Kəlbəcər rayonu arasındakı dağın o tərəfində ermənilər hələ 50-ci illərdən Zod yatağını istismar edir, oradan qızıl çıxarırlar.
Sonra onlar tunel açaraq Azərbaycana aid yataqdan, bizim ərazidən qızıl çıxarmağa başlamışdılar. Bu, təxminən 70-ci illərin sonunda idi. Həqiqət naminə deməliyəm ki, bu barədə ilk dəfə o vaxt Kəlbəcərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş İnqilab Nadirov mənə böyük həyəcanla məlumat verdi. Mən böyük bir komissiya təşkil edib oraya göndərdim, Moskvaya müraciət etdim. Bu sahəyə baxan nazir Lomakonu Azərbaycana dəvət etdim, ciddi danışıqlar apardım, Ermənistanın Zod qızıl mədəninin Azərbaycanda gördüyü işlərin qarşısını aldım. Bildirdim ki, bu işlərlə biz özümüz məşğul olacağıq.
O vaxt mütəxəssislərimizi çağırdım. Onlardan soruşdum ki, nə üçün dağın o tərəfində Ermənistan 20 ildir qızıl çıxarmaqla məşğuldur, amma siz dağın bu tərəfindəki yatağı bağlamısınız ki, bu yatağın istismarının gələcəyi və böyük əhəmiyyəti yoxdur? Bax, həyatımızda belə günahlar və səhvlər də olmuşdur.
O vaxt mən bunun qarşısını aldım. Kəlbəcərdə, Azərbaycanda qızıl mədənlərinin yaranması haqqında lazımi tədbirlər gördüm. Lakin sonra mən Moskvaya getdim. Daha sonra başıma gələn işləri siz bilirsiniz. Bu məsələ sonra öz həllini tapa bilmədi. Ermənistan o vaxtlar qızılı bizim ərazidən gizli olaraq çıxardırdısa, indi Kəlbəcər onların əlindədir. Bizə məlumdur ki, ABŞ və Kanada şirkətləri ilə əlaqə yaradıblar, oradan qızıl çıxarmaqla məşğuldurlar və çoxlu qızıl çıxarıblar.
Görürsünüz, burada artıq söhbət Azərbaycanın milli sərvətlərinin itirilməsindən gedir. Tək budurmu? Burada \"İstisu\" kompleksini yada saldılar. Nə qədər böyük əhəmiyyətə malik olan mineral su mənbəyidir. Siz bunu yaxşı bilirsiniz ki, orada İstisu yeganə mineral su mənbəyi deyil. İnsanların sağlamlığı üçün orada nə qədər əhəmiyyətli mineral su mənbələri var. Onlar əlimizdən gedibdir. Nə qədər gözəl meşələr, otlaqlar vardı. Azərbaycanın aran rayonlarının qoyun sürüləri yay vaxtı Kəlbəcərin otlaqlarına aparılırdı. Yəni iqtisadi nöqteyi-nəzərdən Azərbaycan nə qədər böyük itki ilə üzləşibdir. Burada hər bir insanın, yəni kəlbəcərlinin itkisi var. Eyni zamanda xalqımızın, ölkəmizin böyük sərvətləri əlimizdən çıxıbdır. Ona görə də bu, təkcə kəlbəcərlilərin faciəsi deyil, ümummilli faciədir. Məqsədimiz və vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal olunmuş torpaqlarımızın hamısını erməni silahlı qüvvələrindən təmizləmək və xüsusən də Kəlbəcər rayonunu işğaldan azad etmək, kəlbəcərliləri öz yerlərinə, yurdlarına qaytarmaqdır.
Əminəm ki, buna nail olacağıq. Doğrudur, vaxt keçir. Mən də, siz də bunun tez olmasını istəyirik. Ancaq bilirsiniz ki, torpaqlarımız asanlıqla verilibsə, onu geri almaq nə qədər çətindir.
