Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsveçrə nümayəndə heyətini qəbul edərkən söhbətindən - 30 oktyabr 2000-ci il

Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Sizin bu səfəriniz Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdirilməsinin nümayişidir.

Mən xatırlayıram ki, bu ilin yanvar ayında Davosda sizinlə çox yaxşı görüşüm oldu, biz Azərbaycan-İsveçrə əlaqələri haqqında yaxşı fikir mübadiləsi apardıq. Mən çox məmnunam ki, indi siz öz nümayəndə heyətinizlə ölkəmizə gəlmisiniz, Azərbaycanın baş naziri Artur Rasizadə, maliyyə naziri və dövlət əmlakı naziri ilə səmərəli görüşlər keçirmisiniz.

Baş nazir sizinlə danışıqlar barədə mənə ətraflı məlumat verdi. Mən hesab edirəm ki, ölkələrimiz arasında olan əlaqələr yaxşı səviyyədədir. Ancaq hələ böyük imkanlar vardır və onlardan istifadə etmək lazımdır.

Mən bu gün 1999-cu ildə, bu ilin ötən aylarında ölkələrimiz arasında ticarət mübadiləsinin vəziyyəti ilə maraqlandım. Bilirsinizmi, bir çox ölkələrlə müqayisə edəndə İsveçrə-Azərbaycan ticarət əlaqələri yaxşı səviyyədədir. Bizim bir çox ölkələrlə bu sahədə əlaqələrimizin vəziyyəti belədir ki, idxal həmişə ixracdan çox olur. Amma bu gün baxdım ki, 1999-cu ildə Azərbaycandan İsveçrəyə ixrac idxaldan çox olubdur. Doğrudur, bunlar böyük həcmdə deyil, amma göstəricilər yaxşıdır. Bu, o deməkdir ki, biz bu işləri daha da genişləndirə bilərik.

Siz Beynəlxalq Valyuta Fondunda, Dünya Bankında Azərbaycanla bir qrupdasınız. Təbiidir ki, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycanla əməkdaşlığında ölkənizin xüsusi yeri var. Biz bunu yüksək qiymətləndiririk. Ümidvar olduğumuzu bildirmək istəyirəm ki, siz bundan sonra da Azərbaycanın problemlərinin həll olunmasına daha çox yardım edəcəksiniz.

Siz bəzi sahələr üzrə ölkəmizə qrantlar verirsiniz. Mənə məlumat verdilər ki, Ermənistanın təcavüzündən zərər çəkmiş bizim Tərtər rayonunda 15 məktəb binası sizin ayırdığınız qrantlar hesabına bərpa olunubdur. Bu qrantın bir hissəsi qalır, hələ xərclənməyibdir. Söz veriblər ki, əlavə 10 məktəb də bərpa olunacaqdır. Bu qrantlar böyük məbləğdə deyildir. Amma bizim üçün əsas onun məbləği deyil. Bizim üçün əsas Azərbaycana sizin göstərdiyiniz qayğı və diqqətdir.

İsveçrə dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Bitərəf, gözəl ölkədir. Sizdə insanlar çox yaxşı yaşayır. Hər halda bir çox millətin İsveçrədə bərabər hüquqda yaşaması və ölkənizin iqtisadiyyatının inkişafı bütün dünya üçün nümunədir. Yenə də deyirəm, buna görə də biz sizin ölkənizlə əlaqələrimizi çox yüksək qiymətləndiririk və bunun genişlənməsini istəyirik. Bu ziyarətiniz onu göstərir ki, siz də bizim ölkəmizə çox maraq göstərirsiniz.

Siz bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə vardır.

Ermənistan Azərbaycana təcavüz edib və Ermənistan silahlı qüvvələri müxtəlif səbəblərə görə Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır. Onlar əksəriyyəti çadırlarda yaşayır.

Biz 1994-cü ildə müharibəni dayandırmışıq, atəşkəs barədə saziş imzalamışıq. Məsələni sülh yolu ilə həll etmək istəyirik. Bu sahədə biz birinci növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın fəaliyyətini çox əhəmiyyətli hesab edirik və onlara ümidlər bəsləyirik. Eyni zamanda, dünya birliyinə daxil olan, dünyada hörməti olan ölkələrin də bu məsələnin sülh yolu ilə həll olunması üçün səyləri bizim üçün çox qiymətlidir.

