Müstəqil Dövlətlər Birliyi Ölkələrinin və Baltikyanı ölkələrin onuncu açıq kinofestivalının iştirakçılarına - Bakı şəhəri, 6 sentyabr 2001-ci il

Hörmətli festival iştirakçıları!

Sizi - Müstəqil Dövlətlər Birliyi ölkələrinin və Baltikyanı ölkələrin kinofestivalının iştirakçılarını salamlayır və hamınıza xoşbəxtlik, cansağlığı və səadət arzulayıram.

Müstəqil Dövlətlər Birliyinin onilliyi ərəfəsində keçirilən bu yubiley kinofestivalı xalqlarımız arasında təşəkkül tapmış mədəni əlaqələrin möhkəmlənməsi və genişlənməsi yolunda xüsusi əhəmiyyət kəsb edir. Tarixi talelərimizin oxşar olması kinematoqrafiya ənənələrində də öz əksini tapmışdır. Sevindirici haldır ki, festivalınız məhz həmin ənənələrin qorunmasına və inkişafına xidmət edir.

Artıq tarixin səhifələrində qalmış Sovet İttifaqı bizə zəngin bir kinematoqrafiya irsi qoyub getmişdir. Mənəvi zənginlik, şəxsiyyətin və həyatın mürəkkəb problemlərinə müraciət, həqiqi peşəkarlıq həmişə sovet kinematoqrafiyasının əsl inciləri üçün səciyyəvi olmuşdur.

Elə bu illərdə Azərbaycan kinosunun inkişafı işində də xeyli uğurlar əldə edilmişdir. İnanıram ki, keçid dövrünün mürəkkəb şəraitində bu qədər dəyərli milli sərvətin yaşadılması üçün göstərilən səylər, kinonun idarə olunması və maliyyələşdirilməsinin yeni mexanizmlərinin axtarılıb tapılması kinematoqrafçılarımıza öz nailiyyətlərini artırmaq imkanı verəcəkdir.

Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələrinin və Baltikyanı ölkələrin vahid mədəni məkanının qorunub saxlanılması probleminə müstəsna əhəmiyyət verir. Sizin festivalın uğurlu işi, şübhəsiz ki, bir sıra müştərək layihələrin gerçəkləşdirilməsi üçün zəmin yaradacaq və ölkələrimiz arasında mədəni inteqrasiyaya öz layiqli töhfəsini verəcəkdir.

Yeni əsrin və yeni minilliyin bu ilk ilinin bütün ölkələrimizin kinematoqrafçıları üçün səmərəli axtarışlar və yaradıcılıq uğurları ilə əlamətdar olmasını arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 7 sentyabr 2001-ci il.