Siz Kəlbəcərin işğal olunmasının hansı şəraitdə baş verməsi barədə keçən dəfə danışmışdınız, bu dəfə də dediniz. Həqiqətən televiziyada deyildiyi kimi, kəlbəcərlilər silahı, tankı, topu olmayanda belə əllərindəki silahla, çomaqla, başqa nə iləsə 20-30 nəfərlə ermənilərin qarşısını almışlar. Bu, 1918-ci ildə olmuşdur. Şübhəsiz ki, keçən dəfə dediyiniz kimi, televiziyada göstərildiyi kimi, bu gün burada bildirdiyiniz kimi, Kəlbəcər böyük xəyanət nəticəsində verilibdir. Bizim başqa rayonların, ərazilərin əldən getməsi də xəyanət nəticəsində olubdur. Amma Kəlbəcərin əldən getməsi xüsusi xəyanətin nəticəsidir.
Burada danışdınız ki, parlamentin sədri o ağır günlərdə Kəlbəcərə toya gəlmişdi. O zaman toy vaxtı idimi? Ar olsun belə adamlara! Əgər sən Kəlbəcərə gəlmisənsə, respublikanın rəhbərisənsə, sən gedib xalqla görüşməlisən, onun dərdini bilməlisən, Kəlbəcəri qorumaq üçün lazımi tədbir görməlisən. Amma hökumətə rəhbərlik edən bir şəxsin buradan, necə deyərlər, basa-basa Kəlbəcərə toya getməsindən, orada iştirak etməsindən, sərxoşluq etməsindən böyük xəyanət ola bilməz. Bilirsiniz, belə bir insanın xalq arasına çıxmağa haqqı yoxdur - təkcə bu hərəkətinə görə. Burada yalan bir şey yoxdur. Qızğın müharibə gedən vaxtı kim toy edə bilərdi? Toy vaxtı idimi? Qan tökülürdü, insanlar şəhid olurdu, qurban gedirdi. Görün nə qədər mənəviyyatsız, nə qədər düşkün, nə qədər alçaq insanlardır ki, Bakıdan dövlət rəhbəri Kəlbəcərə gedir ki, orada icra hakimiyyəti başçısının toyunda iştirak etsin. Siz hələ dözümlüsünüz, kəlbəcərlilər. Siz gərək çomağınızı götürüb, gedib onun başını əzəydiniz orada, Kəlbəcərdən qovaydınız, deyəydiniz çıx buradan. Sizin də günahınız var. Kəlbəcərlilər həmişə döyüşkən olub, cəsur olublar. Ona xalq qarşısında gərək sual verəydiniz: sən bura niyə gəlmisən? Gəl bizə cavab ver.
Ancaq bunlar olub-keçib. Mən bunlardan həyəcansız, hiddətsiz danışa bilmirəm, öz münasibətimi ancaq bu cür bildirə bilərəm. Bu insanlar dövlətdən, hökumətdən, xalqdan öz məqsədləri üçün istifadə etməkdən ötrü hakimiyyətə gəlmişdilər. Ona görə də onları toy, araq içmək və başqa-başqa çirkin əməllər maraqlandırırdı. Amma Kəlbəcərin aqibəti maraqlandırmırdı. Kəlbəcərin işğalı ilə həmin toy arasında neçə gün fərq vardı? Təqribən bir ay, 40 gün. Fevralın 7-də toy olubdur, aprelin 2-də isə Kəlbəcər işğal edilibdir. Yenə də deyirəm, şübhəsiz ki, kəlbəcərlilər əgər 1918-1919-cu illərdə özləri ermənilərin qabağına çıxdılarsa, qəhrəmanlıqlar göstərdilərsə, deməli, 1993-cü ildə də bunu edə bilərdilər. Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamilə işğal olunduğu halda, Kəlbəcər Azərbaycanın ərazisindən təcrid edilmiş vəziyyətdə yaşaya bilirdisə, deməli, işğal olunmaya bilərdi. Bu, kəlbəcərlilərin dəyanətidir ki, onlar vaxtilə öz torpaqlarını qoruya biliblər. Onlar Kəlbəcəri tərk etmirdilər, oradan getmirdilər.
