Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Diplomatik Kompleksin bünövrəsinin qoyulması mərasimində çıxışı - 29 iyul 1994-cü il

Hörmətli cənablar və xanımlar!

Azərbaycanın paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bu gözəlliyi təmin edən amillərdən biri əsrlərdən bəri Bakıda böyük memarlıq abidələrinin yaranmasıdır. Biz XII-XIII əsrlərdən indiyədək yaşayan bu abidələrlə fəxr edirik. Son dövrlərdə, yəni XX əsrdə də Bakı şəhərində bir sıra mühüm memarlıq abidələri tikilmişdir.

Hər bir abidənin özünəməxsus funksiyası və vəzifəsi vardır. Bu binalar təkcə abidə naminə yox, müəyyən məqsədlərə xidmət etmək üçün tikilib. Hər bir binanın memarlıq baxımından gözəlliyi, milli memarlıq məktəbinə mənsubluğu respublikamızın paytaxtı Bakı şəhərini xüsusi görkəmə malik olan şəhərə çevirmişdir. Biz Bakı şəhəri ilə, ulu babalarımızdan indiyədək qalan hər bir abidə ilə fəxr edirik.

Məlumdur ki, XX əsrdə Bakıda çox güclü tikinti işləri aparılmışdır. Xatirinizdədir ki, 70-ci illərdə Bakıda böyük binalar və öz memarlıq xüsusiyyətləri ilə şəhərimizi daha da bəzəyən, ona xüsusi yaraşıq verən abidələr yaranmışdır. Təəssüf ki, son illər belə tikintilər, abidələr yaradılması işi ləngimiş, hətta demək olar ki, dayandırılmışdır.

Bu gün belə bir tədbir üçün buraya toplaşmağımız son illərdə demək olar ki, ilk hadisədir. Biz buraya yeni bir tikintinin əsasını qoymağa toplaşmışıq. Əlamətdar cəhət ondan ibarətdir ki, bu obyektin bünövrəsi indi müstəqil Azərbaycan Respublikası dövlətinin paytaxtında qoyulur.

Bakı həmişə Azərbaycanın paytaxtı olub. Ancaq indi Bakı müstəqil Azərbaycan dövlətinin paytaxtıdır. Bu ağır keçid dövründə bir çox iqtisadi, sosial problemlərlə rastlaşaraq onların həll olunmasına çalışan müstəqil Azərbaycan dövlətinin şübhəsiz ki, indi böyük tikintilər aparmaq imkanı yoxdur. Arzu edərdim ki, xalqımız Bakıda, eləcə də respublikamızın digər yerlərində indiyədək tikilmiş abidələri, binaları qoruyub saxlasın. Şübhə etmirəm ki, biz müstəqilliyimizi ildən-ilə daha da möhkəmləndirəcək, bundan sonra Bakıda da, Azərbaycanın digər şəhərlərində və yaşayış məntəqələrində də yeni-yeni memarlıq abidələri yaratmaq imkanlarımız olacaqdır.

Bu gün burada bünövrəsi qoyulan bina diplomatik mərkəzdir. Qeyd etdiyim kimi, bu, son illərdə inşasına başlanan ilk böyük binadır. Bu binanın bir əhəmiyyəti də budur ki, obyektin tikintisi müstəqil Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük rəmzidir.

Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmizin Türkiyə ilə əlaqələri daim müsbət istiqamətdə inkişaf edib. Biz bunu həmişə qiymətləndirmişik. Türkiyə bizim üçün dost və qardaş ölkədir. Azərbaycanla Türkiyə arasında dostluq münasibətləri bu gün də, gələcəkdə də xüsusi yer tutur. İndiyədək bu əlaqələri nümayiş etdirən bir çox işlər görülsə də, təəssüf ki, bu cür tikinti işləri aparılmayıb. Bu gün inşasına başlanan bina Türkiyənin respublikamıza, xüsusən Azərbaycanın paytaxtı Bakı şəhərinə göstərdiyi qayğılardan biridir. Bu bina Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycana ayırdığı xüsusi kredit əsasında tikilir. Mən Türkiyənin xarici işlər naziri Hikmət Çətinlə görüşlərimdə, danışıqlarımda bu məsələnin həll olunması barədə dəfələrlə öz münasibətimi bildirmişdim. Bunu bildirməyi özümə borc bilirəm deyəm ki, Türkiyənin xarici işlər naziri hörmətli Hikmət Çətin bu işin həyata keçirilməsi üçün böyük fəaliyyət göstərib. Əminəm ki, onun bu fəaliyyəti Azərbaycanın həyatında öz əksini daim tapacaqdır.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlu indicə bildirdi ki, hörmətli Hikmət Çətin dünən öz vəzifəsindən istefa vermişdir. Ancaq o, bizim respublikamızın böyük dostudur. Mən dünən onunla telefonla danışarkən bunu bir daha bildirdim. Bu binanın yaranmasını mən ümumən Türkiyə Respublikasının Azərbaycana dostluq münasibəti kimi qiymətləndirirəm. Bunu Türkiyənin prezidenti, mənim əziz dostum, qardaşım, hörmətli Süleyman Dəmirəlin xüsusi qayğısı hesab edirəm. Bu, Türkiyənin baş naziri hörmətli Tansu Çillərin Azərbaycana qayğısıdır. Qeyd etdiyim kimi, xarici işlər naziri hörmətli Hikmət Çətin bu sahədə xüsusi xidmətlər göstərib. Bütün bunlara görə Türkiyə Respublikasının rəhbərlərinə və bu işdə iştirak edən şəxslərin hamısına Azərbaycan Respublikası adından öz hörmətimi, minnətdarlığımı bildirirəm.

