Beynəlxalq Epizootik Büronun rəhbərliyi ilə Müstəqil Dövlətlər Birliyi, Baltikyanı, Şərqi Avropa ölkələrinin, Türkiyə və İran dövlətlərinin baytarlıq xidmətləri rəhbərlərinin və bu sahədə çalışan işgüzar dairələrin nümayəndələrinin Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən beynəlxalq müşavirəsinin iştirakçılarını salamlayır və onlara işlərində uğur diləyirəm.
Sivilizasiyanın yüksək mərhələyə çatdığı indiki dövrdə rolu xeyli artmış baytarlıq xidməti xəstəliklərə və epizootiyalara qarşı mübarizə aparmaqla yanaşı, insan üçün zəruri olan qida məhsullarının sağlam və keyfiyyətli olmasını daim nəzarətdə saxlamaqla, bütünlüklə bəşəriyyətin sağlamlığını qoruyur. Ümidvaram ki, dünyanın baytarlıq xidməti işçiləri bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəklər.
Beynəlxalq Epizootik Büronun fəaliyyətini və baytarlıq təbabəti sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək, bu işdə ölkələrimiz qarşısında duran qlobal məsələlərin həllində sizə böyük müvəffəqiyyətlər arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.