Şübhəsiz ki, Kəlbəcərin işğalı xəyanətin, cinayətin nəticəsidir. Ancaq yenə də deyirəm, olan olub, keçən keçib. Bizim vəzifəmiz işğal olunmuş torpaqları azad etməkdən ibarətdir. Bir də qeyd etmək istəyirəm ki, torpağı təslim etmək, təhvil vermək asandır, amma geri almaq çox çətindir. Ancaq nə qədər çətin olsa da biz bu işlə gecə-gündüz məşğul oluruq. İndiyə kimi apardığımız və gördüyümüz işlər, tədbirlər göz qabağındadır. Mənim iş günümün əksər hissəsi məhz Azərbaycanın bu vəziyyətdən çıxmasına və birinci növbədə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə, işğal olunmuş torpaqların azad edilməsinə həsr olunubdur. İndiyə qədər hansı işlərin görüldüyü sizə məlumdur. Bunların ən yüksək nəticəsi odur ki, keçən il Lissabon sammitində, ATƏT-in Zirvə görüşündə biz Ermənistan-Azərbaycan münaqişəsi başlayandan indiyə qədər beynəlxalq təşkilatlarda ilk dəfə ən yüksək nailiyyət əldə etdik. Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatına daxil olan 54 dövlətdən 53-ü Ermənistan müstəsna olmaqla, Azərbaycanın ədalətli, haqq işinə səs verdi, Azərbaycanın ərazi bütövlüyü və işğal olunmuş torpaqlarının azad edilməsi barədə əsas prinsipləri qəbul etdi. Bu prinsiplər sizə məlumdur. Birincisi, Azərbaycanın ərazi bütövlüyünün tanınması, ikincisi, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi, üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsidir.
Bilin, səkkiz il davam edən münaqişə şəraitində, beynəlxalq təşkilatlarda məsələnin həll olunması üçün indiyə qədər aparılan işlərdə, bu, əldə edilən ən yüksək nəticədir. Dünyanın hər yerində deyirlər ki, Lissabon sammitinin nəticələri Azərbaycanın böyük qələbəsi oldu. Bilirsiniz ki, indi Ermənistanda əhali öz narazılığını bildirir ki, nə üçün onların dövlət başçısı Lissabonda belə qərarın qəbul edilməsinə yol verdi. Düzdür, Ermənistan bu qərara səs vermədi. Ancaq eyni zamanda Ermənistan belə bir qərarın qəbul edilməsinin qarşısını ala bilmədi.
Mən 2-3 gün bundan qabaq Parisdə idim, Fransanın prezidenti cənab Jak Şirakla görüşüb danışırdım. O, açıqca dedi ki, Lissabon sammiti Azərbaycanın qələbəsidir. Yenə də deyirəm, bu, asan məsələ deyil. Biz qarış-qarış irəliləyirik. Amma məqsədə doğru gedirik. Biz bütün beynəlxalq aləmə sübut etməli idik ki, Azərbaycana qarşı ədalətsizlik edilib. Təsəvvür edin ki, bizim həm torpaqlarımız işğal olunub, həm insanlarımız şəhid olub, həm də Ermənistan tərəfi bütün dünya ölkələrində çox güclü lobbiyə malik olmaqla və çevik hərəkət etməklə elə əhval-ruhiyyə yaratmışdı ki, guya ermənilər günahkar deyil, burada azərbaycanlılar günahkardır. Bu illər ərzində biz həmin fikri dəyişdirmişik. Biz dünya ictimaiyyətində ədalətli fikir formalaşdırmışıq ki, günahkar Ermənistandır, Azərbaycan deyil. Onlar bizim torpaqlarımızı işğal ediblər - biz bunu sübut etmişik.
