Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvanda görkəmli rəssam Bəhruz Kəngərlinin muzeyinin açılış mərasimində nitqi - 18 iyun 2002-ci il

Heydər Əliyev: Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Hörmətli xanımlar və cənablar!

Mən iki-üç gündür ki, Naxçıvandayam. Doğrusu, təsəvvür edə bilməzdim ki, mənə belə bir imkan yaranacaqdır. Çünki Naxçıvana gəlmək məsələsi ortaya çıxanda, birinci növbədə, Olimpiya İdman Kompleksinin açılışı haqqında söhbət getdi. Ancaq başqa planlar hələ gündəlikdə deyildi. Sonra isə mən Naxçıvana gəlmək haqqında qərar qəbul edərkən, düşündüm ki, bir çox başqa işlər də var, onlarda da iştirak etmək lazımdır, insanlarla daha çox görüşmək lazımdır. Naxçıvanın torpağı - daşı, havası, səması hamısı mənim üçün əzizdir. Mən bunlardan ötrü darıxıram. Amma bunlardan da çox naxçıvanlılar üçün darıxıram.

Dünyada insanlar müxtəlifdir. Dövlət xadimləri də, siyasi xadimlər də, alimlər də, yazıçılar da, cürbəcür sənət sahibləri də müxtəlifdir. Az olar ki, onlar bir-birinə bənzəsinlər. Bu da təbiidir, belə olmalıdır. Ona görə hər bir insanın özünəməxsus xüsusiyyətləri var. Əgər insan doğrudan da öz xüsusiyyətləri ilə xalqına, millətinə, Vətəninə daha çox fayda gətirə bilərsə, daha çox iş görə bilərsə, əlbəttə, onda bu xüsusiyyətləri qiymətləndirmək və qoruyub saxlamaq lazımdır.

Mənim həyatımın böyük tarixi var. Bunu bilirsiniz. Müxtəlif dövrlərdə mənim həyatım üçün yaranmış vəziyyətlər və mənim gördüyüm işlər var. Hamısı eyni deyil, hərəsinin öz yeri var. Ancaq mənim üçün hamısı qiymətlidir. Ola bilər, içimdən, kökümdən gələn, genetik quruluşumdan gələn bir şeydir ki, mən doğulduğum, yaşadığım torpağı həmişə, gənclik dövrümdən o qədər sevmişəm ki, hər dəfə bu torpağı, bu yeri, bu insanları xatırlayanda düşünürəm ki, bunlar mənim üçün hamısından əzizdir.

Naxçıvana gəlişim məndə çox müxtəlif hissiyyatlar yaradır. Bunların sevindirici cəhətləri də var, məyusedici cəhətləri də var. Ancaq əgər hamısını birlikdə götürsəm, görürəm ki, bu hissiyyatların çoxu mənim üçün, birincisi, əziz olubdur və mənim həyatımda öz rolunu oynayıbdır. İkincisi də, nə qədər uzaq dövrdən olsa da, mənimlə yaşayıb və yaşayır.

Ona görə də mən fıkirləşdim ki, Naxçıvana gələrkən bir az sərbəst imkanım da olsun, insanlarla görüşüm, söhbət edim, keçmiş günləri yadımıza salaq. Çox planlarım var idi. Onun hamısını yerinə yetirə bilmirəm. Deyirəm, bəlkə gedim çayxanada oturum – vaxtilə, 1990-cı illərdə mən burada müxtəlif adamlarla çayxanada oturmuşam - yaxud bazara gedim. Mənim bu xasiyyətim həmişə var, bazara gedirəm. Çünki bazar həmişə hər bir yerin müəyyən qədər aynasıdır. İndi go-rum, əgər mümkün olsa, bunları edəcəyəm. Amma edə bilməsəm də, bunlar ürəyimdə qalacaq ki, gələn dəfə edim.

