Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq rəssamı Oqtay Sadıqzadə ilə görüşdəki söhbətindən - Prezident sarayı, 13 mart 1999-cu il

Oqtay Sadıqzadə: Cənab prezident, vaxt ayırıb məni qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirir və bu görüşdən çox şad olduğumu vurğulayıram. Sizin yenidən ölkəmizin prezidenti seçilməyiniz münasibətilə çəkdiyim portretinizi, habelə xalq rəssamı mərhum Elmira Şahtaxtinskayanın mənzərə janrında iki əsərini Sizə təqdim etmək istəyirəm.

Heydər Əliyev: Mən bu hədiyyələrə görə təşəkkürümü bildirirəm və sənət əsərlərini yüksək qiymətləndirirəm. Bu əsərlər çox dəyərli əsərlərdir. Elmira xanım da Azərbaycanın rəssamlıq həyatında böyük bir iz qoyub gedibdir.

Oqtay Sadıqzadə: Təşəkkür edirəm, cənab prezident. Mən bu fürsətdən istifadə edərək Sizdən bir xahiş etmək istəyirəm. Bu yaxınlarda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin 60 illiyi tamam olur. Bu, ən şöhrətli və məşhur muzeylərdən biridir. Hazırda o, çox acınacaqlı vəziyyətdədir, ekspozisiyaların bir hissəsi işləmir, çünki təmirə ehtiyac vardır. Əgər imkan daxilində bu işə kömək göstərdiyiniz, orada çalışanlar çox şad olardılar. Mən bunu onların adından yox, öz adımdan deyirəm. Çünki mən muzey üçün rəsmlər çəkir, onların sifarişini yerinə yetirirəm.

Məlumat verim ki, mən dahi şairimiz Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı son dövrdə bir neçə şəkil çəkmişəm və hazırda bu əsərlər muzeydə saxlanılır. Eyni zamanda şairə Natəvanın portretini də çəkmişəm. İcazə verin onların fotosurətini Sizə təqdim edim.

Heydər Əliyev: Mən bu tablolara baxmaq istərdim. Mən belə işlərlə çox maraqlanıram. Siz vaxtilə Zərifə xanımın da portretini çəkmişdiniz. Çox yaxşı portretdir, mənim çox xoşuma gəlir. Ona görə sizə təşəkkür edirəm.

Oqtay Sadıqzadə: Cənab prezident, bu bizim borcumuzdur. Bunu biz öz borcumuz hesab edirik. Çünki siz doğurdan da bizə mənəvi, həm maddi cəhətdən çox kömək etmisiniz. Siz bizim prezidentimizsiniz. Ona görə biz həmişə Sizə borcluyuq.

Heydər Əliyev: Sizin mənə heç bir borcunuz yoxdur. Siz böyük bir rəssamsınız, çox işlər görürsünüz, Azərbaycanın rəssamlıq sənətini inkişaf etdirirsiniz. Dediyim kimi, Elmira xanım Şahtaxtinskaya da çox böyük əsərlər yaradıbdır, bizim rəssamlıq sənətində böyük iz qoyub gedibdir. Ona görə sizin sənətiniz, yaradıcılığınız çox qiymətlidir. Bunları nəzərə alaraq mən sizi ordenlə təltif etdim. Amma siz bundan sonra da çox işlər görə bilərsiniz. Görürəm ki, çox məhsuldar işləyirsiniz. Bu, çox yaxşıdır.

Muzey haqqında dediyiniz məlumatı nəzərə alaram. Mən bilmirdim, eşitməmişdim və heç kəs mənə deməyibdir. Yəqin ki, bir tədbir görmək lazımdır. Doğurdan da o, nadir bir binadır, unikal muzeydir. Oranı qorumaq, saxlamaq lazımdır.

Mənim yadıma salsınlar. Gərək bir gün vaxt tapıb gedim muzeydə bu tablolara baxım. Bunlar çox maraqlıdır. Bunların reproduksiyasını buklet kimi çıxartmaq lazımdır. Çox gözəl işlərdir. Azərbaycan haqqında cürbəcür rəngli albomlar hazırlayanda da reproduksiyalardan oraya daxil etmək lazımdır. Çünki bunlar həm kompozisiya, məzmun nöqteyi-nəzərindən, həm də rəssamlıq sənəti nöqteyi-nəzərdən çox dəyərlidir. Mən bunu fotolardan görürəm. Yəqin ki, əsli bundan daha təsirlidir. Sizi təbrik edirəm. Gərək vaxt tapıb Natəvanın da portretinə gedib baxım. Bu şəkildən görünür ki çox yaxşı portretdir.