Bunların nəticəsində Lissabon sammitində belə nəticə əldə etdik. Minsk qrupu 1992-ci ildə yaradılıbdır, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyət göstərir. Lissabon Zirvə görüşündən sonra Minsk qrupuna üç həmsədr müəyyən olundu. Rusiya əvvəldən də var idi. Amma Rusiyadan başqa indi Amerika Birləşmiş Ştatları və Fransa dünyanın üç böyük dövləti Minsk qrupuna həmsədr təyin olunub. Mən bu dövlətlərin başçıları ilə görüşmüşəm, danışmışam. Bu məsələni həyata keçirmək üçün son bir həftə ərzində nə qədər görüşlər keçirmişəm.
Bilirsiniz ki, mart ayının 24-25-də mən Ukraynada oldum. Ukrayna böyük dövlətdir, bizim üçün çox dost və yaxın dövlətdir. Ukrayna ilə Azərbaycan arasında indi çox yaxşı əməkdaşlıq əlaqələri yaranıb. Ukraynanın həm Müstəqil Dövlətlər Birliyində səsi var, həm də Dünya Birliyində səsi var. Orada başqa məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması, torpaqlarımızın azad edilməsi məsələsini də müzakirə etdik. Ukraynanın prezidenti birmənalı olaraq dedi ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir, ərazi bütövlüyü təmin olunmalıdır, Azərbaycanın suveren hüquqları təmin olunmalıdır. Ondan bir gün sonra mən Parisdə oldum. Bilirsiniz ki, yanvar ayında mən Fransanın prezidenti cənab Jak Şirakın dəvəti ilə Parisə getmişdim. Amma iki aydan sonra yenidən Fransada oldum, bu ölkənin prezidenti cənab Jak Şirakla görüşdüm. Çox ətraflı və əhəmiyyətli söhbətimiz oldu. Deyə bilərəm ki, söhbətimizin 90 faizi Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması, məsələnin sülh yolu ilə həll edilməsi problemlərinə həsr olunmuşdu. Orada Fransanın xarici işlər naziri Erve de Şarett ilə ətraflı söhbət etdim. Martın 27-də gecə yarıyadək mən Parisdə oldumsa, martın 28-də səhər saat 10-da Moskvada Rusiyanın baş naziri cənab Çernomırdinlə görüşdüm. Saat 11-də Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin başçılarının görüşü oldu. Bütün günü görüşlərdə, söhbətlərdə iştirak etdim. Müstəqil Dövlətlər Birliyi başçılarının görüşündə də mən bu məsələni, yəni Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məsələsini qaldırdım, bu barədə öz fikirlərimi söylədim, təkliflərimi irəli sürdüm. Ondan sonra axşamçağı Rusiyanın xarici işlər naziri ilə görüşdüm. Ermənistanın prezidenti ilə, Moldovanın yeni seçilmiş prezidenti ilə görüşdüm. Görüşlərimdə bu məsələ diqqət mərkəzində olub.
Martın 29-da Rusiyanın prezidenti cənab Boris Yeltsinlə görüşüm və ətraflı söhbətim olub. Yenə də bu məsələləri müzakirə etmişik. Moskvada keçirdiyim bu görüşlərdə Rusiyanın Ermənistana gizli olaraq döyüş silahları verməsi haqqında məsələ qaldırdım. Bu məsələni Müstəqil Dövlətlər Birliyinin iclaslarında, xarici işlər nazirlərinin görüşlərində, müdafiə nazirlərinin iclaslarında, baş nazirlərin görüşlərində və iclaslarında müzakirə etdirdik. Məcbur etdik ki, müzakirə olunsun. Ermənistan tərəfi buna yol vermirdi. Amma biz nail olduq ki, bu məsələ müzakirə olunsun. Müzakirə olundu və nəhayət, dövlət başçılarının - prezidentlərin görüşündə mən bu məsələni irəli sürdüm və müzakirə edildi. Rusiyanın prezidenti Boris Yeltsin bəyan etdi ki, indi istintaq gedir. İstintaq qurtarandan sonra bu məsələnin müzakirəsinə bir daha qayıdacağıq.