Biz dünən çox səmərəli iş gördük. Azərbaycan ordusunun Naxçıvandakı hissəsi ilə şəxsən məşğul oldum. Artıq televiziyadan, mətbuatdan bilirsiniz ki, Şahbuz rayonunda yeni bir hərbi hissə yaranıbdır, fəaliyyət göstərməsi üçün hərbi şəhərcik tikilibdir. Mənə Vasif Talıbov bu barədə məlumatlar verirdi. Mən də bunu dəstəkləyirdim. Ancaq dünən oraya getdim və gördüklərim məni çox sevindirdi. Bu məsələni indi geniş izah etmək istəmirəm. Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsi təkcə naxçıvanlıların işi deyil, təkcə Naxçıvanda yaşayanların, Naxçıvanda yerləşdirdiyimiz hərbi hissələrin işi deyildir. Bu bizim ümumi işimizdir. Millətimizin, Azərbaycan dövlətinin ən böyük işlərindən biridir.

Ümumiyyətlə, müstəqil ölkənin hərbi qüdrətini inkişaf etdirmək və hər bir hadisənin vaxtında qarşısını almaq üçün təminat yaratmaq dövlətin əsas vəzifələrindən biridir. Təəssüflər olsun ki, bizim müstəqil dövlətimiz yaranmamış Azərbaycanı yaraladılar, ermənilər torpaq iddiası ilə çıxış etdilər. Onların qarşısı alınmadı. Sonra bu, müharibəyə çevrildi və Azərbaycan xalqı böyük itkilər verdi. Torpaqlarımızın bir qismi işğal olundu. İşğal olunmuş torpaqlardan zorla çıxarılmış bir milyon adam neçə illərdir ki, ağır vəziyyətdə çadırlarda yaşayırlar. Belə bir vəziyyətdə olan respublika Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bütün imkanlardan istifadə edərək, eyni zamanda, ölkənin ümumən müdafiəsini, müdafiə potensialını yüksəltməlidir. Dövlət başçısı kimi, mən daim bu işlə məşğul oluram və indi yaxşı nəticələrini görürəm.

Dünən Şahbuz rayonunda yeni hərbi şəhərcikdə hərbçilərlə görüşüm, onların nümayiş etdirdikləri bəzi silah növləri, əsgərlərin həqiqi Azərbaycan əsgəri kimi yeriməsi, durması, Azərbaycanın himnini öz səsləri ilə oxumaları - bunlar hamısı məndə o qədər böyük hissiyyatlar yaratdı ki, düşündüm -bəli, bizim gördüyümüz işlər nəticə verir.

Mən oradan dönəndən sonra Naxçıvan Muxtar Respublikasında olan bütün hərbi hissələrin komandirləri ilə üç saat müşavirə keçirdim. Müdafiə nazirini dinlədim, Naxçıvan qarnizonunun komandanı general-leytenant Mustafayevi dinlədim, digər zabitləri dinlədim. Yəni mənə lazım idi ki, buradakı vəziyyətin nə cür olduğunu özüm biləm. Mən müşavirədən, onun nəticələrindən çox razı qaldım. Hiss etdim ki, bəli, bizim buradakı hərbi hissələrimiz öz vəzifələrini bilirlər, Naxçıvan Muxtar Respublikasını hər an qorumağa qadirdirlər Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan ərazimizin parçalanması nəticəsində ağır vəziyyətdə olduğu halda, bizim buradakı ordu hissələrimiz yaxşı səviyyədədirlər. Ancaq mən onların qarşılarında vəzifələr də qoydum. O vəzifələri yerinə yetirmək üçün onlara yardım lazımdır. Mən bunu da edəcəyəm. O vəzifələri, o işləri ki, mən etməliyəm, edəcəyəm və edirəm.

Yadımdadır, 1996-cı ildə burada hərbi hissə yaradılması haqqında mən göstərişlər verəndə, Bakıda bəziləri etiraz edə bilmirdilər, amma öz fıkirlərini deyirdilər ki, nəyə lazımdır, nə üçün? Mənə dünən lazım idi görüm ki, buradakı əsgər nə vəziyyətdədir, zabit necədir, onların döyüş qabiliyyəti necədir və buradakı komanda heyəti nə səviyyədədir, nə edirlər və Naxçıvanı etibarlı qoruya bilərlərmi?