Mən 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində İsveçrənin bu məsələdə çox ədalətli mövqe tutmasının şahidi oldum. Mən bu günlərdə sizin səfirlə görüşərkən bu barədə ona dedim. Amma bu hadisə bizim üçün o qədər tarixi əhəmiyyət daşıyır ki, mən bunu bir də demək istəyirəm. Məsələnin indiyə qədər sülh yolu ilə həll olunmamasının səbəbi, təbiidir ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyidir. Bu da 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan tərəfindən bir daha nümayiş etdirildi. Lissabon zirvə görüşünün yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar maddə, təbiidir ki, bizi o qədər də təmin etməyən, ancaq eyni zamanda sülh yolu ilə irəliləməyə imkan verən maddə yazılmışdı. O vaxt, o il ATƏT-ə sizin ölkə - İsveçrə sədrlik edirdi. Bu maddənin yazılmasında da, təbiidir ki, sizin ölkənizin münasibəti özünü göstərmişdir.

Ancaq Ermənistan bu maddənin qəbul olunmasının əleyhinə çıxdı. Bilirsiniz ki, orada qərar konsensusla qəbul olunur. Ermənistan razılıq vermədi. Biz məcburiyyət qarşısında qalaraq, ATƏT-in yekun sənədinin hamısına razılıq verməkdən imtina etdik. Nəticədə ATƏT-in yekun sənədinin qəbul olunması böyük təhlükə altında qaldı. Bir çox dövlət başçıları bizə müraciət edərək çıxış yolu axtarırdılar. Onlar bizə müraciət edirdilər ki, sənədə razılıq verək. Mən isə onlara deyirdim ki, siz Ermənistandan razılıq alın. Ona görə böyük qarşıdurma yarandı. Yenə sizin ölkəniz və ATƏT-in o vaxtkı sədri, o dövrdə sizin ölkənin xarici işlər naziri olan Flavio Kotti çox bacarıq göstərdi, çox xidmətlər göstərdi. Həmin o yekun sənədində olan maddənin bütün müddəaları ATƏT-in sədrinin bəyannaməsinə saldı. Sonra dövlət başçıları bir daha toplaşdılar və yekun sənədi qəbul olundu. Cənab Flavio Kotti də ATƏT-in bəyanatını elan etdi. 54 dövlətdən 53-ü bu bəyanata səs verdi. Təkcə Ermənistan səs vermədi. Amma buna onların səs verməməsinin əhəmiyyəti yox idi. Bəyanat qəbul olundu.

O günlər biz məsələnin sülh yolu ilə həllinə çox yaxınlaşdıq. Bunda sizin ölkənizin böyük rolu oldu. Təəssüf ki, sonra Ermənistan yenə də özünün qeyri-konstruktiv mövqeyi ilə həmin müddəaların həyata keçirilməsinə imkan vermədi. Ermənistanda ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş bu sənədi Ermənistana vurulan böyük bir zərbə kimi indi də xatırlayırlar. Əslində isə bu zərbə deyildi, sülhün təmin olunması üçün ciddi bir addım idi.

İsveçrə mənim o qədər xoşuma gəldi ki, sonra mən Ermənistan prezidenti Koçaryanla təkbətək görüşlərimi Cenevrədə keçirməyi təklif etdim. Keçən ilin yayında biz orada iki dəfə görüş keçirdik. Onlar faydalı oldu. Orada görüşlər keçirmək üçün sizin hökumətiniz yaxşı şərait yaratdı. Ona görə də mən təşəkkür edirəm.

Mənim o ziyarətimdən bir nişanə var. Orada sizin hökumət mənə bir saat bağışladı. Ümumiyyətlə, mən sadə saatları sevirəm. Bundan əlavə mənim sadə bir saatım vardı. 15 il onu mən gəzdirdim. Amma sonra işləmədi. Bu saatı mənə bağışlayanda çox sevindim. Çünki bu, həm sadədir, həm də çox yaxşı işləyir. Doğrudur, sizin ölkədə çox gözəl saatlar istehsal olunur, - bu, ölkənizin qədim xüsusiyyətidir, - bəzən qızıldan, çox təmtəraqlı, brilyantlarla bəzədilmiş. Səninki də ondandır? Mən onları xoşlamıram. Ancaq bu saat həm gözəldir, həm yaxşı işləyir, həm də mənim daxili mənəviyyatıma uyğundur. Siz məni düzgün başa düşün. Elə düşünərsiniz ki, mən yenə də sizdən saat istəyirəm. Görürsünüz, nə qədər əlamətlər vardır.

