Azərbaycanda Rusiya Federasiyasının Mədəniyyət Günlərində Vaxtanqov adına Moskva Akademik Teatrının Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında D.Kiltinin \"Əziz yalançı\" tamaşası qurtardıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyevin moskvalı qonaqlarla söhbətindən - 5 aprel 1997-ci il

Mən şadam ki, bizdə Rusiya mədəniyyəti günləri keçirilir. Həqiqətən, 25 il əvvəl burada ilk dəfə olaraq geniş miqyasda Rusiya mədəniyyəti günləri keçirildi və bu tədbir çox yadda qalan tədbir oldu. Sonrakı illərdə də teatrların, konsert qruplarının, ayrı-ayrı kollektivlərin Azərbaycanda vaxtaşırı qastrolları olmuş, kino festivalları keçirilmişdir. Amma 1989-1990-cı illərdən başlayaraq əlaqələrimiz zəiflədi. Son iki-üç ildə biz bu əlaqələri bərpa etməyə, canlandırmağa və itirilmiş nə varsa, onların yerini doldurmağa çalışırıq. Bizə elə gəlir ki, bunu etmək mümkün olacaqdır.

Sabah mədəniyyət günləri başa çatır, yekun konserti olacaq. Buraya gəldiyinizə görə Sizə təşəkkür edirəm. Bu günlərdə təkcə Bakıda deyil, Rusiya incəsənət xadimlərinin getdikləri bütün şəhərlərdə hər şey əla keçmişdir. Bu da sübut edir ki, əlaqələrimizi kəsmək olmaz.

Münasibətlərimizin müəyyən dərəcədə zəiflədiyi ötən bu illərdə rus və Azərbaycan xalqları arasında uzun illərdən, onilliklərdən və əsrlərdən bəri adamlarda yaranmış dostluq və hörmət hisslərini məhv etmək olmaz. Azərbaycanlılarda bu hisslər Rusiyaya, rus xalqına, rus adamına xoş, dostluq, qardaşlıq münasibətləridir.

Bugünkü tamaşa iki aktyorun qavrayış üçün heç də asan olmayan bir tamaşasıdır bu, qeyri-adi tamaşadır. Bir fikir verəydiniz, salondakılar necə diqqətlə tamaşa edir və sizi necə səmimi qarşılayırdılar. Bu da təbiidir. Bu alqışlar sizin şəxsiyyətinizə aiddir.

Sizinlə, belə görkəmli incəsənət ustaları ilə görüş böyük fərəhdir. Sizi teatrdan, kinodan tanıyırlar. Sizi bir il deyil, on illərdir sevirlər. Bu təbiidir. Belə görüş sizin şəxsiyyətinizə, istedad və sənətinizə dəlalət edir. Lakin bununla yanaşı, bu alqışlar rus mədəniyyətinə, Rusiyaya da ünvanlanmışdır. Çox sağ olun.