Mənim yadıma 1992-ci il düşür. Sədərək istiqamətindən Naxçıvana hücum etmişdilər. Silahımız, sursatımız yox, oradan-buradan nə isə tapırdıq, biz orada 40 gün döyüşdük. Onda bəzi insanlar həlak oldu. Ancaq bu, lokal bir şey idi. O vaxt bunun qarşısmı mən döyüşlə yox, siyasi danışıqlarla aldım. Həm Ermənistan tərəfi ilə, həm də Türkiyənin rəhbərləri ilə daim danışıqlar aparırdım. Bunların nəticəsində mən bunun qarşısmı aldım. Amma indi o vaxt deyil, Azərbaycan müstəqil dövlətdir. Onun indi gərək Naxçıvanda etibarlı qoşun hissəsi olsun və bu da var. Mən bilirdim ki, bu var. Amma dünənki günümü buna həsr etdim ki, özüm gözlərimlə bir daha görüm, qulağımla eşidim, özüm anlayım - bu həqiqətən varmı? İndi sizə deyə bilərəm ki, var. Arxayın olun.

Mən söhbətimi ondan başladım ki, buraya gələndə özüm-özümə o qədər planlar cızıram ki, bir də görürsən, gün keçir, vaxt keçir, onların müəyyən hissəsini yerinə yetirə bilmirsən. Vasif Talıbov mənə məlumat vermişdi ki, Bəhruz Kəngərlinin muzeyi hazırlanıbdır. Mən bu məsələ ilə də məşğul olmuşdum. Bizim Mədəniyyət Nazirliyi, yaxud Dövlət İncəsənət Muzeyi hətta Bəhruz Kəngərlinin bəzi fondlarda saxlanan əsərlərini Naxçıvan nümayəndələrinə göstərmək istəmirdilər ki, bunlar bizim fonddadır, biz bunu qoruyuruq, saxlayırıq. Qoruyursunuz, saxlayırsınız - bu yaxşıdır. Amma mən fıkirləşdim ki, onlar daha da yaxşı qorunmalıdır. Yaxşı qoruyub saxlaya bilmirlər.

Sən onu zirzəmidə, yaxud ayrı yerdə qoruyub saxlayırsan. Bəs bizim vətəndaşlarımız, xalqımız Bəhruz Kəngərlinin yaradıcılığı ilə nə cür tanış olsun?! Hər halda, mən lazımi göstərişlər verdim. İndi çox şadam ki, burada muzey yaradılıb, sizinlə baxacağıq. Təbiidir ki, onun əsərləri çoxdur, hamısını buradakı muzeyə vermək olmaz. Mən bu fıkirlə də razıyam. Çünki onlar Azərbaycan dövlətinin milli sərvətidir, bunlardan istifadə etmək lazımdır. Amma dövlət bunları qoruyub saxlamalıdır.

Bəhruz Kəngərli haqqında yazıblar, yəqin siz eşitmisiniz, bilirsiniz. Onun əsərlərinin çoxunu yəqin görməmisiniz. İndi burada nümayiş etdirilən əsərləri hələ çoxları görməyibdir. Bu onun əsərlərinin az bir hissəsidir. Nadir istedada malik olan bir insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır, bunu açıq deməliyik. Bilirsiniz, Əzim Əzimzadəni böyük şəxsiyyət kimi həmişə təbliğ edirik və bundan sonra da təbliğ edəcəyik. Amma onun əsərləri, əsasən, qrafıka əsərləridir və daha çox «Molla Nəsrəddin» jurnalı ilə əməkdaşlığı, orada yaratdığı karikaturaları və bir çox başqa əsərləri ilə tanınır. Amma Bəhruz Kəngərli, birincisi, Tbilisidə professional rəssamlıq təhsili alıbdır. İkincisi də, iş təhsil almaqda deyil, bu, Bəhruz Kəngərlinin özünün fıtri istedadı idi. Orada o qədər adam təhsil alıb ki, onların heç də hamısı görkəmli rəssam olmayıbdır.

