Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin «Statoyl» şirkətinin nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 12 aprel 2002-ci il

Qonaqları səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti Heydər Əliyev «Statoyl» şirkətinin Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirərək dedi ki, «Statoyl» ilk neft müqaviləsindən başlayaraq bu işlərdə çox fəal iştirak edibdir və böyük «Şahdəniz» layihəsində də iştirak edir.

Norveçin bir çox şirkətlərinin ölkəmizdə uğurla iş gördüklərini, Azərbaycanın neft strategiyasının həyata keçirilməsində fəal iştirak etdiklərini vurğulayan Prezident Heydər Əliyev bu ölkəyə səfərini və «Statoyl»un rəhbərliyi ilə keçirdiyi görüşlərini xatırlatdı.

Səmimi qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən Norveçin Bakıdakı səfiri Steinar Gil bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının və «Statoyl»un Azərbaycanda fəaliyyətinin on illiyinin qeyd ediləcəyini söylədi. Məşhur səyyah Tur Heyerdalın ciddi xəstə olduğunu bildirən səfir dedi ki, cənab Prezident, ölkəmizin Neft Sənayesi və Energetika naziri bütün Azərbaycanın dostu cənab Heyerdalın son kitabını Sizə hədiyyə göndərib və kitabın ön səhifəsində ən xoş arzularını yazmışdır.

Səfir Tur Heyerdalın kitabını Prezident Heydər Əliyevə təqdim etdi.

Respublikamızın rəhbəri ilə görüşməsindən böyük məmnunluq duyduğunu bildirən «Statoyl»un icraçı vitse-prezidenti Hubbard Riçard təmsil etdiyi şirkətin fəaliyyəti, planları haqqında məlumat verdi. O, Azərbaycanın şirkətin beynəlxalq fəaliyyətində dönüş yaratdığını, «Statoyl»un ən böyük sərmayələri inkişafda olan Azərbaycan iqtisadiyyatına qoyduğunu, digər layihələrdə də iştirak etməyə hazır olduqlarını bildirdi.

Cənab Riçard şirkətin prezidenti adından məlumat verdi ki, Norveçin Qaçqınlar Şurası vasitəsilə Azərbaycanla uzunmüddətli əlaqə yaradılmış, Şuranın fəaliyyətinin daha da genişləndirilməsi üçün 50 min ABŞ dolları ayrılmışdır. Bu vəsaitlə Beyləqan rayonu ərazisində qaçqın ailələri üçün 30-dək bina təmir olunacaqdır. O, Prezident Heydər Əliyevi həmin binaların istifadəyə verilməsi mərasimində görmək arzusunu da gizlətmədi.

Qaz hasilatı sahəsində dünyada aparıcı şirkətlərdən biri olan «Statoyl»un beynəlxalq fəaliyyətindən, yeni layihələrdə iştirakından danışan Hubbard Riçard dedi ki, şirkət 33 milyard kubmetr qaz satır, 2005-ci ildə bu rəqəm 55 milyarda çatacaqdır. Şirkət indi ildə 5 milyard dollar gəlir əldə edir və bu, üç ildən sonra 8 milyard dollar olacaqdır.

Ətraflı məlumata görə qonaqlara təşəkkür edən, Tur Heyerdalın xəstələnməsindən çox kədərləndiyini bildirən Prezident Heydər Əliyev dostunun səhhətinin yaxşılaşmasını arzuladı və onun kitabını qəbul etməsindən məmnunluğunu söylədi. Dövlətimizin başçısı dedi ki, Norveç ilə Azərbaycan arasındakı əlaqələr, indiyə qədər olduğu kimi, bundan sonra da yüksək səviyyədə olacaqdır. Bu bizim siyasətimizdir, arzumuzdur. Bilirəm ki, Norveç hökuməti də məhz belə siyasət aparır.

Azərbaycanda böyük hörmət qazanmış və ilk müqavilənin əsas fəal iştirakçılarından biri olan «Statoyl» şirkəti ilə 10 il əməkdaşlıq etdiyimizi vurğulayan prezident Heydər Əliyev dedi ki, «Statoyl» Azərbaycana böyük sərmayə qoyub, eyni zamanda bundan gəlir də götürübdür və ümid edirəm ki, bu gəlir ilbəil artacaqdır. İndiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanda iş görmək, buraya sərmayə qoymaq «Statoyl» şirkəti üçün uğurlu olacaqdır.

Prezident Heydər Əliyev «Statoyl» şirkətinin qaçqınlarla əlaqədar gördüyü işləri də yüksək qiymətləndirdi, bu işlərin daha da genişlənməsini arzuladı. Dövlətimizin başçısı dedi ki, bizim yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız çoxdur. Onların yaşayışını yaxşılaşdırmaq üçün yardım edən hər bir şəxs, şirkət, təşkilat, hesab edirəm ki, böyük xeyriyyəçilik işi görür.

«Statoyl» haqqında verilən məlumatların maraqlı olduğunu və onun böyük gəlir əldə etməsindən sevindiyini bildirən Prezident Heydər Əliyev vurğuladı ki, bu, 4 milyon əhalisi olan Norveçdə əhalinin həyat səviyyəsinin nə qədər yüksək olduğunu göstərir. Norveç şirkətlərinin Azərbaycanda iş görməsi üçün biz indiyə qədər lazım olan şəraiti yaratmışıq. Əmin ola bilərsiniz ki, bundan sonra da siz belə münasibət görəcəksiniz.