Bilirsiniz ki, Ermənistana 84 ədəd T5-72 tankı, 50 ədəd piyadaların zirehli maşını, ehtiyat hissələri verilibdir. Əgər əvvəllər bunu Ermənistan inkar edirdisə, Rusiyada ayrı-ayrı dairələr bu faktı gizlədirdilərsə, Rusiyanın prezidenti, baş naziri, müdafiə naziri, xarici işlər naziri bu məsələyə ədalətli münasibət göstərdilər. Bizə məlumdur ki, onların icazəsi olmadan bu silahlar Ermənistana verilib. Bu məsələləri biz Moskvada açıq-aydın, aşkarcasına qaldırdıq və sübut etdik ki, bu silahlar verilibdir. İndi onlar istintaq aparırlar və onun nəticəsindən asılı olaraq qərar qəbul edəcəklər. Biz tələb etmişik ki, cinayət törədən adamlar nəinki cəzalandırılsın, verilmiş o silahlar mütləq geri qaytarılsın. Mən orada bəyan etmişəm və televiziya ilə göstərilən mətbuat konfransında müxbirin mənə verdiyi suala cavab olaraq bildirmişəm ki, Rusiyanın prezidenti Boris Yeltsin göstəriş veribdir ki, bu məsələ ilə əlaqədar istintaq aparılsın və nəticəsi sonra müzakirə edilsin.
Mart ayının 28-29-da Moskvada olarkən biz çox səmərəli iş gördük, yaxşı nəticə əldə etdik. Eyni zamanda görürsünüz, biz 1994- cü ildən atəşi dayandırmışıq. May ayında atəşkəsin üç ili tamam olacaq. Mən Moskvada bəyan etmişəm ki, biz bundan sonra da atəşkəs rejiminə riayət edəcəyik və hərbi əməliyyatların yenidən başlanmasına yol verməyəcəyik. Mənimlə bərabər Ermənistan prezidenti Levon Ter- Petrosyan da belə bəyanat verdi və söz verdi ki, onlar da atəşkəs rejiminə əməl edəcəklər. Amma eyni zamanda böyük həyəcan, təəccüb və narahatlıq hissi doğuran budur ki, bu atəşkəs dövründə, yəni 1995-1996-cı illərdə Ermənistan Rusiyadan bu qədər silah alıbdır. Deməli, onlar öz hərbi imkanlarını gücləndiriblər, onlar öz təcavüzkar niyyətlərindən əl çəkməyiblər. Bunu da bizim ictimaiyyət bilməlidir, siz də bilməlisiniz. Bunların da qarşısını almağa çalışırıq. Nəhayət, dünən axşam Fransanın xarici işlər naziri cənab Erve de Şarett buraya gəldi. Siz mənim həyatımı bilirsiniz və bilməlisiniz. Gecə saat 3-ə qədər mən onunla danışıq apardım. Çünki bu gün səhər saat 10-da o, buradan Yerevana getməli idi. Danışığın əsas məqsədi ondan ibarətdir ki, Minsk qrupunun həmsədri olan Fransa ilə Ermənistan arasında tarixən sıx dostluq əlaqələri var. Fransanın prezidenti və xarici işlər naziri ilə danışıqlarda biz çalışırıq ki, onlar Ermənistanla olan tarixi əlaqələrindən istifadə edərək ermənilərə başa salsınlar ki, bu təcavüzkar siyasətin gələcəyi və sonu yoxdur. Biz öz torpaqlarımızın bir qarışını belə heç vaxt Ermənistana verməyəcəyik, - bunu onlar bilməlidirlər. İşğal olunmuş torpaqlarımızın hamısı azad edilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalıdır, - bunu onlar bilməlidirlər. Dünyanın böyük dövlətləri, beynəlxalq ictimaiyyət, Minsk qrupuna həmsədrlik edən dövlətlər bunu artıq dərk edir və bəyan edirlər. Məsələn, Rusiyanın prezidenti Boris Yeltsinlə görüşərkən mən dedim ki, Ermənistan Dağlıq Qarabağa müstəqillik istəyir. Lakin biz buna razılıq verə bilmərik. O da dedi ki, əlbəttə, vermək olmaz. Rusiya da Dağlıq Qarabağa müstəqillik verilməsinə razı ola bilməz.