Sizin \"ABB\" şirkəti Azərbaycanda çox yaxşı işləyir. Qısa müddətdə bir ilin içərisində bizə böyük bir İstilik-elektrik stansiyası tikdi və biz onu bu günlərdə açdıq. Bizim enerji şirkətinin başçısı dünən mənə deyirdi ki, artıq həmin stansiya işləyir və 55 meqavata qədər elektrik enerjisi verir. Bunların hamısı indiyə qədər görülən işlərdir. Amma, hesab edirəm ki, bundan sonra, xüsusilə sizin Azərbaycana səfərinizdən sonra nəzərdə tutulmuş sənədlərin imzalanmasından sonra bizim əlaqələrimiz daha da genişlənəcəkdir.

Mən bir daha sizi salamlayıram. Buyurun.

Kaspar Villiger (İsveçrə Konfederasiyasının vitse-prezidenti, Federal Maliyyə Departamentinin rəhbəri): Çox hörmətli cənab prezident!

İcazə verin, Sizinlə ətraflı və maraqlı söhbət keçirmək imkanına görə Sizə ürəkdən təşəkkür edim. Mən Sizinlə üçüncü dəfədir görüşürəm. Davosdakı görüşümüzü xatırlayıram. 1997-ci ildə Azərbaycana ilk səfərim zamanı Sizinlə görüşmək imkanım oldu və mən o görüşü unutmamışam. Sizin dediyiniz kimi, ölkələrimiz arasında münasibətlər həqiqətən gözəldir. İqtisadi əlaqələr də yaxşıdır, lakin bu əlaqələri dərinləşdirmək olar. Mən Sizə təşəkkür edirəm və biz, şübhəsiz, sevinirik ki, Siz İsveçrənin 1996-cı ildə Lissabonda oynadığı rolu xatırlatdınız. Mən on il cənab Flavio Kotti ilə birlikdə hökumətin tərkibində olmuşam, biz birlikdə işləmişik və Sizin onun haqqında söylədiyiniz xoş sözləri sevinc hissi ilə ona çatdıracağam.

Heydər Əliyev: Mənim çoxlu salamımı və təşəkkürümü ona yetirin.

Kaspar Villiger: Mən bunu sevinclə edəcəyəm. Bizi belə bir fakt dərindən narahat edir ki, Sizin xatırlatdığınız faciə - ölkənizdə yaşayan bir milyon qaçqının faciəsi hələ də davam edir və mənim axırıncı səfərimdən ötən üç ildə irəliləyiş yoxdur, hərçənd problemin həll ediləcəyinə ümid bəslədiyimiz və bu ümid üçün əsasa malik olduğumuz mərhələlər, dövrlər olmuşdur. Əgər bizim kiçik ölkəmiz bu problemin həlli üçün, Sizi və ya digər tərəfi qonaq kimi, yaxud hər hansı digər üsulla qəbul etmək üçün öz xidmətlərini göstərə bilərsə, biz bunu Sizə sevinclə xəbər verəcəyik. Biz Sizin üçün edə biləcəyimiz bütün xidmətləri göstərməyə hazırıq.

Mənim Azərbaycana gəlişimin iki məqsədi var. Azərbaycan Dünya Bankında və Beynəlxalq Valyuta Fondunda İsveçrənin başçılıq etdiyi səsvermə qrupuna daxildir. Biz bu təsisatlarda Sizin maraqlarınızı daha yaxşı və daha güclü təmsil etməyə çalışırıq. Ona görə də Sizin vəziyyətinizlə, problemlərinizlə, uğurlarınızla bir daha şəxsən tanış olmağı münasib bilirik. Bu gün səhər mən Sizin baş nazirlə, maliyyə naziri, Milli Bankın İdarə Heyətinin sədri ilə söhbət etdim. Bu söhbətlərin hamısı mənim üçün faydalı oldu. Mən çox şey öyrəndim və əminəm ki, bu, Sizin maraqlarınızı daha dərindən anlamaq üçün bizim üçün faydalıdır.

