Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın enerji üzrə dövlət naziri Con Battl ilə görüşdəki söhbətindən - London, Azərbaycan Prezidentinin iqamətgahı, 21 iyul 1998-ci il

Heydər Əliyev: Cənab Battl, mən Sizi ürəkdən salamlayıram və Birləşmiş Krallığa səfərimin uğurla, yüksək səviyyədə davam etməsindən çox məmnun qaldığımı bildirirəm.

Əlahəzrət kraliça ilə, Baş nazirlə keçirdiyim görüşləri, apardığım danışıqları bu ölkəyə rəsmi səfərimin ən mühüm hadisələri hesab etdiyimi vurğulayıram. Bildirirəm ki, cənab Toni Bleyr ilə birlikdə imzaladığımız sənədin - Azərbaycan Respublikası prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannaməsi ölkələrimiz arasında əlaqələrin gələcək inkişafında mühüm rol oynayacaqdır.

Azərbaycanın neft yataqlarının birgə işlənilməsi barədə Böyük Britaniya şirkətləri ilə ARDNŞ arasında imzalanmış yeni müqavilələrin ölkələrimizin əməkdaşlığı üçün yeni böyük perspektivlər açdığını nəzərə çarpdırıram. Digər sahələrdə də əlaqələrin sıxlaşdırılmasının vacibliyini qeyd etmək istərdim. \"Morrison\" şirkəti və Bakı Şəhər İcra Hakimiyyəti rəhbərlərinin imzaladığı sənədi də yüksək qiymətləndirirəm.

Nəzərə çatdırım ki, \"İnam\" perspektivli strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatının pay bölgüsü haqqında ARDNŞ ilə ABŞ-ın \"AMOKO\", Böyük Britaniyanın \"Monument Oyl ənd Qaz\", Rusiyanın mərkəzi yanacaq şirkətləri arasında beynəlxalq saziş bağlanmışdır. Əmin olduğumu bildirirəm ki, bir neçə ölkə şirkətlərinin birgə çalışması həmin ölkələrin xalqları arasında münasibətlərin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyır.

Təkcə neftlə bağlı deyil, siyasət, iqtisadiyyat, elm, mədəniyyət sahələrində də qarşılıqlı surətdə faydalı əlaqələrin gündən-günə inkişaf etməsindən məmnun qaldığımı vurğulayıram. Hər iki ölkədəki potensial imkanlardan səmərəli surətdə istifadə olunmasının, dünyanın nüfuzlu dövlətlərindən biri olan Birləşmişk Krallıqdakı təcrübənin dərindən öyrənilməsinin də zəruriliyini nəzərə çarpdırmaq istəyirəm.

Con Battl: Hörmətli cənab prezident! Mən zəmanəmizin görkəmli siyasi liderlərindən olan Heydər Əliyevlə görüşdən şərəf duyduğumu bildirirəm. Baş nazirin dəvətini qəbul edib Böyük Britaniyaya rəsmi səfərə gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu səfər Azərbaycan ilə Birləşmiş Krallıq arasında əməkdaşlığın durmadan inkişaf etməsində yeni mühüm mərhələ açacaqdır.

Müstəqil Azərbaycan Respublikasında prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən tədbirlərin Birləşmiş Krallıqda çox müsbət qarşılandığını vurğulamaq mənə çox xoşdur. Qeyd edim ki, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi barədə imzalanmış tarixi müqavilələr Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx inteqrasiya edilməsi üçün möhkəm təməl yaratmışdır.

Cənab prezident, imzalanmış neft müqavilələrində Birləşmiş Krallığın şirkətlərinə geniş yer ayrılmasına görə Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin 100-dən çox şirkətinin Azərbaycanda geniş fəaliyyət göstərməsindən məmnun olduğumu bildirirəm.

Azərbaycanda neft hasilatının tarixi barədə mənim müəyyən məlumatım var. Biz istəyirik ki, Şimal dənizindəki yataqların istismarı sahəsində Böyük Britaniyanın qazandığı təcrübədən Azərbaycanda da geniş istifadə edək.

Birləşmiş Krallıq regionda açar rolunu oynayan Azərbaycan Respublikasını özünün layiqli tərəfdaşı hesab edir. Məmnunluqla qeyd edim ki, Avropa - Qafqaz - Asiya magistralının normal fəaliyyətinin təmin olunması üçün Azərbaycanda böyük işlər görüldüyündən yaxşı xəbərdarıq və ölkənizlə sıx əlaqələr qurmağa biz də böyük maraq göstəririk.

Heydər Əliyev: Böyük Britaniyanın bir çox şirkətlərinin dünyada məşhur olduğunu, onların Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirirəm. \"Şell\", \"Lazma\" şirkətlərinin rəhbərləri ilə Londonda keçirdiyim görüşləri faydalı hesab edirəm.

Respublikamız neftin dünya bazarına müxtəlif marşrutlar üzrə çıxarılmasına böyük əhəmiyyət verir. Bu kəmərlərin tikintisindən və istifadə imkanlarından bəhs edərək, bildirirəm ki, əsas boru kəməri Bakı-Ceyhan istiqamətində çəkiləcəkdir.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mühüm perspektivləri olduğunu vurğulayaraq qeyd edirəm ki, bu dəhlizin səmərəli işləməsinə Azərbaycan çox böyük əhəmiyyət verir. Qədim \"İpək yolu\"nun bərpası üçün Avropa Birliyinin TRASEKA proqramı çərçivəsində bu il sentyabrın 7-8-də Bakıda beynəlxalq konfransın keçiriləcəyi nəzərdə tutulmuşdur.

Con Battl: Bu konfransa Birləşmiş Krallıq da böyük maraq göstərir. Cənab prezident, Qədim \"İpək yolu\"nun bərpası sahəsində Sizin heyranedici uzaqgörənliyiniz xüsusi əhəmiyyət daşıyır. Biz Azərbaycanda Sizin rəhbərliyinizlə həyata keçirilən iqtisadi və demokratik irəliləyişləri diqqətlə izləyirik və əminik ki, respublikanız yaxın illərdə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olacaqdır. Siz ölkənizin tarixini, iqtisadiyyatını, mədəniyyətini dərindən bilirsiniz və gənc müstəqil dövlətinizi də bütün bunlara əsaslanaraq yeni mərhələyə qaldırmaq istəyirsiniz.

Nazir kimi xarici ölkələr arasında ilk dəfə Azərbaycana səfərə gəldiyimi, dövlətin başçısı Heydər Əliyevlə görüşlərimi, danışıqlarımı həmişə məmnunluqla xatırlayıram. Böyük potensiala malik respublikanızla Birləşmiş Krallığın bütün sahələrdəki sıx əlaqələrinin parlaq gələcəyi olduğunu razılıq hissi ilə qeyd edirəm.

Heydər Əliyev: Xoş və səmimi sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. Cənab Battl, mən Sizi Azərbaycana yenidən səfərə dəvət edirəm.

Con Battl: Mən bu dəvəti məmnunluqla qəbul edirəm. Cənab prezident, hesab edirəm, Azərbaycana hər bir səfərim və Sizinlə görüşüm ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə yeni güclü təkan verəcəkdir.

\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2005, 16-cı cild, səh.269-372