Bu tikintini Türkiyənin inşaat şirkəti aparacaqdır. Binanın layihəsini də həmin şirkət hazırlayıb. Mən bu layihə ilə əvvəlcədən də tanış idim, indi də ona baxarkən orada bizim arzularımızın əks olunduğunu gördüm. Tikintisinə başlanan diplomatik mərkəz binasının həm xarici görünüşü, həm də daxili quruluşu, yəni eksteryeri, interyeri Azərbaycan memarlıq sənətinin ənənələrinə uyğundur. Ancaq bu gün mən həm inşaatçılardan, həm də memarlardan bir daha xahiş etmək istəyirəm ki, tikinti zamanı bu xətti nəinki qorusunlar, hətta daha da zənginləşdirsinlər, inkişaf etdirsinlər. Bir halda ki, mən bu işlə məşğul oluram, indicə şirkətin prezidentinə dedim ki, buna özüm nəzarət edəcəyəm. Tikintinin vaxtında başa çatdırılması, eyni zamanda binanın keyfiyyətli, dünya standartlarına uyğun olması, bütün bunlarla yanaşı, Azərbaycan memarlıq sənətinin burada tam öz əksini tapması əsas şərtlərdən biridir. Güman edirəm ki, bu şərtlər yerinə yetiriləcəkdir.

Bildiyiniz kimi, mən Azərbaycanda, onun paytaxtı Bakıda bir çox binaların, tarixi-memarlıq abidələrinin tikintisinin təşəbbüskarı olmuşam. Bu işdə yaxından iştirak etdiyimə görə, həmin binalar bu gün də, gələcək üçün də yararlı və gərəkli olduğuna görə özümü xoşbəxt hesab edirəm.

Müstəqil dövlətin başçısı kimi mən Azərbaycanda, Bakıda yeni böyük bir binanın, memarlıq abidəsinin özülünün qoyulmasının iştirakçısıyam. Bundan çox məmnunam və güman edirəm ki, əgər bu ilk addımdırsa, şübhəsiz ki, uğurlu olacaq, davamlı olacaqdır. Biz müstəqil Azərbaycanın iqtisadi, sosial problemlərini həll edərək, respublikamızı indiki böhran vəziyyətindən, müharibə vəziyyətindən çıxararaq, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, qorunmasını təmin edərək bütün şəhərlərimizdə, yaşayış məntəqələrimizdə yeni-yeni binaların, memarlıq abidələrinin yaranmasına səy göstərəcəyik. Əminəm ki, bunu təmin edəcək, buna nail olacağıq.

Bugünkü hadisə həmin istiqamətdə gələcəkdə görəcəyimiz işlərin ilk addımıdır. Ona görə də bunu yüksək qiymətləndirirəm və bu gün inşaat meydançasına gələrək bu binanın tikintisinin başlanmasına xeyir-dua vermək istəyirəm. Əminəm ki, bizim bu görüşümüz, bu işə təntənə ilə başlamağımız həmin işlərin müvəffəqiyyətlə, sürətlə getməsini təmin edəcəkdir.

Keçmiş vaxtlarda belə böyük binaların bünövrəsinə xatirə müraciəti qoyulmasına o qədər də fikir verməmişdik. Belə hesab edirdik ki, əgər bir bina tikiriksə, bunun xalq üçün xeyirli olması hamıya aydındır, ancaq əvvəllər tikilən bəzi binaların bünövrəsinə belə yaddaş qoymuşuq. Bunu ona görə etməmişdik ki, o binalar nə vaxtsa dağılacaq və o daşlar yerin təkindən üzə çıxacaq. Yox. Ona görə ki, bütün bunlar tarixə həkk olsun.

Müstəqil Azərbaycan dövlətinin bugünkü ağır dövründə belə bir binanın tikintisini vacib hesab edərək mən bu binanın da bünövrəsinə xatirə yaddaşı kimi məktub imzalayıb qoymaq istəyirəm. Azərbaycanın müstəqilliyini müqəddəs hesab etdiyimizə, Azərbaycanın milli, mənəvi, dini ənənələrinə sadiq olduğumuza görə, şübhəsiz ki, bu xatirə yaddaşı bu binanın tikintisinin xeyirli, uğurlu olmasına təminat verəcəkdir.

Bu gün mən bu binanın tikilməsi üçün hazırlıq işləri görənlərin hamısına təşəkkürümü bildirirəm. Türkiyə şirkətini, Türkiyədən gəlmiş qardaşlarımızı, buraya toplaşanların hamısını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu addımımız müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı üçün yaralı, gərəkli olacaq. Gələcək böyük işlərimiz üçün bir cığır açacaqdır.

Sizin hamınızı bir daha təbrik edirəm. İnşaatçılara müvəffəqiyyət arzulayıram. Tam əmin olduğumu bildirirəm ki, bu şirkətin verdiyi söz əməli surətdə həyata keçəcəkdir.

\"Azərbaycan\" qəzeti, 30 iyul 1994-cü il.