İkinci məqsəd qarşılıqlı iqtisadi münasibətləri müəyyənləşdirmək üçün imkanları nazirlərinizlə birlikdə araşdırmaqdır. Mən bunu son dərəcə fərəhli bir fakt hesab edirəm ki, bu gün bizim ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında qarşılıqlı saziş imzalamağa imkanımız var. Bu, əlaqələrimizi gücləndirmək üçün ilk, çox mühüm addımdır. Təbii ki, hökumət azad iqtisadiyyatı bəzi addımlar atmağa məcbur edə bilməz. Hökumətin edə biləcəyi bir şey varsa, o da sizin iqtisadiyyatınıza sərmayə qoymaq istəyən sərmayəçilər üçün çərçivələri, əsas istiqamətləri müəyyənləşdirməkdir. Hesab edirəm ki, bu gün imzalayacağımız saziş münasibətlərimizin ümumi binasının bünövrəsinə qoyulmuş ilk, kiçik bir daşdır. Sizin baş nazirlə və maliyyə naziri ilə görüşlərdə mən ikiqat vergi tutulmaması haqqında müqavilə imzalamaq üçün imkan olduğunu xatırlatdım. Məncə, bu, kreditorlarımızın Sizin ölkənizə yeni sərmayələr qoyması üçün şəraitin qəti şəkildə yaxşılaşdırılması demək olardı. İndi İsveçrə 80 ölkə ilə bu cür sazişlərə malikdir və təcrübəmizdən göründüyü kimi, bu, həmin ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir. Ticarət və iqtisadi əlaqələrimizin daha da dərinləşməsi üçün ekspertlərimiz bu məsələni araşdırsalar mən şad olardım.

Təbii ki, iş maliyyə sahəsi, iqtisadi sahə ilə bitmir, başqa sahələr, siyasi məsələlər, siyasi həyat da var. Böyük maraqla, böyük sevinclə öyrəndik ki, ölkəniz tezliklə Avropa Şurasının üzvü olacaqdır. İsveçrə hökuməti bu fakta çox müsbət yanaşır. Siz Avropa ilə Asiya arasında körpüsünüz və belə düşünürəm ki, bu mənada həmin təşkilatın daxilində mühüm rol oynamağa sizin çox böyük imkanlarınız var.

Sizinlə söhbət etmək imkanına görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Biz Sizin ölkənizə böyük nümayəndə heyəti ilə gəlmişik. Bunu bilərəkdən etmişik, çünki istəyirdik ki, ölkənizlə hər hansı şəkildə münasibətləri olan bütün nazirliklərimiz sizin haqqınızda məlumatı özləri alsınlar. Təəssüf ki, vaxtımız azdır, buna baxmayaraq, bu gün söhbət etdiyim nazirlərinizə, hökumət üzvlərinə olduqca minnətdaram. Keçirdiyimiz müzakirələr çox sərbəst, çox dərin və yaxşı müzakirələr idi. Mənim təəssüratlarım da son dərəcə yaxşıdır və sizə bildirməyə şadam ki, bu səhər biz çox şey öyrəndik. Bu imkana görə Sizə təşəkkür edirik.

Heydər Əliyev: Təşəkkür edirəm. Bizim fikirlərimiz üst-üstə düşür. Ona görə də məni daha da ruhlandırır. Həqiqətən bu gün imzalanacaq iki sənəd ölkələrimiz arasında ilk addımdır. Ona görə də İsveçrə-Azərbaycan əlaqələrinin normativ əsaslarla keçirilməsində böyük rol oynayacaqdır. Bu, bizim üçün əlamətdar hadisədir. Yeni sənədlər imzalamaq, o cümlədən ikiqat vergiqoymadan imtina olunması haqqında ölkələrimiz arasında sənəd imzalamaq barədə təklifləriniz, hesab edirəm ki, yaxşı təkliflərdir və mən bunları dəstəkləyirəm. 80 ölkə ilə sizin belə müqaviləniz var. Biz 81-ci olarıq. Fikirləşin, əgər gələcəkdə başqa təklifləriniz olarsa, onlara da baxarıq və hesab edirəm ki, bizim münasibətimiz müsbət olacaqdır.