Bu nailiyyətlər hələ nəticə verməsə də, münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində atdığımız addımlardır və onun müsbət nəticələridir. Biz bu yolla gedirik və bu yolla da gedəcəyik. Üç ilə yaxındır ki, atəş yoxdur. Mən bilirəm, kəlbəcərlilər də, işğal olunmuş, əhalisi zorla çıxarılmış bütün başqa rayonlardan didərgin düşmüş soydaşlarımız - bacılarımız, qardaşlarımız da ağır, çətin vəziyyətdə yaşayırlar. Burada çıxış edən bacım dedi ki, mən kənd adamıyam, kənd təsərrüfatı ilə məşğul olmuşam, indi yaşadığım doqquzuncu mərtəbədə heç bir iş görə bilmərəm. Doğrudur, əkib biçə bilməz, - mən bunu belə başa düşürəm. Mən bu fikirdəyəm. Yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın ağır vəziyyətdə yaşaması gecə-gündüz bizim hamımızı incidir. Bilin ki, bu, mənim ən böyük dərdimdir. Əgər mən gecə saat 3-dək Fransanın xarici işlər naziri ilə danışmışamsa, bu danışıqların təsiri nəticəsində ondan sonra iki saat yata bilməmişəm. Ancaq eyni zamanda, inanın ki, nə mümkündürsə onu edirik və edəcəyik. Bütün son danışıqlarımız məndə çox böyük ümid yaradır ki, bizim tutduğumuz sülh yolu məsələnin həllində müsbət nəticələr verəcəkdir. Hətta Fransada da, başqa yerlərdə də belə fikirlər eşidirəm ki, 1997-ci ildə bu məsələ tamamilə həll olunacaqdır. Minsk qrupunun həmsədrləri bu fikirləri söyləyirlər. Əlbəttə, biz istəyirik ki, məsələ bu gün, sabah həll olunsun. Ancaq 1997-ci ildə biz bu məsələni həll edə bilsək bu, bizim üçün böyük nailiyyət olacaqdır.
Eyni zamanda bunun üçün hərə öz səyini göstərməlidir. Yəni yerindən-yurdundan didərgin düşmüş adamlar daim vətənpərvərlik hissləri ilə yaşamalıdırlar. Vətəni bu ağır vəziyyətdən xilas etmək üçün gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdirsə onu etsin: oturub gözləməsin ki, Azərbaycanın prezidenti var, o bizim torpaqları azad edəcək, biz də öz yerimizə-yurdumuza qayıdacağıq. Mən öz vəzifəmi və məsuliyyətimi bilirəm. Bilirəm ki, xalq qarşısında, sizin qarşınızda böyük öhdəlik götürmüşəm və böyük məsuliyyət daşıyıram. İndi həyatımın yeganə məqsədi bu vəzifəni yerinə yetirmək, bu məqsədə çatmaq, xalqımızı bu vəziyyətdən çıxarmaqdan ibarətdir. Amma bu, tək bir adamın işi deyil. Hərə öz yerində, hərə öz işi ilə bizim bu ümumi işimizi irəliyə aparmağa çalışmalıdır. Ona görə də bizim cəmiyyətdə yaranmış ictimai-siyasi sabitlik, milli birlik hissləri bundan sonra daha da möhkəmlənməlidir. Təxribatçılara, bizim bu işimizə maneçilik törədən adamların hərəkətlərinə yol verilməməlidir, belə cinayətkarların qarşısı alınmalıdır.
