\"Azərbaycanda Milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi\" (Bakı, 22 iyul 2000-ci il) sənədinə tarixi arayış

22 iyul 1875-ci ildə Azərbaycanda görkəmli ictimai-siyasi xadim, jurnalist Həsən bəy Zərdabinin \"Əkinçi\" qəzeti nəşr olunmağa başlayıb. Azərbaycanın ilk milli qəzetinin işıq üzü gördüyü həmin gün hazırda respublikada Milli mətbuat günü kimi qeyd edilir.

Azərbaycan dövlətində insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək və digər azadlıqları təsbit olunub. Bu azadlıqlar ölkə vətəndaşlarının qanuni üsullarla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır.

Azərbaycan Respublikası söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Respublika Prezidenti Heydər Əliyevin \"Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında\" 16 avqust 1998-ci il tarixli fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirib. Mətbuatımızın inkişafına böyük töhfə verən digər bir mühüm amil Azərbaycanın nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına üzv qəbul edilməsi olub. Təşkilata üzvlükdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqərar olmasına imkan yaradıb. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırıb, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırıb. Ölkədə ictimai televiziyanın yaradılması da adı çəkilən sahələrdə irəliyə atılmış addımlardan biridir.

Respublikada mətbuatın problemlərini həll etmək, mətbuatla cəmiyyət, eləcə də dövlət arasında münasibətləri tənzimləmək məqsədi daşıyan Mətbuat Şurası yaradılıb. Şura yaradılarkən Avropa standartlarına önəm verilib, Avropa təcrübəsindən istifadə olunub. Qurumun tərkibində hüquq, dil, təhsil və şikayətlərlə bağlı komissiyalar fəaliyyət göstərir.

Bu gün Azərbaycan mətbuatında qeydiyyatdan keçən KİV-lərin sayı 3500-ü ötüb. Heydər Əliyev mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsinə daim böyük əhəmiyyət verib. Bununla bağlı 2001-ci ildə KİV-lərə dövlət qayğısının artırılması üçün iki mühüm sənəd imzalanıb. KİV-lər əlavə dəyər vergisindən azad edilib.Onlara uzunmüddətli kreditlərin verilməsi qərara alınıb. Qəzetlərin \"Azərbaycan\" nəşriyyatına olan borcları beş il müddətinə dondurulub.

Son beş ilə yaxın dövr ərzində qəbul olunan dövlət sənədlərində və həyata keçirilən əməli işlərdə dövlətin mətbuata qayğısı özünü aydın göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Milli mətbuatın 130 illiyi münasibətilə imzaladığı sərəncamlara əsasən, ölkənin aparıcı KİV-lərinin böyük bir qrupuna maddi yardım göstərilib. Eyni zamanda 140-dan artıq jurnalist orden, medal və digər fəxri adlara layiq görülüb. Daha sonra isə \"İnformasiya əldə etmək haqqında\" Azərbaycan Respublikasının qanunu qəbul olunub.

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il iyulun 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib.

Azərbaycanda Milli mətbuatın yaranmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz çıxışında demokratik, hüquqi, dünyəvi, qanunlarla yaşayan dövlətdə jurnalistikanın çox vacib peşə olduğunu, mətbuatın çox vacib sahə olduğunu qeyd edib. O, hər zaman mətbuatın yanında olacağını da iştirakçıların nəzərinə çatdırıb.

Tarixi arayış 28 yanvar 2009-cu ildə tərtib edilib.