Yadımdadır, mən həmin bu binada orta məktəbdə oxuyarkən Bəhruz Kəngərli haqqında oradan-buradan eşidirdik. Amma Bəhruz Kəngərlini üzə çıxaran, təbliğ edən yox idi. İndi mən deyə bilmərəm nə üçün. Bəlkə o vaxt hesab edirdilər ki, o, devrilmiş sinfin, yəni bolşeviklər tərəfindən devrilmiş sinfin nümayəndəsidir. Ona görəmi, ya nəyə görəmi, mən buna cavab verə bilmərəm. Ancaq onu bilirəm ki, Bəhruz Kəngərli haqqında gənc vaxtımda eşitmişdim. Çünki mən özüm də rəssamlıqla maraqlanırdım, məşğul olurdum və rəsm əsərləri çəkirdim. Ona görə də marağım daha çox idi. Ancaq onun haqqında heç bir məlumat yox idi.

Sonralar mən Azərbaycanda sizə məlum olan vəzifələrdə işləyəndə, Azərbaycana başçılıq edən zaman bir neçə dəfə göstərişlər vermişdim ki, araşdırın, Bəhruz Kəngərlinin əsərlərini gətirin. Amma nədənsə, hər dəfə - deyə bilmərəm ki, buna müqavimət göstərmişdilər, səhlənkarlıq etmişdilər, - belə qalırdı. İndi nəhayət, biz Bəhruz Kəngərlini üzə cıxardıq. Yəni üzə çıxardıq sözü dəqiq deyil, o onsuz da yaratdığı əsərlərə görə bizim mədəniyyətimizdə, incəsənətimizdə öz yerini tutmuşdur. Amma onun əsərlərini elə «dərin quyuya» salmışdılar ki, insanlar onu o qədər də yaxşı tanımırdılar.

Deyə bilmərəm nə qədərdir, amma indi təkcə Naxçıvanda yox, ümumən Azərbaycanda da Bəhruz Kəngərlini yaxşı tanıyanlar o qədər də çox deyildir. Amma onun əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun yaratdığı obrazlara görə - mən insan obrazlarını deyirəm, xüsusən o ağır dövrün, 1918-1919-1920-ci illərin çətin dövründə bizim xalqımızm ağır vəziyyətdə olmasını, az da olsa, öz əsərlərində əks etdiribdir.

Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda bizim sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar. Həm Bəhruz Kəngərlini Azərbaycan xalqının görkəmli və yüksək mədəniyyətə malik olan nümayəndəsi kimi təbliğ etsinlər, həm də böyük rəssam kimi təbliğ etsinlər.

Mən bu muzeyin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası rəhbərliyinin təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Bu muzeyin yaranması təkcə Naxçıvandakı tədqiqatçılar üçün yox, bütün Azərbaycan tədqiqatçıları üçün böyük imkanlar yaradacaqdır. Mən onların hamısını dəvət edirəm ki, bu işlə məşğul olsunlar. Hesab edirəm ki, bu tövsiyələrim bir sənətşünas, tədqiqatçı kimi, bir alim kimi, onlar üçün çox faydalı olacaqdır. Onların gördükləri iş Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu göstərəcəkdir.

Bəli, bu gün demək olar ki, Bəhruz Kəngərlinin əsərləri Azərbaycanın rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur. Yeri gəlmişkən, bu bina haqqında da bir neçə kəlmə demək istəyirəm. Çünki mən bu binada oxumuşam, təhsil almışam. Mən burada orta təhsil alandan sonra Bakıya gedib Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşam. Mən həmişə Naxçıvanda oxuduğum dövrü xatırlayıram, bu dövr mənim yadımdan heç vaxt çıxmayacaqdır. Birinci sinifdən sona qədər heç vaxt yadımdan çıxmayacaqdır.