Burada siz Surət Hüseynov haqqında dediniz. Görürsünüz, nə qədər böyük cinayətlər etmişdir. Mən heç bilmirdim ki, o, Kəlbəcərdə də cinayətlər etmişdir. Mən bunu bilmirdim. Siz bunu indi açıb deyirsiniz. Ancaq sonra, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsini başlayan günahkarlardan biri o idi. Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Çünki Surət Hüseynov, Rəhim Qazıyev, Xalq Cəbhəsindən bir başqası prezident olmaq istəyirdilər. Ermənistan gəlib bizim torpaqları işğal edib, torpağımız əldən gedib, burada da hərə vəzifə üstündə dava aparır.
Biz o vaxt bunları müəyyən qədər dayandırdıq. Ancaq gördünüz ki, o, həmin çirkin niyyətlərini 1994-cü ilin oktyabr ayında həyata keçirmək üçün dövlət çevrilişinə cəhd göstərdi. Burada nə qədər gizli silahlı dəstələr, silahlar saxlayırdı, - onlar hamısı aşkar edildi. Qaçdı, gizləndi. Biri dedi ki, nə bilim, Surəti orada Rusiyanın hansısa böyük bir adamı gizlədir. Biri dedi o gizlədir, bu müdafiə edir. Burada da ayrı-ayrı cinayətkar adamlar deyirdilər ki, Surət bu gün gələcək, sabah gələcək. Bəli, gəldi. Televiziyadan gördünüz ki, necə gəldi. Onlar bunun başqa cür gəlməyini gözləyirdilər. Amma bu, gəldi. Onu biz gətirdik.
Azərbaycana xəyanət edib, respublikamızdan qaçıb başqa ölkələrdə, şəhərlərdə Azərbaycanın əleyhinə iş görən adamların hamısının aqibəti Surətin aqibətidir. Onların hamısı yaxalanacaqdır, gələcəkdir. Onların hamısı xalq qarşısında cavab verəcəkdir. Ona görə də gərək insanlar bunlardan da özləri üçün nəticə çıxarsınlar. Gərək insanlar nəticə çıxarsınlar, bilsinlər ki, bu yolların heç birisi uğurlu ola bilməz.
Öz torpağında, vətənində xalqına, millətinə sədaqətlə, namusla, şərəflə xidmət et, müstəqil dövlətini möhkəmlətməyə çalış, milli həmrəylik yarat, dövlətlə, hökumətlə, xalqla əlbir ol. Beləliklə, hər bir vətəndaş cəmiyyətimizdə özünə layiq yer tuta bilər - özünə layiq, özündən beş mərtəbə yuxarı yox. Eyni zamanda millətimiz, ölkəmiz, müstəqil dövlətimiz də günü-gündən möhkəmlənə bilər. Mən əminəm ki, Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənəcəkdir. Azərbaycanın müstəqil siyasət aparması artıq dünyada ölkəmizə böyük hörmət qazandırmışdır. Biz dövlət müstəqilliyimizi qoruyuruq, saxlayırıq. Heç bir başqa dövlətin müstəqilliyimizə zərər vuran bir hərəkət etməsinə yol vermirik və bundan sonra da yol verməyəcəyik. Ölkəmizin daxilində sabitliyi pozan adamların hamısının qarşısını almışıq və bundan sonra da alacağıq. Gedib Azərbaycandan kənarda respublikamıza qarşı terror etmək, ayrı-ayrı adamlara, o cümlədən Azərbaycan prezidentinə təxribat etmək istəyən adamların hamısının qarşısını alacağıq, arxayın olun.