Mən təşəkkür edirəm ki, siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Bizim arzumuz həmişə ondan ibarətdir ki, ölkəmizə gələn qonaqlar Azərbaycanın bu gününü, ölkəmizin reallığını görsünlər və onların şəxsi təəssüratları olsun. Çünki qəzetlər, mətbuat, televiziya vasitəsilə verilən məlumatlar bəzən obyektiv, dəqiq olmur, bəzən qərəzli olur. Amma şəxsi müşahidələr, təbiidir ki, hər bir insanda öz təəssüratını yaradır.

Mən çox məmnunam ki, bu gün həm baş nazirlə, həm nazirlərlə, başqa vəzifəli şəxslərlə intensiv danışıqlarınız çox məhsuldar olubdur. Bu, bizim üçün daha məhsuldar olubdur. Buna görə də təşəkkür edirəm.

İndi isə yəqin ki, sənədləri imzalamaq olar. Ancaq bundan öncə mən sizə bir hədiyyə vermək istəyirəm. Davos haqqında Azərbaycanda bir kitab çıxıbdır. Burada görüşlərimiz də vardır.

Kaspar Villiger: Çox gözəl.

Heydər Əliyev: Burada mən imza da atmışam və bu kitabı sizə yadigar olaraq verirəm.

Kaspar Villiger: Sizin hədiyyənizi qiymətləndirirəm və o, mənim kitab rəfimdə fəxri bir yerdə olacaqdır.

Hörmətli cənab prezident, mənim də hədiyyəm var. Təəssüf ki, indi o, yanımda deyil, çünki qablaşdırılıbdır. Sizi əmin edirəm ki, orada təhlükəli heç nə yoxdur. Sizin saatınız kimi, mənim saatım da sadədir, ona görə ki, sadə saatların üstünlüyü var, onlar adətən çox dəqiq işləyir. Mənim hədiyyəm bizim saatların, necə deyərlər, bədii qaydada istehsalıdır, onları gəzdirmək olduqca ağırdır. Buna baxmayaraq, Siz ona şad olacaqsınız. Əminəm ki, Sizin təhlükəsizlik xidmətləri onun qorxulu olmadığı barədə rəyə gəldikdən sonra, Siz bizim hədiyyəmizə şad olacaqsınız.

Heydər Əliyev: Təşəkkür edirəm. Hər halda bu saat köhnələndən sonra sizdən xahiş edəcəyəm ki, birini də mənə verəsiniz. Sağ olun.

(Sonra sənədlərin imzalanması mərasimi oldu).

Heydər Əliyev: Biz artıq sizinlə birgə bəyan etdik ki, bunlar ölkələrimiz arasında imzalanmış ilk və çox əhəmiyyətli sənədlərdir. Baş nazirin müavini Abid Şərifovla imzaladığınız ikinci sənəd bizim üçün çox əhəmiyyətlidir.

Mən Bakının su təchizatının yaxşılaşdırılması, nasosların dəyişdirilməsi üçün Azərbaycana 5 milyon dollar məbləğində qrant ayırdığınıza görə sizə təşəkkür edirəm.

Kaspar Villiger: Cənab prezident, bu iki sazişi imzalamaqdan şərəf duyuram. Siz indicə saat haqqında danışanda doğru dediniz ki, sadə əşyalar düzgün işləməlidir. Əgər mənim ölkəm kiçik, lakin çox mühüm bir şeyin dəqiq işləməsi üçün öz köməyini göstərə bilirsə, onda biz inanırıq ki, bu, doğrudan sonralar da düzgün işləyəcəkdir.

Cənab prezident, biz çox böyük təəssürat içindəyik. Son 4 il ərzində Azərbaycanda həqiqətən çox müsbət dəyişikliklər olubdur.

Mən İsveçrə hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan xalqına, cənab prezident, şəxsən Sizə uğurlar, cansağlığı və səadət arzulayıram.

Heydər Əliyev: Təşəkkür edirəm. Mənim salamlarımı prezidentə və hökumətinizə çatdırın. Sağ olun.