Ona görə də müəllimlərin hamısı yadımdadır. Hansı binada, hansı sinifdə oturmuşam, o da yadımdadır. Hansı partanın arxasında oturmuşam, o da yadımdadır. İndi içəri keçsək sizə göstərərəm, biz hansı sinifdə dərs keçirdik - hamısı yadımdadır. Nə üçün? Çünki həyatımızın ağır dövründə - təkcə mənim həyatımda yox, bütün xalqımız ağır dövr yaşayırdı -çətin problemlər içərisində burada o qədər məhəbbətlə, o qədər sevgi ilə o qədər köklü təhsil aldım ki, sonra bütün başqa yüksək təhsil ocaqlarında oxumaq mənim üçün çətin olmadı. Əksinə, buradakı kimi, mən sonra da həmişə tələbələrin içində seçilən olmuşam.

Ona görə bu divarlar mənim üçün əzizdir. Bu bina mənim üçün əzizdir. Bunun balkonu var idi, bilmirəm indi durur, yoxsa yox. O tərəfdə də bir bina var idi, o da buna bitişik idi. O indi var, yoxsa yox?

Vasif Talıbov: Cənab Prezident, bəli, musiqi məktəbidir. Ancaq bundan bir az aralıdır.

Heydər Əliyev: O, buna bitişirdi. Çünki siniflərin bəziləri orada idi. Bunun həyəti var idi, belə geniş deyildi, kiçik idi. İndi genişləndirmisiniz. Həyətdə idman etmək üçün bəzi imkanlar vardı. Burada gözəl müəllimlər var idi.

Mən birinci gün sevdiyim müəllim Lətif Hüseynzadə ilə görüşdüm. Elə bil ki, dünən idi. Mənim yadımdadır, o, Azərbaycan dili dərsi keçirdi, Azərbaycan ədəbiyyatı dərsi keçirdi. Məndən bəzən soruşurlar, axı Siz təhsilinizin əsas hissəsini rus dilində almısmız, işlərinizin hamısı, demək olar ki, o dövrün tələblərinə görə rus dilində gedibdir. Bəs nə cür olubdur ki, Azərbaycan dilini bəzi azərbaycanlılar kimi unutmamısınız? Onlar heç əvvəl də bilməyiblər ki, unutsunlar, o qədər bilməyiblər. Belələri, xüsusən Bakıda çoxdur. Burada belələri azdır. Burada hamısı Azərbaycan dilində yaxşı təhsil alır və Azərbaycan dilini yaxşı bilən adamlar çoxdur. Ona görə mən onlarla yarışa girmək istəmirəm. Bilirəm ki, onlar güclüdürlər. Amma o illər Lətif müəllimin, təkcə Lətif müəllimin deyil, başqa müəllimlərimizin də bizə verdiyi dərslər, Şəxsən mənə verdiyi dərslər və tövsiyələr bu günə qədər yadımdadır və bütün həyatımda həmişə mənə kömək edibdir.

Mən o gün Lətif müəllimlə görüşəndə bilirdim ki, yaşı çox olsa da, səhhəti pis deyil. İndi təsəvvür edin, o günkü mərasimdə əvvəldən axıra qədər iştirak edirdi. Demək, sağlamlığı da yaxşıdır. Yenə deyirəm, müəllimlər, bir yerdə oxuduğumuz məktəb yoldaşlarım, bu binanın divarları, sinifləri mənim üçün həmişə əziz olubdur. Mən buraya gələndə elə bilirdim ki, böyük bir saraya gəlirəm.

Vasif Talıbov burada Məmməd Cəfər Cəfərovun bir ifadəsini yada saldı ki, Bəhruz Kəngərli Puşkin küçəsində kiçik bir otaqda özünə sərgi düzəltmişdi və insanları çağırırdı ki, gəlin, baxın. Bu həqiqətdir. Çünki Məmməd Cəfər çox ədalətli, bilikli alim idi. Onun dediyi sözlərin hamısı, güman edirəm ki, həqiqətə uyğundur. Amma o Puşkin küçəsi haradadır? Puskin küçəsi budur. Bu küçə axıra qədər, Şahab məhəlləsinə qədər Puşkin küçəsidir. Özü də deyə bilərəm ki, Puşkin küçəsi yuxarıdan Əlixan məhəlləsindən gəlib keçir və Şahab məhəlləsinin axırında qurtarır. Mən sonralar bəzən deyirdim ki. bu küçəyə Puşkinin adı nə vaxt verilibdir?