İndi Azərbaycanda güclü dövlət var. İndi Azərbaycanda çox gözəl ictimai-siyasi sabitlik yaranıbdır. İqtisadiyyat günü-gündən inkişaf edir. Rüb başa çatdı. Bilin, builki dövlət büdcəmiz keçən ilin noyabr ayında təsdiq edildi. Amma keçmiş Sovetlər İttifaqına mənsub olmuş bir neçə başqa respublikada büdcə indiyədək təsdiq olunmayıb. Büdcəmiz birinci rübdə yerinə yetirilibdir. Ancaq başqa respublikalarda birinci rübdə büdcənin heç 50 faizi də yerinə yetirilməyibdir. İqtisadiyyatımızda xırda-xırda dirçəliş də vardır. İqtisadi islahatlar aparırıq, özəlləşdirmə gedir, torpaq islahatını aparacağıq. Bizim yolumuz bu yoldur, bu yolla gedirik və bu yol da respublikamıza, xalqımıza yaxşı həyat gətirəcəkdir. Mən buna əminəm.
Ona görə də daxili sabitlik bundan sonra da qorunub saxlanmalıdır. Hər bir vətəndaş Azərbaycanın qayda-qanunlarına riayət etməlidir. Xarici ölkələrdə olan düşmənlərimiz artıq bilirlər ki, onların bu hərəkətləri əhəmiyyətsizdir. Kim gəlib təslim olarsa, bəlkə o, öz cəzasını yüngülləşdirər. Kim gəlib təslim olmasa, biz onları Surət kimi tutub, dartıb gətirəcəyik. Buna arxayın olun, hamısı buraya gələcəkdir.
Bizim üçün indi bunların hamısından da üstün vəzifə işğal olunmuş torpaqlarımızı azad etməkdir.
Bunlara da nail olmaqdan ötrü bizim ordumuz gündən-günə güclənməlidir, ordumuz hər bir hadisənin qarşısını ala bilməyə qadir olmalıdır. Mən bu gün bir də bəyan edirəm ki, biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Mən bunu Kiyevdə də, Parisdə də, Moskvada da bəyan etdim, bu gün burada də bəyan edirəm. Ancaq eyni zamanda Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bizim güclü ordumuz olmalıdır. Ordu güclənməlidir, xalqımız orduya yardım etməlidir. Gənclər gedib orduda sədaqətlə xidmət etməlidirlər, hərə öz vətəndaşlıq borcunu, orduda xidmət etmək borcunu verməlidir. Ordunun güclənməsi, inkişaf etməsi Azərbaycan dövlətinin müstəqilliyinin əsas zəmanəti, əsas təminatıdır.
Əziz dostlar, əziz bacılar-qardaşlar, bu gün, bu hüzn, xatirə günü eyni zamanda qarşımızda duran vəzifələrin bir daha yenidən müzakirə edilməsi ilə bağlı oldu. Hesab edirəm ki, bu da təbiidir. Çünki biz bir tərəfdən keçmişi qiymətləndirməli və baş vermiş hadisələr barədə öz dərdimizi, qəmimizi bildirməliyik, amma eyni zamanda gələcəyə baxmalı, nikbin olmalı, xalqımızı yaşatmalı, millətimizi, dövlətimizi inkişaf etdirməliyik.
Mən sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Vətən yolunda şəhid olanlara, Kəlbəcərin müdafiəsi yolunda şəhid olanlara Allahdan bir daha rəhmət diləyirəm. Sizə dözümlülük, dəyanət diləyirəm. Əmin olun ki, biz sizinlə birlikdə qarşımızda duran məqsədlərə nail olacağıq. Çox sağ olun.
* * *
Ehsan mərasimindən sonra kəlbəcərlilərə müraciət
Mən çox məmnunam ki, sizinlə görüşdüm. Allah şəhidlərə rəhmət eləsin. Siz sağ olasınız, möhkəm olasınız və əmin olun ki, Kəlbəcər də azad olacaq, Kəlbəcərə də qayıdacağıq, orada da sizinlə belə oturub yemək yeyəcəyik. Arxayın olun. Sağ olun, salamat qalın.