Əziz bacılar, qardaşlar!
Sizi Azərbaycan xalqının əziz bayramlarından biri - Novruz bayramı, Bahar bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, səadət, xalqımıza sülh və əmin-amanlıq arzulayıram!
Əziz dostlar, bir neçə ay bundan öncə biz Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ilini qeyd etdik. 11 ildir ki, xalqımız öz doğma vətənində, öz ölkəsində azad, sərbəst yaşayır və öz aqibətinin sahibidir. Azərbaycanda ardıcıl olaraq demokratik dövlət quruculuğu həyata keçirilir. Azərbaycanın iqtisadiyyatı inkişaf edir, xalqımızın rifah halı günü-gündən yaxşılaşır.
Biz Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmişik və bu, ölkənin hər bir yerində, hər bir bölgəsində hökm sürür. Xalqımız rahat, sərbəst yaşayır, öz işləri ilə məşğuldur. Bütün bunlara görə də Azərbaycan xalqı öz adət-ənənələrini, öz milli-mənəvi dəyərlərini bərpa edib və öz bayramlarını yüksək səviyyədə həyata keçirir.
Novruz bayramı Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Keçmişdə bu bayramı daim qeyd edirdik. Ancaq öz evimizdə, öz ailəmizdə. İndi isə bu, həqiqi ümumxalq bayramına çevrilibdir. Bu günlər xalqımız, millətimiz Azərbaycanın hər yerində, hər bir guşəsində Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bir də deyirəm, bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdir. Xalqımız bundan sonra da öz adət-ənənələrini daim uca tutacaq, onları qoruyacaq, saxlayacaq və inkişaf etdirəcəkdir. Çünki bunlar bizim xalqımızın milli-mənəvi dəyərləri olaraq xalqımızın xüsusiyyətlərindən xəbər verir.
Bildirdiyim kimi, xalqımız rahat yaşayır. Ancaq bu günlərdə bu bayramı çadır şəhərciklərində keçirən soydaşlarımız da var. Onlar neçə ildir ki, ağır şəraitdə yaşayırlar. Ancaq yaşayırlar və böyük ümidlə yaşayırlar. Onlar böyük əzmkarlıq göstərirlər, dözümlülük göstərirlər və bu dözümlülüyə görə də mən bütün qaçqınlara, məcburi köçkünlərə, çadır şəhərciklərində yaşayan soydaşlarımıza bu bayram günü xüsusi təşəkkürümü bildirirəm.
Mən çadır şəhərciklərində yaşayan soydaşlarımızı, vətəndaşlarımızı bu bayram günü xüsusi təbrik edirəm və onlara, bütün xalqımıza bildirirəm ki, bu günün ömrü azdır. Azərbaycan dövləti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi yolunda ardıcıl fəaliyyət göstərir və ümidvaram ki, bunun nəticəsində biz torpaqlarımızın azad edilməsinə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik və didərgin düşmüş soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.
Səkkiz ildən çoxdur ki, Azərbaycanda atəşkəs rejimi hökm sürür. Ancaq müharibə qurtarmayıbdır. Bizim qəhrəman əsgərlərimiz, ordumuz Azərbaycanın torpaqlarının keşiyində dururlar və hər zaman Azərbaycan torpaqlarını azad etməyə hazırdırlar. Mən bu bayram günü Azərbaycan əsgərlərini, səngərlərdə olan övladlarımızı ürəkdən təbrik edirəm və onlara bu şərəfli işlərində uğurlar arzulayıram.
Əziz dostlar, bu bayram el bayramıdır, bu bayram xalq bayramıdır. Çox məmnunam ki, xalqımız bu bayramı yüksək qiymətləndirir və bu günlərdə bayram əhval-ruhiyyəsi ilə yaşayırlar. Sizin bayramınızı bir daha təbrik edirəm, hər birinizə cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Sağ olun.
"Azərbaycan" qəzeti, 22 mart 2003-cü il.