Puşkinin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvanın mütəfəkkir adamları - onların adları yadımdan çıxıb, ona görə təkrar etmək istəmirəm, gərək ki, o vaxt Sidqi, başqa bir iki nəfər də olmuşdu - şairə öz münasibətlərini bildirmək üçün bu böyük küçəni Puşkin küçəsi adlandırmışdılar. Mən də burada doğulmuşam. Puşkin küçəsi ilə gedəndə, balaca bir döngə vardı, elə idi ki, iki adam bir-birinin yanından keçəndə toqquşurdu. Belə bir dar küçə idi, elə adı da Dar küçə idi. Oraya heç fayton, araba da girmirdi. Orada atamın balaca bir həyəti var idi, mən orada doğulmuşam. Allaha şükürlər olsun ki, o yer qaldı. Düzdür, bir az dağılmışdı və mən 1990-cı ildə burada olanda atamın yurdunu abadlaşdırdım. Man buraya gələndə elə orada yaşayıram. Mən bunu sevirəm. Çünki orada doğulmuşam. Bizim həyətdə quyu var idi, o quyudan su içmişəm. Quyu suyu bir az duzlu idi, amma Puşkin küçəsindən yuxarıdan yaxşı su axırdı, anam, böyük bacım vedrə ilə oradan su gətirirdilər.

Sonra o vaxt Naxçıvanda suyu süzən daşlar var idi. İndi mən görürəm, çoxları bilmir bu nədir. O vaxtlar qəribə idi. Daşı yonurdular, yonurdular, ona vedrə ilə su tökürdülər. Altına isə yenə vedrə qoyurdular. Su damcı-damcı vedrəyə süzülürdü. Ondan ancaq çay üçün, yemək üçün istifadə olunurdu. Mən bunların hamısını yaşamışam. İndi görürəm ki, burada bunları beş-altı adam bilir. Başlarını tərpədib mənim dediyim sözləri təsdiq edirlər. Amma qalanları bilmirlər. Mən gələndə bunlardan soruşdum ki, daşdan su necə süzüldüyünü bilirsiniz? Onlar dedilər, biz belə şeylər bilmirik. Harada görüblər?

Bəli, həmin bu Puşkin küçəsi də mənim üçün əzizdir. Çünki bu küçədən gedirdik, gəlirdik, gəncliyim belə keçirdi. İndi buraya gəlmişəm, həm məktəbimi görürəm, həm yaşadığımız yeri, həm də Puşkin küçəsini görürəm. Bunlar tarixin nişanələridir. Amma mənim üçün ən əziz odur ki, sizi görürəm, öz xatirələrimi sizə söyləyirəm və sizinlə birlikdə bu gözəl günü bölüşdürürük.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Bəhruz Kəngərlinin muzeyinin açılması münasibətilə sizi təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu, təkcə sizin üçün, bizim üçün deyil, bütün Azərbaycan xalqı üçündür. Umidvar olduğumu bildirmək istəyirəm ki, siz də, Azərbaycanın digər dəyərli insanları, elm xadimləri, mədəniyyət xadimləri, siyasət xadimləri, dövlət xadimləri də bizim tariximızi, tarixi irsimizi daim öyrənib yeni-yeni səhifələr meydana çıxaracaqlar. Bizim millətimizin zəngin tarixini nə qədər çox araşdırıb, aşağı laylardan çıxarıb təbliğ edə bilsək, Azərbaycan xalqının nə qədər böyük tarixə malik olduğunu göstərə bilərik və inanıram ki, biz sizinlə birlikdə bunu edəcəyik. Sağ olun.